Page 2 of 2 · 50%

Səttar xanın evinin şeyləri bitdi, sonra da binanın divarlarına dinamit qoyduqda xalqla bərabər biz də keçib getdik.

Biz Ninanın evinə qədər küçələrdə cürbəcür hadisələrə təsadüf edir, cəza dəstələrinin müxtəlif həyasızlıqlarının şahidi olurduq. Ninanın konsulxanadan qayıdan vaxtı deyildi, ona görə də küçələri gəzdik.

Şiddətli bir partlayış eşitdik, o partlayış vaxtilə Peterburqu və şah Tehranını titrətməkdə olan bir evin dinamitlərlə partlaması səsi idi. İnqilab qəhrəmanının evini partlatdılar. Bu səs bir çoxlarının şadlığına, bir çoxlarının da kədərinə səbəb oldu.

Biz evə daxil olduqda Ninanı orada gördük.

O:

– Xəstələndiyimi bəhanə edərək işi buraxıb gəldim, – dedi. – Oturun, vəziyyət olduqca ağırdır. Cəza tədbirləri olduqca geniş və dəhşətlidir. Konsul Tehran və Peterburqa göndərdiyi teleqramlarda, Təbriz üçün bütün İrana dərsi-ibrət ola biləcək cəza tələb edir. Hələlik həbs ediləcək adamların siyahısını gətirmişəm.

Nina bunu deyərək kiçik bir siyahı verdi.

  1. Siqətülislam.

  2. Şeyx Səlim.

  3. Ziyaül-üləma.

  4. Sadiqülmülk.

  5. Əli Müsyönun iki oğlu.

  6. Ağaməhəmməd tacir Qafqazlı və sairələri.

Siyahıda Hacıəli davaçı və başqalarının adı yoxdu. Daha oturmadım. Ələkbər yoldaşla bərabər qalxıb getmək istədikdə, Nina:

– Hara gedirsiniz? – deyə soruşdu.

– Gedib Siqətülislamı xəbərdar etmək lazımdır. Bəlkə də, onlar çıxıb bir tərəfə qaça bildilər.

Nina təəssüfedici bir hal ilə başına hərəkət verərək:

– Vaxt keçmişdir. Oturun! – dedi. – Siqətülislam və başqaları hərbi səhra məhkəməsinin əlindədir.

– Haradan bilirsən?

– Siqətülislam konsulxanada düzəlmiş vəsiqəni imza etmək üçün çağırılmışdır. O vəsiqə çar ordusunun Təbrizi böyük müharibə nəticəsində işğal etdiyinə dair bir vəsiqə idi. Siqətülislam: «Bu barədə düşünməliyəm» deyərək vəsiqəni imza etmədi, bunun üçün də onu buraxmadılar, başqaları ilə bərabər hərbi səhra məhkəməsinin ixtiyarına göndərdilər.

Rusiya hökuməti üçün belə bir vəsiqə düzəltmək və Təbrizin işğalını rəsmiyyətə salmaq lazımdı. Belə bir vəsiqəni imza etmək üçün Təbriz qoşununun rəisi Amanulla Mirzəyə də təklif edilmişdi.

– İmza etdimi?

– Xeyr, imza etmədi. Buna görə də onu Seyid Həmzə ziyarətgahından çıxarmaq üçün bir eskadron kazak göndərildi. Lakin o, bir hərbçi kimi davrandı, özünü öldürdü, təslim olmadı.

Mən ancaq bunu deyə bildim:

– Nə etməli? Biz onların hamısına Təbrizdən çıxmasını təklif etdik, qulaq asmadılar. Onlar çarın müstəmləkə siyasətinə məxsus düzəltdiyi planı lazımınca mənalandıra bilmədilər. Onlar bu planın dar ağacından, qanlardan, edam və həbslərdən, qarət və həyasızlıqlardan ibarət olduğunu xəyallarına belə gətirmirdilər.

Nina:

– Doğrudur, – dedi, – məsələ həbs edilənlərin müqəssir olub-olmamasında deyildir: Rusiya çarının sabunladığı kəndirə keçirmək üçün baş lazımdır, o baş kimin başı olursa-olsun fərqi yoxdur. Çar latış feodallarından bir addım da olsa irəli getməmişdir. İyirminci əsrdə çarlıq edən ikinci Nikolay müqəssirin boğazına keçməyən kəndirin küçədən gedən təqsirsiz bir nəfərin boynuna keçirilməsini əmr edən latış feodalının tayı deyilmi? İnqilab rəhbərləri Təbrizdən qaçıb getsələr belə, çar kəndiri boş qalmayacaq idi. Ancaq təqsirsiz əhalinin cəzalandırılması siyasətinin bizim üçün xeyirli cəhəti budur ki, bu siyasət kütlələrin birləşməsinə və ümumi mübarizə ətrafında toplanmasına səbəb olur və kütlələrin çar üsuli-idarəsinə qarşı nifrət bəsləməsi ilə nəticələnir. Bütün dünyada ən qorxulu bir siyasət varsa, o da ingilislərin müstəmləkə siyasətidir. Bu siyasət çar siyasətindən daha qorxuludur. Çar siyasəti açıqdan-açığa müstəmləkə xalqının azadlığını əzməklə milyonların nifrətini qazanırsa, «xalqa azadlıq gətirirəm» şüarı altında gələn ingilis müstəmləkəçiliyi avam Şərqin ingilis kralına qarşı rəğbətini qazanır, onu əzilmiş xalqların hamisi kimi göstərir. Biz hər şeydən əvvəl ingilis müstəmləkəçiliyi ilə mübarizəni gücləndirməliyik; çar müstəmləkəçiliyini yıxmaqda isə çarın öz siyasəti bizə kömək edir.

Mən otura bilmirdim. Şəhərə çıxmaq qorxulu olsa belə, yenə də qalxıb dışarı çıxmaq istəyirdim. Ələkbər yoldaşla bərabər küçəyə çıxdıq, bir çox yerləri gəzdik. Nəhayət, yolumuz Dəvəçi qəbiristanı tərəfindən düşdü. Dəvəçi qəbiristanından, cümə axşamlarında olduğu kimi, camaatı yarıb keçmək mümkün deyildi. Lakin burada olanlar əksəriyyətlə soldatlar, kazaklar, bir də çar zabitləri idi. Burada seyidlər, mollalar və uzunətək don geyinməklə özünü mollaya oxşadan tacirlər də çox idi.

Soldatlar ətraf küçələrdən toplandığı sarıqlıları qoyun sürüsü kimi sürüb qəbiristana tökürdü.

Gəlmək istəməyənlər tüfəng qundağı ilə vurulur və nizələrlə təhdid edilirdi. Bunları qəbiristan ətrafındakı kanallar və ayaqyollarının yanına toplayırdılar.

Onlar ayaqyollarına tökülən meyidləri çıxarmaq üçün gətirilmişdilər. Konsulxananın əmrinə görə bu işə məcbur edilənlərin əlli faizi Dəvəçi məhəlləsi və sair küçələrin bu günə qədər əks-inqilab cəbhəsində duran və rus soldatlarının intizarını çəkən seyidləri və mollaları idi.

Təəccüblü burasıdır ki, hələ indi də onlar çar konsuluna inanır və bu işdən konsulun xəbəri olmadığını zənn edirdilər. Onlar çox həyəcanla danışırdılar:

– Cənab general-konsulun bu işdən əsla xəbəri yoxdur.

– Bə nəmənə! Əlbət ki, yoxdur. Hərgah cənab general bilsə, bunları tənbehsiz buraxmaz.

– Həzərat, belə iş ola bilməz! Heç bir məmləkətdə üləmanın və seyidlərin hörmətinə toxunmaq cayiz deyil. Gedib ingilis konsulxanasına girmək lazımdır.

– Getmişdux, qapılar bağlıdır. Qaytarıb dedilər adam qəbul etmirux.

– Elə isə din əldən getdi!

– İmamın zühuruna az qalıbdır!

– Bəlkə, Qayimi Ali-Məhəmməd zühuri bizi bunlardan qurtara bilsin.

Bütün bu sözlər bir fayda vermirdi. Onlar soyunub meyidləri çıxarırdı. Bəziləri ayağından başına qədər pislik içərisində idi.

Minarələrdə azan verilirdi, «Həyyə ələssəlat» deyən azançılar mollaları namaza dəvət edirdi. Onlar isə azana işarə ilə, çar zabitlərinə namaz vaxtı yetişdirdiyini anladıb izah edə bilmirdilər. Onlardan birisi kazak zabitinə yaxınlaşaraq, iki əlini qulaqlarının bərabərinə aparıb üzünü göyə tərəf qaldırdı, əyilib sonra əllərini diz qapaqlarına qoydu, qalxıb yenə göyə baxdı və beləliklə... namaz üçün bir məşq elədi.

Dil ilə də zabitə yalvaran var idi:

– İbadət vaxtıdır, ağa zabit, icazə verin gedax Allahın ibadətinə!

Zabit pislik qoxusunu hiss etməmək üçün burnunu tutdu və təpik ilə mollaların qarnından vurub dedi:

– Get boğazına kimi pisliyin içərisinə gir, murdar ruh!

Əks-inqilab təşkilatı olan «İslamiyyə» binasının qabağında toplanaraq: «İmperator dini-islamın nacisidir» deyən əks-inqilabçı mollalar, bu gün ilk dəfə olaraq imperatorun Təbrizə göndərdiyi «nicatverici» soldatları və zabitləri ilə tanış olurdu.

Ölülərin kanallara və pislik yerlərinə tökülməsinin bir səbəbi də konsulun verdiyi əmr idi. Konsul bu əmrnamədə: «Hər kəsin evinin qarşısında rus ölüsü tapılarsa, evi qarət edilib binası uçurulacaq, ev sahibi həbsə alınacaqdır», – deyirdi.

Konsulun divarlara yapışdırmaq üçün farsca çap etdirdiyi müraciətnaməni iki gün bundan əvvəl oxumuşduq.

Yanımdan keçdiyimiz bir divarda da Hacı Səməd xan Şücaüddövlə tərəfindən buraxılmış belə bir müraciətnamə oxuduq:

Təbriz camaatına

«Məhərrəm ayının 6-sından başlayaraq Təbriz şəhərində idarəyi ürfiyyəyi-əksəriyyə elan olunur.

Bu gündən etibarən hər kəsin evində silah tapılarsa, hər kəsin evində çar hökuməti qanununca müqəssir edilən adamlar gizlənirsə, hər kəs çar hökumətinin soldatına, yaxud çar himayəsində olan iranlılara hörmətsizliklə tanınmışsa, hər kəsin qapısının qarşısında çar soldatı öldürülmüşsə, haman evin ailəsi qurşuna düzüləcək və binanın özü də dağıdılacaqdır.

Nemətabad, Hacı Şücaüddövlə Səmədxan
6 məhərrəməlhəram 1328 hicri».

Ələkbər yoldaş bu müraciətnaməni oxudu və mənim sözümü təsdiq edərək:

– Elədir ki, var, – dedi, – tutalım ki, müharibədə yaralanmış bir soldat ailəsində əsla kişi tayfası olmayan bir qapının qabağında yıxılmışdır, bu zaman ev dağılacaq və içindəki qız və qadınlar qurşuna düzüləcəkdir. Buna görə də əhali öz qorxusundan, küçələrdəki meyidləri toplayıb quyulara tökməklə izi itirmək istəmişdir.

Qəbiristandan hələ çox da uzaqlaşmamışdıq. Bütün küçə dolusu şah və çar nökərlərinin sel kimi axıb gəldiyini gördük.

Çəkilib bir tərəfdə durduq: keçməkdə olan dalısıüzülməz dəstənin qabağında məşhur çar nökəri və əks-inqilabda məşhur rol oynamış Hacı Mirqurban gedirdi. O, qollarını çırmalamış və əbasını yığışdırıb qoltuğuna vurmuşdu. O, üzünü camaata döndərib bu şeiri oxuyurdu:

Lütfi-həq bato, müdaraha konəd,
Tak ki əz həd begzəri rüsva konəd.

Yəni: Allahın lütfü səninlə müdarə eylər, lakin ifrata varmış olsan, rüsvay eylər.

Mirqurban bu şeiri oxuduqdan sonra, dönüb arxasınca gətirilən bir nəfəri söyürdü. Biz diqqətlə baxdıqda Şeyx Səlimin çar konsuluna təslim edilmək üçün tutulub aparıldığını gördük.

Bizi təəccübə gətirən çar istila ordusunun hərəkəti deyildi, çünki onlara yuxarıdan belə əmr edilmişdi. Lakin bir təbrizlinin digər bir təbrizlini tutub çar hərbi səhra məhkəməsinə təhvil vermək üçün aparması olduqca təəccüblü iş idi.

Mirqurban tez-tez Şeyx Səlimə dönərək onun saqqalına tüpürüb deyirdi:

– İndi daha sənin inqilabından, sənin Səttarından, Bağırından qorxumuz yoxdur. İmperatorun qoşunu şir kimi dalımızda durmuş. Sizin nəslinizi Təbrizdən kəsəcəyəm, köpəkoğlu mənə Mirqurban deyərlər; sizi toyuq darını dənləyən kimi bir-bir dənləyəcəyəm...

Mirqurbanın başında olan dəstənin içərisindən bir çoxları Şeyx Səlimə daş və buz parçaları atırdı. Onun başı və üzü dağılmışdı, saqqalından qan axırdı.

Yenə də küçə oxucusu kor Əsgərin səsi eşidilirdi. O, Şeyx Səlimin məşrutə zamanında xalqa dediyi sözlərini nəzm ilə oxuyub camaatı güldürürdü.

Verəcək yoxsula bir yağlı çörək məşrutə,
Plovun hər düyüsü bircə çərək, məşrutə.
Yeyəcək dadlı kabablar füqəra,
Boynunu əyməyəcək varlılara.
Axırı yonca yedik şam, nahar,
Tapmadıq bircə tərək, məşrutə.

Şeyx Səlim başını aşağı salıb gedirdi. O, heç bir tərəfə baxmayırdı. O, artıq ölümünü yəqin eləmişdi. Varlığını hiss etmirdi, çünki ona daş dəydikdə belə, deyəsən, incimir və qırçınmırdı.

Mən özümə bir daha nifrət etməyə başladım, çünki silah və ixtiyar əlimizdə ikən gələcəkdə zərər gözlədiyimiz xainləri məhv etməmişdik. Biz istəsəydik, Mirqurban, Mirməhəmməd, Hacımirzə-ağa və sair çar xəfiyyələrini, çar nökərlərini məhv edə bilərdik; yoldaşlar bu məsələni qoymuşdular, lakin mən etiraz etmişdim.

Mən Mirqurbana diqqətlə baxdıqdan sonra, öz qəlbimdə dedim: – Siz bizim bir səhvimizin nəticəsində yaşayırsınız. Ümid edirəm ki, bizdən sonra gələnlər daha səhv etməyəcəklər. Onlar minlərcə yoxsul qanının axmasına səbəb olan Mirqurban, Mirməhəmməd, Mir Fətulla xanları cəzasız buraxmayacaqlar.

Ələkbər yoldaş hirsindən titrəyərək dedi:

– Silahlı qüvvəni buraxmamalı, axıra qədər vuruşmalı idik.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Hökumətin ikinci xəyanətinə qarşı

Çar hökuməti həmrəylik yaratmış olan Bakı fəhlələrini zəhərləmək, ümumi tətillərin kökünü kəsmək istədiyi və ikinci erməni-müsəlman qırğını hazırladığı zaman, Bakı bolşevikləri də buna cavab olaraq, avqust tətillərini hazırlayır, öz qüvvələrini bu sahədə səfərbərliyə alırdılar.İyul ayının iyirmisindən hökumət işə başladı. Tətil işlərində fəaliyyət göstərənlər tutuldular, başqa şəhərlərdə olan dustaqxanalara göndərildilər.

13 min
Çarizm öz işini gördü

Çar hökumətinin hazırladığı ikinci erməni-müsəlman qırğını 1905-ci il avqust ayının iyirmisində başlandı.Çar hökuməti bu xəyanəti həyata keçirmək üçün Labinski və 82-ci Dağıstan alayının komandiri Dubravinə müəyyən direktiva vermişdi. Bu direktiva yalnız erməni-müsəlman qırğını düzəltmək haqqında olmayıb, habelə bolşeviklərə qarşı bir sui-qəsd düzəltmək haqqında idi.

6 min
I. Qonaqlar

Cənub küləkləri Xəzər dənizinin həyəçanlı qəlbini bir daha coşdururdu; dalğalar suya enmiş təyyarənin qanadları kimi sahilə hücum edirdi.Küləklər, sahil bağındakı söyüd ağaclarının sükutunu pozur və qızıl Bakının yaxın gələcəyindən dastanlar oxuyurdu.

8 min
II. «Metropol»

Bolşevik düşmənlərinin ərkani-hərbi və əyyaşlarının yurdu sayılan «Metropol» otelində bu gecə fövqəladəlik vardı. «Metropol»da toplananlar sırasında daşnaq, eser və menşeviklər birinci yeri tuturdu. Böyük və kiçik salonların qapısında vərəqələr asılmışdı:«Buraxılış vərəqəsi göstərilmədən salona daxil olmaq qadağandır».

19 min

Poems by other poets