Page 2 of 2 · 50%

Böyükxan — Aparın, yüz çubuq da əlavə!

Qapıçı — Həzrəti əşrəf, Davatkəroğlu hüzurunuza gəlmək istəyir.

Böyükxan — Burax gəlsin.

Davatkəroğlu (Əlidadaşla birlikdə Zeynəbi qolları bağlı gətirirlər). — Həzrəti əşrəf, dar ağacından qaçan Zeynəb həmin bu həyasızdır.

Böyükxan — Harada tutdunuz?

Əlidadaş — İslamiyyəyə bomba atmağa gəlmişdilər, yoldaşı atıb qaçdı. Bir neçə nəfəri öldürdü, bir neçəsini də yaraladı.

Böyükxan (Zeynəbə) — Bombanı atan kim idi?

Zeynəb — Bombadan da, bomba atandan da xəbərim yoxdur.

Böyükxan — İslamiyyə tərəflərinə nə üçün getmişdin?

Zeynəb — Ermənistandan müctəhidlərə satmaq üçün şərab aparmışdım.

Davatkəroğlu — Həzrəti əşrəf, buna inanmayın, xalça fabrikini dağıdan budur, Culfada kəndli üsyanında da iştirak edən və mülkədarı asdıran da budur!

Böyükxan — Alçaq qadın, səni bu yola məcbur edən nədir?

Zeynəb — Həqarətdən qurtarmaq üçün başqa yol yox idi. Bir qarın çörək üçün insanların ən alçağına yalvardım. Ac, çılpaq, körpəm qucağımda, xidmət üçün qapı-qapı gəzdim. Lakin bir parça çörək müqabilində məndən irz-namus tələb etdilər.

Böyükxan — Dilənçi, sən özün nəsən ki, irz-namusun nə olsun? Sənin saçlarını qırxdırıb bazarlarda dolandıracağam. Qoy başqalarına da ibrət olsun!

Zeynəb — Öldürün, ancaq namusla öldürün!

Böyükxan — Aparın işkəncə verin, öldürmək üçün o qədər də vaxt lazım deyil. (Sərkərdələr gəlir). Ağalar, cənab konsulun və şahzadə Eynüddövlənin əmrinə görə biz bu gecə saat dörddə şəhərə hücum başlamalıyıq.

Sərkərdələrdən biri — Hazırıq, həzrəti əşrəf!

Böyükxan — Əyləşin! (Zəngi çalır, Məmmədcəfər gəlir). Ağalar üçün nə hazırlamısan?

Məmmədcəfər — Hər şey hazırdır, həzrəti əşrəf.

Böyükxan — Bəs nəyi gözləyirsən? (Məclisə) İxtiyarımızda altı saatdan artıq vaxt var. Bu qədər saatı boş keçirmək olmaz. Burada oturan cənabların hər birisi bir məmləkətin ağasıdır. Ancaq bir şeyi bilməlisiniz ki, ağalıq qapısının açarı qılıncdır.

Məmmədcəfər (bir dəstə çarşablı qadın gətirir. Bir neçə də çalan qadın gəlir) — Həzrəti əşrəf, ərz olsun ki, gətirdiyim xanımlar Təbrizin ən məşhur xanımlarındandır. Çalanlar, oynayanlar, oxuyanlar işvəli, nazlı gözəllərdir.

Böyükxan — Hələlik bir şey görmürəm.

Məmmədcəfər (bir qadını irəli çəkərək) — Bu xanım Vəliəhdin gözəl rəqqasəsi Xoşbudur. Oynar, çalar, oxuyar, hər şeyi bacarar.

Böyükxan — Barakallah Xoşbu xanım, doğrudan da xoşuma gəldi.

Məmmədcəfər (başqa birisinin çarşabını götürərək) — Bu Təbrizin gözəllərindən Səlimə xanımdır. Bu da İntizamülmülkün rəqqasəsi Abihəyat xanımdır.

Böyükxan — Doğrudan da abi-həyatdır.

Məmmədcəfər — Bu xanım da Təbrizin məşhur gözəli Cəmilə xanımdır. Oynar, çalar, oxuyar. Hər şey bacarar.

Böyükxan — Oynasınlar, çalsınlar, oxusunlar, piyalə versinlər.

Qadınlar hamısı məclisə baş əyib rəqs edirlər.

Böyükxan (Dərvişoğluna) — Gülüm, oğlan, niyə səsin çıxmır?

Dərvişoğlu — Həzrəti əşrəfin əmrinə müntəzirəm.

Böyükxan — Bir kərə ağa dərviş bilməlidir ki, şe’r ancaq belə-belə məclislər üçün lazımdır. Əmr edirəm, bu gözəllərin hər birisinin özünə layiq bir şe’r deyəsən.

Dərvişoğlu (rəqs edən bir qıza yaxınlaşır):

Çox qaş-gözünü atma, kaman qaşına qurban,
Gəl qoy dizim üstə başını, başına qurban,
Rəqs eylə, dolan məclisi, rəqs eyləsin aləm.
Sən gül mənə, gülsün üzüm, ey çöhrəsi laləm.

Böyükxan — Hanı Gönçələb xanım?

Dərvişoğlu

Könül doymadı mütrübün tarından,
Dönər tanrıdan, dönsə gər tarından.

Gönçələb xanım gəlib oxuyur.

Gönçələb xanım

Bahar dilkəş, bülbül çalır kamança,
Sən də üzündən tez at pərdəni, gözəl gönçə.
Toy büsatı başlanıb çəməndə,
Hər gülün ləbində bir xəndə.
Saxlamışdır bir piyalə
Çəməndə hər lalə.
Çox uzun deyil bu həyat.
Sən cövrü zülmü at
Qoy gülsün eşqinlə kainat.

Davatkəroğlu (nəş’ə aləmində). — Bütün dünya gözümün bir kiləsində yerləşir. Amma özümü bu dünyaya yerləşdirə bilmirəm. Dünya o qədər nazikləşdi ki, hoqqamın deşiyindən girib beynimə getdi. Geri çəkilin, dünyanı udacağam.

Davatkəroğlu, Dərvişoğlu bir yerdə oxuyurlar.

Davatkəroğlu — Gəl gözəlim, piyalə gətir.

Dərvişoğlu — Gədə, Məmmədcəfər!

Məmmədcəfər — Nə buyurursan?

Dərvişoğlu — Bala, mənə bir stəkan çay.

Məmmədcəfər — Böyük stəkanda, ya kiçik stəkanda?

Dərvişoğlu — Nə böyük, nə kiçik, armudu!

Məmmədcəfər — Purrəng olsun, ya kəmrəng?

Dərvişoğlu — Nə purrəng olsun, nə də kəmrəng, məxməri.

Məmmədcəfər — Acı olsun, şirin?

Dərvişoğlu — Nə çox acı, nə çox şirin, kəmşirin.

Məmmədcəfər — Qaşıq da qoyum ya yox?

Dərvişoğlu — Mən ölüm, hər nə qoyursan qoy, amma qəmiş qoyma.

Məmmədcəfər (aşpazxanaya səslənir) — Dərvişoğluna bir əmiri çay, stəkan nə böyük olsun, nə kiçik, armudu, rəngi məxməri, nə acı olsun, nə şirin, kəmşirin, bir dənə də qəlyan, amma qəmiş qoymayın!

Böyükxan — Gədə, haramzada, qəmişsiz də qəlyan olar?

Məmmədcəfər — Ağa, başına dönüm, özü buyurdu ki, qəmiş qoyma.

Böyükxan — Məclis çox soyuq keçir. O qızı buraya gətirin (qapıçı baş əyib gedir). Səttar xan, Bağır xan, Hüseyn Bağban iki saatdan sonra yerə yıxılıb ayaqlarımdan öpəcəklər!

Dərvişoğlu — Əlli yeddi hökumətdən yanıma nümayəndə gəlib məndən qəsidə istəyir. Sə’di bir cibimdə, Hafiz bir cibimdə, Xəyyam da qələmdanımda,

Əlidadaş (qolları bağlı Zeynəbi gətirir) — Həzrəti əşrəf, hazır!

Böyükxan — Nə gözəl dilənçidir: qaşları Cəmilənin qaşlarından qara, dodaqları Hüsniyyənin dodaqlarından sevimli. (Zeynəbə). Bilmirəm oynamaq bacarırsan ya yox? (Zeynəb sakit dayanmışdır) Ay qız, niyə sakit durmusan? Oynamaq bacarırsan ya yox?

Zeynəb — Mən hər şeyi bacarıram.

Böyükxan — Bunun qollarını açın.

Əlidadaş (Zeynəbin qollarını açır) — Həzrəti əşrəfə baş endir, səni qurtarsa, gözəlliyin qurtaracaq.

Böyükxan — Oyna, səni öldürməyəcəyəm, tovuz quşu kimi bəzəyib öz yanımda saxlayacağam. Dərvişoğlu ayıq olsaydı, buna bir şe’r yazardı. Bəh-bəh, sənin bu hüsni-cəmalın nə gözəldir! Ağ üzdə düşən o qara xalın nə gözəldir!

Davatkəroğlu — Oyna, mənim payıma da sən düşmüsən, oyna.

Zeynəb çalınan musiqi altında salonu dolanır. Davatkəroğlunun yanına yaxınlaşıb belindən tapançasını çıxarır, salondan çıxmaq istərkən qarşısını kəsmək istəyən Əlidadaşı vurur. Məclis qarışır.

Zeynəb — İndi bir az da sən oyna!

Əlidadaş yıxılır, Böyükxanın adamları Zeynəbi tutub Böyükxanın ayaqlarına atırlar.

Böyükxan (Zeynəbə) — Mən səni min dəfə öldürüb, dirildib, yenə də yenidən öldürəcəyəm!

Zeynəb — Sizin canavarlığınıza inanıram!

Bayırdan gurultu gəlir.

Böyükxan — Nə olub, nə xəbərdir?

Xidmətçi — İslamiyyənin iclas otağını partlatdılar.

Böyükxan — Biz bacarmadıq, onlar bacardılar.

Səslər — Bağır xan, Bağır xan!

Salon bir-birinə dəyir. Sərkərdələr rəqqasələrin çarşablarına bürünüb qaçmaq istəyirlər. Bir çarşabda Böyükxanın başına örtürlər. Mücahidlər pəncərələrdən və qapılardan salona tökülürlər. Rəqqasələr və çalan qadınlar bir tərəfdə oturub qorxularından titrəyirlər.

Bağır xan (Qüdrətlə birlikdə daxil olur və salonu təəccüblə nəzərdən keçirir) — Hanı bu yuvanın tülküsü? Bunlar kimdir?

Zeynəb (irəli gəlir) — Gecəniz xeyir, cənab Salar! Rəqqasələrdir. Bu çarşaba bürünənlər də padşah ordusunun sərkərdələridir. Bunlara da mən rəqqasəlik öyrədirəm.

Hamı gülür.

Bağır xan (Zeynəbin alnından öpür) — Sənin baxışlarından gələcək qalibiyyətin dastanları oxunur. (Böyükxanın başından çarşabı götürür.) Bunu təhqir etmə, sən buna da layiq deyilsən! Bu qadın donuna girən sərkərdələri inqilab qərargahına aparın!

Hamısını aparırlar.

Böyükxan — Yalvarıram, məni öldürmə, mənim həyatımı özümə satın.

Bağır xan — Sənin həyatının bir qara şahı qiyməti yoxdur.

Böyükxan — Ağırlığımca qızıl verərəm.

Bağır xan — Sən tökdüyün qanların hər qətrəsi zalım şahın tacındakı incilərdən yüz dəfə qiymətlidir. Sən o qanları nə ilə ödəyəcəksən?

Böyükxan — İyirmi kəndimi verərəm.

Bağır xan — Onlar sənin deyil! (Tütünçüoğluna.) Götürün!

Dərvişoğlu (nəş’ədə) — Yapışın əlimdən, körpü uçur. (Vəziyyəti gözdən keçirir).

Davatkəroğlu (nəş’əli) — Səttar xanı, Bağır xanı hüzuruma gətirin, onları özüm cəzalandıracağam!

Zeynəb (onun qulağından tutub qaldırır). — Qalx, Bağır xan hüzurundadır.

Davatkəroğlu (yarım ayılmış halda) — Buraxsana, keçi qulaqlamırsan ki? (Gözünü açıb Tütünçüoğluna və Zeynəbə baxır). Nə yaxşı ki, yuxu görürəm. Yuxu olmasaydı, bağrım yarılardı.

Tütünçüoğlu — Qollarını sakit saxla, alçaq!

Bağır xan — Götürün, onları qan dəryasına döndərmək istədikləri Təbriz küçələrindən sürüyə-sürüyə Sərdarın hüzuruna aparacağam.

Böyükxan — Mənimi? Mənimi? Ondansa öldürün məni!

Bağır xan — Kəs səsini bayquş, sən tək bir ölümlə yaxanı qurtara bilməyəcəksən! Tarixin qızıl dövrlərini keçirən böyük vətənin şərəfli adını qara ləvhəyə yazmaq istəyənlər torpaqlarda sürünməlidirlər, götürün!

Hacı Salman (Hacı Mehdiyə) — Desən deyəcəyəm.

Hacı Mehdi — Demə, deməyim, hanı o haramzada Böyükxan? Gəlsin, haqq-hesabı çürüdək!

Hacı Salman — Zindəbad Səttar xan!

Qüdrət — Salar, xəyanət! Düşmən bizi mühasirəyə almışdır!

Bağır xan — Kimin mühasirəyə alındığını indi görərik. Çıxarın bombaları, haydı arxamca!..

Pərdə

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Səttar xan

Biz saat üçdə Səttar xanın qapısında durmuşduq. Qapıçılardan biri icazə almaq üçün içəri getmişdi. Bir neçə dəqiqədən sonra icazə verildi.Səttar xan bizi görən kimi çox şadlandı. Birinci sözündə:

2 min
Ninanın məktubu

Təbrizdə vəziyyət get-gedə dəyişirdi. Artıq Culfa–Təbriz yolu kəsilirdi. Hərbi İnqilab Şurasının iclasında yolun açılması qərarı çıxarıldı. Culfa inqilabçıların əlində idi. Müsəlləh qüvvənin başında Hafiz əfəndi dururdu.Hərbi İnqilab Şurasının Hafiz əfəndiyə verdiyi telefonoqram bu məzmunda idi: «Culfa qüvvətilə hərəkət edib Circirlari təmizlə!»

8 min
Mən tacir deyiləm

Mən bu görüşdə çoxdan bəri demək istədiyim sözü ona deməyi qərara almışdım. Nina dünənki sevgi söhbətindən, bunu açıq dediyindən utanır və başını qaldırıb üzümə baxa bilmirdi. Sözümü heç dayanmadan dedim:– Siz istəsəniz, inqilabda böyük bir vəzifə götürə bilərsiniz. Lazımi yardımı verə bilərsiniz. İran inqilabının yardıma böyük ehtiyacı var. O, indi hər tərəfdən mühasirə altındadır. Siz özünüz həmişə deyirsiniz ki, qəhrəmanlar az qüvvənin içindən çıxır. Hazırda o qəhrəmanların önündə böyük çətinliklər durur. O çətinlikləri də məhv etmək üçün inqilab qəhrəmanlarına yardım əlinizi uzatmalısınız.

9 min
Nina ərə gedir

Mən evə gəldikdə Nina yox idi. Onun qulluqçusu Zeynəb bacı və mənim evimi təmizləyən Təhminə xanım ev sahibi Minasyanın qadını Şuşanik xanımla danışırdı. Təhminə və Zeynəbin gözləri ağlamış adam gözünə oxşayırdı. Mən içəri girəndə yalnız Şuşanik xanımın bu sözlərini eşitdim:– Hayıf gözəl Nina! Arşak mənim öz ermənimdir. Amma bilirəm ki, o, arvad saxlayan deyil.

9 min

Poems by other poets