Page 2 of 3 · 33%

Sizin zülmə qarşı soyuqqanlı olmağınızın hər bir dəqiqəsi məmləkəti illərcə geri salır. Zalımlarla hesablaşmaq üçün birləşin! İnqilab komitəsi sizin zalımlara qarşı başladığınız hər bir təşəbbüsü müdafiə edəcəkdir, siz köməksiz deyilsiniz. Öz evinizin ixtiyarını mərkəzdən kənar gələn yadların pəncəsindən qurtarın!

İnqilab komitəsiə.

Biz, həqiqi inqilab komitəsinin bu intibahnaməyə cavab verməsi işini təxirə salmağı qərara aldıq. Buna cavab vermək əhalinin fikrində bəzi qarışıqlıqlar da törədə bilərdi. Biz bu təşkilatın tərkibini öyrənməli, onları tamamilə ifşa etməli idik.

Lakin bu təşkilatı öyrənməyimiz çox uzun çəkdi.

Nə Nina, nə də amerikalı qız konsulxanalardan bir xəbər gəürə bilmədi. Nəhayət, xalça, əba və kisə fabriklərinin qapısında müəyyən adamlar qoyub o tərəflərdə dolananları və işçilərə yanaşıb söhbət edənləri öyrənməyə çalışırdıq. Qəssab və çörəkçi dükanlarının qabağındakı növbələrdə, məscidlərdə, qəbiristanlarda belə adamlar qoyub danışılan söhbətləri öyrənirdik.

Gündüz saat on ikidə Dəvəçi qapısında olan çörəkçi dükanının qabağındakı növbədə çörək üstündə vuruşma olmuşdu. Təbrizdə hər bir iş yoluna qoyulduğu halda belə, çörək məsələsi düzəlməz bir məsələ idi.

Növbə üstündə düşən vuruşmada bir nəfər gödəkboylu çopur, bir qılçası da şikəst kimi görünən adam tez-tez: «Düzəldərik. O qədər çəkməz ki, düzəldərik. Bura Təbrizdir. Buradan yüzlərlə Səttar xan çıxırə – deyə ona-buna müraciət edirdi.

Quluzadə artıq bu adamdan ayrılmadı. Onunla bərabər Novbər qapısına və Səfi bazarçasına, Ləklər küçəsinə və sair yerlərə qədər getdi, lakin həmin adam yenə də camaat toplanan yerlərdə xalqa müraciət edərək, bayaqkı sözləri deyirdi.

Quluzadə bütün günü həmin adamın dalınca gəzdikdən sonra onu Qaraməlik məhəlləsindəki evinə ötürüb mənim yanıma gəlmişdi.

Biz daha onun evini gözdən kənar buraxmadıq. Gecə-gündüz onun evinin yanında qarovulumuz dururdu. Gecə saat on birdə həmin adam evindən çıxıb Əmrəxiz məhəlləsində Sərrac Əliqulu adlı bir adamın evinə gəlir, orada yarım saat təxir etdikdən sonra ikisi də birlikdə çıxıb Quruçay tərəfinə gedir, məhəllənin axırında bir evə girirlər. Oradan iki nəfər də özləri ilə bərabər götürüb polkovnik Krılovun mənzilinə gedirlər.

Biz bununla məsələnin tamamilə içərisinə girə bilməsək də, sapın ucunu ələ keçirmişdik. Lakin onun dərinliyinə getmək üçün düşünülən tədbirlər cürbəcür idi. Yoldaşlardan bəziləri onlara qoşulub işləməyi məsləhət görürdü. Bu vasitə əlverişli bir vasitə deyildi. Bununla biz onları öyrənmək istədikdə onlar da bizi öyrənə bilərdi.

Ən gözəl tədbir bu təşkilatı idarə edən adamı tapmaqdan ibarət idi ki, bunun üçün də qərar çıxardıq.

Dörd-beş günün təftişindən alınan təcrübə bizə göstərdi ki, bu casus təşkilatının yuvası yenə də Dəvəçi məhəlləsindədir. Çox zəhmətdən sonra casus təşkilatının başında duran adamın Səttar xan zamanı əks-inqilab təşkilat olan İslamiyyə təşkilatı üzvlərindən Ağa Mir Sadıq Əbaçı olduğunu öyrəndik.

Son günlər biz Mir Sadığı nə cür ələ keçirmək üzərində düşünürdük. Bu çox da asan deyildi. O, Təbrizin məşhur qolçomağı və hər kəsin tanıdığı lotulardan biri idi. Təbrizdə baş verən xəyanətlərin bir çoxu Mir Sadığın dəstəsi tərəfindən icra olunurdu. Gizli sui-qəsdlər, oğurluq, qulaq və burun kəsmək kimi işlərin hamısı Mir Sadığın dəstəsinin əli ilə idarə edilirdi.

Lakin bizim xoşbəxtliyimiz burasındaydı ki, Mir Sadıq Təbriz demokrat təşkilatının təzə üzvlərini tanımırdı. Onun özünü ələ keçirməyə çalışırdıq. Onun evindən lazımi şeyləri əldə etmək mümkün idi. Lakin məsələ bununla bitmirdi. Bir çox məsələni onun özündən soruşmaq lazım idi.

Mır Sadığı oğurlamaq, aldadıb bir tərəfə çəkmək və edam etdirmək çətin deyildi: axı onu məhv etməklə iş bitmirdi, yerdə qalan üzvlər yene də işləyəcəkdilər. Bizim məqsədimiz isə bütün təşkilatı ifşa etmək idi.

O biri tərəfdən də Mir Sadıq dəvəçili idi. O hər halda alman konsulunun mütərcimi şahzadə Əbülfət Mirzəyə və başqalarına bənzəməzdi. Hər nə bəhanə ilə olursa-olsun onun evinə girmək qorxulu idi, çünki onun qüvvətli qolu və vuran əli var idi.

O, qorxmaz və güllə qabağından qaçmaz biri idi. Bu məsələ də bizi çox düşündürürdü.

Bir çox götür-qoy etdikdən sonra, yenə də onun evinə girməyi, hərgah müqavimət göstərərsə edam etməyi qərara aldıq. Bu qorxulu vəzifəni ifa etmək üçün yoldaşlardan bir çoxu razılıq verdi.

Lakin biz ehtiyatı əldən buraxmayaraq, bu vəzifəni həm qorxmaz, həm də inqilab zamanında imtahandan çıxmış adamlara tapşırmaq istəyirdik.

Mir Sadığın evinə Arşak Surenyans, Mirzə Ələkbər Məmmədquluzadə, Tütünçüoğlu Əsəd və Quluzadə getməli idilər, gecədən verdiyimiz göstəriş sabah həyata keçməli idi.

hi

Axşam saat doqquzda aldığımız xəbərə görə Mir Sadıq evindən çıxıb Əmrəxiz məhəlləsində Sərrac Əliqulunun evinə girmişdi. Bu hadisə bizim üçün böyük bir asanlıq törədirdi, çünki Mir Sadığın özü evdə olduğu zaman qapını açdırmaq çox çətin idi. Ola bilərdi ki, o, qapını açmaz və yaxud açsa da, əlində silah olduğu üçün güllə atıb qonşuların işə müdaxilə etməsinə imkan yaradardı.

Bu nöqteyi-nəzərdən də Arşak belə bir tədbir tökdü: nə qədər ki, Mir Sadıq evdə deyil, onun həyətinə bir nəfər girib gizlənməlidir. Mir Sadıq gəlib içəri girəndən sonra həmin adam qapını açıb yoldaşları həyətə buraxmalıdır.

Onlar küçədə tək-tək, heç bir kəsin şübhəsini qazanmamaq üçün böyük bir diqqətlə gəzişirdilər. Vaxt ikən həyətə girib gizlənmək Tütünçüoğluna tapşırılmışdı.

Gecə saat on ikiyə qədər həyətə girmək mümkün olmadı. Nəhayət, on ikidə Mir Sadığın evindən bir nəfər uşaq əlində fənər çıxdı, iki nəfər qadını qonşuya yola salmaq üçün getdi, uşaq çıxdıqdan sonra qapı bağlanmadı. Bununla da uşağın tez qayıdıb gəlməsi bəlli olurdu. Tütünçüoğlu irəli soxuldu. Lakin onlar bundan çox qorxurdular, çünki Tütünçüoğlu Mir Sadığın həyətini birinci dəfədir ki, görürdü.

Onların qorxusu Tütünçüoğlunun gizlənmək üçün yer tapa bilməməsindən idi. Xüsusən Təbriz həyətlərinin hamısında köpək də saxlamaq adət olduğundan, Tütünçüoğlu məqsəd ələ gəlməmişdən qabaq tora düşə bilərdi.

Bu qorxu uzun çəkdi, iyirmi dəqiqədən sonra uşaq əlində fənər qayıdıb içəri girdi və qapını daldan bağladı. Küçələrdən gediş-gəliş azaldı. Mir Sadığın qapısı ətrafında dolanmaq şübhə doğura bilərdi.

Gecə saat ikiyə işləyəndə Mir Sadıq üç nəfər adamla gəldi. Onlardan ikisi fənər çəkirdi. Qapıya bir az qalmış fənər çəkənlər Mir Sadıq ilə vidalaşıb ayrıldılar.

Mir Sadıq isə oxuya-oxuya öz qapısına tərəf irəlilədi. O, səsindən kefliyə bənzəyirdi. Qapını iki dəfə bərkdən vurdu. On dəqiqə yenə də qapıda durub oxudu. Nəhayət, qapının dalından nə səs gəldisə eşidilmədi, ancaq Mir Sadıq:

– Mənəm, ana, qapını aç, – dedikdə qapını açmaq üçün anasının gəldiyi bəlli oldu.

Mir Sadıq içəri girib qapını bağladı. Dışarıdakıların ürəyi çırpınırdı. Ancaq bu vəziyyət çoxda uzun çəkmədi. Bir azdan sonra qapının halqası düşdü və qapı yavaşca açıldı. Qapıdan bir qaraltı çıxdı. Arşak irəli getdi. Qayıtmadı, bununla da qapıdan Tütünçüoğlunun çıxdığı yəqin olduğu üçün yoldaşların hamısı qapıya yetişdi. İçəri keçdilər. Qaranlıq dəhlizdə yığışdılar. Hələ həyətə çıxmadan Mir Sadığın ev qapısı açıldı. O, bir əlində şam, o biri əlində aftafa su anbarına doğru gəlməyə başladı. O, alt paltarında idi.

Arşak bu fürsətdən istifadə edərək Tütünçüoğluna müraciətlə yavaşdan:

– Gəl, – dedi.

Onların hər ikisi Mir Sadığın dalınca su anbarına girdilər. Mir Sadıq gecə saat ikidə su anbarında tanımadığı adamları görüncə özünü qara basdığını düşünərək:

– Allahümmə səlli əla Məhəmməd və ali Məhəmməd, - dedi və aftafanı əlindəm yerə qoymaq istədikdə Arşak onaçılanı onun qulağına söykədi:

– Səsini çıxaran kimi beynini tökəcəyəm! - dedi.

Tütünçüoğlu həmin saatda Mir Sadığın köynəyini çıxarıb yarısı ilə ağzını, qalan yarısı ilə də qollarını bağladı.

Mir Sadıq qollarının və ağzının bağlandığı zaman ancaq bu sözləri deyə bildi:

– Hərgah başınızdakı papaqdırsa, sizi ona and verirəm, mənim arvad-uşağıma kəc baxmayın!

Arşak isə cavabında:

– O alçaqlıq ancaq sizə məxsusduril – dedi.

Tütünçüoğlu su anbarında Mir Sadıqla qaldı. Arşak dışarı çıxdı.

Mir Sadığın ailəsi yatmışdı. Ancaq qoca anası yatmamışdı. Birinci növbədə ailənin yatdığı otaq gözdən keçirildi. Evin pəncərələri həyətə baxdığı üçün pəncərələrin və qapının dalında gözətçi qoydular. Qoca qadınla nə cür rəftar olunması barəsində düşündülər. O, Mir Sadığın otağında idi, onun həyətdən qayıtmasını gözləyirdi. O, Mir Sadığın yubandığını görüb, «keflidir, yıxılıb su anbarında qalarə - deyə tez həyətə çıxıb anbara yüyürdü. Quluzadə onun dalınca su anbarına girdi, girən kimi də qadın çığırmasın deyə ağzını tutdu və dəsmalı çıxarıb onun ağzını bağladı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

İkinci pərdə

Bir quyunun kənarında sıra ilə düzülmüş xurma ağaçları görünür. Yüklər biri-birinin üzərinə yığılmışdır. Qafilə camaatı xurma ağaçlarının altında rahatlanır. Karvanın dəvələri uzaqda otlayır. Zəng səsləri gəlir.*Yusif qolları bağlı bir halda qardaşlarının qarşısına gətirilir.*

3 min
Üçüncü pərdə

Vaqe olur Misrin kölə satılan bazarında. Tacirlər öz kölələrinə təmiz libas geyindirib saxlamışlar. Yusifin ağası Malik isə öz arxadaşları ilə bərabər, Yusifə bahalı paltar geyindirib satmaq üçün saxlamışdır.*Malik** — *(Yusifə)*

4 min
Dördüncü pərdə

Vaqe olur Züleyxanın sarayında. Saray Misrin kübar ailələrinə məxsus bir ziynətlə bəzənmişdir. Böyük salonda gözəl qadınlar bədənləri açıq bir surətdə rəqs edirlər. Divarlarda gözəl gənclər və qızlar biri digərinin qucağında olaraq təsvir edilmişdir. Züleyxa salonun yuxarısında yüksək bir səndəldə oturmuşdur. Yusif salona daxil olduqda heyrətlənir.*Yusif** — *(Züleyxaya)*

6 min
Beşinci pərdə

Vaqe olur Misir Fir’onunun sarayında. Möhtəşəm bir salondur, böyük pəncərələrdən Nil çayı görünür. Çayın uzaq kənarında ehramlar gözə çarpır. Salondan baxanda Misrin Əbülhovllları görünməkdədir.*Salonda Fir’on və onun qadını Asnat üçün bəzəkli və yan-yana iki qoltuqlu səndəl qoyulmuşdur. Yüksək səndəllərin sağ və solunda kiçik səndəllər mövcuddur. Salonda iki sıra qadın və kişilər durmuşdur. Aralıq qiymətli xalçalar ilə döşənmiş bir yoldur. Asnat Fir’on ilə salona daxil olur. Ətraflarında gənc oğlanlar və qızlar vardır. Yusif Fir’onun sağ tərəfində olduğu halda oxumaqda olan iki sıranın arasından keçirlər.*

5 min

Poems by other poets