Page 6 of 6 · 83%

– Nə üçün?—Avetisov yarımaçıqlı bir surətdə sual verdi.—Əcəba, böyük bir partiyanın zabiti olmaq şərəfsizlikmidir?

Ester soyuqqanlı bir surətdə:

– Çünki siz,—dedi,—sizinlə fəxr edən bədbəxt erməni millətinə ölümdən, fəlakətdən, xarabalıqdan başqa heç bir şey vermədiniz, Ermənistan, erməni xalqının məzarına döndü, buna görə də daşnaq partiyası erməni xalqının nəzərində müflis oldu, daşnaq kəlməsi erməni millətinin fəlakəti deməkdir. Partiyanın silahlı rəhbərləri şəxsi mənfəətpərəstdirlər. Hətta canlı bir insana sahiblənmək yolunda mübarizə aparır, öz sevgilərini silah gücü ilə bir erməni qızına qəbul etdirməyə çalışırlar.

Mənçə millət, bu kimi şeylərlə fəxr etməkdən doymuşdur, artıq o, başqa işlərlə fəxr etməyi sevir, o, namuskarlığı, ümumi mənafeyi müdafiə edənləri, ümumi xalqın azadlığı yolunda çalışanları sevir. Hərgah belə bir şəxsiyyətə təsadüf etsəm, mən də təqdir edər və onun varlığı ilə fəxr edə bilərəm.

Ester sözünü bitirdi, Avetisov ona ikinci bir sual verdi:

– Əcəba, bizim hazırkı vəzifəmiz eyni ilə sizin dediyiniz kimi, ümumi mənafe yolunda işləmək deyildirmi?

Ester dedi:

– Bu vəzifə axıra qədər düzgün aparılırsa dediyiniz doğrudur, lakin düz aparmırsınız. Cəbhədən çəkilirsiniz, türk-alman ordusu hər gün yeni mövqeləri işğal edir. Erməni taburları isə «paltarımız yoxdur» deyə güllə atmaq istəmir. Onların rəhbərləri isə bir qızın məchul sevgisi üçün pəncə-pəncəyə vurmaqdadırlar.

Avetisov:

– Hərgah biz qalib çıxa bilsək nə olsun?—dedikdə Ester:

– Onda vəzifəni bitirmiş olursunuz,—dedi.

– O zaman siz də bizi təqdir edərmisiniz?

– Şübhəsiz!

– Nə kimi vasitələrlə təqdir edəcəksiniz?

– Əlinizdən öpmək və bir Sovet vətəndaşı kimi yaxanıza qızılgül taxmaqla sizi təbrik edəcəyəm.

– Mən o zaman sizin əlinizi rica etmək istərdim.

– Hərgah əlim başqa bir əldə olmasa, nə maneə vardır?

– Siz bu fikirləri başınızdan atınız! Siz istəsəniz, mən həyatı daha gözəl bir şəklə sala bilərdim.

– Nə kimi şəklə sala bilərdiniz?

– Müharibəni birdəfəlik buraxıb, silahı yerə qoyardım, Rusiya hər kimin olursa-olsun, nəzərə almazdım, sizi də götürüb bu gilü-gal dünyasından kənara çəkilərdim.

– Hara?

– Fransaya, Parisin apartmanlarına, insancasına yaşamaq üçün, sevgilər içində həyat keçirmək üçün!

– Tənbəllik üçün, səfil həyat keçirmək üçün, sizi böyüdən ölkəni düşmən qarşısında qoyub qaçmaq üçün, xalqın dərdini bölüşməmək üçün, eləmi? Belə bir zamanda cəbhəni tərk etmək, silahı yerə qoymaq, qorxaqlıq deyilmi? Mən bu cür adamları sevmirəm, başqa qızlar da sevməz. Çünki qız qəlbi, qəhrəmanları daha tez sevər.

– Hər nə olursa-olsun, mən sizin məhəbbətinizi qazanmağa çalışacağam.

– O yol doğru yoldur, məhəbbəti qazanmaq lazımdır, bir sevgini digər bir sevgi ilə əlaqələndirmək üçün. Qəlbə yol tapmaq birinci yoldur. Qısaca söyləyirəm, o yolu nə silah, nə altun, nə pağon, nə gözəllik, nə də sərvətlə açmaq mümkündür.

Avetisov qollarını onun boynuna salıb öpmək istərkən faytonçu onlara müraciətlə:

– Ağa, burada saxlayımmı?—deyə Esterin vəhşi qollar arasından qurtulmasına səbəb oldu.

Bu gün—menşeviklərin heç gözləmədiyi bir zamanda bolşevik natiqlərinin çıxışı olacaqdı.

Menşevik, eser və daşnaq rəhbərləri miting olacaq yerdən uzaqlaşmaq istəsə belə mümkün olmadı, çünki Leyla və Raya xanımlar bolşevik natiqlərinin çıxışları ilə maraqlanırdılar. Onlar məcburi surətdə faytonlardan düşüb miting dairəsinə yaxınlaşdılar. Leyla və Raya səbirsiz bir surətdə mitingin açılmasını gözləyirdi, onlar menşevik və eserlərin sözündən «tanıdıqları» bolşevikləri hazırda xitabət kürsüsündə görəcək idilər.

Çox intizardan sonra Raya və Leylanın indiyə qədər eşitmədiyi bir səs:

– Yoldaşlar!—dedi.

Bu səs, qara bığlı, qara və yumru gözlü, yaxası açıq bir bolşevikin səsi idi, o sözünü Nobel müəssisələri işçilərinə deyirdi:

– Nobel işçiləri! Aprel ayının birində və üçündə baş verən hadisədən əvvəl Bakıda Sovet hakimiyyətinin ancaq adı var idi. Bu günlərə qədər, Bakıda hökumət sürən ancaq burjuaziya idi. Lakin bizimlə başladığı açıq müharibədə düşmən tamamilə əzildi, bolşeviklər qalib çıxdılar. Burjuaziya lakeyləri bir neçə gündən sonra bu müharibəni burjuaziyaya qarşı müharibə deyil, erməni-müsəlman qırğını deyə qələmə verməyə çalışdılar. Onlar Sovet hökumətinin ermənilər tərəfində durduğu və erməni burjuaziyasına qalibiyyət qazandırmaq istədiyi haqqında iftiralar yaymağa çalışırdılar. Lakin heç bir idraklı işçi bu iftiraya inanmadı! Siz baxın, görün, aprel hadisələri nə kimi bir nəticə verdi?!

Hər şeydən əvvəl erməni burjuaziyasının orqanı olan «Bakı» qəzeti qapanıb, onun mətbəəsi əlindən alınmadımı? Məğlub olmuş burjuaziya üzərinə təzminat qoyulmadımı? Məşhur erməni burjuyları, həbsxanada yatmırmı? Bir hökumət təşkilatı olan erməni milli soveti qapanmadımı?

Biz erməni milli alayını buraxıb onları bolşeviklərə tabe etmədikmi? Bu tədbirlər görüldükdən sonra işin həqiqəti haqqında heç bir kəs şübhə edə bilməz. Ancaq burjuaziya məğlub edildikdən sonra Bakıda Sovet hökuməti özünün möhkəmləndiyini hiss etdi. Hər kəsdə bir balaca əqil və vicdan varsa, o indi deməlidir ki, aprelin üçündəki hadisə milli müharibə deyil, doğrudan da burjuaziyaya, kapitalistlərə qarşı müharibə idi. Lakin menşeviklərdə darı boyda olsa da vicdan tapılmadı, onlar biz ehtimal etdiyimizdən də alçaq imişlər. Onların mənəvi süqutu bir daha məlum oldu. Siz, Nobel işçiləri isə hökuməti belə adamlara tapşırmaq istəyirsiniz. Siz yenə də menşevik partiyasını bir sosialist partiyası kimi tanımağda davam edirsiniz. Siz istəyirsiniz ki, biz bolşeviklər, cənab Sadovski və Ayollonu öz yoldaşlarımız kimi tanıyaq, halbuki biz onları çoxdan bəri provokator, fitnəkar elan etmişik.

Bu sözlə Ayollo cavab verməyə qalxdı isə də Sadovski ətəyindən dartıb sakit elədi.

Leyla və Raya xanım isə onların üzünə baxmırdılar. Çünki onların ifşa edildiklərini, çıxılmaz bir vəziyyətdə qaldıqlarını və bu səfərdən peşiman olduqlarını görüb anlayırdılar.

Natiq yenə sözünə davam etdi:

– Nobel işçiləri! Sizə hələ indiyə qədər mühüm bir məsələ məlum deyildir: yolların bağlanmasının, Bakıda aclıq və qəhətlik baş verməsinin müqəssiri də Zaqafqaziya menşevikləridir! Güman ola bilər ki, biz bu məsələdə qərəz işlədirik, budur, inandığınız və qabilliyyətli saydığınız sağ eser və daşnaqlar sizin qarşınızda durmuşlar, sizin gözünüzün qarşısında duran sağ eserlər deyir ki, Zaqafqaziya Komissariatı «müsavat» burjuaziyasının ordusunu tüfəng, top və pulemyotla təchiz edib Bakı üzərinə göndərdi və Batumi şəhərini iki yüz nəfərdən ibarət olan türk ordusuna təslim etdi. Bütün partiyaların təsdiq etdiyinə görə, Zaqafqaziyanın düşdüyü hazırkı fəlakət, menşeviklərin fitnəsi nəticəsidir. Menşeviklər «müsavat» ordusunu silahlandırıb bizim taxıl yollarımızın kəsilməsinə səbəb oldular. Bunların hamısı ilə bərabər menşeviklər yenə də bizi ərzaq çətinliyi işində təqsirləndirərək, siz işçiləri yanlış və zərərli yollara çəkirlər. Lakin yenə də siz Nobel işçilərinə müraciətlə deyirik:

Yoldaşlar! Fitnəkarlara uymayın, siz burjuaziyaya satılanların sözlərinə inanıb, öz hökumətinizin yıxılmasına kömək etməyin! Onlar sizin hökumətinizi, sizin öz əlinizlə yıxmağa çalışırlar. Onlar Zaqafqaziyada qazandığımız nailiyyəti sizin qanınız içində qərq edib boğmağa çalışırlar.

Yoldaşlar! Kiyevdə və bütün Ukraynada baş vermiş xəyanətlər, sizə ibrət dərsi verməlidir!

Siz bilirsiniz ki, bizim azadlığımız yolunda çalışan yoldaşlar, bir gün deyil, aylar və illərlə həbsxanalarda ac qalırlar.

Yoldaşlar! Siz bilirsiniz ki, Qızıl Ordu Bakıya yol açmaq üçün böyük qurbanlar verməkdədir. Və yenə siz bilirsiniz ki, yolun mühüm hissəsi açılmışdır.

Yoldaşlar! Öz mövqeyinizdə möhkəm durun. Hərbi vəzifə daşıyan bir gözətçi kimi durun!

Siz bilin ki, aciz müsavatçılardan və Türkiyə bandalarından qorxu yoxdur. Bizim üçün daxili ərzaq qıtlığı da dəhşətli deyildir, lakin işçilərin arasında möhkəm birlik olmaması və onların öz doğma Sovet hökuməti ətrafında möhkəm toplaşmaması bizim işçi hökumətini məhv edə bilər.

Sadovski:

– Bizə də elə sizin məhv olmanız lazımdır!—dedi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Çar kazakları mərsiyəxanlıqda

Təbrizdə din hərəkatının gurultusu bir neçə gün davam etdi. Camaatın yanında mövhumat əleyhinə danışmaq mümkün deyildi. Təbriz ziyalılarından bəziləri bu hərəkatın əleyhinə danışdıqları üçün ölümcül halda döyülmüş və müctəhidlərin yanına aparılmışdı. Buna görə də, biz təcili iclas çağırdıq və bu iclasda din və mövhumat əleyhinə, bir kəlmə də olsa, küçələrdə danışmamağı qərara aldıq.Rus və ingilis konsulxanaları bizim dini hərəkata qarşı apardığımız mübarizəyə qarşı əks-hücuma keçmişdi. Bizim məqbərə və ziyarətgahları, məscid və mərsiyəxanları nüfuzdan salmaq təşəbbüsümüzə qarşı ingilis və rus konsulxanaları çox təsirli bir tədbirlə meydana çıxmışdılar. Təbriz xalqını tanımaq mümkün deyildi, onlar inqilab dövrünü keçirən təbrizlilərə bənzəmirdi: onlar yenə də orta əsrə aid mövhumatın donunu geymişdilər. Söhbətlər axirətdən, behiştdən, cəhənnəmdən, imamdan, peyğəmbərdən, məscidlərdən və moizədən idi.

5 min
Şeyx Əbdüləzəlin nümayəndəsi

İngilislərin Təbrizdə düzəltdiyi xəfiyyə və casus təşkilatının üzvlərini öyrəndik, onların sayı 145 nəfər idi. Bu barədə həm sərdar Rəşid, həm də Mirzə Ələkbər xan bizə lazımi məlumatı vermişdi. Bu təşkilatın əsas vəzifəsi inqilabçıları tapmaq və gizli təşkilatı məhv etməkdən ibarət idi.Çar konsulu və çar agentlərinin ciddi köməyinə, Mirzə Həsən və onun oğlu Mizə Məsud ağanın dini himayəsinə baxmayaraq, ingilislərin düzəltdiyi bu təşkilat on gündən artıq yaşaya bilmədi, çünki ingilislər Təbriz xalqının xüsusiyyətini bilmirdi. Onlar təşkil etdikləri adamların əhvali-ruhiyyəsini anlamırdı.

8 min
Sərdar Rəşidin son günləri

Tehranda rus və ingilis səfarətləri arasında vəliəhd Məmmədhəsən Mirzənin Təbrizə gəlməsi barəsində müzakirələr gedirdi. Bu xəbər sərdar Rəşidin Təbrizdən getməsi üçün qorxulu bir müqəddimə təşkil edirdi, çünki aralıqda vəliəhdlə bərabər Fərman-1 qRastap – təşkilat adıdır. fərma, yaxud da Süleyman Mirzənin Təbriz hökumətinə gəlməsi şayiələri gəzirdi.

6 min
Şeyx Əbdüləzəl gəlir

İran ilə Almaniya, həmçinin İran ilə İngiltərə-Rusiya dövlətləri arasındakı siyasi münasibət gərginləşməyə başlamışdı.Tehranda təzə qoşun dəstələri düzəltmək məsələsi Rusiya və İngiltərə səfirlərinin siyasi mənafeyini qıdıqlamağa başlamışdı.

16 min

Poems by other poets