1914-cü ildə

Birinci Dünya müharibəsinin başlanması Cənubi Azərbaycanın siyasi və iqtisadi həyatına olduqca fəna bir təsir bağışladı. Ölkənin paytaxtı olan Təbriz şəhəri irticanın və siyasi intriqaların mərkəzinə çevrildi, osmanlılara qarşı müharibə edən çar ordusu üçün yaxın bir cəbhə arxası oldu.

Hərbi idarələr Təbrizin üzərinə ciddi nəzarət təyin etmişdilər. Səttar xan hərəkatında iştirak edən bir çox görkəmli adamlar təqib edilir və gizli yaşamağa məcbur olurdular.

İrticanın görkəmli nümayəndələri çar-ingilis əks-kəşfiyyatçıları ətrafında toplanıb. Azərbaycan Demokrat Firqəsinin üzvlərini həbsə aldırmağa səy edirdilər. Xüsusən ingilis konsulxanası əks-kəşfiyyat dəstələrinin həqiqi qərargahına çevrilmişdir. Onlar yalnız Demokrat Firqəsi üzvlərini təqib etməklə kifayətlənməyərək, Səttar xan hərəkatından bu günə qədər inqilaba hüsn-rəğbət bəsləməkdə olan adamları da yerli İran hökuməti məmurlarının vasitəsilə həbsə aldırırdılar.

Təbrizdə yalnız ingilis və çar konsulxanası tərəfindən yaranan irtica təşkilatları deyil, alman və osmanlı əks-kəşfiyyatı da ciddi surətdə işləyir və Cənubi Azərbaycanın hər tərəfində hörümçək kimi öz torunu hörürdü. Buna görə də çar-ingilis hərbi idarələri öz təzyiqini artırır və Təbrizdə bir çox hərbi qanunları həyata keçirirdilər.

Səttar xan hərəkatında İstanbula qaçmış Mirzağa Bülluri və Hüseyn Fişəngçi kimi xainlər alman və osmanlı əks-kəşfiyyat idarələrinə satılıb, çar və ingilis siyasəti əleyhinə çalışır və Təbrizdə olan tərəfdarları ilə yazışırdılar. Bunlar yalnız irticaçılar və adamlar arasında deyil, Demokrat Firqəsi üzvləri arasında da özlərinə tərəfdar axtarırdılar? Onlar çar ordusunun arxasında qorxu yaratmaqda osmanlıların Kars və Sarıqamış tərəflərindəki ağır vəziyyətini yungülləşdirməyə çalışırdılar.

Son günlər Ənvər paşanın Sarıqamışa hücum etmək üçün Əlehsan paşanın komandası altında bir ordu göndərməsi xəbəri ilə bərabər Mirzağa Bülluri və Hüseyn Fişəngçinin rəhbərliyi ilə Təbrizə bir osmanlı silahlı dəstəsinin gəlməsi şayiələri də vəziyyəti mürəkkəbləşdirmişdi.

Elə həmin günlərdə osmanlı və alman əks-kəşfiyyatçıları avam camaatın arasında ittihadi-islam şüarlarını yayır və islam hökumətlərinin birləşəcəyi cmüidəsinib verirdilər.

Bu qədər mürəkkəb bir vəziyyətin qarşısında Azərbaycan Demokrat Firqəsinin vəziyyəti gündən-günə çətinləşirdi. Firqə ingilis və çar kəşfiyyat dəstələrinin hərəkətinə qarşı çalışır və eyni zamanda osmanlı-alman münaqişəsini ifşa edirdi.

Təbrizdə Mirzağa Büllurinin xain hərəkətinə qarşı ciddi bir nifrət oyanmışdı. Bir çoxları açıqdan-açığa yeridilən çar müstəmləkəçilik siyasətini osmanlı dərəbəyliyindən şərəfli bilir və xalqa bu macəraya qoşulmamağı tövsiyə edərək, əhalini osmanlı dərəbəyliyindən qaçmağa və rus mədəniyyətinə qoşulmağa çağırırdılar.

Azərbaycan Demokrat Firqəsi belə bir çətin zamanda gizli iş üsuluna keçməklə Firqənin sağlamlığını mühafizə etməyə çalışırdı. O, Azərbaycan xalqının malik olduğu inqilabi ruhun sarsılmamasına çalışır və Səttar xanın vəsiyyətlərinə əməl edərək, Azərbaycan xalqının öz azadlığını öz qüvvəti ilə ala biləcəyi həqiqətini təbliğ edirdi.

İngilislər Təbriz valisi Hacı Səməd xan Şücaüddövlə və onun müavini sərdar Rəşidə təzyiq göstərərək, Azərbaycan demokratlarının siyahısını hər cür olursa-olsun əldə etməyi tapşırırdılar, vali və onun müavini isə özlərinə mənsəb qazanmaq məqsədi ilə yüzlərcə təqsirsiz adamın siyahısını ingilis və çar konsulxanalarına verirdi.

Azərbaycan şəhərlərində olan Demokrat Firqəsi komitələrinin vəziyyəti daha da qorxulu idi. Onlarla əlaqə saxlamaq işi gündəngünə çətinləşirdi. Xüsusən Türkiyə ilə həmsərhəd olan şəhərlərdə firqə çıxılmaz bir vəziyyətə düşmüşdü, çünki bu şəhərlərin hamısında ingilis konsulxanaları təşkil olunur və bunlar ingilis əks-kəşfiyyat dəstələrinin yuvasına çevrilirdi.

Belə bir qarışıq zamanda Marağa və Ərdəbil tərəfindən çox pis xəbərlər gəlirdi. Bir tərəfdən təbriz valisi Hacı Səməd xanın adamları Marağa ətrafında olan kəndləri talan edir, o biri tərəfdən Hacı Səməd xanın müavini sərdar Rəşidin adamları Ərdəbil tərəflərini soyub talayırdılar.

İndiyə qədər aclıq və qıtlıqla mübarizə təşkil edən Demokrat Firqəsi yoxsullara və aclara kömək edə bilmirdi. Taxıl ordu ehtiya- «ına alındığı üçün qıtlıq başlanmışdı, xəstəlik və aclıq hökm sürürdü.

Bu qədər çətinlik və məhrumiyyətə baxmayaraq, Azərbaycan xalqının istiqlala olan ümidləri sönməmişdi, onlar yenə də yerli İran valiləri və eləcə də çar və ingilis dövlətləri üçün böyük bir qorxu təşkil edirdilər.

İngilislər Azərbaycan Demokrat Firqəsi rəhbərlərini məhv etmək siyasətini yürütməklə bərabər, hər şeydən əvvəl, kütləni onların əlindən almağa çalışırdılar. Onlar kütlənin siyasi şüurunu kütləşdirməyə səy edərək Səttar xan hərəkatı nəticəsində xeyli zəifləmiş olan mövhumat və bidətləri canlandırırdılar. İngilis müstəmləkəçilərinin tapşırığı ilə Hacı Səməd xan və onun müavini sərdar Rəşid mürtəce mollaları və mərsiyəxanları səfərbərliyə alıb məscidlərə təhkim edirdilər.

Hacı Səməd xan və onun müavini inqilaba hüsn-rəğbət bəsləyənləri dar ağacına çəkməklə kifayətlənməyərək, gizli terror təşkilatı düzəltmişdilər. Bir gün Bağır xanın vaxtında xəzinədar olan Bala Tağını zirzəmidə boğdurub Məcidülmülk mağazalarının qarşısına atdırır, o biri gün Səttar xanın yaxın adamlarından Məşədi Abasqulu və sairlərin meyidləri Qarı körpüsü və Quruçay tərəflərində tapılırdı.

Təbrizdə yayılan şayiələrə görə Tehranda alman-osmanlı dövlətləri ilə İran hökuməti arasında İranı Rusiya və İngiltərə əleyhinə müharibəyə qoşmaq üstündə alış-veriş gedirdi. Bu alış-veriş Cənubi Azərbaycanın vəziyyətini daha da ağırlaşdırırdı. İngilis və çar konsulluqları Təbriz valisi Hacı Səməd xanın qarşısında daha ciddi tələbat qoyur və onu fəaliyyətsizliklə töhmətləndirir, onun yerinə müavini olan sərdar Rəşidi vali təyin etmək üçün Tehran ilə danışıq aparırdılar.

Buna görə də istər Hacı Səməd xan, istər onun yerinə namizəd olan vali müavini özlərini sadiq və çalışqan göstərmək üçün yeni qurbanlar tapır və Nizamüddövlə bağında olan zirzəmilərdə məhv etdirirdilər.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Aran

Gəncə şəhərində böyük bir həyəcan var idi. Azərbaycanda mövcud olan itaətsizliyi ləğv etmək üçün göndərilən İraq və fars qoşunundan 5 min nəfər də Aran ölkəsində yerləşdirilmişdi. Atabəy Məhəmməd tərəfindən göndərilən bu dəstə Əmir İnancın göstərişi ilə hərəkət edir, vaxtilə vergidən boyun qaçıran kəndliləri cəzalandırır və qarət edirdi. Həbslərin və sürgünlərin sayı-hesabı yox idi. Minbərlərdə xəlifə Toğrul və Atabəy Məhəmməd adına xütbə oxutdurmamaq üstündə üsyançı kəndliləri qırıb məhv edirdilər. Lakin Gəncə şəhərində mövcud olan itaətsizliyi təsviyə etmək mümkün olmamışdı; çünki Gəncə ziyalıları və orada toplanmış xalq rəhbərləri, özlərinin yerli hökumət tərəfindən aldadıldığını yəqin edincə, acıqlanmış və itaətsizliyə başlamışdılar.Vaxtilə, – sürgün edilmişdir – deyə şöhrət tapan Gəncə xətibi Məkkədən qayıdıb şəhərə gəlmişdi. Xalqın intiqamından qorxub Şirvanşahların himayəsinə pənah aparan müridlər Gəncəyə yığışıb, əllərində ağac, dəstələrlə küçələri gəzir və qabaqlarına keçənləri döyüb təhqir edirdilər. Alimlər, şairlər, incəsənət işçiləri camaat gəzən yerlərə, məscidlərə və səyahət yerlərinə getməkdən məhrum edilmişdilər. Müridlər Məhsəti xanımın Gəncədən köçürülməsi üçün yenə də Əmir İnanca müraciət etməyə başlamışdılar. Lakin Əmir İnanc Azərbaycan hökmdarı Qızıl Arslanın şeir və ədəbiyyata qiymət qoyduğunu, Məhsəti və Nizamiyə hörmət bəslədiyini eşidincə xətibə məsələni anlatdı, müridlərin bu təcavüzünə imkan verə bilməyəcəyini xatırlatdı. Xətibin Gəncəyə qayıtmasilə xalqın hökumətə qarşı bəslədiyi nifrətin alovları bir daha artmış oldu. Əmir Gəncədə təzə bir üsyan çıxmasına imkan verməmək və biət almaq üçün Gəncə xalqına rəhbərlik edənləri məscidə dəvət etmişdi. O, xalqı həm qorxutmaq, həm də təzə xanədana itaət etdirmək üçün nəsihət vermək istəyirdi. Məscidə Fəxrəddin də dəvət edilmişdi. Dilşadın ona göndərdiyi məktub onun Əmirə qarşı mövcud olan şübhələrini azaltmışdı. O, məktubun Dilşad tərəfindən yazıldığına inanırdı. Məktub Dilşadın öz xəttilə yazılmışdı. Fəxrəddin Əmirin çağırdığı müşavirədə iştirak etsəydi, Əmirin əleyhinə çıxış etməməli idi. Onun çıxışı hər halda Dilşadın vəziyyətini ağırlaşdıracaq, bəlkə də, Əmir onların izdivacına verdiyi razılığı geri götürəcək idi. Fəxrəddin bunları düşünürdü.

11 min
Şərəfli ailə

Məhsəti xanım xəstəlik yatağında idi. Neçə gündü ki, süfrə başına gələ bilmirdi.Nahar vaxtı idi, Rəna süfrəni açıb Nizamini nahar yeməyinə çağırdı. Nizami yenə də səliqə ilə qələm və kağızını yığışdırıb yanındakı heybəyə qoydu və pilləkənlərdən qalxıb süfrə başına gəldi. Süfrə olduqca yoxsul idi. Orada süddən və arpa çörəyindən başqa heç bir şey yox idi. Nizami oturdu, nahar yeməyinə başlarkən Rəna ona sual verdi:

9 min
Vahid Azərbaycan

Qızıl Arslan Şimali Azərbaycanın bəzi hissələrini gəzdikdən sonra məmləkətin vəziyyəti barəsində Atabəy Məhəmmədə uzun bir məruzə məktubu göndərmişdi. O, məktubu yazırdı:“Üsyanların əsas səbəbi üsul-idarənin köhnəlməsi və qanunların qabalığıdır. Məmləkətin xalqı iki hissəyə ayrılmışdır. Acizlər, əzilənlər mühacirətdədirlər. Qolunda və qəlbində qüvvət hiss edənlər isə üsyan cəbhəsindədir. Səlcuqilər Azərbaycanda hökumət qurduqları yüz ilin müddətində islamın zühurundan bəri ərəblərin qurduqları üsul-idarədən istifadə etmişlər. Hazırkı vəziyyətdə peşəkarları şəhərə, kəndlini isə torpağa təhkim etmək imkan xaricindədir. Səlcuqilər dövründə və hazırkı hökumətin iş başına keçdiyi birinci illərdə yerli hakimlər xalqın etimadını tamamilə itirmişdir.

7 min
Atabəy Məhəmməd

Atabəy Məhəmməd Qızıl Arslanın məktubunu Kirmandan Həmədana qayıtdığının ikinci günündə aldı. O, məmləkətin vəziyyətini çox da yaxşı hiss etmirdi. Bağdaddan gələn xəbərlər xəlifənin təzə bir qüvvətə istinad etməyə hazırlandığını bildirirdi. Əyyubilərin Misirdə böyük bir səltənət qurmuş fatimilərə qalib gəlməsi xəlifədə təzə bir ruh oyandırmışdı. O, xilafəti türklərin təsirindən qurtarıb əyyubilərin nüfuzuna tapşırmaq istəyirdi.Xəlifənin Atabəy ölkələri içərisində dolaşan təbliğatçıları əyyubilərin lehinə olaraq geniş təbliğat aparırdı. Musildə, Xarəzm şahlarının sərhəd şəhərlərində atabəylərə qarşı sui-qəsd hazırlanırdı.

5 min

Poems by other poets