Page 2 of 2 · 50%

İnqilabçılar burada Təbriz şəhərinə gedənlərin vəsiqələrini yoxlayırlar. Mən, qızlar bilməsin deyə, hamıdan əvvəl faytondan düşüb qarovul postuna girdim və vəsiqəmi nişan verdim. Qızların da vəsiqələri yoxlandı. Faytonumuz körpüdən buraxıldı.

Dar və palçıqlı küçələrin hər iki tərəfi böyük karvansaralardan ibarətdir. Böyük Təbrizin ticarət karvanları, bütün Azərbaycanın müxtəlif şəkildə olan nəqliyyatı yalnız burada yerləşir.

Lakin həyat o qədər də coşqun deyildir. Ticarət karvanları əvvəlkinə nisbətən çox azdır.

Faytonun atları qarınlarına qədər çamıra bulaşaraq tısbağa kimi sürünməkdə idi.

Qəbiristanların içərisindən keçirdik.

«Güllü mən əleyha fan!» Yazılmış uca məzar daşlarının dibindən çıxan səndəl və kündür tüstüləri qızların nəzərini cəlb edirdi. Qəbir daşlarının üstündəki daraq şəkilləri qızları daha da heyrətləndirirdi. Nina barmağı ilə göstərib:

– Bu daşlardakı daraqlar nə deməkdir? – deyə soruşdu.

– Biraığızlı daraqlar kişi, ikiağızlı daraqlar isə qadın qəbridir, çünki qadının adını daşda yazmağı namussuzluq bildiklərindən daşın üstündə daraq şəkli çəkirlər.

Bu gün qəbiristanda camaat çox idi. Cümə axşamı olduğu görünürdü. Kimisi kündür, səndəl yandırırdı, kimisi əlində balaca bir daş tutub qəbir daşlarını döyməkdə idi.

Küçədə şey satanların səsi bir-birinə qarışmışdı. Əllərdə satılan şey Təbrizdə qıtlıq olmadığını aydın göstərirdi.

Qəbir üstündə ağlayan qadınların səsini küçədə şey satanların səsini qapamaqda idi.

Cürbəcür səslər eşidirdik.

– Xasa çörək!

Fəqət çörək, xasa çörək, yəni qızarmış və təmiz çörək deyil idi. Təbrizdə sülh vaxtında da yaxşı çörək olmadığını eşitmişdim. Lakin indi öküz dili şəklində olan bu çörəklər göy rəngli xəmirdən ibarət idi.

– Nanu-vəliəhd!

Bu çörəklər şirin və yağlı çörəklərdir. Yaxşı olduğundan bir reklam olaraq adını «vəliəhd çörəyi» qoymuşlar.

– Nafu-ərus!

Bunlar insan göbəyi şəklində şirin çörəkdir ki, çox satdırmaq üçün «gəlin göbəyi» adını vermişlər.

– Ləbi-düxtər!

Bu isə dodaq şəklində şirin çörəkdir. Adını «qız dodağı» qoymuşlar.

Əlbəttə, bunların hamısını qızlara tərcümə etmək mümkün deyildi. Lakin qismən onlara anladırdım.

Nina birinci kərədir ki, üzünə ağ pərdə və ayaqlarına torba geyinmiş qadınları görürdü.

Əlbəttə, buna təəccüb etməyə bilməzdi. Nifrətlənmədən soruşdu:

– Gördüyümüz kişiləri bunlarmı doğmuşdur?

– Bunlar doğmuşdur, – dedim. – Şərqin kişiləri birinci tərbiyəsini bu səyyar məhbəsin içində almışdır. Onlar heç vaxt azadlıq görməmişlər. Bir çoxları onun adını belə eşitməmişdi. İndi siz təsəvvür edin. Bu kimi bir xalqın hökumətə qarşı üsyan etməsi dövlət üsuli-idarəsinin nəhayət dərəcədə qaba və zalım olduğunu göstərmirmi? Üsuli-idarə o qədər qaba, o qədər əzazildir ki, körpəlikdən əsirliyə alışmış kütlələr belə üsyana qalxır.

Nina bu sözləri son dərəcə diqqətlə dinləyirdi. Artıq bu söhbəti bitirmək vaxtı gəlmişdi. Dumanlar altında uyumuş Təbrizin gözəl təbiətini yaxından görmək daha maraqlı idi.

Ucan yaylası ilə Qızıldağ yaylasının ortasında yerləşmiş bu müzəyyən şəhər bağlar, bostanlarla əhatə olunmuşdur. Yerlilərin çöhrələri ağ, xoş surət, mütəkəbbirdir.

Təbrizin böyük eyiblərindən biri qəbiristanın şəhər içərisində olmasıdır. Məsələn, Surxab, Çərəndab, Gəcil, Şam, Fzan və sair məhəllələr qəbiristanların yanındadır.

Əbbasilər dövründən bəri Azərbaycanın paytaxtı olan bu şəhərdə Şərqin məşhur alimləri, həkimləri, filosofları, yazıçı və şairləri toplanmışdır. Təbrizdə Şərq tarixinə zinət verəcək simalardan Baba Fərəc, Baba Həsən, Xacə Ziyaəddin, Hüseyn Bolğari, Nuru, Xaqani, Zəhirəddin Fariyabi, Xacə Məhəmməd Gəcücanlı və bir çox türk, fars və ərəb alimləri dəfn olunmuşdur. Otuz böyük kəndin arasında bina edilən və bağları bir-birinə qarışan bu böyük şəhəri Səhənd dağından axıb gələn Nehranrud çayı sulamaqdadır. İki yüzə qədər karvansara, on doqquza qədər böyük came, iyirmi bir hamam, bişmiş kərpiclə örtülmüş bazarlarında on beş minə qədər dükan yerləşən bu şəhər, doğrudan da, zəngin və səfalı bir şəhərdir.


Fayton qızları erməni məhəlləsində olan mehmanxanaya aparacaqdı. Yetişmək üzrə idik. Mən mehmanxanaya qədər onlarla getmək istəmirdim. Nina son kərə dedi:

– Bir yerdə mənzil etsək yaxşı olmazmı?

– Əfv edərsiniz, mehmanxanaya düşməyəcəyəm. Tanış evlərin birisində mənzil edəcəyəm. Yarın görüşərik, – deyə onlardan ayrıldım. Ninanın üzü bu ayrılışından narazı qaldığını anladırdı. Hətta o, son dəfə əlimi sıxdıqda sanki barmaqları və damarları da bu ayrılışa etiraz edirdi.

Mən Rasta küçəsində Seyid Hüseyn dərbəndində olan tanışımın evinə getməli idim.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Veyillər

Hərdən bir mənim xəyalıma bir belə şey gəlir:Bir ay bundan irəli Gəncə qubernatoru yazıb Şuşa naçalnikindən xəbər almışdı ki, nə səbəbə çəkirtkəni qırıb qurtarmadılar ki, Şuşa mahalının dördümcü uçastokunun əkinlərini tamamən yeyib çıxdı başa.

2 min
Hamam

Eşitdim ki, Ağdamda bir müsəlman tazə hamam tikdirib. Buradan bir haşiyə çıxıb oxucularımızdan təvəqqə edirəm inciməsinlər ki, hamam kimi xırım-xırda məsələlər ilə mən onları məşğul eləyirəm. Doğrudur, hamam məsələsi xırda məsələdir, amma, nə eybi var, çox vaxt olur ki, bir xırda məsələdən bir böyük məsələ çıxır.Bəli, eşitdim ki, Ağdamda bir müsəlman bir hamam tikdirib. Əgər mən bunu beş il bundan irəli eşitsəydim, çox qulaq asmazdım, və deyərdim ki, ah, görəsən bu da əlbət Naxçıvan, İrəvan və Təbriz hamamları kimi bir qurbağaxanadır. Amma indi belə bəd güman eliyə bilməzdim, çünki indiki zaman hara, beş il bundan irəli hara!..

1 min
Ticarət və ekonomi xəbərlər

Ticarətin bə’zi şərtləri və qaydaları var. Fərasətli və gözü açıq alış-verişçilər ticarətin şərtlərini əmələ gətirmək ilə tərəqqi edirlər və dövlət qazanırlar. Amma şüursuz tacirlər işlərin dalını və qabağını fikirləşməyib zərər çəkirlər və tənəzzül edirlər. Bu dəxi aşkar bir mətləbdir.Qəndin putu indi gedir altı manata, əgər adam bunu qabaqca bilsə ki, iki aydan sonra yollar lap kəsiləcək və Rusiyyətdən Qafqaza qənd gələ bilməyəcək, əgər adam qabaqca bunu bilsə var-yoxunu cəm edib verər qəndə və ambarlara doldurub saxlar, bahalananda satsın qazancına. Əgər bir ay yollar bağlana və bu tərəfə qənd gəlməyə, qəndin putu qalxar on iki manata və indidən qəndi alıb ambara yığan birə-iki qazanar. Amma bunu qabaqca bilmək çətindir. Odur ki, qənd alış-verişi bir elə mənfəətli alış-veriş deyil.

3 min
Bağ

«Əgər ze bağe-rəiyyət konsul xorəd sibi bənyavərənd nəyibane u dərəxt əz bix».*Sədi.*

2 min

Poems by other poets