İraida oğurlandı
Page 1 of 4
Bugünkü iclasda xalça fabriklərində iş aparmaq məsələsi müzakirə edilirdi. Mən bütün küstar sənaye müəssisələrinin təşkili məsələsini də gündəlik müzakirə sırasına keçirdim.
Bu vaxta qədər bizim xalça fabriklərindən başqa heç bir müəssisə ilə əlaqəmiz yox idi.
İclas aşağıdakı qərara gəldi:
Təşkil edilmiş işçilərdən bəzilərini olduğu yerdən götürüb başqa müəssisələrə təhkim etmək.
Şəfi Şabanoğlu, Ələkbər Kazımoğlu, Hacıağa Əvəzoğlu, Dadaş Quluoğlu, Bağır Hacıoğlu, Saleh Müseyiboğlu, Yavər Xəliloğlu fabrik sahiblərinə bildirmədən, tədriclə fabrikadan çıxmalıdırlar.
İşdən çıxan yoldaşlar təşkilat işləri aparmaq üçün müxtəlif müəssisələrə daxil olmalıdır.
Əski yerlərindən kənar olub yeni yerlərə daxil ola bilməyənlərin işsiz qaldığı müddət ərzində maaşı komitə tərəfindən verilməlidir.
Yeni işə daxil olanlar, əvvəlki maaşından az maaş alarsa, komitə onun kəsirini ödəyəcəkdir.
Görülən işlər haqqında danışmaq üçün ayda iki dəfədən az olmayaraq iclas çağırmaq lazımdır.
Bu qərarlar qəbul edilib iclas bitdikdən sonra, tək-tək yoldaşlarla söhbət edir və ayıq olmalarını tapşırırdım. Sonra Həsənağaya müraciət eləyərək intibahnamələrin şəhərə yayılması haqqında onun fikrini soruşdum. O öz yeni tədbirlərini dedi:
– Siz onu bilməlisiniz ki, Hacı Səməd xanın və rus konsulunun xəfiyyələri adama göz verir işıq vermir. Onlar küçədə gedən arvadların bağlamalarını belə açıb araşdırırlar. Mən bir nəfərin, iki nəfərin, hətta özümün də tutulmasından qorxmuram, qorxum ancaq işimizin üstü açılmasındadır. Buna görə də mən aşağıdakı tədbirləri düşünmüşəm:
On beş nəfərimiz dilənçi paltarı geyib, intibahnamə yapışdırılmalı yerlərdə divara söykənib dilənəcək və gəlib gedəndən ehsan istəyəcək, eyni zamanda bunlar intibahnaməni qabağında durduqları divara yapışdırıb qaçacaqlar. Hələlik dilənçilərdən heç kəs şübhələnmir.
İntibahnamələrdən hamamların qapısında dəstə-dəstə qoymaq lazımdır. Sübh vaxtı hamama gələnlər götürüb aparar və başqalarına göstərər.
Məscid səkilərində də intibahnamə qoymaq lazımdır. Xüsusən böyük məscidlərdə, məsələn, «Talibiyyə mədrəsəsi» ağzında.
Onun tədbirlərindən razı qaldım və ikinci kərə:
– Başlıca olaraq özünüzü mühafizə etməlisiniz! – dedim. – Çünki sizin tutulmağınız həm mənim, həm də Ninanın haqqında şübhə oyandırar və işimizi alt-üst edər.
Yoldaşlar getdilər. Yanımda ancaq Tütünçüoğlu qalmışdı. Qapı vuruldu. Tütünçüoğlu qapıya getdi. Bir azdan sonra içəri bir qadın girdi. İlk baxışda mən onu tanımadım.
– Oturun, – dedim.
O, oturdu. Mən çarşafının altından onun üzünü ötəri gördüm. Mən onun gözlərini də görə bildim; onları tanıdım. Bu çar miralayı Smirnovun vurulduğu və onu fəlakətə salan gözlərdi.
Tütünçüoğlu da içəri girdi. Qadın mənə baxaraq Tütünçüoğluna işarə etdi və bununla da Tütünçüoğlunun otaqdan çıxıb getməsini istədiyini bildim.
Tütünçüoğlu dəhlizə keçdi, qadın çarşafı başından ataraq dərin bir nəfəs aldı.
Mən:
– Səfa gətirmişsiniz, – dedim, – şübhəsiz ki, Mahru xanımın bu vaxt təşrif gətirməsinin mühüm bir səbəbi vardır.
Mahru xanım Təbriz qadınlarında az-az təsadüf ediləcək fikirli gözlərilə mənə baxıb düşünürdü və yenə də ehtiyatlı nəzərlərlə ətrafını süzərək başladı:
– Mən sizi indi deyil, çoxdan bəri tanımışam. Mən o sirri, hətta o qanlı sirri sizə verdiyim gündən bəri sizi tanıyıram. Zənnimcə, siz çətinlikdən çıxış yolu tapa bilərsiniz. Siz mənim zənn etdiyim kimi, hadisə qarşısında özünü şaşıran adam deyilsiniz. Hazırda sizi böyük bir təhlükə gözləyir. O təhlükədən siz də, sizin sevgiliniz və həmməsləkiniz Nina xanım da məhv ola bilər.
Mahru xanım bu sözləri deyincəyə kimi nələri düşünmədim?
O, əlini atıb, redikülündən Ninanın şəhərə buraxılmaq üçün yazdığı intibahnamənin rusca əl yazısını mənə verdi:
– Baxın, görün bunu tanıyırsınızmı? – dedi.
– Tanıyıram, – dedim, – bunu siz haradan götürmüsünüz?
– Bunu mən sizdən götürməmişəm. Bunu İraida xanım Ninanın evindən götürmüşdür.
– Bunu sərdar Rəşid bilirmi?
– Xeyr! Sərdar Rəşid burada deyildir, Savucbulağa getmişdir. Şübhəsizdir ki, qayıdandan sonra bunu biləcəkdir.
– Siz bu kağızı nə cür götürdünüz?
– O bu kağızı öz yanında saxlayırdı. Dünən axşam ev hamamına getmişdi. Ondan sonra da mən hamama getdim. Bu kağız paltar soyunan taxtanın dalına düşmüşdü. Mən onu tapdım, ucundan-bucağından oxudum, tamamilə anlamasam belə mühüm bir kağız olduğunu yəqin etdim və götürüb gizlətdim.
İraida xanım evin altını üstünə çevirdi, bir şey tapa bilmədi. Bəlkə də, onun mənə gümanı gedirdi, lakin cəsarət edib bir söz deyə bilmədi, ancaq bir kərə:
– Mahru xanım, hamamda bir parça yazılı kağız görmədinizmi? – deyə soruşdu.
Mən Mahru xanıma sual verdim:
– Çox əcəb! İraidanın bu kağızı əldə etməkdə məqsədi nədir?
– Bu kağız, Ninanı sizin əlinizdən qurtarmaq üçün bir vasitədir.
– O nə edə biləcəkdir? Məni həbs etdirməkmi istəyir?
– O mənim üçün hər şeyi danışmışdır, o sizi həbs etdirməkdən və bu işi sərdar Rəşidə, yaxud çar konsulxanasına bildirməkdən qorxur, çünki o zaman öz bacısı da məhv ola bilər.
– Bəs nə etmək istəyir?
– Sizi zəhərlədib öldürmək, sonra da bu kağızı Ninaya göstərib qorxutmaq və Mahmud xana ərə getməyə razı etmək! Onun üçün İraida xanım ərinin gəlməsini gözləyir.
– O məni nə vasitə ilə zəhərləmək istəyir?
– Aşpazımız Məhəmmədəli Mirzənin aşpazıdır. O, Məhəmmədəli şahın əmri ilə yüzlərcə adam zəhərləmişdir.
– O bu barədə apşaza bir söz söyləmişdirmi?
– Hələlik... Xeyr.
Daha bir söz danışmadım. Məsələnin qorxulu olduğu şübhəsiz idi. Mən işi sərdar Rəşid Savucbulaqdan qayıdana qədər bitirməli idim. Çünki İraida gecə də olsa, bunu sərdar Rəşidə, sərdar Rəşid isə çar konsuluna xəbər verəcək idi. O, böyük bir mövqe qazanmaq üçün belə bir fürsəti çoxdan axtarırdı.
Mən başımı qaldırıb Mahrunun gözlərinə bir daha diqqətlə baxdım: onun baxışlarında mənə qarşı bir səmimiyyət olduğunu dərk etdim və minnətdarlıqla:
– Sizə inanıram, Mahru xanım, – dedim, – sizin ürəyinizdə böyük sirlər yatdığı kimi, bu kiçik sirri də orada uyuda bilərsiniz.
– Məndən əmin ola bilərsiniz. Lakin bu sirrin mənim ürəyimdə gizlədilməsi kifayət deyildir, çünki İraida onsuz da bu sirri açacaqdır.
– Bu sirrin açılmaması üçün görüləcək tədbirlərin həyata keçirilməsində iştirak etməyə söz verirmisiniz?
– Söz verirəm, bütün varlığımla söz verirəm!
– Sərdar Rəşid nə vaxt qayıdacaqdır?
– Beş gündən sonra.
– İkinci kərə sizi nə vaxt görə biləcəyəm?
– Sabah gecə bu vaxt.
O, qalxıb getmək istədi. Gecə çox qaranlıq idi. Faytonu qoşdurdum. Onu faytonla yola salmaq istədikdə, o:
– Yalqız getmək mümkündür? – deyə soruşdu.
Mən:
– Sizə öz inandığım bir gənci yoldaş verirəm, faytonu da onun özü sürəcəkdir, – deyə Tütünçüoğlunu çağırdım və ona təqdim elədim.
– Mənə etimad etdiyiniz qədər, buna da etimad edə bilərsiniz, – deməklə onları tanış elədim. Onlar gedəndən yarım saat keçincəyə qədər mən oturub düşünürdüm. Ninanın bu kimi mühüm bir kağızı tələf etməməsi və onun İraida kimi zərərli bir qadının əlinə düşməsi məni heyrətə salırdı.
Gecəni yata bilməyəcəkdim, çünki İraidanın bu sirri ikinci bir adama xəbər verməsi ehtimalı vardı.
İraidanı heç vəchlə susdurmaq olmayacaqdı. O, Ninanı mənim əlimdən qurtarmaq üçün bundan daha əlverişli bir fürsət əldə edə bilməyəcəkdi. Bu düşüncələrlə əlaqədar olaraq, İraidanın Ninaya 10 gün bundan qabaq söylədiyi sözləri xatırladım:
– «Onu sən özün rədd edə bilməzsən. O zaman evdəki dövləti buraxıb çıxmalısan. Lakin onu buradan qovdurar, yaxud məhv etdirəriksə, sən həm böyük bir dövlətə yiyə durar, həm də Mahmud xan kimi məşhur bir adamın arvadı olarsan».
Mən gecə də olsa, Ninanın evinə getmək və onunla görüşüb bu məsələ haqqında danışmaq lazım olduğu qərarına gəldim.
Saat 12-yə işləmişdi. Təhminə xanım və Məcid uyumuşdu. Nina isə Təbrizə gizlincə gətirilən partiya qəzetlərini oxuyurdu. Nina gecənin bu vaxtında onun görüşünə gəldiyimi heyrətlə qarşıladı:
– Nə əcəb, bu vaxt?
– Sizi görmək və Məcidlə əylənmək istədim.
Nina güldü:
– Doğrudur, sən bizimlə həmişə əylənmisən... yenə də... otur əylən!
Oturdum, məsələni çox da tez söyləməyə tələsmədim, çünki onsuz da inqilabçı qızın əsəbləri pozğun idi, həyatın bu şəkli onu əzirdi.
Bir saata qədər sevgidən, məhəbbətdən, səmimiyyətdən danışdıq. Nəhayət, söhbətimiz İraidanın bizə olan əlaqəsi üzərinə gəldi, dedim:
– Nina, bir az ehtiyatlı olmaq lazımdır, doğrudur, İraida səni məhv etmək istəməz, lakin mənim onların əlində məhv edilməm, sənin də konsulxanadakı vəziyyətinə mənfi təsir edəcəkdir. Təəssüflər edirəm ki, sən o qədər də ehtiyatlı deyilsən.
Kitabxana.az · https://kitabxana.az/en/works/ordubadi-iraida-ogurlandi
Use ← → keys to move, R for a random poem
More by this author
«Rus inqilabı labüddür. O, günəşin çıxması qədər labüddür!...Bu inqilabın başlıca qüvvələri şəhər və kənd proletariatı olacaqdır. Onların bayraqdarı isə siz cənab liberallar deyil, sosial-demokrat partiyası olacaqdır. Çar mütləqiyyəti tərəddüd etdiyi zaman bizim vəzifəmiz qəti hücuma hazırlaşmaqdır».
Erməni-müsəlman qırğınının zəminəsiBakı qubernatoru Peterburqa getməzdən bir gün əvvəl, Bakı varlıları və Bakı qoluzorluları ilə görüşmək və vidalaşmaq qərarına gəlmişdi. Bu görüş həmişəki kimi Bakıda müsəlmanlara başçı kəsilmiş olan Hacı Zeynalabdın Tağıyevin evində olacaqdı.Hacı təntənəli bir vida ziyafəti düzəltmişdi. Ziyafətdə Hacının özünə və Bakı qubernatoruna lazım olanların hamısı iştirak edirdi.
Hacı Harunərrəşid, xanımı isə Zübeydə xatundurXanımın sifariş verdiyi tabloları gözdən keçirmək üçün Hacı küzkülü otağa gəlmişdi. Şərq salonu düzəltmək üçün məşhur rəssam Benonun rəhbərliyi ilə düzəlmiş komisyon salona aid layihələri və çəkəcəkləri mənzərənin eskizlərini gətirmişdi. Küzkülü otaqda, nəgşəsi «Bağdad dünyası» adlı kitabdan götürülən ipək pərdələr, əlvan qəndillər asılmışdı. Bir tərəfdə şəhvət oyandırıcı Yusif-Züleyxa şəkilləri, bir tərəfdə Bağdad saraylarının fəvvarəli hovuzlarında çimən çılpaq qadınlar və onlara sərv ağacı dalından baxanların şəkli, bir tərəfdə «Əlif-Leyla»dan alınmış «Hamamçının arvadı» hekayəsinin tabloları (arvadın Bağdad şahzadəsi ilə qucaqlaşıb yatması və hamamçının qucağında uşaq qapının açar yerindən həyəcanlı bir surətdə bu vəziyyətə tamaşa eləməsi) asılmışdı.Hacı tabloların hamısına baxa bilmədi; onu telefona çağırdılar. Küzkülü otaqdan getdi, bir az sonra yenə qayıdıb gəldi, Bakı polis müdirinə məktub yazmaq üçün xanıma yanaşdı:
İki direktor arasındaXanımın qulluqçuları elanı qapıda oxuyurkən azad nəfəs almağa başladılar. Jenya da bu vəziyyətdən istifadə elədi; günorta yeməyindən sonra Mixaylovski və Kutilevskinin görüşünə getdi. O, bu gün bir neçə tələbə ilə görüşəcək və təşkilat məsələlərini müzakirə edəcək idi. Əvvəl Kutilevskinin evinə getdi. Onu iş otağında görmək istəyirdi.Kutilevskinin icazəsi ilə Jenyanın imtahana hazırlıq işinə kömək edən tələbələr də Kutilevskinin iş otağına toplandılar. Bunlar hamısı orada təşkil olunmuş sosial-demokrat dərnəyinin üzvləri idi. Kutilevski özü orada deyildi.
Poems by other poets
Nagahdan gördü gözüm,Sən təki insanı, Pəri.
No... olub ala?!Qatmısan sən gənə də malı mala, no..olub ala?Qazıyırsan ayağım altda çala, no.. .olub ala?
QaldıKönül qulluq ilə kamil ustada,Kamala yetmədik, işin xam qaldı
NuxaTərif edim Nuxa yerin yerləri gülşən kimidir,Söyləyib danışmağı hər biri bir can kimidir,