Page 2 of 3 · 33%

Hüsaməddin etirazla dedi:

– Yox, Qətibə, siz belə məsləhətləri mənə verməyin, siz bu xidməti mənim xatirim üçün deyil, şairi sevgilisindən ayırıb öz sevginizə bağlamaq üçün mənə təklif edirsiniz. Siz məni inkar etsəniz belə yenə də məndə qəhrəmanlığa məxsus bir düşüncə vardır. Hərgah şair qızı sevirsə, qoy sevsin, mən başqasının sevgisinə mane olmaq istəmirəm. Öz sevgimi başqa sevgilərə dəyişmək istəmirəm. Səba xanımın iş düzəltməsinə gəldikdə, onun nə oyun oynamaq istədiyi mənim üçün aydındır. O əvvəlcə Əbül-Ülanın qızı Mahtab xanımdan mənə məktub aparıb gətirirdi. Nəhayət, məktubların özü tərəfindən düzəldiyini bildim, bundan əli üzüldükdən sonra özü mənə sevgi elan etməyə başladı və Mahtab xanım məsələsində məndən əldə etdiyi hədiyyələri özümə qaytarmaq istədi. Lakin mən ona dedim ki, Qətibəni sevirəm, o zaman o sizin barənizdə də mənə ümidlər verdi, mən də ona inandım, çünki sizin öz hərəkətləriniz də mənə haqq qazandırırdı. Sonralar o sizin yanınıza gələndən sonra mənə Rənanı tərifləməyə başladı, hətta o qızdan mənə məktublar da gətirdi, ancaq mən daha ona inanmadım, çünki son oyunların Qətibə tərəfindən təşkil olunduğunu bilirdim. Dilşadın bədbəxtliyinə də səbəb sizin Səba xanım oldu. Fəxrəddinə məktub göndərərək onu iğfal edib, Dilşada məktub gətirmək macərası da onun işidir. Lakin o, bu oğlanı o qızla, o qızı bu oğlanla birləşdirmək istərkən, özü Əmir həzrətləri ilə birləşdi, özü Əmirin hərəmləri cərgəsinə daxil oldu.

Qətibə ona acıqla qışqırdı:

– Kəs səsini! Bu sözü bir də danışma, yoxsa anam eşidib özünü öldürər. Mənim atam xəlifənin damadıdır, Səba kimi cariyələri öz şərəfinə nail etməz. Sən ancaq öz sevgi düşüncələrini buraxdıqdan sonra mənim mərhəmət və mükafatıma nail ola biləcəksən. Sən məndən umduğun sevgiyə nail ola bilməyəcəksən. Bu kimi fikirlər, bizim tanışlıq və dostluğumuzu da məhv edə bilər. Mənim bir tərəfim ərəbdir. Ərəb qızının sözü bir olar. Sənə bir kərə “yox” demişəm, yenə də deyirəm: yox!

Hüsaməddin də qəti olaraq dedi:

– Mən də sizə deyirəm: nə babanız xəlifədən, nə də atanızdan qorxuram. Sizə elan edirəm: yeddi padşahın birisindən boşanıb o birisinə getsəniz də, sizi xoşbəxt olmağa qoymayacağam. Qətibə, siz bu sözümü unutmayın, siz mənim olmasanız da, heç kəsin də olmayacaqsınız, sizin xoşbəxtliyiniz mənə qismət olmazsa, bədbəxtliyiniz mənim əlimlə olmalıdır.

Qətibə bunun cavabında:

– Heç kəsin əlində olmasam belə, sənin əlində də olmayacağam; gəl ikimiz də öz iqbalımızı sınayaq, – dedikdə, Hüsaməddin də:

– Eybi yoxdur, gəlin sınayaq, – deyərək atın başını çevirdi. Qətibə də taxt-rəvanın ipək pərdəsini saldı.


Fəxrəddin Dilşadın taxt-rəvanla Məhsəti xanımın istiqbalına getdiyini eşidib sevindi. Onunla çoxdan görüşməmişdi. Səba xanımın düzəltdiyi macəranı aydınlaşdırmaq üçün özü Dilşadla danışmaq istəyirdi. Nizamidən ayrılıb gerilədi. Atın başını taxt-rəvanlar gedən tərəfə çevirib Dilşadın taxt-rəvanını axtarırdı. Ən geridə gedən taxt-rəvanın abı atlas pərdəsi qalxdı, oradan bir əl eşiyə çıxıb yaxına gəlmək işarəsi verincə, Fəxrəddin həmən əli qolbağından tanıdı və atını irəli sürdü.

Dilşad pəncərədən Fəxrəddini görüncə ağladı və:

– Ah, Fəxrəddin! Sən mənim üçün nə işlədin?! – dedi.

Fəxrəddin onun cavabında dedi:

– Özünü ələ al, mənim ruhum, vaxt azdır, məsələni aydın etmək lazımdır. Sən onu bil ki, o məktubu sənə mən yazmışam.

– Hansı məktubu?

– Mənə göndərdiyin məktuba cavab olaraq yazdığım məktubu.

– Mən heç vaxt səndən məktub almamışam. Sənə məktub da göndərməmişəm.

– Sən Səba xanımla mənə sifariş göndərməmişdin?

– Mən Səba xanıma heç bir söz deməmişəm, sənə də sifariş göndərməmişəm. Sən nə fikirlə ona inanıb məktub verdin? Haman məktubu gətirib Əmirə verdilər. Neçə müddətdir ki, həbsdəyəm. O həyasız cariyə məni məhv etdi. Sən onun sevgisini rədd etdiyin üçün, o, sənin intiqamını məndən aldı.

Bu sözlərdən sonra Fəxrəddinin damarlarında qan qaynamağa və beyni alovlanmağa başladı, eyni zamanda ağılsız və sadə bir hərəkətdə bulunduğu üçün utanmağa və öz-özünə nifrət etməyə başladı.

O, yalnız qısa bir cümlə ilə:

– Məni bağışla, Dilşad, – dedi, – hər nə olubsa keçibdir, indi artıq kədərlərin və ayrılıqların sonu yetişmişdir.

Dilşad ah çəkdi:

– Ah, Fəxrəddin, sən yenə də aldanırsan. Kədərlər və ayrılıqlar ancaq indi-indi başlanır. Əmir fürsət əldə edən kimi məni xəlifəyə göndərəcəkdir, sən bunu anlaya-anlaya həm məni, həm də özünü iğfal edirsən.

– Sən Əmirin bir də müvəffəqiyyət qazanacağına inanma. Hökumət Eldəniz oğlanlarının əlində möhkəm olsa belə Əmir İnancın hökumət başında qalacağına inanmıram. Onlar hökumətlərinin gələcəyini təmin etmək üçün iş başına öz adamlarını qoymağa çalışacaqlar. Səlcuq şahzadələri, dövlətlərinin süqut etdiyinə baxmayaraq, Kirmanda, İraqda, hətta Musildə belə hökumət düzəltməyə başlayıblar. Buna görə də Eldəniz oğlanları ehtiyatla hərəkət etməyə məcburdurlar. Onlar səlcuqlar dövründən Azərbaycanda hökumət sürən adamları, heç şübhə yoxdur ki, iş başında qoymazlar. Hazırda Şərq ölkələrində baş verən siyasi hadisələr də bizə xoşbəxtlik ümidi verir. Çünki xəlifə səni əldə edənə qədər yaşaya bilməyəcəkdir.

Dilşad yenə də Fəxrəddinin verdiyi ümidlərə inana bilmədi və:

– Fəxrəddin, xoşbəxtlik üçün hadisələrdən ümid gözləmək sadəlikdir, – dedi. – Məni gözləməkdə olan bədbəxtlik çox yaxındır. Hərgah mənə nicat vermək fikrin varsa, məni saraydan götürüb bir tərəfə qaçır. Biləks vaxt keçir.

– Əmin ol, bizim bədbəxtliyimizə səbəb olmaq istəyənlər xoşbəxt olmayacaqlar. Mən bu xoşbəxtliyi onların qəbirləri üzərində quracağam, mən səni saraydan bir oğru kimi yox, bir qəhrəman kimi azad edib Biləqana göndərəcəyəm. Sən öz ata-ananı görüb, bütün kədərlərini unudacaqsan. Dilşad, yalnız sən deyilsən, mən sarayın o mənhus hasarını yıxıb yüzlərcə bədbəxti oradan qurtaracağam. Sən mənə inan. O hasarı, o təntənəli, fəqət zülm və sitəmlərlə dolu olan sarayı yıxıb yerində qəbiristan yaratmasam, mən Fəxrəddin deyiləm. Mən sənə nicat verməklə yüzlərcə bəzəkli və qiymətli daşlara donatılmış əsirlərin boynundakı o gözəgörünməz zəncirləri də qıracağam. Ancaq sən bunu bir kimsəyə danışma, saray xalqı əsir olsa da, gözəgörünməz sitəmlərin altında əzilməklə bərabər yenə də qorxulu xalqdır, çünki orada rahat yaşamaq üçün başqasının rahətini əlindən almağa məcburdurlar. Oradakı xoşbəxtlik ən iyrənc bir bədbəxtliyin üzərində qurulubdur.

Dilşad Fəxrəddinin bu sözlərini təsdiq edərək dedi:

– Doğrudur, Fəxrəddin. Orada qısqanclıq və intiqam fitnələrindən başqa heç bir şey yoxdur. Xüsusən Əmir tərəfindən sevilən cariyələr Əmirin baş hərəmi Safiyə xatun tərəfindən təhqir edilirlər. Sən onu bil ki, cariyələrin sarayda eşitdiyi söyüşləri dünyanın ən ədəbsiz və əxlaqsızlarının ağzından da eşidə bilməzsən. Məni bağışla, Fəxrəddin, sarayda fahişə olmayanlar belə fahişə həyatı keçirirlər. Onlar Əmirin şəhvətini coşdurmaq və “şərəfə” nail olmaq üçün cürbəcür oyunlar düşünməyə məcburdurlar. Burada yaltaq olmamaq da çətindir. Xacə Müfiddən başlayaraq ən adi bir xidmətçiyə qədər hamının cariyələr üzərində hökmü vardır. Çünki onların Əmirə apardığı xəbərlər ancaq özlərinin düşünüb toxuduqları xəbərdir. Sarayda söz gəzdirməyən, yalançı olmayan, bir-birini satmayanların yaşaması mümkün deyil. Safiyə xatun məni ərinə qısqandığı üçün, öz xüsusi xacəsi Zürrəsi mənim üzərimdə gözətçi qoymuşdur. O, çox iyrənc bir ərəbdir, onu hər dəfə gördükdə bayılmaq dərəcəsinə gəlirəm. İndi özün düşün gör mən nə qədər iyrənc bir adamın iradəsindən asılıyam. Sən mənim bu həyatıma acıyıb onu dəyişdirməsən, mənim intihar etməkdən başqa bir çarəm qalmayacaqdır.

Fəxrəddin yenə də Dilşada ümidlər və vədlər verib ayrıldı, çünki daldan gələn olduqca təntənəli bir taxt-rəvan yetişmək üzrə idi. Bu taxt-rəvanı dörd nəfər atlı gətirirdi. Sonradan məlum oldu ki, bu taxt-rəvanda Səba xanım gəlirmiş, onu müşayiət edən atlılar isə Əmirin xas atlıları idi; bununla da hər kəs Səba xanımla Əmirin arasında qırılmaz bir əlaqənin mövcud olduğunu təyin etdi. Saraydan istiqbala gələnlərin çoxu Səba xanımın yenə də təzə bir macəraya hazırlandığını düşünür və qorxurdu.

Pəncərə açıq olduğundan Fəxrəddin Səba xanımı tanıdı. Səba xanım ona əhəmiyyət vermədi, çünki onun Dilşad ilə görüşdüyünü görüb macəranın ifşa edildiyini anlayırdı.

Səba xanım bunun üçün də taxt-rəvanını Dilşadın oturduğu taxt-rəvanın dalınca sürüb, onun kimlərlə danışdığını təqib edirdi. O, Fəxrəddinin atının başını görüncə qorxusundan bədənindəki damarlar belə çəkişməyə başladı. Çünki o, ifşa edilmiş xəyanətin Fəxrəddin tərəfindən əfv edilməyəcəyini bilirdi. O, Fəxrəddinə qarşı tutduğu etinasız vəziyyətini davam etdirə bilmədi. Atlılardan birisini Fəxrəddini çağırmaq üçün göndərdi, lakin Fəxrəddin onun dəvətinə etina etmədi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets