Page 2 of 3 · 33%

– Mələkə şam süfrəsinə buyurmağınızı əmr edir, – dedi. Hüsaməddin yerindən hərəkət etməyə və Qətibənin gözünə görünməyə cəsarət etmirdi. Nəhayət, ədəbsizlik olmasın deyə, yemək otağına keçdi. Qətibə hələ süfrə otağına gəlməmişdi. O bir tərəfdə oturdu. Qətibə içəri girərkən Hüsaməddin ayağa qalxıb baş endirdi. Qətibə süfrəyə oturandan sonra, Hüsaməddinə müraciət etdi:

– Sərdar, oturun, – dedi.

Süfrə başında heç bir söhbət olmadı, çünki Qətibənin adətinə görə süfrə başında başqa söhbətlər ola bilməzdi. Süfrədən qalxıb bağçaya çıxdılar. Onların dalınca cariyələr və qulamlar dolanırdı. Daima Qətibə özünü ehtiyatlı göstərmək istədiyi üçün yad kişilərlə söhbət etdiyi və yaxud bağça səyahətinə çıxdığı zaman cariyə və qulamlardan da özü ilə bərabər götürərdi. Cariyə və qulamlar buna adət etdiklərindən daima Qətibəni yad kişi ilə gördükləri zaman onun yanından ayrılmazdılar.

Qətibə cariyələrə və qulamlara müraciətlə:

– Şərbət otağını döşəmək lazımdır. Məni sərdarla tək buraxın, bir azdan sonra şərbət içmək üçün qayıdırıq, – dedikdə, hamısı baş endirib getdi.

Onlar yalnız qaldığı zaman, Qətibənin birinci sözü bundan ibarət oldu:

– O, Zəhir Bəlxinin göstərişi ilə bu xəyanətə cəsarət etmişdir. Biləks, Toğrul öz qardaşının qadınına belə bir məktubu göndərməyə cəsarət eləməzdi. Sən şahid ol, mənim sözümü xatırında saxla. Toğrul Zəhir Bəlxinin məsləhətləri nəticəsində məhv olacaqdır.

Hüsaməddin Qətibənin əlindən tutub dedi:

– Mələkə, mənə inan! Bu ələ and içirəm, mən sizi heç vaxt Toğrulun yazdığı məktubla ölçməmişəm. Mən sizin namus və vicdanınıza inanıram, yazdığım məktub isə hər kişidə olduğu kimi, qısqanclığın nəticəsidir.

Qətibə Hüsaməddinin son sözünü eşitdikdən sonra ondakı qısqanclığın söndüyünü, şəhvət və heyvani duyğuların vicdani hisslərə qalib gəldiyini görincə, əsas söhbətlərə keçərək dedi:

– Mən cəsarətlə deyə bilərəm ki, kişilərdə qəhrəmanlıq xüsusiyyətləri mövcuddur. Lakin onlardan bir çoxu özlərində təbii olan qəhrəmanlıq xüsusiyyətlərini çox tez uduzurlar. Kişilər özlərini acizliyə düşürə biləcək səbəbləri bəzən görə bilmirlər; çünki qısqanclıq və inanmaq onların müdafiə üçün lazım gələn idrakını korlayır, onların qəhrəmanlıq şüurunu zəiflədir. Kişini qəhrəman edən səbəblər qısqanmamaq, tez inanmamaq və tələsməməkdir. Sən Hüsaməddin, qısqanmasaydın, tez inanmasaydın və tələsməsəydin o cür məktubu səni sevməyə başlayan Qətibə kimi bir qadına yazmazdın. Sanki sən bu saat mənim tanıdığım və uşaqlıqdan qəhrəmanlıqlarının şahidi olduğum Hüsaməddin deyilsən.

İndi sənin sözün təsəvvür et, öz nöqsanını qarşına qoyub sənə tapşırılan vəzifə ilə müqayisə et. Bax gör, bu xasiyyətlə sən bir məmləkətin şəklini dəyişdirmək və məmləkətin hökmdarını yerindən dəbərtmək vəzifəsini ifa edə bilərsənmi? Mən sənə ümid bağlayıb Eldəniz xanədanı ilə başladığım bu oyundan qalibiyyət gözləyə bilərəmmi? Bəlkə də sən məni Eldənizlərə qarşı aparmaq istədiyim mübarizənin mündəricəsini lazımınca bilmirsən? Qoy onu sənin üçün çox aydın bir surətdə danışım.

Bir qadın, istər hökmdar qızı, yaxud adi bir rəiyyət qızı, yainki bir dilənçi qızı olsun, onda ən qiymətli olan bir cavahir vardır ki, o da qızlıq şərəfi və qızlıq namusudur. Bu xasiyyət varlı və yoxsul qızlarının hamısına məxsusdur. Qızlar bunu müəyyən bir zamana qədər öz göz bəbəkləri kimi qorumaqdadırlar. Qız onu heç bir cavahir və heç bir xəzinənin müqabilində satmaz və onu ancaq ailə təşkilinin tələb etdiyi vəfa, sədaqət, səmimiyyət və ailə məhəbbəti müqabilində sata bilər. Mən Qətibə də Atabəy Məhəmmədə ərə getdiyim zaman öz qızlıq dəyərmi haman yuxarıda sənə saydığım dörd cavahirin müqabilində vermişdim.

Sənin özünə də məlum olduğu üzrə, Atabəy mənim ona verdiyim cavahirin qiymətini mənə vermədi, məni aldatdı, vədələrinə vəfa etmədi. Ondan ailə məhəbbəti, vəfa, sədaqət, səmimiyyət görmədim. Nəhayət, o, qəlbini iki tərəfə ayırıb başqa bir qadına evləndi. Mən qızlıq cavahirinin qızıl müqabilində satıldığını görincə düşmənimdən intiqam almağa haqlı idim. Mən ucuz satılan qızlardan deyildim. “Şərəf və namusumun müqabilində ya istədiyimi ver, yainki həyatınla cavab ver!” Bu qərara gəldim, onun həyatını əlindən aldım. Çünki o məni həm qızlığımdan, həm də məni sevən Hüsaməddindən ayırmışdı.

İndi anladın ki? Sən bu intiqamda iştirak etməli idin, çünki Atabəy olmasaydı, Qətibə Hüsaməddinlə bir ailə təşkil edib xoşbəxt yaşayacaqdı. O xoşbəxtliyi sənin də, mənim də əlimdən aldılar. Biz də buna qarşı ondan intiqam aldıq. Lakin iş hələ bitməmişdir. Hazırda biz əlimizi əlimizin üstünə qoyub oturarsaq, müəyyən bir zamanda Eldənizlərin başı ayılan kimi bizim yaxamızdan tutub Atabəy Məhəmmədin qanını tələb edəcəkdir. Buna görə də onların başını qarışdırmaq və yeri gələrkən onları məhv etmək əsas vəzifəmiz olmalıdır. İndi məsələ Hüsaməddin cənabları üçün aydınlaşdımı?

Hüsaməddin onun əlindən öpərək:

– Aydınlaşdı, sevimli və möhtərəm mələkə! Hüsaməddinin bədənində bir qətrə qan qalıncaya qədər bu məqsəd uğrunda çalışacaqdır.

Qətibə son sözündə:

– Toğrul kimi iradəsiz, zəif və sərxoş bir hökmdarın iş başında qalması bizim üçün əlverişlidir. Bəzən onu qorxutmaq və ələ almaq üçün göstərdiyim tədbirləri həyata keçirməlisən, – dedi və dodaqlarını Hüsaməddinə uzatdı. Hüsaməddinin dodaqları yenə də bu sözləri Qətibənin dodaqlarına yazdı:

– Bu dodaqlara and içirəm, mələkənin bütün əmrlərinə əməl edəcəyəm!


Hüsaməddin Qətibənin göstərişinə binaən Eldəniz Rübatından qayıdan kimi Toğrula təqdim olundu və ona baş endirib səfəri haqqında məlumat verdi:

– Əlahəzrətə ərz etmək istəyirəm ki, Qətibə xatun xəstə olduğuna görə, paytaxta qayıtmaq məsələsini təxirə saldı.

Toğrul çox diqqətlə Zəhir Bəlxinin üzünə baxaraq, onun fikrini bilmək istədi. Zəhir Bəlxi isə Toğrula müraciətlə:

– Qətibə xatunun Eldəniz Rübatında bu qədər təxir etməsi şübhəsiz ki, səbəbsiz deyildi. Madam ki, ülyahəzrət xəstədir, o zaman əlahəzrətin onu yoxlamağa getməsi lazımdır, – dedi.

Bu sözdən sonra Toğrul Hüsaməddinin getməsinə icazə verdi. Zəhir Bəlxi də Toğrula yavaşdan dedi:

– Bizim böyük səhvlərimizdən birisi də Hüsaməddinlə olan əlaqəmizdir. Biz, Atabəyin qətli məsələsində Hüsaməddinin iştirak etməsinə imkan verməməli idik. Mən onun hazırkı üsyanda Qətibə ilə əlbir işlədiyinə heç də şübhə etmirəm. Bütün bu hərəkətlər sizi güzəştə məcbur etmək üçündür. Bunları nəzərə alaraq Hüsaməddini qorxudub ələ almalı, Qətibəni isə aldadıb sakit etməlisiniz. Bunların hər ikisini bacara bilsəniz, o zaman sizi qarşılamaqda olan təhlükənin mühüm bir hissəsi öz-özünə aradan qaldırıla bilər.

Toğrul cavabında dedi:

– Hüsaməddini yanıma çağırıb danışdıraram, sabah isə tezdən Eldəniz Rübatına yola düşərəm.

Zəhir Bəlxi vidalaşıb getdi, Toğrul da Hüsaməddinin hüzura çağırılmasına əmr verdi. Toğrul otağı dolaşır və Hüsaməddinlə danışmaq istədiyi sözləri seçib fikrinin telinə düzürdü.

Hüsaməddin hələ yol libasını və silahını üstündən çıxarmamışdı. O, otağa girərkən təəccüblə Toğrulun üzünə baxırdı. Toğrul isə ona tərəf baxıb dedi:

– Otur, sərdar! Həyatın hər bir günü müxtəlif düyünlərdən və pırtlaşmış kələflərdən ibarət olan bir silsiləyə bənzəyir. İnsan ancaq o düyünləri ustalıqla və maharətlə aça bilməyi bacardığı zaman yaşaya bilər. Sən bizim öz həyatımızı misal götürə bilərsən. Hazırda sənin və mənim günlərimiz olduqca təhlükəli, dolaşıq düyünlərdən ibarətdir. Biz bu dolaşıqları və bir-birinin yanına düzülmüş düyünləri tez bir zamanda açmasaq və həyatımızı düzgün yola qoya bilməsək, o təhlükə bizi məhv edəcəkdir.

Sən Qətibənin xəstəlik xəbərini gətirdiyin zaman Zəhir Bəlxi burada olduğu üçün bəzi sözləri sənə deyə bilmədim, buna görə də səni ikinci dəfə yanıma çağırdım.

Doğrudur, biz onunla sirr arkadaşıyıq, sən, mən onunla bərabər Şərqdə böyüklüyü ilə yerləşə bilməyən bir zatı, daha açığı rəşadət və cəsarətilə – “Cahan pəhləvanı” adlanan bir kişini öldürmüşük. Lakin, buna baxmayaraq, o yenə də bizə yabançıdır. Təhlükə yaxınlaşdığı vaxt Zəhir Bəlxi kimi adamlar qaçıb öz vətəninə getməyi bacarar. Lakin sən və mən qaçmağa yer tapa bilmərik, çünki bura bizim vətənimizdir. Nəhayət, bu qanın məsuliyyəti sənin və mənim boynumda qalar.

Buna görə də həyatın dolaşıq olan silsiləsini bir daha pırtlaşıq salmaq doğru yol deyildir. Nədənsə sən Hüsaməddin, son zamanlar özünü bu qətlin məsuliyyətindən tamamilə kənarda tutursan. Lakin bu ixtiyar sənin öz əlində deyildir. Ölüm hadisəsinin səbəbləri aranıldığı zaman, sən bu bitərəfliyi müdafiə edə bilməyərək öz hissənə düşən cinayəti iqrar etməyə məcbur olacaqsan.

Nə üçün də işlər gəlib bu yerə çıxsın? Nə üçün də yaşamağa imkanı olan bir boğazı kəndirə keçirmək!.. Səndən soruşuram, hazırda qoşunun üsyanından ya sən, yainki Qətibə nə kimi bir qazanc əldə edəcəksiniz? Hərgah sizin bu hərəkətiniz məqsədinizə uyğun bir surətdə nəticələnirsə, siz Toğrulun zülmündən və yaxud ölümündən başqa bir şeyi görməyəcəksiniz. O zaman sənin də, Qətibənin də mənim dalımca dar ağacına çıxmanız şübhəsizdir. Sən nə üçün bunları Qətibəyə anlatmırsan.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Son iclas

Mən içəri girəndə balaca Məcidi çimdirib qurtarmışdılar. O, yatmaq istəmirdi, çünki neçə gündən bəri məni görməmişdi. Nina məni görərkən sevindi. Eyni zamanda mənim üzümə qorxa-qorxa baxırdı. O mənim ondan incidiyimi hiss edir və nə edəcəyini bilmirdi. Şübhəsiz, Təhminə xanım məsələni ona xəbər verməmişdi; çünki mən ona tapşırmışdım. Mən yenə də divanın üstündə oturmuşdum. Fəqət Nina adətinin xilafına olaraq bu gecə divanın üstündə oturmadı. Balaca Məcidimiz bunu hiss etdi. O, durub Ninanın donundan çəkə-çəkə gətirdi. Divanın üstündə oturdu, özü də aralıqda oturdu. Nina qara köynəyi çıxartmışdı. Mən gülümsündüm, «qara köynəyi nə üçün çıxartdın?» deyə soruşdum. Nina üzümə qorxa-qorxa baxıb dedi:– Doğrudan da, o nə söz idi dedin?

8 min
Təbriz çar kazakları əlində

Mən Səttar xanın qərargahı olan Əminəxizdən keçib Lilava məhəlləsinə getməli idim. Küçələrdə bu günə qədər görünməyən simalara təsadüf edirdim. Bu gün çar ordusunun pişdar dəstələri Təbrizə girəcəkdi. Çar himayəsində olanların qapıları çar bayraqları ilə bəzənmişdi. İnqilab dairəsindən köçüb gedən ailələr qayıtmaqda, əlinə bağlama, çamadan və sair şeylər götürmüş aristokratiya erməni məhəlləsindən köçüb öz evlərinə getməkdə idi.Avstriya, Rusiya, İngiltərə konsulxanalarında əyləşib inqilabın gözünə görünməkdən qorxanlar isə qışdan çıxmış tısbağalar kimi başlarını dışarı uzatmaqda idilər.

11 min
Ninaya məktub

«Əziz yoldaşım Nina! Bu gün biz Xoy şəhərinə yetişdik. Şəhərin dar küçələrindən bizi musiqi dəstələri müşayiət etdi. Şəhərin valisi də sosial-demokratlarla bərabər bizi ziyafət binasına yola saldı. Küçələr kütlələrlə dolmuşdu. Üzüörtülü və açıq qadınların müxtəlif söhbətlərini eşidirdik:– Qafqaz mücahidləridir.

2 min
Ərəblər xanı

Ərəblər kəndi – Naxçıvan şəhərinin qərbində Araz çayının İran sahilindədir.Biz bu kəndə axşam vaxtı yetişdik, burada bir çox çayçı dükanı vardır. Biz burada mənzil edərək Şahtaxtı, Noraşen, Xobək, Qıvraq kontrabandaçılarının vasitəsilə Şahtaxtı kəndinə keçəcək idik.

10 min

Poems by other poets