Jenya milyonçu evində
Page 2 of 2 · 50%
Xanım diktə etməyə başladı:
– Dördüncü, beşinci və altıncı qarderobda asılan paltarlar silinmiş və ütülənmiş paltarlardır.
Yeddinci, səkkizinci, doqquzuncu və onuncu qarderobda olanların silinməsi və ütülənməsi lazımdır.
On birinci, on ikinci və on üçüncü qarderoblarda modadan düşmüş paltarlardır.
Jenya xanımın dediklərini lazımınca yazdı, ayağa qalxıb stolun yanında durdu. Qulluqçu rus qadını Jenyanın yazdığı kağızı aparıb xanıma verdi.
Xanım Jenyanın yazısını oxudu və onu ayağından başına qədər gözdən keçirdi.
Hənifə xanıma dedi:
– Anlaşılacaq, aydın, gözəl və bişmiş xətti vardır. Hər işi yazısı kimi olsaydı, bunu qulluğa götürərdim.
Xanım papirosundan bir nəfəs çəkib Jenyaya sual verməyə başladı:
– Ev işlərində necəsən? Bir şey bacarırsanmı?
– Bacarıram.
– Kimdən öyrənmisən?
– Anamdan öyrənmişəm.
– Anan sağdırmı?
– Yox, sağ deyildir.
– Bakıda qohumlarınız, tanışlarınız vardırmı?
– Heç kəsim yoxdur.
– Bəs sənin doğru qulluq edəcəyinə kim zamin olacaqdır?
– Mən general Əlixanovun evində oluram. Krasnoyardan gələn gündən onun qulluqçusunun yanında qalıram. Xüsusən, cənab generalın xanımı Zərrintac xanım mənim təmiz qız olduğumu bilir.
Hənifə xanım bu sözə:
– Daha nə istəyirsiniz? — dedi. — Zərrintac xanımla da danışmaq lazımdır.
Xanım suallarını kəsmədi:
– Bədənində yaran-zadın yoxdur ki?
– Yoxdur!
– Xəstə olmusanmı?
– Yox, olmamışam.
– Dişlərinin hamısı yerindədirmi?
– Bəli, yerindədir.
– Ərə gedib boşanmısan ki?
– Yox, ərə getməmişəm.
Suallar bitdi, bundan da Jenya, bütün mərhələlərdən keçdiyini zənn etdi. Onun fikrinə görə ikicə söz qalmışdı ki, o da «hə» və ya «yox» sözündən ibarət idi. Lakin Jenya yanılırdı. Hacının kaprizli xanımının qulluqçusu olmaq üçün hələ çox mərhələ qalmışdı.
Xanım orta yaşlı rus qadınına dedi:
– İndi apar görüm nə çıxacaqdır.
Rus qadını Jenyanı götürüb başqa bir otağa apardı. Jenya gedirkən xanım ona daldan baxıb Hənifə xanıma dedi:
– Bu rus qızının yerişi də xoşa gələn yerişdir. Heç ev qulluqçusu yerişinə oxşamır. Qonaq yanına çıxarmalı qızdır.
Rus qadını Jenyanı bir otağa salıb dedi:
– Paltarını çıxar. Xanıma qulluqçu olmaq istəyən hər kəs yoxlanılmalıdır.
Rus qadını Jenyanın sağlamlığını yoxlayırkən Jenya sanki dörd il bundan əvvəl oxuduğu «Qızlar və oğlanlar dünyası» sərlövhəli romanın birinci fəslini yenidən oxuyurdu.
Jenya bütün bu tabloları xəyalından keçirdiyi zaman rus qadını da onun bədəninin sağlamlığını yoxlayıb qurtardı.
– İndi paltarını geyə bilərsən! — dedi və bayıra çıxdı.
Jenya alnının tərini sildi, paltarını geyinə-geyinə özözünə dedi: «Oxuduqlarım fantaziya deyilmiş. Şərq dövlətləri yenə də qızlara xəlifə saraylarında baxılan gözlə baxırlar».
Jenya otaqdan çıxıb Hacının xanımı əyləşən salona gəldi. Onu müayinə edən rus qadını deyirdi:
– O ki lazımdır yoxladım. Bədəni çox sağlamdır, heç bir yarası-filanı yoxdur. Döşlərindən də məlumdur ki, arvad deyildir. Ağzını qoxladım, heç iy gəlmir. Dişləri də təmiz və sağlamdır. Çorablarını çıxarıb ayaqlarını yoxladım, pis iy duymadım. Qoltuqlarından da tər iyi gəlmir.
Xanım Jenyanı irəli çağırdı, onun çənəsini sıxaraq:
– Səni qəbul edəcəyəm, — dedi, — qəbul şərtləri də budur: birinci, onu bilməlisən ki, burada müəyyən iş saatları yoxdur. Sən gecə-gündüz burada yaşayacaqsan!
İkinci, sənə maaş olaraq ayda on manat verəcəyəm. Yeməyin, içməyin, hər bir ehtiyacın da veriləcəkdir. Buna razısanmı?
Jenya sevindi, çünki burada olmaqla həm özünü idarə edəcək, həm də aldığı maaşla xəstə atasına kömək edəcəkdi. Bundan başqa milyonçunun həyatı ilə tanış olacaq və bəzi sirləri də öyrənəcəkdi.
Buna görə də heç də təxir etmədi:
– Bu şərtlərə razıyam, — deyib başını aşağı saldı.
Jenya qulluqçu qəbul olunandan üç gün sonra vəzifəsinə başlaya bildi, çünki xanımın modadan düşmüş paltarlarından Jenya üçün tikilən paltar ancaq üç gündən sonra hazır ola bilmişdi.
Səhər saat onun yarısında, on səkkiz nəfər gənc qız və qadın qulluqçusu xanımın yataq otağı qapısında durmuşdu. Hamısı, xanımın yuxudan durmasını gözləyirdi.
Zəng vuruldu. Nömrə göstərici aparatın altında kiçik bir kağız üstündə «Çayçı qız» yazılmışdı.
Çay verici qız tələsik içəri girib yenə də çıxdı və çay otağına getdi. Gümüş padnosda bir stəkan süd, bir neçə şor və yağlı çörək, iki dənə də badamlı çörək gətirib içəri girdi.
İkinci zəng vuruldu. Jenya nömrə göstərici aparata baxdı. «Paltarçı qız» sözlərini oxudu, əlində bloknot və qələm içəri girdi. Xanım süd və yağlı çörəkləri yeyə-yeyə tumboçkanın üstündə qoyulmuş paltar cədvəlini Jenyaya göstərərək dedi:
– Üçüncü, doqquzuncu, iyirmi birinci, həştad birinci, yüz beşinci nömrəli paltarları gətirərsən.
Xanım hələ yerinin içində oturmuşdu. Yağlı və şor çörəkləri yeyir və papiros çəkirdi.
Xanım çayını içib qurtarmamışdı ki, Jenya bloknota yazdığı paltarları gətirdi. Xanım əvvəlcə alt paltarlarını tamamilə çıxarıb yenilərini geydi, üstündən qar rəngli əlvan telli bir Şanxay xalatı örtdü. Geyinməkdə xanıma iki nəfər rus qadını kömək edirdi.
Üçüncü zəng vuruldu. İki gənc qız içəri girdi: Hacının xanımını çimdirmək üçün vanna otağına apardılar.
Xanım vannada çiməndə çıxardığı paltarlar siyahıya alınıb paltar yuyan qadına verilirdi. Siyahının altından da qol qoydurulurdu.
Xanımı çimdirən qadınlar vanna otağından çıxdıqdan sonra massaj edən qadın içəri girdi.
Massaj qurtardı. Xanımı bəzək otağına gətirdilər. Xanım orada da yumşaq bir divan üzərində uzanıb bir papiros çəkdi, on beş dəqiqə istirahət etdikdən sonra, divanın yanındakı zəngi basdı.
Bəzəkçi qadınlar içəri gəldilər. Xanım divanın yanındakı cədvəli göstərərək, hansı ətir, hansı pudra, hansı dodaq pomadasını istəyəcəyini bəzəkçi qadınlara göstərdi:
– Pudra iyirmi birinci nömrə; odekolon qırx birinci nömrə, ətir otuz ikinci nömrə. Dodaq pomadası doqquzuncu nömrə.
Bəzəkçi qadınlar xanımın istədiyi şeyləri şkaflardan götürüb, stolun üstünə düzdülər.
Bəzək başlandı, xanım stolun yanındakı zəngi basdı. Jenya içəri girdi, xanım paltar cədvəlinə baxıb dedi:
– Dördüncü qarderobdan birinci və ikinci nömrələri, beşinci qarderobdan səkkizinci və on birinci nömrələri, altıncı qarderobdan üçüncü nömrəni, yeddinci qarderobdan beşinci nömrəni, doqquzuncu qarderobdan ikinci nömrəni.
Jenya deyilənləri bloknotuna yazdı, hazırlamaq üçün getdi.
Bəzək qurtardı. Xanımı geyindirib qurtardılar. Xanım çay stolu başına keçməmişdən əvvəl zəngi basdı. Bufetçi gəldi, səhər çayı üçün lazım olan yeməklərin siyahısını gətirdi. Xanım səhər çayı üçün nə kimi yeməklərin hazır edilməsini əmr etdi.
Xanım çay stolu başına keçdi.
Paltarçı qız çıxarılan paltarları yuyanlara, təmizləyənlərə və ütüləyənlərə verdi. Bəzəkçilər bəzək otağında, vannaçılar hanna otağında, çay verənlər çay otağında işlərinə məşğul oldular.
Samovarın yanında xanım özü oturdu. Hacının öz xanımı ilə çay içməyə gələcəyinə yarım saat qalmış havanı təmizləmək üçün bütün qapılar və böyük şüşəli pəncərələr açıldı. Hacı gəldi, çay stolu başına keçdi.
Çay içilib qurtardı, stol yığışdırıldı. Ancaq bundan sonra xanım qulluqçulara çay içməyə icazə verdi.
Jenya paltar otağından qayıtmamışdı. O çay otağına girəndə Yevdokiya İvanovnanın ağladığını görüb təəccüb elədi. Səbəbini soruşa bilmədi, çünki ev qulluqçularının heç birisilə tanış deyildi. Heç bir söz demədən gəlib çay stolunun bir tərəfində oturdu. Çay verən qadın onun da qabağına iki parça şəkər, üstündə pendir olan iki parça çörək qoydu.
Stol başında oturanların hamısı qəmkin idi, Yevdokiya İvanovna isə ayaq üstündə durub içini çəkirdi. Xanım dişində papiros içəri girdi və Yevdokiya İvanovanın üstünə qışqırdı:
– Əli uzun pişik, get kontora hesabını al! Tərbiyəsizin biri, sizdən adam olmaz! Mən sizə yüz dəfə demişəm ki, mənim stolumdan qayıdan yeməklərə heç kəs əl vurmasın. Xanım yeyən xörəkdən qaravaş yesə — qudurar; hər kəsin özünə görə xörəyi vardır. Sizin taylarınız quru çörəyi də tapa bilmirlər. Get! İtil gözümdən! Get kontora hesabını al!
Xanım getdi. Yevdokiya İvanovna isə dəsmalını çıxarıb gözlərinə basdı, ağlaya-ağlaya bayıra çıxdı. Çay stolu başında oturan qız və qadınlar onun halına ağlayırdılar.
Jenyanı dörd gün bundan qabaq soyundurub yoxlayan rus qadını da burada oturmuşdu.
O, Jenyanın bu vəziyyətdən heyrətləndiyini görüb dedi:
– Bu, sənin üçün də bir dərs olmalıdır. Xanımın süfrəsindən qayıdan yeməklərdən yediyi üçün bir tək Yevdokiya İvanovna deyil, bir çoxları işdən qovulmuşdur.
Jenya soruşdu:
– Bəs xanımın süfrəsindən qayıdan artıq yeməklər hara gedir?
– Sən buranın işini nə bilirsən?! Burada cürbəcür qonaqlar vardır. Xanımın və ağanın süfrəsindən qalan şeylər bufet müdirinin ixtiyarına keçir. Müdir əl dəyməyən şeyləri bufetə qoyur, əl dəyilmiş artıq qalan yeməkləri isə Hacının qonaqlarına verir. Onun dostları var, qoçuları var, müəllimlər, ziyalılar gəlir. Onlar bütün artıq qalan şeyləri yeyirlər; onlardan artıq qalanlar isə zibil yeşiyinə tökülür. Bəzən nimçə dolusu plov və sair yeməklər heç kəsə verilməyərək, eşiyə atılır. Bizim xanım belədir. O, öz samovarından qaynar su açıb içən bir qulluqçunu işdən çıxarıb qovdu.
Kitabxana.az · https://kitabxana.az/en/works/ordubadi-jenya-milyoncu-evinde
Use ← → keys to move, R for a random poem
More by this author
Amerika rəisi — cümhuri Kuliç tərk-silahə aid nitqində söyləmişdir ki, mən tamamilə tərki-silahə tərəfdar olmayıb, təhdidi-silahə tərəfdar deyiləm.*Hərbçu olsam da mən sülhə tərəfdarəm hənuz
Balaca felyeton«Fasdakı milli hərəkət işində də Moskva barmağı var imiş...» (Teleqraflardan)*Gər yapmasa Şura sənədin əldə bir alət
İrandan məniİran şahının dərbar naziri Paris qəzetləri müxbirlərinə demişdir ki, şahın pulsuzluq xəbəri doğru deyildir: çünki satdığı imtiyazlar üçün İngiltərədən təxsisat alır.*Atdılar girəm ki, millət mülki-İrandan məni
İran milləti«Şəfəqi-sorx» nam İran qəzetəsi deyir ki: Qacar xanədanı təxti-tacdan məhrum olmalıdır. Çunki bunların vaxtında İran dilənçi halına gəlmişdir.*Ali Qacarı sevir, əlbət ki, İran milləti,
Poems by other poets
Nazlı yara dərdi-dilim yazmağa,Nə bir kağız tapdım naqaləmindi,
Gəraylı: Bir məst olmuş yağıya mənBir məst olmuş yağıya mən,Oldum yalvara yalvara
Bu gecəDöndü murad üzrə fələkDövran bizimdir bu gecə
DərdimiBabat babat yüz min mənim dərdim var,Kimə deyəm yana yana dərdimi