Page 2 of 2 · 50%

– Buyurun, buyurun! – deyə miss Hanna qeyri-təbii gülümsünərək cavab verdi. – İstədiyiniz kimi danışın.

Dilbər xanım da:

– Buyurduqlarınız həqiqətdir. Sözünüzü davam etdirin, rica edirəm, – dedi.

– Uşaq məktəbdə aldığı pedaqoji təsirlərdən çıxa bilməz. Hələ İranda, yaxud Şərqin başqa ölkələrində açılan əcnəbi məktəblərinin dərs üsullarını, pedaqoji metodlarını götürmüş və diqqətlə nəzərdən keçirmiş olursaq, orada dini və mövhumi təsirlərdən başqa, daha qorxulu bir təsir vardır. Əcnəbi məktəblərindəki missioner hipnozu təsirindən başqa, bir də müstəmləkəçilik siyasətinin ünsürləri mövcuddur. Bu kimi məktəblərə, hansı bir dövlətin tərəfindən açılarsa - açılsın, gələcək istismar, gələcək müstəmləkəçilik üçün hazırlıq aparan bir aparat kimi baxmalıdır. Belə məktəblər, digər tərəfdən də yerli və milli mədəniyyətin inkişaf etməsi üçün böyük bir manea törədir. Gələcəkdə bu kimi məktəbləri bitirib çıxan müxtəlif fikirli, müxtəlif əqidəli şərqlilər öz milli mədəniyyətini yarada bilməyəcək, hətta yaratmaq da istəməyəcəkdir.

– Heç olmazsa, lisanı öyrənmək və bir ingilislə ingilis kimi danışmağın özü də bir mədəniyyətdir, – deyə miss Hanna əlavə etdi.

– Yenə razılaşa bilmirəm, – deyə etiraz etdim. – Mədəniyyəti verən lisan deyil, sağlam bilikdir. Əcnəbi məktəbləri sağlam bilik verə bilərsə, o məktəblərə tələbələri mövhumata, dinə, kilsəyə, missioner qanunlarına, müstəmləkə tələlərinə doğru sürükləməyərək, sağlam biliyi verə bilərsə, doğrudan da, mən miss Hannanın sözlərinə şərik olaraq deyərəm: «Amerika məktəbləri Şərqin mədəniyyət ocağıdır». Qoyun indi miss Hannanın özündən sual edək:

– Miss bu dediklərimə etirazınız vardırmı?

– Xeyr, yoxdur, – deyə miss Hanna cavab verdi.

– Gələlim yenə də lisan vasitəsilə mədəni olmaq məsələsinə. Lisanın mədəniyyət üzərində təsiri çoxdur. Lakin bu o demək deyildir ki, mədəniyyət lisandan asılıdır. Bu fəlsəfə doğru olsa idi, iranlılar ən mədəni millət olmalı idi, halbuki əksinədir. Məsələn, lisanı, yazısı əlverişsiz olan yaponlar mədəni olmuş, lisanı zərif və tələffüzü yumşaq olan iranlılar isə mədəniyyətsiz və geridə qalmışdır.

– Təklifiniz nədir? – deyə miss Hanna soruşdu.

– İran bacarırsa, İranda açılan və müstəmləkə təbliğ edən bütün məktəbləri qapamalı, öz milli mədəniyyətini yaradan məktəblər açmalıdır. Şərqdə açılan əcnəbi məktəbləri millətləri beynəlmiləl birlik, beynəlmiləl ictimai tərbiyə ətrafına toplamaq məqsədilə açılsa idi, bunu hər kəsin təbrik etməsi lazım idi. Məktəblərdə yalnız müstəmləkəçi hökumətin rəsmi lisanı deyil, məhəlli dillərdə də dərs keçilməli idi. Müstəmləkəçi hökumət dinçi olduğu halda millətlərin daşıdığı dinləri təbliğ edən şəriət müəllimləri saxlasa idi, bunun o qədər də qorxusu yox idi. Çünki tələbə mədəni bilik aldıqdan sonra öz dilini, öz mövhumatını tədrici olaraq atmağa çalışacaq idi. Amerika, yaxud başqa əcnəbi məktəblərində belə deyildir. Bu məktəblərdə oxuyan tələbə mədəni biliyi din mədəniyyəti şəklində aldığından onda mövhumat ilə mübarizə edə biləcək mədəni duyğular doğulmur.

– Miss Hanna icazə verirsə, – deyə Hacı Əli sözə qarışdı, – mən də yoldaşın fikrinə şərik olacağam. Dilbər xanım bu il Amerika məktəbini bitirir. Onu öyrənirəm, bütün hərəkətinə, rəftarına, onda doğan hislərə qədər nəzər yetirir və onun varlığını təyin etməyə çalışıram. Nəticədə belə bir qərara gəlirəm: qız təbrizli deyil, amerikalı deyil, türk deyil, ingilis də deyil. Qız müsəlman deyil, xaçpərəst də deyil. Hərgah Dilbər xanım bu saydıqlarımın birisindən ayrılıb tamamilə digər birisinə bağlanmış olsaydı, o, həyatında müəyyən yol götürər, o yolun vasitəsilə də öz gələcəyini qurardı. İndi isə o nə bizim, nə də bizimlə əlaqəsi olan ailələr içərisində özü üçün bir cəmiyyət düzəltməyi bacarmır. Bizim hər şeyimiz buna yabançıdır. Bu dediklərim bütün missioner məktəblərində oxuyan tələbələrdə mövcud olan bir xüsusiyyətdir. Məsələn, beləliləri Fransa müstəmləkəçiliyini təbliğ edən bir məktəbi bitirmişsə, o özünün köçüb Fransaya getməsini yox, Fransanın köçüb vətəninə gəlməsini sevər, çünki bunlar bir müstəmləkə təbliğatçısı sifəti ilə hazırlanmışlar.

– Doğrudur, – dedim, – Amerika və sair müstəmləkəçilərin məktəblərində oxumağın zərərli olduğunu təbliğ edən ruhanilər məsələyə bu tərəfdən yanaşmış olsa idi, mən də onların tərəfində durardım, lakin onlar məktəblərdəki müstəmləkəçilik, missionerlik və sair cəhətləri tamamilə xəyallarına gətirməyərək, ancaq: qız məktəbə gedərsə, üzünü açacaqdır, bu da müsəlmanlığa zərərdir – deyərək qovğa qoparırlar. Halbuki əcnəbi məktəblərinin təqdir ediləcək bir cəhəti varsa, o da orada oxuyan türk qızlarının çarşabı atmasından ibarətdir. Hələ ruhanilərin fikrincə, əcnəbi məktəblərindən çıxanlar dinsiz çıxırmış. Bu da yanlış fikirdir.

Hərgah məktəbə başqa bir dinlə girmişsə, məktəbdən çıxdığı zaman daha başqa bir dinlə dışarı çıxmağa məcburdur.

Orada dinsizlik məsələsi doğru qoyulsaydı, biz yenə də əcnəbi məktəblərini təbrik edə bilərdik, çünki mədəniyyəti dinsizliklə əldə etmək daha asandır.

– Əcəba, din mədəniyyətin düşmənidirmi? – deyə miss Hanna təəccüblə soruşdu.

– Bəli, düşmənidir!

– Nə üçün?

– Çünki dini üsullar ilə mədəni üsullar bir yerdə yaşaya bilməz.

– Fəlsəfəniz doğru fəlsəfə deyildir. Sizinlə bu barədə geniş mübahisə aparmaq lazım gələcəkdir.

Dilbər xanım bizə müraciətlə:

– Mübahisələri buradaca boşlayın, zənn edirəm ki, hacı babam da bu fikirdədir, – dedi.

Onlar gözlərini mənim və miss Hannanın ağzına dikmişdi. Məşədi Kazım ağa da bizim miss Hanna ilə olan səmimi söhbətlərimizi birinci dəfə gördüyündən çox maraqlanırdı. Miss Hanna əlindəki çayı içə-içə mənə baxır və gülümsəyirdi, zənnimcə, o bizim Amerika müstəmləkəçiliyi haqqındakı tənqidimizin intiqamını almağa və din sahəsindəki mübahisəmizdə məni döymənə hazırlaşırdı. O, stəkanı yerə qoyaraq dedi:

– Dinin mədəniyyət düşməni olduğu barəsindəki fikrinizi isbat edə biləcəksinizmi?

– Bəli, isbat etməyə çalışacağam, fəqət bir şərtlə.

– Hansı şərtlə? – deyə qız soruşdu.

– Mübahisə ancaq bir həqiqət aramaq üzərində gedəcək, inadkarlığa, təəssübə yol verilməyəcək.

– Elə də olmalıdır. Mən də bunu istəyirəm. Lakin mənim bircə şərtim vardır.

– Buyurun görüm.

Miss özünü düzəldərək, mavi gözlərini mənə çevirməklə tərs-tərs baxaraq dedi:

– Hər bir məsələni o tərəf-bu tərəfə çəkməklə cavabında aciz qaldığınız əsas məsələni unutdurmağa və aralıqdan çıxarmağa tələsirsiniz. Mən bunu şəxsi məsələlərin müzakirəsində də təcrübədən keçirmişəm, bu barədə çox mahir, çox da ustasınız. İndiki müzakirəmizdə belə etməməlisiniz.

– Siz bu şübhəni mənim hər bir məsələni ətraflı bir surətdə həll etmək istədiyim nəticəsində qazanmışsınız. İndi isə hazıram, mənim din haqqındakı düşüncəmə qarşı öz mülahizə, öz etirazınızı söyləyə bilərsiniz.

Qız sözünü belə başladı:

– Mən dindən danışdıqda yalnız mədəni dinlər üzərində duracağam. Din mədəniyyətin üzərində hakimdir, nə üçün? Çünki hər xalqın mədəniyyəti onun daşıdığı dinin məhsuludur. Odur ki, bir mədəniyyətin dərəcəsi, onu doğuran dinin mədəniyyət üçün müsaidəli olub-olmamağından asılıdır. Bütpərəstlikdən doğan əski Çin mədəniyyəti, ilanlara, heyvanlara, cürbəcür canlı və cansız şeylərə inanan gildani mədəniyyəti, assorilərin, misirlilərin mədəniyyəti, bu gün heç dərəcəsində qalan əski İran mədəniyyəti, vaxtilə Avropanı təsiri altına almağa başlayan ərəb mədəniyyəti – bunların hamısı dinlərdən doğulan bir mədəniyyətdir ki, bunların arasındakı fərqlər də dinlərin səviyyəcə biri digərindən fərqli olması ilə əlaqədardır. Bunu da xristian dünyasının İsa dinini daşımaqla yüksək bir mədəniyyət yaratması isbat etmiş oldu. İndi deyin görüm, bu dediyim həqiqətlər sizə bir qənaət qazandırdımı?

Miss Hannanın bu sözlərindən Dilbər xanım məmnun qalmışdı, hətta miss Hannanı qucaqlayıb öpəcək qədər şadlanırdı. Dilbər xanım xristian dini əsasında qurulan tərbiyənin məhsullarını öz nazik və qırmızı dodaqlarında, şəvə kimi göz bəbəklərində, incə vücudunun titrəyişində də göstərirdi.

Mən düşündüyümdən aralıqda bir az fasilə keçdi. Miss Hanna son sözlərini bir daha təkrar etdi:

– Deyin görüm, bu həqiqətlər sizə bir qənaət qazandırdımı?

– Xeyr, – deyə qəti cavab verdim.

– Nə üçün?

– Əvvəla, biz burada bir həqiqəti aydın edərkən dini təbliğat aparmamalıyıq. Çünki həyat özü də bundan yorulmuşdur. İkincisi də, sizə deməliyəm ki, xristian dünyasının mədəni hissəsi dinçi deyildir. Xristian dininin əsiri olanlar hamısı mədəniyyətsizdir, hətta dünyanın ən mədəniyyətsiz xalqlarından da geridə qalmışdır. Çünki mədəni hissəsi mədəni olmaq üçün də dini öz üzərindən atmış, onu bir istismar aləti olmaq üzrə aşağı təbəqələrə verməklə onun mədəniyyət və siyasi düşüncəsinə əngəl törətmişdir.

Qız bir az sakit oldu, sanki yaxasını qurtarmaq üçün çıxış yolu arayırdı, lakin onun verdiyi cavab çox da sadə və avamcasına cavab deyildi.

– Doğru deyirsiniz, – soyuqqanlılıqla cavab verdi. – Din insana mədəni oluncaya qədər lazımdır. Zatən din bunun üçün də yaradılmışdır. Dediyiniz aşağı təbəqənin özü də mədəni olduqca, mədəniyyətə yaxınlaşdıqca, dindən uzaqlaşacaqdır.

Miss Hanna bu sözləri ilə mənim razı qalacağımı, qənaət hasil edəcəyimi düşünürdü. Lakin mənim verdiyim son cavab, onun bütün ümidlərini qırdı.

– Əziz yoldaşım Hanna! Dinçi xristian dünyasının mədəni təbəqəsi, sizin təbirinizlə, mədəniləşmiş və bunun üçün də dini atmış təbəqələrin missionerlik üsulları, onların düzəltdikləri dini cəmiyyətlər, kilsəni və kilsə qanunlarını yaşatması, hətta mədəni təbəqənin, yəni bu sahədə sərf etdikləri paraların miqdarı bizə bir söz deyir, icazə versəniz, mən o sözü deyəcəyəm.

Hamı birdən:

– Buyurun! Buyurun! – dedi.

– Siz dediyiniz mədəniləşmiş və dini atmış təbəqələr yalançıdır. Onlar aşağı təbəqənin mədəniləşməsinə, dini atmasına əsla imkan verməzlər, çünki aşağı təbəqə dinsizləşir və mədəniləşirsə, o zaman «mədənilərin» əmrinə boyun əyməz, fabrik-zavodlarda zəhmətini ucuz satmaz, istifadə və istismar qanunlarına tabe olmazlar. Bunun üçün də dinin damğasından, hətta köləlik damğasından ibarət olan xaç əbədi olaraq aşağı təbəqənin boynundan asılmalıdır.

Miss Hanna dinmədi. Məclisi sükut bürüdü. Çox danışmışdıq, şam etmək lazımdı. Süfrə başında yenə də Dilbər xanım ilə miss Hanna ingiliscə, biz də türkcə danışırdıq.

Gecə saat 12-də vidalaşıb çıxdıq. Dilbər xanımla miss Hanna da biri digərini tez-tez ziyarət etməyə sözləşdilər. Biz evdən çıxıb miss Hannanı evlərinə yola salaraq qayıtdıq. Məşədi Kazım amerikalı qızın kim olduğunu soruşduqda:

– Sizə milyonları qazandıran bu qızdır! – dedim.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets