İntibahnamələr
Page 3 of 3 · 67%
– Mən sənə inanıram. Hər bir sirri sənə verməyə hazıram. Səni də, sənin vətənini də sevirəm.
Bu sözdən sonra dizim üzərində duran əlimin üstünə sanki iyul yağışının ilıq bir damcısı düşdü.
Mən onu sakit edərək yenə də sual verdim:
– Rəfizadədən əvvəl onun arvadı buraya gəlmişdimi?
– Bir kərə gəlmişdir, – dedi.
– Nə üçün gəlmişdi?
– Gəlib tanış oldu, dedi ki, mən səninlə birlikdə çalışan Rəfizadənin arvadıyam. Təbrizdə bişirilən şirin çörəklər və şirniyyat da gətirmişdi.
– Bunların hamısı öz yerində, ancaq mənə danışdığınız sözləri təfsilən bilmək lazımdır.
– Orası mümkündür. Lakin yalnız iki qadın arasında danışıla bilən bəzi söhbətlər vardır ki, onu başqasının yanında danışmaq ədəbsizlikdir.
– Mən sənin tərbiyəli olduğuna inanıram. Sən heç vaxt gündəlik həyatının tarixini məndən gizlətmə, o sənin mənfəətindir. Başla görüm, gözəl qız!
Qız sözünü belə başladı:
– Şümşad xanım gələndən bir saat sonra mən onu götürüb otaqları gəzdirdim və o mənim çarpayımın yanında vurulan sənin şəklinə baxaraq soruşdu:
– Bu oğlan kimdir?
– Mənim tanışım və inanılmış dostumdur, – dedim.
– Tanış var, tanış var. Tanış var ki, səlaməleykum deyərlər, tanış var can qurban edərlər, mənə de görüm o bunların hansındandır?
– Mən dedim ki, onun yolunda hər fədakarlığa hazıram.
– Sən ona arvad olmağı istərsənmi?
– Nə üçün istəmərəm?
– Bəs nə üçün getmirsən?
– Ərə getmək qonaq getmək deyil ki, qapını açıb içəri girəsən. Bu işdə, evə girməkdən əvvəl, qəlbə girmək lazımdır. Daha açığı iki ürəkdən bir ürək düzəltmək, xasiyyətləri birləşdirmək gərəkdir, – dedim.
Şümşad xanım:
– Bəs sən bu yekəlikdə, bu gözəllikdə bir qız ola-ola hələ qəlbə girməyi bacarmırsanmı? – soruşdu.
– Bağlı qapını açıb içəri girmək...
– Sən gözləyirsən ki, o desin ki, gəl gir mənim qəlbimə? Heç bu olan işdirmi?
– Mən nə edə bilərəm? – deyə soruşdum.
– Məgər sən nə etməyi bacarmırsanmı?
– Xeyr! – dedim.
O:
– Hər şeydə oğurluq haramdırsa, qızlar üçün oğlanın qəlbini oğurlamaq halaldır! – dedi.
– Mən onu bacarmıram!
– Sən onun özünə təklif etdinmi?
– Dilim ilə təklif etməmişəm. Lakin hərəkətimlə bildirmişəm, – dedim.
– Bəs o nə deyir?
– Qəti bir söz deməmiş.
– O səni sevir, ya yox?
– Bəlkə də, sevir, – dedim, – çox ədəblidir, mənə etdiyi hörmət sadə hörmət deyil. Mən o hörmətlərin bir sevgi nəticəsi olduğunu hiss edirəm.
O:
– Sən onda sevgi nişanələrini yoxlaya bilməmişsənmi? – soruşdu.
– Yox, onu mən nə cür yoxlamalıyam?
– O sənə yaxın gəldikdə, səni qucaqladıqda, sənin üzündən öpdükdə titrəyir və ürəyi bərk döyünürmü?
– Elə işlər bizim aramızda yoxdur, o çox vüqarlı və namusludur. Onun əlləri, ancaq mənim saçlarıma toxunur. Bununla da mən hər şeyi unuduram.
– Mən də sənin kimi idim, – dedi. – Mən də bir oğlanı sevirdim. Məni ata-anam ona vermədi, götürüb sevmədiyim bir adama vermək istədilər. Allaha min şükür olsun ki, o inqilabçı çıxdı, dəvəçilərlə Səttar xanın davasında vurub öldürdülər, yaxam qurtardı. Mən Rəfizadəni sevib getmişəm. O, əvvəl məni sevmirdi, axırda sevməyə məcbur oldu.
Mən ondan:
– Nə vasitə ilə məcbur elədin? – deyə soruşdum.
– Dua vasitəsilə! Çər qızı Gülsümün vasitəsilə. Dua yazırdım, nə ki lazımdır tapşırdı, necə ki, demişdi yerinə yetirdim. İndi onun özü düşüb dalımca gəzir, məni gözdən qoymur.
Mən ona dedim:
– Nə eybi vardır, bir dua da mənim üçün yazsın, bunun üçün nə lazımdır?
Şümşad xanım cavab verdi:
– Əvvələ 15 tümən pul lazımdır. Sonra oğlanın tüklərindən bir neçəsini qopardıb aparmaq, oğlanın dəsmalını götürüb dua oxutdurub yenə də onun cibinə qoymaq lazımdır. Kişilər beladır. Nə qədər ki, onu sevirsən, nə qədər ki, onun üçün yaşamaq istəyirsən, qəlbini onun ayaqları altına atırsan, and içir və and verirsən, gecələr onun düşüncəsilə yatır və bunu onun özünə də deyirsən, daha o səni sevməz olur, sənin dalınca düşmür, dərdini çəkmir. Kişiləri qısqandırmaq, onların qabağına başqa bir müştəri qoymaq lazımdır. Elə olsun ki, o sənin başqa birisilə tanış olduğunu və başqasının sənə müştəri çıxdığını bilsin. O zaman kölgən kimi dalınca gəzəcək və gəlib-getməkdən qapının kandarını dağıdacaq. Hər vaxt küçəyə çıxsan, onu qapıda görəcəksən, sən ona qarşı soyuqluq göstərdikcə onun hissinin gücü və hərarəti şiddət edəcək, o səni daha artıq sevəcəkdir.
Mən Şümşad xanımın bu fəlsəfəsinə etiraz edib dedim:
– Bunların heç biri mənim əlimdən gəlməz. Onunla mənim aramdakı dostanə əlaqə sən dediyin işlərdən çox uzaqdır.
Kitabxana.az · https://kitabxana.az/en/works/ordubadi-intibahnameler
Use ← → keys to move, R for a random poem
More by this author
Rusiyanın İstanbul səfiri Gitsin 22 iyul 621 nömrəli teleqramla, Türkiyənin bitərəfliyə dair verdiyi təminatdan bəhs etdiyinə baxmayaraq, Rusiya hazırlıq görür və Türkiyə hüduduna qoşun dəstələri göndərirdi. İstər Qafqaz, istərsə də İran Azərbaycanı daxilində, erməni könüllü dəstələri təşkil olunur və erməni xalqını son kərə olaraq rus mənafeyinə alət etmək üçün hazırlıq görülürdü.Çar konsulu Orlovun çağırdığı iclasdan bir neçə saat sonra, iclasın çıxardığı qərarı bütün Təbriz eşidib bildi.
Təbriz1914-cü ildəBirinci Dünya müharibəsinin başlanması Cənubi Azərbaycanın siyasi və iqtisadi həyatına olduqca fəna bir təsir bağışladı. Ölkənin paytaxtı olan Təbriz şəhəri irticanın və siyasi intriqaların mərkəzinə çevrildi, osmanlılara qarşı müharibə edən çar ordusu üçün yaxın bir cəbhə arxası oldu.
Culfaya doğruCulfadakı yoldaşların vəziyyəti Təbrizdəki yoldaşları həddindən artıq düşündürürdü. Onları heç vəchlə çar )andarmının əlindən qurtara bilməyəcəkdik. Təbrizdən Culfaya gedib-gəlmək də asan deyildi. Culfaya getmək üçün çar konsulxanası və yaxud hərbi idarə— lərdən vəsiqələr almaq lazım idi. Buna görə də konsula vəsiqə üçün müraciət etməyi qərara aldım.İki gündən sonra çar konsulunun bizə göndərdiyi vəsiqədə yazılırdı:
Sahibsiz ailəMehmanxanaya girdiyim zaman Qriqor ağa rus qızının məni tez-tez soruşduğunu xəbər verdi və qızın barəsindəki mülahizəsini əlavə etdi:– Qızdan şübhələnirəm, onun gizlin bir sirri olmamış deyil. O sizi tez-tez soruşur və sizin yubanmağınızdan təlaşa düşür. Hətta o bir neçə kərə: €Yoxsa o mənə xəbər vermədən getdi? – deyərək həyəcanlanırdı. Lakin mən onu sizin burada olduğunuza inandırdım, sakit olub mənzilinə getdi. Hər halda burada bir sirr vardır. O qız casus deyilsə də, sizi başqa bir məqsədlə təqib edir. Onun köməksiz, əlacsız və möhtac baxışları özünün maddi tərəfdən darlıq çəkdiyini də göstərir. Mən mehmanxanaçılıq həyatında bu cür qadınlara teztez təsadüf edirəm. Ərindən, atasından, ailəsindən qaçan qızlara da bənzəmir.
Poems by other poets
O gün kim həsrət ilə ol büti-zibadan ayrıldım,Qalıb bir surəti-bihiss kimi mənadan ayrıldım.
Gəncə xanlarınaDəst pədərəm babat,Bürid və kərdə mat,
Qəzəl: Gərçi artıq yaraşır ol cameyi-gülgün sənəGərçi artıq yaraşır ol cameyi-gülgün sənəHər nə geysən qaməti-mövzun edər mövzun sənə
QaşlarınDəryə kənarında balıq tutarkən,Göründü gözümə maya qaşların,