Page 2 of 2 · 50%

Nina:

– Üsuli-idarə əleyhinə mübarizə aparmalı və ümumiyyətlə, torpaq məsələsini həll eləmək və torpağı xalqa paylamaq işini həyata keçirə biləcək bir üsuli-idarə yaratmalı! – cavabını verdikdə mən:

– Belədir. İran inqilabının gələcək rəhbərləri bu xətt üzərində işləməlidir, – dedim.

Konsulxana ətrafında əks-inqilabçılar tərəfindən təşkil edilmiş bir dəstə küçə xuliqanları oxuyurdu. İnqilabçı nəzmiyyənin haqqında yazılan həcvlər burada da təkrar edilirdi. Konsulxana qapısı çar rəiyyətləri, çar himayəsində olanlar, xəfiyyələr, casuslar və çar nökərləri ilə dolmuşdu. Həbsə alınacaq inqilabçıların siyahısını konsula vermək üçün tələsən əmmaməli və uzunətək çar casusları cin kimi bu qapıdan girib o biri qapıdan çıxırdı. Söbətlərin məzmunu bu idi:

– Tutacağam! Göyə çıxsa da əlimizdən qurtarmaz!

– Cəddimə and olsun, o, Təbrizdən kənara çıxmamış, çünki üstündə göz var.

– Soruşmuşam. Lap gözü ilə görən adam mənə yerini demişdir.

Hacı Mirzağa gəcbişirən, Hacı Mirqurban və Hacı Mirməmməd Smirnovun öldürülməsi münasibətilə qollarına qara bağlamışdı.

Mən uzaqdan baxdıqda, onların əmmaməsinə yapışdırılmış ağ bir parça da gördüm. Yaxına gəldikdə ağ parçanın üstündə rusca yazılmış bu cümləni oxudum:

«Əlahəzrət Rusiya imperatorunun Təbriz konsulxanası tərəfindən verilən himayə vəsiqəsi».

İçəri daxil olduq. Konsul əvvəlcə mənim, sonra da Ninanın, İraida və sərdar Rəşidin əlini sıxdı.

Mən Ələkbər yoldaşı ona tanış verərək:

– Bizim ticarət şərikimizdir. Rusiyadan yenicə gəlmişdir. O, Təbrizdə baş verən bu hadisəni və imperator hökumətinə qarşı bu ədəbsizliyi, xüsusən cənab Smirnovun faci ölümünü eşidərkən, sizə başsağlığı vermək və bəyani təəssüf etmək üçün gəlmişdir, – dedim.

Konsul onun əlini ikinci kərə sıxaraq:

– Hərgah təbrizlilərin 20 faizi sizin kimi səmimi və nəcib adamlar olsaydı, iranlılar onlara mədəniyyət gətirən çar ordusunu çiçəklərlə qarşılayardı, – dedi.

Boş kürsülərdə oturduqda konsul sərdar Rəşidə yanaşaraq dedi:

– Ağa Mirqurbanın verdiyi məlumata görə mərhum Aleksandrın başını cavahirsatan Hacı Nağı kəsib aparmışdır. Həbs olunması üçün kazak dəstəsi göndərmişəm!

Biz orada ikən konsula yenə də raport gətirdilər. Raportda Sadiqülmülk, Ağaməhəmməd Qafqazlı və sairlərinin həbs olunduğu xəbəri verilirdi. Konsul yeni həbslərlə əlaqədar olaraq öz katibinə müraciət edərək söylədi:

– Səmədxana telefonla xəbər verin; asılacaq olanlar üçün təcili hökm göndərsin. Bunları saxlamağa vaxtımız yoxdur!

Konsul bununla da zahirdə İranın daxili işlərinə müdaxilə etmədiyini göstərməyə çalışırdı. O, bütün təqsirli bildiyi adamların edamını Səmədxana tapşırır və təcili surətdə icrasını tələb eləyirdi. Zatən Səmədxan elə bunun üçün də Nemətabaddan gətirilmişdi. Biz burada eşitdiyimizə görə, Səmədxan Siqətülislam və onunla bərabər həbs edilənlərin asılması hökmünü imza etmişdi.

Ələkbər yenə də bir ah çəkərək:

– Ah İran, – dedi, sənin casusun da, cəlladın da özünsən! Bütün xalqını dar ağacından asaraq özün də altında oturub özünə ağlamalısan! Sən öz-özünü məhv edirsən!

Bir saat orada oturduq. İyirmiyə qədər siyahı gətirdilər; sonların hər birisində qırx-əlli nəfər adamın adı var idi. Konsul onları bir-bir alıb öz katibinə verir və hər birisi haqqında bir cürə sərəncamda bulunurdu.

Telefonla dar ağaclarının hazır olduğunu konsula xəbər verdilər.

Konsul ucaboylu, arıq, boynu uzun, üzünün damarları qurumuş bir rus zabitinə yanaşaraq yavaşcadan nə isə dedi.

Nina mənə dönərək:

– Bu hərbi səhra məhkəməsinin sədridir. İnqilabçıları asmaq üçün Tiflisdən gəlmişdir, – dedi.

Bu sözdən sonra mən onun üzünə baxa bilmədim. «İnqilabçıların qatilini görmək, əzabların ən şiddətlisidir!» – dedim.

Cavahirsatan Hacı Nağını gətirdilər. O titrəyirdi, özünü tamamilə itirmişdi. Ondan kötəyi əsirgəməmişdilər. Baş-gözündə sağ yer yoxdu. Sərdar Rəşid ona qışqırdı:

– Məlun, sən nə cürətlə cənab İsmayılı öldürdün?

Hacı Nağı titrədi:

– And olsun getdiyim Beytullaha, mən heç kəsi öldürməmişəm. O bizim qapının qabağında yıxılmışdı. Çılpaq idi, heç zadı yox idi. Siz bilirsiniz ki, mən nə bomba atıram, nə də güllə atmağı bilirəm, əlimdən heç bir şey gəlməz. Mən fağır və aciz tacirin birisiyəm, indiyə kimi bir xoruz başı da kəsməmişəm.

– Bəs onun başını nə üçün kəsdin, vələdüzzina? Bu nə rüsvayçılıqdır?

– Mən kəsmədim. Getdiyim on dörd məsum haqqı kəsmədim, başına dönüm, kəsmədim axı!

– Kim kəsdi? Nə üçün gizlədirsən axı?

– Hammala bir tümən verdim, kəsib saldı torbaya verdi mənə.

– O sənin nəyinə lazım idi?

– Mənim qardaşım Hacı Tağını soldatlar tutub təqsirsiz yerə öldürmüşdü. Mən haman başı kəsdirib onun uşaqlarına apardım, onlara dedim ki, bu sizin atanızın qatilinin başıdır.

– Sonra başı hara atdın?

– Dəvəçi məhəlləsində Üskülülər bazarçasındakı hamamın tulanbarçısına vermişəm. İnanmırsınız, çağırıb soruşa da bilərsiniz.

Bu söz üzərinə həm konsul, həm də sərdar Rəşid təəssüfedici bir surətdə:

– Yəqin ki, mərhumun başını yandırmışlar, – dedi.

Konsul dərhal tulanbarçının gətirilməsinə əmr verdi, Hacı Nağını isə Şahzadə bağındakı qoşun qərargahına göndərdilər.

Hacı Səmədxanı Nemətabaddan Təbrizə gətirmək üçün göndərilmiş heyətin sədri Etimadüddövlənin gəldiyini konsula xəbər verdilər.

Etimadüddövlə içəri girdi. Olduqca yaltaq bir surətdə konsula yanaşdı və əlini döşünə qoyaraq əyilməyə adət etmiş başını əydi və Hacı Səmədxan Şücaüddövlədən konsula gətirdiyi məktubu iki əli üstə təqdim elədi. Məktub farsca yazılmışdı, oxumaq və konsula tərcümə etmək üçün konsulxana mütərcimlərindən Mirzə Ələkbər xana verildi.

«Cənab general! Etimadüddövlə iltifaqkəranə bir surətdə yazılmış məktubunuzu verməklə bərabər haqqındakı dustanə düşüncələriniz barəsində şifahən söylədi.

İmperator hökumətinin bu həqirə həvalə etdiyi böyük vəzifə mənim və mənim familiyamın hamısını sərafraz buyurdu. İmperator hökumətinə nisbət səmimi bir xidmət göstərmək arzusu çoxdan bəri bəslədiyim bir arzudur. Bu gün mən cənab generalın məktubunu aldıqda həmən arzulara nail olduğumu təyin etdim və şadlandım. Allah şahiddir ki, bu həyasızların imperator hökumətinə nisbət göstərdikləri nankorluq və icra etdikləri ədəbsizlik mənim əsəblərimi həddindən artıq pozmuşdur. Özümü xeyli fəna hiss edirəm. Buna baxmayaraq, imperator hökumətinin təklif buyurduğu Azərbaycan valiliyi vəzifəsini böyük məmnuniyyət və fövqəladə bir şadlıqla qəbul edirəm.

Hazırda öz əsəblərimi sakit etmək üçün Nemətabadda imam Hüseyn təziyəsi ilə məşqulam. İnşallah Təbriz şəhərinə məhərrəməlhəramın 14-də daxil olub işə başlayağacam, bu müddət içərisində hökumət işlərini Nemətabadda idarə etməyimə icazə verməyinizi rica edirəm.

İnşallah Təbrizə varid olduqdan sonra məmləkətin idarəsi haqqında düzəltdiyim layihəni sizə təqdim edəcəyəm. Layihəni hazır olduğuna baxmayaraq, Etimadüddövlə ilə göndərməyi məsləhət görmədim. Cənab Etimadüddövlənin imperator hökumətinə səmimi məhəbbət bəslədiyi haqqında yazmaq artıqdır, çünki onun imperator hökumətinə nisbət göstərdiyi keçmiş xidmətlərini cənab general bilməmiş deyildir.

Cənab general, həyat baqi olursa, Etimadüddövlə kimi yüzlərcə imperator nökərlərinin mövcud olduğu haqqında qənaət hasil buyuracaqsınız. Çıxarılan qərarların imza olunmaq üçün Nemətabada göndərilməsini rica edirəm.

Nemətabad, həftümi-Məhərrəməlhəram,
Səmədxan».

Məktub oxunub qurtardı. Konsul katibə müraciətlə Nemətabad ilə konsulxana arasındakı telefon xəttinə diqqət verilməsini tapşırdı.

Səmədxan qəsdən Təbrizə hərəkət etməsini təxirə salır, bu gün və sabah dara çəkiləcək inqilab rəhbərlərinin işində iştirak etmədiyini xalqa göstərmək üçün özünü kənara çəkmək istəyir və məsuliyyətdən qurtarmağa çalışırdı. Lakin onun edam cəzası hökmünə imza atdığını bilməyən yox idi.

Tulanbarçını gətirdilər. Onu kazaklar lazımi qədər döymüşdü. Gözünün yanları göyərmiş və sulu qabar bağlamışdı, burnunun qanı döşünə axırdı. Konsul kazak zabitinə müraciətlə:

– Bunu nə üçün döydünüz? – dedikdə, zabit farağat vəziyyətini alaraq təzim etdi:

– Həşəmətli cənab, siz döyməmək barəsində əmr etməmişdiniz. Buna görə biz bunu da ümumun cərgəsinə daxil etdik.

Tulanbarçı cibindəki kirli dəsmalını çıxarıb əli ilə başında saxlamışdı. Çünki tüfəng qundağı ilə parçalanan başından qan axırdı.

O, ayaq üstündə dura bilmirdi, onsuz da yaşlı və zəif bir kişi idi. Onun əynindəki bütün əlbisə 40 qəpiyə dəyməzdi. Ona oturmaq icazəsi verdilər. O, gözünü gəzdirib oturanlara baxdı. Sərdar Rəşidin iranlı olduğunu bilərək ona dedi:

– Ay ağa, mən fəqir adamam, təqsirim nədir? Hacı Nağı bir urus başını gətirib verdi ki, bunu at tulanbarda yansın. Mən də sözündən çıxmadım, mən nə biləydim başıma bu qəza gələcək?

Sərdar Rəşid ona təcili sual verdi:

– Sən başı yandırdınmı?

– Xeyr! Yandırmadım. Öz-özümə dedim ki, urus olanda nə olar? Mən Allah deyiləm ki, insanı odda yandıram. Qoy o dünyada Allah-taala özü necə bilir, elə də eləsin.

– Bəs sən başı hara atdın?

– Axı, mən başı niyə atıram? Dəfn elədim.

Tulanbarçının sözlərini konsula tərcümə etdilər, konsul çox razı qaldı, himayə vəsiqəsi verildi, yaralarına müalicə üçün əsgəri xəstəxananın həkiminə göndərildi.

Tulanbarçı bir az özünə gələrək konsula, sərdar Rəşidə dua etməyə başladı. Ona iki kazak qoşaraq başın dalınca göndərdilər. Konsul bu dəfə kazaklara tapşırdı ki, onu döyməsinlər.

Ondan sonra Hacı Nağı haqqında qərar çıxarılmağa başladı. Burada sərdar Rəşid özünün Hacı Nağı ilə olan əlaqəsini və ona olan borclarını, İraida ilə evlənərkən Hacının qiymətli daşlar hədiyyə verdiyini unutmayaraq onu ölümdən qurtardı. Konsul onun fikrini soruşarkən o:

– Bu cür müqəssirlər Təbrizdə on minlərcədir, zənn edirəm ki, imperator hökuməti öz müqəddəs və mədəni əlini hər bu cürəsinin qanına boyamaz. Ancaq müqəssiri də cəzasız buraxmaq olmaz, mən məsləhət görürəm ki, onun bütün əmlakı və ev şeyləri müsadirə olunsun və evi də dinamitlə dağıdılsın, özü də hələlik həbsdə qalsın, bu barədə sonra düşünərik. Bu təklifə oradakıların hamısı şərik oldu, fikrin icra edilməsi üçün kazak zabitinə əmr verildi.

Smirnovun başını gətirdilər. Onu meyidin olduğu tabuta qoyub apardılar. Tabutun Rusiyaya göndərilməsi qərarı çıxarıldıqdan sonra biz konsula ikinci kərə bəyani-təziyət edərək ayrıldıq.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

VIII. Yerevandan məktub

Leyla Esterin otağına girərkən, xidmətçi qadın onu faytona oturub Rayanın dalınca getdiyini xəbər verdi.Leyla sevindi, soyunub paltosunu bir tərəfə ataraq Esterin kağız qoluğunu araşdırmağa başladı. Esterin Vahana yazdığı bir məktubu götürdü.

6 min
IX. Sui-qəsdin ifşa edilməsi

Bugünkü iclasa Şaumyan hamıdan sonra gəldi. O, yenə də portfel götürmüşdü. Bu portfeli o, ancaq fövqəladə və mühüm iclaslarda əlinə alardı.Şaumyan stulda oturan kimi menşeviklər və eserlər oturan stulları gözdən keçirtdi. Menşevik və eserlərin hamısı öz yerini tutmuşdu, yalnız bir nəfərin yeri boş idi. Sovet üzvlərindən gəlməyənlər çox az idi. Çünki Şaumyanın mühüm bir məsələ barəsində çıxışda bulunacağı bütün siyasi partiyaların fraksiyasında danışılmışdı. İvanovun həbs edilməsinə baxmayaraq yenə də eser və menşevik rəhbərləri Rayanın ətrafından çəkilməmiş və Sovet hökumətinə qarşı başladıqları bu sui-qəsdin Raya tərəfindən kəşf edildiyini xəyallarına belə gətirməmişdilər. Buna görə də bugünkü iclasda Raya da menşeviklərlə bərabər iştirak edirdi.

4 min
X. Məktublar

Leyla xanım iki məktub aldı. Məktubun birisi Bakı milyonçusu hacı Zeynalabdın Tağıyevdən, ikincisi Türkiyə ordusu ərkani-hərbindən idi. Məktubların ikisi də mühüm idi.Leyla xanım çox düşündü ki, «məktubların hansını əvvəlcə oxuyum». Əvvəlcə Türkiyə ərkani-hərbindən gəlmiş məktubu oxumağa qərar verdi. Çünki bu məktub Leyla xanımın Türkiyə ərkani-hərbinə göndərdiyi mühüm bir məktuba cavab olmalı idi.

5 min
XI. Hacının bağında

Leyla xanım hacının evinə köçmüşdü, lakin hacı ilə Bakıda görüşmək mümkün deyildi. Çünki hacı da başqaları kimi Mərdəkana köçmüş və öz bağında yerləşmişdi.Hacı Leylanın məktubundan sonra ona ikinci bir məktub göndərib Mərdəkanda, onun şərəfinə düzəlmiş ziyafətə gəlməsini xahiş etmişdi.

12 min

Poems by other poets