Birinci pərdə
Page 2 of 2 · 50%
Davatkəroğlu — Burdan Təbrizə heç bir kəs buraxılmır.
Qüdrət — Nə üçün buraxılmır?!
Davatkəroğlu — Ağanın əmri belədir. Kurhakuru eşitmirsən?
Tütünçüoğlu — Kurhakurun bizə nə dəxli var? Biz burada dustaq qala bilmərik ki...
Davatkəroğlu — Dustaq niyə qalırsınız. Araz çayının o tərəfinə keçməyə nə var ki?..
Qüdrət — Axı nə ilə keçək?
Davatkəroğlu — Biz daha sizinçün çayı quruda bilmərik ki...
Qüdrət — Azərbaycan xalqının göz yaşları olmasaydı, Araz çayı çoxdan qurumuşdu!
Davatkəroğlu — (irəli gəlir) Qəribə adamlarsınız. Top səslərini eşidirsiniz, ya yox?
Qüdrət — (top səslərini dinləyərək) Gecə ilə gündüz pəncələşir.
Davatkəroğlu — (daha da yaxınlaşır.) Səttar xan gəlir!
Tütünçüoğlu — Səttar xan kimdir?
Davatkəroğlu — (gülür) İndi ki, Səttar xanı tanımırsan, daha nə deyim. Qanmadım, qələt elədim. (Uzaqdan gələn Əlidadaşı görərək, öz-özünə). O, boş gəlir, onun nə vecinə ki, mən ürəyimin qanını yeyirəm. (Əlidadaş gəlir). De görüm nə eylədin?
Əlidadaş — Ağanın əmrini yerinə yetirdim.
Davatkəroğlu — Bəs dediyim qız necə oldu?
Əlidadaş — Sən öləsən, cin kimi yoxa çıxdı.
Davatkəroğlu — Ömrümdə sənə bircə işim düşdü. Sən də belə...
Əlidadaş — Mən nə edim, şeytan qızı şeytan, bir cin-bismillah olub göyə çəkildi. Uşaqlara tapşırmışam, göyə də çıxsa tutacaqlar.
Davatkəroğlu — Qız buradan hara gedə bilərdi? Suyun o tərəfi də, bu tərəfi də bizim əlimizdədir. Başısoyuqluq elədin. Mən buradan ayrıla bilmirəm. Sən özün get qızın dalınca. Qorxuram qız özgə bir ələ düşsün. Sən bilirsən ki, mən onun üçün bu xarabada bənd olub qalmışam.
Qüdrət — Eşitdinmi, burada mübarizə yalnız torpaq, su, həyat mübarizəsi deyildir. Burada xalqın qızlarını çöl heyvanları kimi ovlayırlar.
Mülkədarın adamları Dilrubanı qucağında uşaq gətirirlər.
Əlidadaş — (Davatkəroğluna) Müjdəmi ver, şikarı gətirirlər.
Qüdrət — (Tütünçüoğluna) Bu qızı vəhşilərin əlində qoyub getmək namərdlikdir.
Davatkəroğlu — O uşaq nədir? Qucağından alıb yerə atsana!
Əlidadaş uşağı almaq istəyir, Dilruba vermir.
Dilruba — (Əlidadaşa) Məni öldürün, ancaq bu uşağa əl vurmayın! Onun heç bir təqsiri yoxdur.
Əlidadaş — Bura ver! Təqsiri yoxdur? Atası Səttar xanın dəstəsinə qoşulanın təqsirini biz yaxşı bilirik! (Uşağı zorla alıb bir tərəfə atır, Dilrubanı sürükləyib Davatkəroğlunun yanına aparmaq istərkən)...
Dilruba — (getmək istəmir) Yalvarıram sənə, məni öldür, amma Davatkəroğlunun əlinə vermə.
Davatkəroğlu — (irəli gəlir) Qız, nə qiyamət qoparmısan! Nə olub? Kimə ərə gedəcəksən ki, məndən yaxşı olsun? Bəri gəl, səadətin mənim əlimdədir.
Dilruba — (Davatkəroğluna) Rədd ol, həyasız!
Qüdrət — (irəli gəlir) Siz o köməksiz qızdan nə istəyirsiniz?!
Əlidadaş — (Qüdrətə) Sus! Heç bilirsən danışdığın adam kimdir?
Qüdrət — (acıqlanır) Geri çəkil, kimliyi ilə maraqlanmıram.
Əlidadaş — Çox da ağzını dağıtma ha... Ona Davatkəroğlu deyərlər.
Qüdrət — Nə oğlu olursa-olsun, ancaq adam oğlu olsun.
Davatkəroğlu — (Qüdrətə yaxınlaşır) Mən sizə deyirəm, buradan çıxın gedin! Nə üçün başqasının işinə qarışırsınız?
Qüdrət — Biz onu sizin əlinizdən qurtarmamış burdan getməyəcəyik.
Əlidadaş — (Qüdrətin yaxasından tutur) Çəkil get! Əlimizi qana batırma!
Tütünçüoğlu — (Əlidadaşa bir sillə vurur). Əlini çək, silahlı tülkü! Sənin əlin ancaq acizlərin qanına bata bilər.
Əlidadaş və Tütünçüoğlu tapançalarını çıxarırlar.
Davatkəroğlu — (Qüdrətə) Nə istəyirsən, dadaş?
Qüdrət — Mən istəyirəm ki, sən o qızı azad buraxasan.
Davatkəroğlu — Sənin özgənin nişanlısını əlindən almağa nə haqqın var?
Dilruba — Yalan deyir (Qüdrətə). Ona inanmayın. Mən başqasına adaxlıyam.
Qüdrət — (Davatkəroğluna və Əlidadaşa). Utanın, bir namusunuz-qeyrətiniz olsun! Bütün İran xalqı zalım Qacar xanədanına qarşı ayağa qalxıb. Sizi əsirlikdən qurtarmaq üçün inqilab dünyasının qəlbi çırpınır. Siz isə yenə şəhvətə can atırsınız. Dünyanı titrədən bu gurultular sizi qəflət yuxusundan qaldıra bilmədimi?
Davatkəroğlu — (mülkədarın nökərlərinə) Hüseynəli, Qulaməli, Məmmədəli, Qasıməli, harada batdınız, gəlib bu qızı çəkib aparın!
Tütünçüoğlu — Çəkilin! (Mülkədarın nökərlərini vurur. Davatkəroğlu və Əlidadaş qaçır).
Qüdrət — (tapançanı çıxarıb kütlənin qarşısına gedir) Torpaqdan, sudan və azad həyatdan məhrum olan kəndlilər, top gurultuları sizi mübarizəyə çağırır.
Camaat mülkədarın nökərlərinə hücum edir. Üsyana qarışırlar. Camaat malları talayır. Dilruba kütləyə qoşularaq gözdən itir.
Vuruş gedir. Vuruş uzaqlaşıb səhnə arxasına keçir.
Dilruba — (saçları dağınıq halda gəlir.) Onlar nə qədər igid, nə qədər mərhəmətlidir. (Qüdrətin ayaqlarına düşmək istəyir). Siz olmasaydınız, mən də, bu günahsız uşaq da məhv olacaqdıq.
Qüdrət — Ana, qalxın, biz ayaq öpdürənlərlə mübarizə aparırıq... (Qüdrət onun əllərindən tutub qaldırır. Dilruba dağınıq saçlarını üzündən çəkdikdə, Qüdrət onu tanıyır). Ax, Dilruba! Mənim ruhum, nə qədər dəhşətli, nə qədər də şirin bir təsadüf! (Dilrubaya) Bu nə hadisədir?
Dilruba — (ağlayır, başını Qüdrətin çiyninə qoyur) Qüdrət, bizi məhv etdilər...
Qüdrət — Dilruba, uşaq kimindir?
Dilruba — Bacın Zeynəbindir.
Qüdrət — Bacımın başına bir fəlakətmi gəldi?
Dilruba — Zeynəbi tutmaq istəyirdilər. O, qaçaq düşmüşdü. Bu gün tutub Təbrizə göndərdilər.
Tütünçüoğlu — (gəlir) Mülkədarı tutmaq mümkün olmadı. Çılpaq ata minib qaçdı.
Kütlə — Yanğın! Yandırdılar! Qaçın!
Kəndli qadınları qaçır. Top səsləri eşidilir.
Qüdrət — İnqilab şəhərinin köməyinə doğru irəli!
Pərdə
Kitabxana.az · https://kitabxana.az/en/works/ordubadi-dumanli-tebriz-pyes-birinci-perde
Use ← → keys to move, R for a random poem
More by this author
Bu sirr komunxozdamı, baqqaldamı yoxsa?Ya inki dəmir yoldamı, ya maldamı yoxsa?
Şeyxin bir mö’cizəsinə ithafBaxdıqca könül qan olur əhvalına şeyxin,Yandı ürəyim tərcümeyi-halına şeyxin.
Lə’nət ola!Fələkin gərdişi-dövranına min lə’nət ola!Sərvətə qız satan insanına min lə’nət ola!
Ramazan ayı qurtardıBitmiş ramazan, bərhəm olur məclisi-ehsan,Nəqdin verərək, nisyə behişt aldı müsəlman,
Poems by other poets
Genə dildar səri-kuyi bu gun yadə düşüb,Dili-uftad olub uftadəvu uftadə düşüb.
OynamasınGeyinib-kecinib toya gedənlər,Amanat, amanat qız oynamasın.
Dərs səhəriHələ səhər açılmamış, günəşdən qabaq,Yatağından tezcə qalxan uşağa bir bax,
ŞikayətMənəm bu dünyada bəlalar çəkənNakişi, naşükür insan əlindən.