Page 3 of 4 · 50%

– Qardaşıyam! – dedim.

– Doğma qardaşımı?

– Doğmadan daha artıq!

– Sən də onunla bir işdəmi çalışırsan?

– Bəli.

Bu cavabım ona xoş gəldi:

– O da yaxşı adamdır, onun dostları da yaxşı adamlardır! – dedi.

Mənim maraqlandığıma görə Tütünçüoğlu bunu da qeyd etdi:

– O, qapıya bir az qalmış faytonu saxlatdırdı. Əlimi sıxdı, ayrılıqda:

– Əbülhəsənbəyə təşəkkürümü yetir, – deyib getdi.

Burada Tütünçüoğlu bir az susdu, sonra dərin bir ah çəkərək yenə dedi:

– Bəs bu harada qaldı? Nə üçün gəlmədi?

Bu dəfə mən ondan açıqca:

– Sən onu sevirsənmi? – soruşdum.

– Sevdim nə olacaq?..

– Bəlkə, o da səni sevir.

– Bu tezkən?..

Doğrudan da, tez idi, buna görə də, mən bu suala cavab verməyib Mahrunu təriflədim:

– İnqilabçı qızdır. Bizə də çox hörməti var, eybi bircə budur ki, sərdar Rəşidin bacısıdır.

Tütünçüoğlu etiraz etdi:

– Mənə elə gəlir ki, o, inqilabçı deyil, bizə hörməti də inqilabçı olduğumuzdan deyil.

– Bəs?

– Onun bizə yaxın gəlməsinin iki başlıca səbəbi vardır ki, onlardan biri: onun millətçi olduğu, bir də qardaşına ədavət bəsləməsidir. Burada mən bir şey də deməliyəm: mənə elə gəlir ki, Mahru sərdar Rəşidin bacısı deyil. Qız nə xasiyyət, nə əqidə, nə də sifətcə sərdar Rəşidə bənzəmir.

Qapı yavaşca vuruldu. Tütünçüoğlu cəld qapıya yüyürdü. Bir dəqiqədən sonra Mahru xanım qabaqca, dalısınca da Tütünçüoğlu içəri girdi.

Mahru hələ mən danışmadan salamlaşıb: – İcazə verin çarşafı götürüm, – dedi.

Çarşafı başından götürdükdə Tütünçüoğlu onu alıb səliqə ilə divanın üstünə qoydu. Mahrunu çay stolunun başında əyləşdirdik. Tütünçüoğluna eşitdirmədən ondan soruşdum:

– Tütünçüoğlundan gizli sözümüz olacaqmı?

O, yavaşcadan cavab verdi:

– Siz ona inanırsınızsa, yox.

Heç bir vaxt güldüyünü görmədiyim Mahru yenə də qəmli idi. Bu məhzun qadına qüssəli olmaq çox yaraşırdı, ona elə təbii bir vüqar və qürur verirdi ki, insan, bu qadının qəm və kədər çəkmək üçün yaşadığını və hüznün bu incə qadının əsas gözəl sifəti olduğunu etiraf etmək məcburiyyətində qalırdı. Onun vüqar və ciddiyyəti, dərin hüznü, hər kəsdə, dost olmayan adamda belə özünə qarşı bir hörmət oyandıra bilmək qüvvətinə malikdi. Biz hüzn və qürur heykəlinin qarşısında susur, onun özünün danışacağını gözlərkən o gözəl başını qaldırıb dedi:

– İş bu yerdədir. İraida kağızı məndən tələb edir, bunu qardaşıma və konsula xəbər verəcəyilə məni hədələyir. Lakin mən onu bilirəm ki, əhvalatı konsula deyə bilməyəcəkdir, çünki Ninanın fəlakətə düşə biləcəyindən qorxur.

Mən böyük bir ehtiyatla Mahruya belə bir sual verdim:

– Siz bizim işimizdə axıra qədər iştirak edəcəksinizmi?

Bu sual onu duruxdurdu. Aydındı ki, o bu sualı gözləmirdi, bununla belə o tezliklə özünü toplayaraq soruşdu:

– Siz nə iş görürsünüz ki?

– Bizim gördüyümüz iş, ən qiymətli bir arzunun yerinə yetməsində sizə kömək edəcəkdir.

– Söz verirəm. İnanınız ki, məni sizə mühüm bir sirr bağlamışdır. Sizin məqsədinizin nə olduğunu, bəlkə də, yaxşı bilmirəm, bildiyim bir şey varsa, o da sizin acizlərin tərəfdarı olduğunuzdur. Mən də bu işin tərəfdarıyam. Bu məqsədə xidmət etmək üçün sizə öz sədaqətimi göstərmədimmi?

– Göstərdiniz, bunun üçün də mən bir saat əvvəl bu gördüyün yoldaşıma haqqınızda dediklərimi sizin üzünüzə deyirəm: Siz gələcək inqilabçı oğulların və kölələk zəncirini qırıb atan mübarizəçi qızların anasısınız. Siz bunu yaxşı dərk etməli, azadlıq uğrunda apardığımız mübarizədə canla-başla iştirak etməlisiniz. Bunu da bilməlisiniz ki, bizim işimiz elə işdir ki, bəzən insan öz qardaşının da əleyhinə çıxmalı olur.

Mahru dərhal nə demək istədiyimi başa düşdü:

– Bilirəm, nə demək istədiyinizi anlayıram! – dedikdən sonra, qətiyyətlə bunu da xəbər verdi:

– Mənim qardaşım yoxdur. Sərdar Rəşid mənim qardaşım deyildir!

– Doğrudanmı?

– Doğrudan. Mənim ona bacı sayıldığım qanlı bir facienin nəticəsidir. Hərgah cənabınız bundan maraqlanırsa, söhbət edə bilərəm.

– Danışınız!

– Mənim atam sərdar Rəşidin atasının bağbanı idi. Mən o vaxt yeddi yaşında idim. Onun atası hər gün bağa gələrkən mənim və anamın kefini soruşar və bizimlə saatlarca söhbət edərdi. Atam bundan xoşlanmırdı, anam da atama bizim oradan köçüb getməyimizi məsləhət gördü. Biz onun bağını buraxdıq. Payız vaxtı idi. Ərdəbildən çıxıb Mehrevdan mahalına getmək istədik. Gecə vaxtı idi. O, adamlarını göndərib atamı yolda öldürdü və bizi də Ərdəbilə qaytardılar. Onun zalım atası anamın yaxasından əl çəkmirdi. Ərdəbil müctəhidi Mirzə Ələkbərə şikayətə getdik. O da anamın ərə getməsini məsləhət gördü. Bacarmadıq, axırda yazıq anam öz istəkli ərinin qatilinə ərə getməyə məcbur oldu. Mən də anamla bərabər yaşayırdım. Anam da öldü, o məlun da ölüb getdi, mənsə orada düşüb qaldım, çünki bir adamım yox idi. Mən elə bilirdim ki, sərdar Rəşid Ərdəbil hakimidir, varlı və heç bir şeyə ehtiyacı olmayan bir adamdır. Məni atasının və anamın xatirinə öz bacısı kimi saxlamaq istəyir. Lakin mənim fikrim boşa çıxdı. O, Təbrizə gələndən sonra mənimlə çox namussuzcasına rəftar etməyə başladı. O, gecələr bir neçə kərə durub mənim yatağıma gəldi. Qışqırdım, səsə arvadı yuxudan ayıldı, lakin o da mənə kömək vermirdi, çünki o, arvadının da əxlaqını pozmuşdu. O, döşündən asdığı «İqabi-Səfid» nişanını Rusiya hökumətindən öz arvadının bahasına ala bilmişdir. Siz bilmirdiniz, o, İraidanı almamışdan əvvəl öz arvadını faytonu qoyub Şahzadə bağındakı rus məmurları hüzuruna aparırdı. Nəhayət, arvadın qardaşları bunu eşitdi, gəlib bacılarını apardılar. O məni dinc buraxmırdı, gecələr onun qorxusundan yata bilmirdim. Mənə yardım vermək istəyən qulluqçu qadınlar birinci həftədə evdən qovulurdu. Son vaxtlar yanımda bir şüşə zəhər saxlayırdım. O mənə yaxınlaşarkən şüşəni çıxarıb içmək istəyirdim, o isə çəkilib gedirdi. O mənim namusuma toxuna bilmədi, bunun üçün də məni cəzalandırmaq niyyəti ilə heç sevmədiyim, insan yerinə qoymadığım bir adama ərə vermək istədi. O, bir sərxoş kazak zabiti idi. Konsulxana mühafizəsində duran kazakların rəisi idi. Onu bir neçə kərə evə qonaq gətirdi. Məni onun yanında buraxıb çıxdı. Zabit mənə təcavüz etmək istədikdə mən şüşə və stəkanları onun başına vurub qaçdım. Bunun üçün də o məni döydü. Bir neçə həftə qaranlıq bir otaqda həbs elədi. Məni Smirnova ərə getməyə məcbur edən də vəziyyətimin belə ağırlığı oldu. Smirnovu bir neçə kərə görmüşdüm. O, gözəl bir adam idi. Lakin qızların hər sevdiyi adama getməsi vacib olmadığı kimi, mənə də sevdiyim Smirnova ərə getmək vacib deyildi. Mən öz namusumu sərdar Rəşiddən və onun mənə namizəd seçdiyi sərxoş kazak zabitindən mühafizə etmək üçün Smirnova getməyə qərar verdim. Lakin yenə də mənim yaxam onun əlindən qurtarmamışdı. Sərdar yenə də namussuzluğunda davam edirdi. O yalnız məni deyil, öz sevdiyi İraidanı da əxlaqsızlığa öyrətməyə çalışırdı. Onu çar zabitlərilə tanış edirdi. İraida hələlik buna imkan verməsə belə, nəhayət, buna məcbur ediləcəkdir.

Mən və Tütünçüoğlu, hər ikimiz onu diqqətlə dinləyirdik. O, sözünü qurtardıqdan bir neçə dəqiqə sonra belə, biz bu sərgüzəştin təsirinin altından özümüzü qurtara bilməmişdik. Hələ İraidanın da yoldan çıxarılması xəbəri də məni düşündürməyə başlamışdı. Nə cür olsa, o yenə də Ninanın bacısı idi.

Mahruya təsəlli verərək, bizim yolumuzun təmizliyindən, bizim məqsədimizi təqib edənlərin ən namuslu adam olduqlarından danışdım və nəhayət, dedim:

– Qadınlarımızın qeydinə qalmaq, onları namussuz hakimlərin, mülkədarların, yüzlərcə, minlərcə sərdar Rəşidlərin təcavüzündən qurtarmaq istəyirsinizsə bizə qoşulun!

Sonra ona bu vədi verdim:

– Birinci növbədə sizi sərdar Rəşidin əlindən qurtarmağa çalışacağam. Sizə azad bir qadın kimi yaşamaq və sevdiyiniz bir adamla ailə qurmaq imkanını yaradacağam.

Mahrunun gözlərinə bir ümid parıltısı gəldi, hüzn və ciddiyyət yağan çöhrəni bir anda ilıq bir məmnuniyyət ifadəsi qapladı. O həyəcanla:

– Sizin sərəncamınızdayam! – dedi.

Mən dərhal onunla əməli söhbətə başladım:

– Sərdar Rəşidin evində kimlər gecələyir?

– Xidmətçilər və aşpazlar axşam saat ondan sonra evlərinə gedir. Evdə qalan yalnız ixtiyar bir qadındır, o da İraida xanımın kiçik buyuruqlarını yerinə yetirmək üçün qalır.

– Həyətdə və qapıda gözətçi dururmu?

– Xeyr.

– Siz İraida ilə bir otaqdamı yatırsınız?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Silahlı üsyan hazırlığı

«Rus inqilabı labüddür. O, günəşin çıxması qədər labüddür!...Bu inqilabın başlıca qüvvələri şəhər və kənd proletariatı olacaqdır. Onların bayraqdarı isə siz cənab liberallar deyil, sosial-demokrat partiyası olacaqdır. Çar mütləqiyyəti tərəddüd etdiyi zaman bizim vəzifəmiz qəti hücuma hazırlaşmaqdır».

9 min
Erməni-müsəlman qırğınının zəminəsi

Bakı qubernatoru Peterburqa getməzdən bir gün əvvəl, Bakı varlıları və Bakı qoluzorluları ilə görüşmək və vidalaşmaq qərarına gəlmişdi. Bu görüş həmişəki kimi Bakıda müsəlmanlara başçı kəsilmiş olan Hacı Zeynalabdın Tağıyevin evində olacaqdı.Hacı təntənəli bir vida ziyafəti düzəltmişdi. Ziyafətdə Hacının özünə və Bakı qubernatoruna lazım olanların hamısı iştirak edirdi.

8 min
Hacı Harunərrəşid, xanımı isə Zübeydə xatundur

Xanımın sifariş verdiyi tabloları gözdən keçirmək üçün Hacı küzkülü otağa gəlmişdi. Şərq salonu düzəltmək üçün məşhur rəssam Benonun rəhbərliyi ilə düzəlmiş komisyon salona aid layihələri və çəkəcəkləri mənzərənin eskizlərini gətirmişdi. Küzkülü otaqda, nəgşəsi «Bağdad dünyası» adlı kitabdan götürülən ipək pərdələr, əlvan qəndillər asılmışdı. Bir tərəfdə şəhvət oyandırıcı Yusif-Züleyxa şəkilləri, bir tərəfdə Bağdad saraylarının fəvvarəli hovuzlarında çimən çılpaq qadınlar və onlara sərv ağacı dalından baxanların şəkli, bir tərəfdə «Əlif-Leyla»dan alınmış «Hamamçının arvadı» hekayəsinin tabloları (arvadın Bağdad şahzadəsi ilə qucaqlaşıb yatması və hamamçının qucağında uşaq qapının açar yerindən həyəcanlı bir surətdə bu vəziyyətə tamaşa eləməsi) asılmışdı.Hacı tabloların hamısına baxa bilmədi; onu telefona çağırdılar. Küzkülü otaqdan getdi, bir az sonra yenə qayıdıb gəldi, Bakı polis müdirinə məktub yazmaq üçün xanıma yanaşdı:

5 min
İki direktor arasında

Xanımın qulluqçuları elanı qapıda oxuyurkən azad nəfəs almağa başladılar. Jenya da bu vəziyyətdən istifadə elədi; günorta yeməyindən sonra Mixaylovski və Kutilevskinin görüşünə getdi. O, bu gün bir neçə tələbə ilə görüşəcək və təşkilat məsələlərini müzakirə edəcək idi. Əvvəl Kutilevskinin evinə getdi. Onu iş otağında görmək istəyirdi.Kutilevskinin icazəsi ilə Jenyanın imtahana hazırlıq işinə kömək edən tələbələr də Kutilevskinin iş otağına toplandılar. Bunlar hamısı orada təşkil olunmuş sosial-demokrat dərnəyinin üzvləri idi. Kutilevski özü orada deyildi.

7 min

Poems by other poets