Page 1 of 2

Mərənd şəhəri ilə Təbriz arasındakı yolun şəkli büsbütün başqa idi. Bu yol Mərənd, Xoy, Səlmas, Urmi və Qaradağ mahalı ilə Azərbaycanın mərkəzi olan Təbriz şəhərini bitişdirən işlək bir yoldur. Yol at, qatır, uzunqulaq, dəvə araba karvanları ilə doludur. Faytonumuz o tərəf-bu tərəfə burulmaqla bu sıx karvanları yarıb keçməyə məcbur olur. Karvan xalqından bəziləri inqilab mahnıları oxuyurdular. Bu isə həmin yerlərdə artıq inqilabçıların nüfuzları olduğunu göstərirdi. Mərənd şəhərindən uzaqlaşdıqca, Şüca Nizamın nüfuz dairəsindən ayrıldıqca bu kimi mahnıları tez-tez eşidirdik:

Təbrizdə var inqilab,
Məmdəli, dinmə, get yat.
Get özünə kömək tap,
Yorğanı sazla, ört yat.

Al kömək ingilisdən,
Məmdəli, dinmə, get yat.
İstə kazak, urusdan
Məmdəli, dinmə, get yat.

Get Lyaxova yalvar,
Məmdəli, dinmə, get yat.
Təbrizdə Səttar xan var,
Məmdəli, dinmə, get yat.

Məmdəli, dinmə, get yat,
Konsul göndərər soldat.
Təbrizi Tehrana sat,
Məmdəli, dinmə, get yat.

Bu kimi mahnıları qadınların da bəziləri oxuyurdu.

Artıq bu yerlərdə inqilabçıların qarovul postları da nəzərə çarpırdı. Bu postların nə üçün qoyulduğu bəlli deyildi. Bunun inqilabı müdafiə üçün heç bir əhəmiyyəti ola bilməzdi, çünki bunlar nə vəsiqə yoxlayır, nə də Təbrizə gedənlərin kimlər olması ilə maraqlanırdı. Ara-sıra səyyar qarovul dəstələrinə də təsadüf edirdik. Lakin bunlar da bir şey soruşmadan keçib gedirdi. Mən bütün bunları nəzərdən keçirirkən düşünürdüm: İranda parlayan inqilab qığılcımı Rusiyada baş vermiş olan beşinci il inqilabının təsirini hiss edir. Bilmirəm, bu qığılcımı böyüdüb bir yanğın şəklinə salmaq mümkün olacaqdırmı?

Mən bu fikirdə ikən Sofyan kəndinə yetişdiyimizi gördüm. Qızlara burada nahar etməyi təklif etdim. Onlar da acmışdı. Çayçı dükanının qabağında dayandıq. Yemək istədik. Yağ, pendir vardı. Dükançı tirlərdən asılmış üzümlərdən endirdi, yuyub yanımıza qoydu. Faytonçumuz Novruz bizi tələsdirirdi. Yemək-içməyi tez bitirdik. Özümüz də Təbrizə tez yetişməyə tələsirdik.

Təbriz şəhəri artıq qalın dumanların altından görünməyə başlamışdı. Şəhərin arasında vaqe cəsamətli və heybətli olan ərk binası, uzaqdan bir kibrit qabı kimi görünürdü. İndi də həmişəlik İran inqilabına təkan verən Təbriz, dumanların kölgələri altında gizlənib sanki mühüm bir hadisənin xəbərini verməyə hazırlanırdı.

Nina Təbrizi uzaqdan görür, onu gah Peterburq, gah Moskva, gah da Riqanın böyüklüyü ilə müqayisə edirdi. Mənə deyirdi ki:

– Bilmirəm bu böyük şəhərdə bir-birimizlə görüşmək mümkün olacaqdırmı?

– Mən Təbrizdə qalmalı olsam, bəlkə də, görüşmək mümkün olar.

– Əcəba, siz məni unuda biləcəksinizmi?

Ninanın bizi deyil, məni deməyi mənə qəribə göründü, çünki biz ikigünlük səfərimizdə işi bu qədər dar və müəyyən bir çərçivə içərisinə salmamışdıq. Mənə ki bir şey məlum deyildi.

Qız «məni unudacaqsınızmı?» deyə sual vermişdi, cavab verməyə bilməzdim.

– Mənim sizi unudub-unutmamağım hadisələrlə dolu olan mühitimizin verəcəyi imkanlardan asılıdır.

– Siz ki, hazırkı hadisələrlə əlaqədar deyilsiniz.

– Doğrudur, əlaqədar deyiləm. Ancaq ümumi bir hadisənin ağırlığını ümum xalqın çəkməli olduğunu da unutmaq olmaz.

– Doğrudur, inqilabçı bir məmləkətdə bitərəf qalmaq da çətindir.

Nina bu sözünü bitirərkən çox diqqətlə gözlərimin içinə baxıb təkrar etdi:

– Belə deyildirmi? Özünüz söyləyiniz!

Mənim əvvəlki şübhələrim yenə də coşmağa başladı. Ninanın məni öyrənmək həvəsi get-gedə artırdı. O, gözlərini mənim gözlərimdən heç də götürmürdü. Tez-tez əlimi tutub deyirdi:

– Özünüz söyləyiniz! Belə deyildirmi?

– Lakin mən Təbrizə yeni gedirəm. Gələcəkdən xəbər verə bilmərəm.

Ninanın göz bəbəkləri oynadı. Onun gənc ürəyi cazibəli gözünün halqasından mənə baxmağa, məni daha başqa fikirlərə yol verməyə məcbur etdi. Cəsarətli bir səslə:

– Mən sizi müəyyən bir tərəfdə görmək istəyirəm. Az qüvvənin tərəfində, – dedi. – Az bir qüvvə ilə çoxlara qarşı mübarizə aparanların tərəfində! Səttar xanım tərəfində!

– Bəs nə üçün Səttar xanın tərəfində? – deyə soruşdum.

– Çünki qəhrəmanlar yalnız az qüvvənin içərisindən çıxır, qəhrəmanlar yalnız haqqını böyük qüvvədən tələb edənlərin içərisindən çıxar.

Ninanın bu sözündən sonra daha danışmaq istəmədim, çünki məsələmiz nazik və çıxılmaz bir mərkəzə varmışdı. Mən yenə də onların musiqi müəllimləri deyil, konsulun sifariş verdiyi xüsusi casuslar olduğuna inanmağa başladım. Bundan sonra olan söhbətlərimiz tamamilə adi və mənasız məsələlərdən ibarət oldu. Ninanın özü də mənim dərin düşündüyümü gördüyündən söhbətin istiqamətini dəyişmişdi. O, nə olursa-olsun məni danışdırmaq istəyirdi:

– Səfərimiz iki gün oldu. Bu axşam üçüncü günə keçəcəkdir. Fəqət biz sizin ailəli olub-olmamağınıza dair heç bir şey öyrənə bilmədik. Doğrudan da, evlisiniz?

Söhbətimiz bir-birinə yeni rast gəlmiş qadın və kişi söhbəti rəngini almışdı. Mən doğrusunu söylədim:

– Evli deyiləm.

– Nə üçün? İndiyə qədər bir kimsəni sevmədinizmi? Heç ola bilməz!

Ninanın sözlərində, üzündə və bütün hərəkətində özünü istətmək istəyən bir qızın arzusu duyulurdu. Cavab almamış, suallar yağdırmaqda davam edirdi:

– Doğrusunu deyin, kimsəni sevmədinizmi? Bəzi kişilər vardır ki, vaxtında evlənməzlər. Onlar elə bir yaşda evlənirlər ki, nə onlar qadına, nə də qadın onlara lazım olur. Məncə, kişilər bununla özlərini ailə ağırlığından azad yaşatmağa çalışırlar. Lakin bir az keçəndən sonra kişilər buna əməl edə bilmirlər. İndi siz səmimi bir surətdə söyləyiniz görüm, siz bu müddətdə heç bir qızı sevmədinizmi? Hərgah sevmişsinizsə, nə üçün onlardan birisini yoldaşlığa almamışsınız?

– Sevmişəm, – dedim. – Yenə də sevə bilərəm. Lakin məni sevən olmamışdır. Buna görə də evlənə bilməmişəm.

– Bu səmimi olmadı. Mən buna heç də inana bilmərəm. Sizi hər bir ağıllı qız sevə bilər. Çox gözəl bir gəncsiniz. Həm də siz qadın yanında özünüzü bir qərbli kimi apara bilirsiniz. Sizin hər bir xasiyyətiniz gözəldir.

– Yanılırsınız. Məncə, ən gözəl bir adamda böyük nöqsan da ola bilər.

– Əcəba, o böyük nöqsan məndədəmi ola bilər?

– Hərgah siz özünüzü birinci gözəl hesab etmiş olsanız, bunun özü də bir nöqsandır. Dünyada, bəlkə, sizdən daha gözəl qızlar da vardır.

– Mən artıq sizinlə danışmayacağam. Siz məni təhqir etməyə hazırlaşırsınız.

Nina sanki gözəl və şıltaqçı qızların rolunu ifa edən bir aktrisa idi. Mən, doğrudan da, qarşımda ən gözəl, ən də acı təbiətli, şıltaq və öz gözəlliyinə inandığı üçün kişiləri əzmək, incitmək istəyən bir qızı görürdüm. Fəqət Nina ən sadə, ən həlim, ən gözəl bir qız idi.

Biz Acı körpüsünə qədər yalnız İraida ilə danışırdıq. O məndən Təbrizi soruşur və orada necə yaşayacaqları haqqında təsəvvürlərini söyləyirdi. O məndən çox razılıq edirdi. Əlimi tutub tez-tez görüşəcəyimizə söz verməmi tələb edirdi.

Ninaya gəldikdə onun gözündə qısqanclıq görünməyə başlayırdı. Gözləri İraidanın əllərinə dikilmişdi. İraidanın əlləri mənim əlimi sıxır və razılıq göstərirdi. Ninanın dodaqları titrəyirdi. Gözlərinin altında kiçik damarlar döyünürdü. Lakin bu uzun çəkmədi. O mənim əlimi bacısının əlindən sürətlə dartıb aldı. Gözləri yaşardı, mən də, İraida da gülürdük.

Nina da hər iki rolunu oynayıb bitirmişdi. O, rəngi qızarmış bir halda dedi:

– Kişilərdə bir çox hərəkətlər yersiz olduğu kimi, bu gülüşlər də yersizdir.

Əlbəttə, mən onun gözlərinin yaşarmasına deyil, ümumiyyətlə, ani və dəli kimi sevgilərinə gülürdüm. Xüsusən Ninanın bu rolları çox məharətlə ifa etməsi də məni güldürürdü. Daha doğrusu, şadlanır və qızın nəhayət dərəcədə qabiliyyətli bir qız olduğuna sevinirdim. Lakin onun kişiləri təhqir etməsini və onların yersiz gülmələrini tənqid etməsini də cavabsız buraxmadım.

– Nina xanım!

– Mən xanım deyiləm, – dedi. – Sadə Ninayam! Bunu sizə bir kərə demişəm.

– Çox yaxşı, Nina, gözəl Nina. Kişilərdə yersiz gülüşlər nə qədər çoxsa, qadın və qızlarda da yersiz ağlayış və qısqanışlar həddindən artıqdır.

– İndi deyin görüm siz hansı qızı sevə bilərsiz: yarım saat bundan əvvəlki qısqanc, şıltaq və tez sevən qızımı, yoxsa hazırda danışan sadə, səmimi bir yoldaş kimi hərəkət edən qızımı?

– Bunların hər ikisi sevimlidir. Fəqət əvvəlinci ilə vaxt keçirmək, əylənmək, ikincisi ilə yaşamaq və yoldaşlıq etmək yaxşıdır. Lakin bunu da müəyyən bir şəraitdə başa gətirmək mümkündür.

– O şərait nədən ibarətdir?

– Qarşılıqlı sevgi!

Bu sözdən sonra Nina başını aşağı salmışdı. Heç birimiz danışmırdıq, çünki artıq Təbrizə yetişmişdik.


Acı körpüsünə çatırdıq. Bura hərbi qərargah şəklini alırdı. Bura rus hökuməti tərəfindən çəkilmiş Culfa – Təbriz şose yolunun son nöqtəsidir. Burada yoxlayıcı və idarəedici kontorlar yerləşmişdir. Hər tərəflə telefon əlaqəsi vardır. Telefon inqilabçıların ixtiyarındadır.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Veyillər

Hərdən bir mənim xəyalıma bir belə şey gəlir:Bir ay bundan irəli Gəncə qubernatoru yazıb Şuşa naçalnikindən xəbər almışdı ki, nə səbəbə çəkirtkəni qırıb qurtarmadılar ki, Şuşa mahalının dördümcü uçastokunun əkinlərini tamamən yeyib çıxdı başa.

2 min
Hamam

Eşitdim ki, Ağdamda bir müsəlman tazə hamam tikdirib. Buradan bir haşiyə çıxıb oxucularımızdan təvəqqə edirəm inciməsinlər ki, hamam kimi xırım-xırda məsələlər ilə mən onları məşğul eləyirəm. Doğrudur, hamam məsələsi xırda məsələdir, amma, nə eybi var, çox vaxt olur ki, bir xırda məsələdən bir böyük məsələ çıxır.Bəli, eşitdim ki, Ağdamda bir müsəlman bir hamam tikdirib. Əgər mən bunu beş il bundan irəli eşitsəydim, çox qulaq asmazdım, və deyərdim ki, ah, görəsən bu da əlbət Naxçıvan, İrəvan və Təbriz hamamları kimi bir qurbağaxanadır. Amma indi belə bəd güman eliyə bilməzdim, çünki indiki zaman hara, beş il bundan irəli hara!..

1 min
Ticarət və ekonomi xəbərlər

Ticarətin bə’zi şərtləri və qaydaları var. Fərasətli və gözü açıq alış-verişçilər ticarətin şərtlərini əmələ gətirmək ilə tərəqqi edirlər və dövlət qazanırlar. Amma şüursuz tacirlər işlərin dalını və qabağını fikirləşməyib zərər çəkirlər və tənəzzül edirlər. Bu dəxi aşkar bir mətləbdir.Qəndin putu indi gedir altı manata, əgər adam bunu qabaqca bilsə ki, iki aydan sonra yollar lap kəsiləcək və Rusiyyətdən Qafqaza qənd gələ bilməyəcək, əgər adam qabaqca bunu bilsə var-yoxunu cəm edib verər qəndə və ambarlara doldurub saxlar, bahalananda satsın qazancına. Əgər bir ay yollar bağlana və bu tərəfə qənd gəlməyə, qəndin putu qalxar on iki manata və indidən qəndi alıb ambara yığan birə-iki qazanar. Amma bunu qabaqca bilmək çətindir. Odur ki, qənd alış-verişi bir elə mənfəətli alış-veriş deyil.

3 min
Bağ

«Əgər ze bağe-rəiyyət konsul xorəd sibi bənyavərənd nəyibane u dərəxt əz bix».*Sədi.*

2 min

Poems by other poets