İnkilislər verdikləri sərbəstlik və’dələrinə Hicazda, Fələstində əməl etmədikləri üçün Hicaz kralı Hüseyn müğavilənaməni imza etməmişdir.

Sən öylə zən edirdin doğrudan da bir xilafətsən
Kralsan, möhtəşəmsən, şahsan, əhli-şərafətsən.

Ərəbdən sən kimi on dörd hökumət qılmışam bərpa
Bütün alətlərimsiz boş, quru, xülyaya aldanma:
Özün də, Feysəlin də arsızdır, açma dil bica
Şərifi-Məkkəlikdən, arü-qeyrətdən xəcalətsən
Sən isə zən edərdin doğrudan da bir xilafətsən.

Şişərdi qoltuğun öylə bilərdin qurmusan dövlət
Deyərdin ki, sənə təmkin edib bu baş çəkən millət
Fəqət bir boş əməldir bu cəhətdə qıldığın niyyət
Əbəs bu baş-gözlə, ay qoduq, bəndi-riyasətsən
Sən öylə zənn qılma doğrudan da bir xilafətsən.

Varındır təxtü tacın bu yetər artıq nə heyvanlıq?
Sənə sərbəstliki kim verdi söylə nə qudurqanlıq
Fələstin nerdə, sən nerdə, ay axmaq bu nə şeytanlıq
Qoçalmış bir köpəksən bəlkə bir parça həmaqətsən
Sən öylə zənn edirdin doğrudan da bir xilafətsən.

Köpəktək ağnama daş kölgəsində, olma çox məğrur,
Özün qol qoymasan da eybi yox mən eylərəm məcbur,
Bu ancaq hiyləyi-şəriyyədir, imza deyil mənzur
Satılmış bir köpəksən, çünki imzasız da alətsən
Sən öylə zənn qılma doğrudan da bir xilafətsən.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Satire