Page 1 of 2

Vorontsov-Daşkov Təbrizə gələn hərbi səhra məhkəməsi sədrinə belə bir teleqram göndərmişdi:

«Üsyançı təbrizlilərə rəhm olunmasın!»

Belə bir teleqram olmadan da, biz çar hökumətinin məqsədini bilirdik. Bu teleqram bir daha o məqsədin son dərəcə vəhşi, amansız və qatı olduğunu anladırdı.

Biz küçələrə çıxa bilərdik. Əlimizdə vəsiqələr var idi. Ələkbər yoldaşla bərabər şəhərə çıxmışdıq. Rusların nə kimi hərəkətdə bulunduqlarını öyrənmək istəyirdik.

Küçələrdə çar soldatı və çar kazakları qaynaşırdı. Küçələrin tini, dar keçidlər, meydançalar və dalanların hamısında kazaklar durmuşdu. 1907-ci il 31 avqust müqaviləsi ilə «səlahiyyət» qazanmış çar, öz nüfuz məntəqəsi sayılan Təbrizi sakit etməyə və İran istiqlaliyyətinin «toxunulmaz» olduğunu isbat etməyə gəlmişdi. Mən və Ələkbər yoldaş şəhərə çıxdığımız vaxt «toxunulmaz» sözünün necə həyata keçirildiyini görmək istəyirdik.

Küçələrdən keçən dinc əhalidən vəsiqə istənilirdi. Əhalidə vəsiqə haradan olmalıdır? Onlara vəsiqəni kim paylamışdır?

Vəsiqəsi olmayanlarla, libasına görə rəftar edilirdi. Libas yeni isə saatı, parası alınır, etiraz etdiyi təqdirdə Şahzadə bağına sürülür, bəzən lazımınca döyülüb buraxılırdı. Qadınların qadın olmasını təyin etmək üçün çadraları açılıb üzünə baxılırdı.

Çar konsulu, Əmir Heşmət nəzmiyyəsinin Təbrizdə gizlənildiyinə inanırdı, buna görə də onların paltarlarını dəyişib Təbrizdən çıxmış olduqları fikirlərinə gəlmirdi.

Uzunətək kazakların molla cibindən dərin olan cibləri dilənçi torbası kimi ağzına qədər saat, üzük, gümüş və altun para ilə dolmuşdu. Bu qarət qeyri-rəsmi qarət idi. Biz rəsmi qarətləri görməklə də maraqlanırdıq. Yolumuzu hərəmxana küçəsindən saldıq, çünki nəzmiyyənin yerləşdiyi bina bu tərəflərdə idi.

Nəzmiyyə idarəsi çar əsgərləri tərəfindən işğal edilmişdi. Zatən orada əski stollardan başqa bir şey də yox idi. Arxiv və lazımi vəsiqələr vaxt ikən götürülüb gizlədilmişdi. Zabitlər nə qədər axtarmışdısa, vəsiqə adlı bir parça kağız belə əldə edə bilməmişdi. Onların yerli-yersiz ana söyüşləri də həmin bu məhrumiyyətin nəticəsi idi.

Üst-başını təmizləyə-təmizləyə çıxan bir zabit:

– Köpək oğlanlarının nə özləri tapıldı, nə də izləri! Divardan asılan aparatsız telefon tellərindən başqa bir şey yoxdur, – deyirdi.

Çar konsulu nəzmiyyəni əldə edə bilmədi; ancaq çoxdan bəri daşıdığı bir arzuya nail ola bildi. Konsul çoxdan Səttar xandan intiqam almağa çalışırdı. Bu onun üçün mümkün olmadı. Çünki Səttar xan Tehrana gedəndən sonra da Təbriz şəhəri inqilabçılar əlində idi.

Bu gün konsul həmin fürsəti əldə edə bilmişdi...

Səttar xan Tehrana köçdükdə, ev əşyasını aparmamışdı, çünki o, yenə Təbrizə qayıtmağa çalışırdı. Çar konsulu isə birinci növbədə inqilab qəhrəmanının əşyasını qarət eləmək və evini dağıtdırmaqla Təbriz xalqının üsyançı ruhunu öldürməyə çalışırdı.

Əmrəxiz məhəlləsinə gəldiyimiz vaxt Səttar xanın qapısında bir neçə yük maşını durduğunu gördük.

Bura həddindən artıq camaat toplanmışdı. Onlar inqilab qəhrəmanı Səttar xanın evinin nə cürə qarət olunmasına tamaşa edirdilər.

Nizəli soldatların dağılmaq əmri verməsinə baxmayaraq, qapı ətrafındakı adamların sayı get-gedə artırdı.

Bu camaatı bu qapıda biz birinci dəfə deyil, bir çox dəfələrlə görmüşdük.

Bunlar hər gün Səttar xanın qapısında toplanaraq:

«Zindəbad məşrutə! Zindəbad Sərdari-milli!» – deyən məsləksiz, əqidəsiz, vicdansız və satqınlığa öyrənmiş qaragürüh idi.

Çar hökuməti üçün ən adi bir iş olan bu qarətə biz yana-yana baxır, lakin təəccüb etmirdik.

Bizi ən çox heyrətə salan, Səttar xanın evinin dağıdılmasına tamaşa üçün toplanan arsızların söhbəti idi.

Onların söhbətləri:

– Ağa bədbaxtlıq burasındadır ki, haramzadanın özü Təbrizdə olmadı. Qaçıb Tehrana getməsəydi, elə özünü də tutub qoyacaq idilər bu şeylərinin üstünə, gözəl qulaqburması verəcəkdilər.

– Gədə, bunların başına hava gəlmişdi. Bunlar imperator kimi böyük bir padşah ilə zarafat eləyirdi.

– Ağa, Təbrizdə beş-on nəfər əclaf ilə bacarmaq olmur.

– Belə ha! Hökumətə ilişiri, müctəhidə ilişiri, dinə, məzhəbə ücəşiri, imama, peyğəmbərə badalax atırı, axırda da tora düşiri.

– Hələ bir çoxlarına qulaqburması vermək lazım gəlir.

– Hərgah məşrutə islam dininə mütabiqdir, daha bizə məşrutə nə lazımdır, islam dininin özü məşrutə deyildirmi? Hərgah məşrutə islam dininə müxalifdir, xudavəndi-aləmin özü onu sərnigun buyurdu.

– Hər kəs nə deyir qoy desin; urusun təklikdə bunlara gücü düşməzdi. Burada ingilis barmağı da var.

– Əlbəttə ki var, ağa, bu yekəlikdə islam milləti sahibsiz deyil ki, bunların bir sahibi vardır, ya yox?

– Rəhmətlik Şahi-şəhid sağ olsaydı, yenə də belə olmazdı.

– Elə mən də bunu deyirəm də, bəs ingilis kimdir? Hələ siz indiyə kimi bilməmisinizmi? Onda ki, Şahi-şəhid İngilistana təşrif aparmışdı, ingilis padşahı da o zaman bir zənən xeylağı idi. Ağa, vurdu bu arvad Şahi-şəhidə bir könüldən min könülə aşıq oldu. Şahi-şəhid orada qonaq olduğu zaman, gecənin bir zamanı ingilis padşahı yavaşca qapını açıb barmaqları üstündə gəlib Şahi-şəhidin fəraşına. Şahi-şəhid dərhal bunu hiss buyurub yerindən qalxıb və deyib: «Ey çəpəli-qiysubridə gecənin bu zamanı mənim fəraşımda nə iş görürsən?» Ağa, ingilis padşahı elə ki, Şahi-şəhidin mütəğəyyir olduğuna mültəfit olur, durur Şahi-şəhidə öz vaqiəsində gördüyü röyanı nəql eyləməyə. Ağa, ingilis padşahının deməsinə görə, həzrəti İsa gəlib onun yuxusuna və deyib ki, istəyirsən sənin padşahlığını bu saatda əlindən alıb təxtini tabuta, tacını çürük kəllə tasına döndərim? Sən necə cürət etdin ki, öz evində qonaq yatan buzurgüvarın tək rəxt-xabda yatmasına razı oldun? Dur get onun rəxt-xabına! Mən necə ki, Allah-taalanın peyğəmbəri sənə müjdə verirəm. Sənə o buzurgüvardan bir övladi-zükur kəramət edəcəyəm ki, o İngilistanda padşah olacaq və bütün millətini öz himayəsi altına alacaqdır. Ağa, Şahi-şəhid elə ki, bu vaqiəni eşidib neçə dəfə salavat xətm buyurandan sonra, əlini əlinə çalıb xadimini çağırır və əmr edir ki, get bu saatda o biri otaqdan Sultanülvaizini hüzuruma çağır. Bir necə dəqiqədən sonra Sultanülvaizin siğəyi-mütəni cari buyurub gedir. Ağa, vurdu bu əhvalatdan doqquz ay, doqquz gün, doqquz saat, doqquz dəqiqə, doqquz saniyə keçəndən sonra, xudavandi aləm, Şahi-şəhidə ingilis padşahından bir övladi-zükur kəramət buyurdu. O da indi haman ingilis padşahıdır. Bunu danmarıx ki...

Biz orada durduğumuz zaman Şahi-şəhidin səfərləri haqqında daha bir çox sözlər eşitdik. II Nikolay da Şahi-şəhidin oğlu imiş. Şah Frəngistana getdiyi zaman III Aleksandra da qonaq olmuş imiş, Nikolay da III Aleksandrın arvadı boynuna Şahi-şəhiddən düşmüş imiş. Odur ki, o da qoşununu gətirib öz ata haqqını, ata irsini tələb edir. Rəhmətlik Müzəffərəddin şah öz sağlığında öz qardaşı Nikolayın payını bölüb özünə vermişdi. Rəşt, Gilan, Azərbaycan Nikolayın atadan yetişən irsi imiş. Bunu Şahi-şəhidin özü də öləndə vəsiyyət etmiş imiş. Amma məşrutəçilər buna razı olmadılar. Kişinin ata irsini vermək istəmədilər. İndi kişilər gəlib öz malına sahib olur. Ağa, haqqıdır da, danmırıx ki.

Demək, İran avamlarının beynində və şüurunda yerləşən bu fəlsəfəyə görə, cənubi İranı da ingilis padşahı, öz ata irsi deyərək işğal etmişdi.

Biz bu söhbətlərə qulaq verir və Səttar xanın bu kimi ibtidai düşüncəyə malik olan kütlələrə arxalanaraq inqilab etməsini, indi böyük bir möcüzə hesab edirdik.

Danışmaqda olan bu həyulaların diqqət-nəzərini yeni bir hadisə cəlb elədi. Hamısı dönüb geriyə baxdı, bəziləri isə səs gələn tərəfə axıb getməyə başladı.

Bir nəfər oxuya-oxuya gəlirdi:

– Kor Əsgərdir! Kor Əsgərdir! – Səsləri eşidilməkdə idi. Hər kəs bir sözü təkrar edirdi:

– Gədə, gör nə gözəl oxuyuru.

– Özü yazırı.

– Əlbəttə ki, özü yazırı.

– Sinədəftər oxuyuru.

– Heç savadı-zadı da yoxdur.

– Allah vergisidir.

Mən və Ələkbər yoldaş kor Əsgərdəki «Allah vergisi»nin məhsulu olan şeirlərini dinləmək üçün hamıdan artıq maraqlanırdıq. Kor Əsgər gəlib Səttar xanın şeylərini daşımaq üçün duran yük maşınlarının yanında dayandı. Onun əlindən gözlərinə kimi keçəl yarası basmış bir oğlan yapışmışdı, onun oxuduğu şeirlər inqilab qəhrəmanlarına yazılmış həcvlərdən ibarət idi.

Bizə sərdar olub eşşək satanlar,
Bizə sərdar olub kərpic atanlar.
Tüfəng almış ələ yolçu, yolaxçı,
Qulam qarpız satan, Qənbər boyaxçı.
Döndü zamanə, döndü,
Əncümən paymal oldu.

Küçə xanəndəsi sözlərini oxuyub qurtardı, zabit ona bir manat rus parası verdi. O isə imperatora dua oxuya-oxuya uzaqlaşdı. Onun dalınca gəzən və oxuduqlarından nəşələnən müctəhid müridləri ilə bərabər çarın əmmaməli xəfiyyələri də keçib getdi. Mən bir kərə Ələkbər yoldaşa müraciətlə: – Təbrizlilər yeniliyi sevir. O yenilik dininə, əqidəsinə, istiqlaliyyətinə zərbə vursa da sevir, – dedim.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Hökumətin ikinci xəyanətinə qarşı

Çar hökuməti həmrəylik yaratmış olan Bakı fəhlələrini zəhərləmək, ümumi tətillərin kökünü kəsmək istədiyi və ikinci erməni-müsəlman qırğını hazırladığı zaman, Bakı bolşevikləri də buna cavab olaraq, avqust tətillərini hazırlayır, öz qüvvələrini bu sahədə səfərbərliyə alırdılar.İyul ayının iyirmisindən hökumət işə başladı. Tətil işlərində fəaliyyət göstərənlər tutuldular, başqa şəhərlərdə olan dustaqxanalara göndərildilər.

13 min
Çarizm öz işini gördü

Çar hökumətinin hazırladığı ikinci erməni-müsəlman qırğını 1905-ci il avqust ayının iyirmisində başlandı.Çar hökuməti bu xəyanəti həyata keçirmək üçün Labinski və 82-ci Dağıstan alayının komandiri Dubravinə müəyyən direktiva vermişdi. Bu direktiva yalnız erməni-müsəlman qırğını düzəltmək haqqında olmayıb, habelə bolşeviklərə qarşı bir sui-qəsd düzəltmək haqqında idi.

6 min
I. Qonaqlar

Cənub küləkləri Xəzər dənizinin həyəçanlı qəlbini bir daha coşdururdu; dalğalar suya enmiş təyyarənin qanadları kimi sahilə hücum edirdi.Küləklər, sahil bağındakı söyüd ağaclarının sükutunu pozur və qızıl Bakının yaxın gələcəyindən dastanlar oxuyurdu.

8 min
II. «Metropol»

Bolşevik düşmənlərinin ərkani-hərbi və əyyaşlarının yurdu sayılan «Metropol» otelində bu gecə fövqəladəlik vardı. «Metropol»da toplananlar sırasında daşnaq, eser və menşeviklər birinci yeri tuturdu. Böyük və kiçik salonların qapısında vərəqələr asılmışdı:«Buraxılış vərəqəsi göstərilmədən salona daxil olmaq qadağandır».

19 min

Poems by other poets