Page 2 of 4 · 25%

Nina:

– Səhv edirsən! – dedi. – Neçə ildən bəridir ki, böyük işlər gördük və heç birində də ehtiyatsızlığım olmadı, bundan sonramı?..

– Çox pakizə! – Mülayimətlə dedim. – Əsəbiləşmə, onsuz da sən xəstəsən. Hadisə insanları aradığı kimi, insanların özü də hadisələrin başına dolanır. Bir sənətkar nə qədər ehtiyatlı olsa da, yenə həyatında bir çox səhvlər buraxmamış deyil, biz də eləyik. İndi mənə de görüm rusca yazdığın o intibahnamənin qarasını harada saxlayırsan?

– Kitabların arasındadır.

– Ver baxım.

O, kitabların arasını axtardı, düşündü, yenə də axtardı, tapa bilmədi.

Mən kağızı qoynumdan çıxarıb ona verdim:

– Al, – dedim, – ehtiyatlı olmaq lazımdır! Bu cür vərəqələrin İraidanın əlinə düşməsi bizim bütün işlərimizi alt-üst elər.

O, tələsik soruşdu:

– İraidanınmı?

– Bəli, İraidanın.

– Bəs sənin əlinə haradan keçdi?

Mən əhvalatı başdan-başa ona nağıl elədim.

Ninanın rəngi qaçdı, bir ara o, şaşırmış kimi nə edəcəyini bilmədi. Sonra:

– Məhv olduq! – dedi – sərdar Rəşid öz səadətini bizim fəlakətimiz üzərində quracaqdır. İraidanın özünə də bu xoşdur. De görüm indi biz nə etməliyik?

– İki yol vardır, – dedim, – Təbrizdən xəlvətcə qaçıb gizlənmək, yaxud da başqa qəti tədbirlərə əl atmaq!

– Qəti tədbirlər görmək mümkün olduğu halda daha Təbrizdən nə üçün qaçaq? Hara qaça bilərik? Başladığımız işləri, sonra da evi-eşiyi buraxıb hara qaça bilərik? Nəhayət, bu yazıq uşağın müqəddəratını kimlərə tapşırarıq?

– Nina, bizim qəti tədbirlərimiz bundan ibarət olmalıdır: bizim sirlərimizin izinə düşən İraida Təbrizdən çıxarılmalıdır.

Mən ona görəcəyimiz tədbir ətrafında düşünmək imkanını vermiş olmaq üçün, bir ara susub durdum, sonra təlqinedici tövrlə sözümə davam etdim:

– Təbii, artıq İraida məni məhv etməyi bacarmaz, çünki onun məqsədini vaxtında öyrəndim. Mən Təbrizi buraxıb bir tərəfə çəkilə bilərəm, lakin sənin məsələn mənim gözümə durub. Sən bilirsən ki, Mahmud xanın səni almaq fikri də bu hadisədə mühüm rol oynaya biləcəkdir. Hərgah sən bu izdivaca razısan, arxayın ola bilərsən ki, sənin üçün heç bir qorxu yoxdur. Səhər tezdən İraidanın yanına gedərik, ona Mahmud xanın təklifinə razı olduğunu xəbər verərsən, bacın da sirrini kimsəyə açmaz, mən də çıxıb bir yana gedərəm, beləliklə də, bu zırıltı yatıb qurtarar.

Mən daş qələmlə qarşımdakı kiçik xatirat dəftərinə Ninanın cızmaqara şəklini çəkirdim. O isə yadından hər şeyi çıxarmış kimi dərin fikir dəryasına qərq olmuşdu. Onu mən indiki qədər ciddi və indiki qədər də düşüncəli görməmişdim. O, məsləklə, doğma bacısı arasında dururdu. O bunların birindən keçməli idi: ya bacıdan, ya da məsləkdən.

Divar saatı üçü vurdu. Sabaha az qalırdı. Nina başını qaldırdı və alnına tökülən sarı saçlarını barmaqları ilə darayıb qəti:

– Qoy o məhv olsun! – dedi. – Onun qanının heç bir qiyməti yoxdur. O, əks-inqilab cəbhəsindədir. Bundan da çirkin rəzalətə düşməmək üçün onun məhv edilməsi özü üçün də bir xoşbəxtlikdir!

Hökmü bütün qətiyyəti ilə verməsinə baxmayaraq, gözləri yaşardı.

Mən dedim:

– Nina, bunların heç birisi olmasın. İraida səni əfv edər, yaşarsınız. Mən də bir tərəfə çəkilərəm. Bəlkə, bir zaman sonra görüşmək mümkün olar. Biz yoldaşıq, gəl üçüncü bir adamın zərər çəkməməsi üçün bu gecə vidalaşaq.

Nina uşaq kimi hönkürə-hönkürə ağladı. Onu heç bir vəchlə sakit edə bilmədim. O, yarım saata qədər başını çiynimə söykəyib hıçqırdı. Nə vaxtdan sonra o ağladığının səbəbini dedi:

– Onun xasiyyəti murdardır. Heç vaxt onun üçün ağlamaram! O mənim üçün çoxdan ölmüşdür, lakin o məni də aciz salmaq, məni də özü kimi satmaq istəyir. Bu hal, əlbəttə, ağlamalı bir haldır. O ölməlidir, o özünün də, yoxsul iranlıların da düşmənidir. O öz rahətindən ötrü hər şeyi sata bilər. Biz onu çoxdan Təbriz mühitindən uzaqlaşdırmalı idik. Bilmirəm sən bunu bacaracaqsanmı?

Mən:

– Bəlkə də, mümkün oldu, bəlkə də, bu təhlükəli işi də başımızdan edə bildik, – deyə onu sakit elədim.


Axşam idi, Məşədi Kazım ağa, Tütünçüoğlu və Həsənağa ilə birlikdə müşavirəmiz vardı. İraida məsələsi ətrafında meydana üç təklif çıxmışdı. Tütünçüoğlu sərdar Rəşidin bacısı Mahru xanımın fikri ilə şərik olaraq İraidanı zəhərləməyi məsləhət görürdü.

Mən bu təklifi qəti surətdə rədd etdim:

– Əvvəla, İraidanın zəhər içməsi Mahruya qarşı bir şübhə oyandıra bilər, onu sərdar Rəşid cəzasız buraxmaz. Nəticədə bu işin bizim tərəfimizdən düzəldiyi meydana çıxar. İkincisi də aşpaz həbs edilər və onun vasitəsilə də hökumət bu gizlin sirrin üstünü açar və bizim bu cinayətdən xəbərdar olduğumuz məlum olar.

İkinci təklif Həsənağanın təklifi idi. O, çox qəti olaraq:

– Kəsilən başdan səs çıxmaz! – dedi. – Hamısından yaxşısı, bunu mənə tapşırın, bu gecə gedib işini bitirim. Neçə əks-inqilabçı öldürmüşəm, qoy bu da biri olsun!

Bu təklifi də rədd etdik və Həsənağanı da təklifin yaramaz olduğuna qane etdik.

Mən dedim:

– Sərdar Rəşid Ninanın Mahmud xana verilməsi ilə əlaqədar olaraq, mənimlə İraida arasında ixtilaf və ədavət mövcud olduğunu bilməmiş deyildir. Bundan başqa da sərdar Rəşidin evinə girərək İraidanı öldürmək və Mahrunu diri qoymaq yenə də böyük şübhə oyanmasına səbəb ola bilər. Bir də burası var ki, mübarizə bacarmayan bir qadını öldürmək bizə yaraşan iş deyil, hələ onun, Ninanın bacısı olduğunu da nəzərimizdə tutmalıyıq. Nina yalnız bir inqilabçı vicdanı ilə bacısının öldürülməsinə razılıq verir. Biz İraidanı öldürmüş olursaq, Nina hər halda şiddətlə sarsılacaqdır. Bu cür bir zərbə, onsuz da əsəbləri pozulmuş qızın səhhətini tamamilə alt-üst edər. Biz elə bir gərəkli yoldaşı itirə bilərik. Mən bu nöqteyi-nəzərdən, İraidanın cəzasının yüngülləşdirilməsini təklif edirəm.

Bu təklifim üzərinə sakitlik başladı. Çox fikirləşdikdən sonra Məşədi Kazım ağa:

– Nə təklif edirsiniz? – deyə soruşdu.

Mən:

– Onu oğurlamaq və Təbrizdən çıxarmaq lazımdır – dedikdə, hamı bir səslə soruşdu:

– Nə cür oğurlamaq?

– Onu mənə tapşırın. Siz ancaq hara aparmaq və harada həbsə almaq məsələsini həll etməlisiniz.

Məşədi Kazım heç düşünmədən dedi:

– O mənim işimdir. Təsvic kəndinə aparmalıyıq. Qardaşım orada yaşayır, bacım da oradadır.

Bu qərar qəbul olundu. Bu bizim sirrimizin açılmaması üçün ən əlverişli bir yol idi. O bizim əlimizdə olarkən istədiyimiz vaxt öldürə də bilərdik. Lakin mən Təbrizin bu vəziyyətdə qalmayacağı və çar hökumətinin dünya müharibəsi nəticəsində əzilləcəyini, orada vətəndaş müharibəsi düşəcəyini, çar müstəmləkələrinin azad ediləcəyini əldə etdiyimiz bolşevik mətbuatından oxuyub bilirdim.

İclasdan sonra biz Məşədi Kazım ağaya aşağıdakı vəzifəni həvalə etdik.

Məşədi Kazım bu gecə saat beşdə faytonla Təsvic kəndinə getməli, İraidanı həbs etmək üçün yer hazırlayıb gizlicə Təbrizə qayıtmalı idi.

Bu qərar da qəbul edildi. Mən:

– İndi durub gedə bilərsiniz, burada yalnız Tütünçüoğlu qalmalıdır, – dedim.

Müşavirə dağılanda saat doqquza on beş dəqiqə qalırdı. Mahrunun gəlmək vaxtı yaxınlaşırdı. Nə Hüseynəli əmi, nə də onun arvadı Səriyyə xala evdə deyildi. Mənim tapşırığıma görə, yenə də Məşədi Kazım onları evlərinə çağırmışdı.

Gecə saat 12-yə qədər onları yaşadığım binaya buraxılmamalarını tövsiyə eləmişdim.

Tütünçüoğlu bir neçə kərə: – Gəlmədi! – deyə ah çəkdi. Mən onun Mahrunu sevdiyini sərdar Rəşidin Ninaya qonaq gəldiyi gündən bilirdim. Lakin Tütünçüoğlu gənc olduğuna baxmayaraq, başqaları kimi həlli müşkül olan arzulara qapılmazdı. O bilirdi ki, çar miralayının dul arvadını, Azərbaycan valisinin bacısını, yoxsul bir gəncə verməzlər.

Buna görə də o öz sevgisini kimsəyə söyləməmişdi. Sirrini möhkəm saxlamasına baxmayaraq, onun: «O yubandı, gəlmədi!» – deyişində Mahruya qarşı olan hissi bütün coşqunluğu və dərinliyi ilə meydana çıxdı.

Ona sual verdim:

– Keçənlər keçmiş, indi də görüm Mahru xanımı necə ötürdün, nələr danışdınız?

Tütünçüoğlu, bu haqda danışmağa könlü yoxmuş kimi, ağız sürütməsi dedi:

– Heç nə, o yan-bu yandan bir neçə söz danışdıq.

– Məsələn?

– O, əvvəlcə soruşdu ki, sən cənabın faytonçusumusan?

– Dedim ki, xeyr. Soruşdu: – Bəs faytonu sən nə üçün sürürsən? – Dedim: – Əbülhəsənbəy sizin onunla görüşdüyünüz gizli qalsın deyə faytonu mənə tapşırdı.

Sonra:

– Sən onun nəyisən? – dedi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Silahlı üsyan hazırlığı

«Rus inqilabı labüddür. O, günəşin çıxması qədər labüddür!...Bu inqilabın başlıca qüvvələri şəhər və kənd proletariatı olacaqdır. Onların bayraqdarı isə siz cənab liberallar deyil, sosial-demokrat partiyası olacaqdır. Çar mütləqiyyəti tərəddüd etdiyi zaman bizim vəzifəmiz qəti hücuma hazırlaşmaqdır».

9 min
Erməni-müsəlman qırğınının zəminəsi

Bakı qubernatoru Peterburqa getməzdən bir gün əvvəl, Bakı varlıları və Bakı qoluzorluları ilə görüşmək və vidalaşmaq qərarına gəlmişdi. Bu görüş həmişəki kimi Bakıda müsəlmanlara başçı kəsilmiş olan Hacı Zeynalabdın Tağıyevin evində olacaqdı.Hacı təntənəli bir vida ziyafəti düzəltmişdi. Ziyafətdə Hacının özünə və Bakı qubernatoruna lazım olanların hamısı iştirak edirdi.

8 min
Hacı Harunərrəşid, xanımı isə Zübeydə xatundur

Xanımın sifariş verdiyi tabloları gözdən keçirmək üçün Hacı küzkülü otağa gəlmişdi. Şərq salonu düzəltmək üçün məşhur rəssam Benonun rəhbərliyi ilə düzəlmiş komisyon salona aid layihələri və çəkəcəkləri mənzərənin eskizlərini gətirmişdi. Küzkülü otaqda, nəgşəsi «Bağdad dünyası» adlı kitabdan götürülən ipək pərdələr, əlvan qəndillər asılmışdı. Bir tərəfdə şəhvət oyandırıcı Yusif-Züleyxa şəkilləri, bir tərəfdə Bağdad saraylarının fəvvarəli hovuzlarında çimən çılpaq qadınlar və onlara sərv ağacı dalından baxanların şəkli, bir tərəfdə «Əlif-Leyla»dan alınmış «Hamamçının arvadı» hekayəsinin tabloları (arvadın Bağdad şahzadəsi ilə qucaqlaşıb yatması və hamamçının qucağında uşaq qapının açar yerindən həyəcanlı bir surətdə bu vəziyyətə tamaşa eləməsi) asılmışdı.Hacı tabloların hamısına baxa bilmədi; onu telefona çağırdılar. Küzkülü otaqdan getdi, bir az sonra yenə qayıdıb gəldi, Bakı polis müdirinə məktub yazmaq üçün xanıma yanaşdı:

5 min
İki direktor arasında

Xanımın qulluqçuları elanı qapıda oxuyurkən azad nəfəs almağa başladılar. Jenya da bu vəziyyətdən istifadə elədi; günorta yeməyindən sonra Mixaylovski və Kutilevskinin görüşünə getdi. O, bu gün bir neçə tələbə ilə görüşəcək və təşkilat məsələlərini müzakirə edəcək idi. Əvvəl Kutilevskinin evinə getdi. Onu iş otağında görmək istəyirdi.Kutilevskinin icazəsi ilə Jenyanın imtahana hazırlıq işinə kömək edən tələbələr də Kutilevskinin iş otağına toplandılar. Bunlar hamısı orada təşkil olunmuş sosial-demokrat dərnəyinin üzvləri idi. Kutilevski özü orada deyildi.

7 min

Poems by other poets