Məşədi Kazım ağa
Page 2 of 2 · 50%
– Qorxmayın, heç bir şey yoxdur, – dedi, – ürəyim keçmişdi, bir azca su verin.
Ona su verdilər. Sonra gözlərini açaraq:
– O gəlmədimi? – deyə soruşduqda mən:
– Nina, buradayam. Özünə ürək ver, ölənlərlə ölmək yaramaz, yaşamaq və yenə də işləmək lazımdır! – dedim.
Nina gözlərini dolandırıb mənə baxdı. Onun baxışlarından etiraz etmək istədiyi görünürdü. Mən onun əlini əlimdə saxladığım zaman bütün vücudunun titrədiyini hiss edirdim. Onun varlığı tamamilə sarsılmışdı, o bu hadisələrin ağırlığını çəkə bilmirdi.
Amerikalı qızın evində intihar etmək dərəcəsinə gəlməsəydim, yaxud küçədə bayılıb divara söykənməsəydim, onda mən də başqaları kimi, qadınlar haqqında başqa cür düşünəcək və qadın qəlbinin mətanətsiz və zəif olduğunu iddia edəcəkdim. Lakin Nina öhdəsinə götürdüyü vəzifə etibarilə qadınlar haqqındakı yanlış düşüncələrin tam mənasilə ortalıqdan qalxmasına meydan açdı. Nina məndən və mənim kimi bir çoxlarından daha mətanətli, daha qüvvətli çıxdı. O, bir qadın olaraq inqilab hərəkatında öz dəyərini lazımınca göstərdi.
O, başını qaldırıb yerində oturdu. Qonaqlara müraciətlə:
– Yəqin ki, bu gecə sizi qonaq edə bilməyəcəyik. Təhminə xanımın başı mənə məşğul olduğundan hazırlıq görməmişdir, – dedi.
Təhminə xanım:
– Yox, hazırlıq vardır, – dedi, – səhərdən dilinə bir şey dəyməmişdir. Bəlkə, qonaqların səbəbinə sən də bir şey yeyə biləsən.
Nina bir söz deməyib süfrə salınmasına razı oldu.
Süfrəni onun yataq otağında döşədilər; qollarını sevinclə açaraq dərin və yorğunluq çıxarıcı bir nəfəs aldı və:
– Min şükür olsun ki, özümüzünkülərin hamısı buradadır, – dedi.
– Amma bilmirəm Əsədin başına nə gəldi?
Hələ süfrə tamamilə döşənməmişdi ki, qapı vuruldu. Təhminə xanım qapıya getdi. Bir az sonra Tütünçüoğlu əlində bir səbət içəri girdi. Gecə saat 12-də onun küçəyə çıxmasına hamımız heyrətləndik. O, əlindəki səbəti yerə qoyub soyundu, paltosunu aparıb balkonda asıb içəri girdi.
Mən ona sual verdim:
– Əsəd, gecənin bu vaxtında nə üçün evdən dışarı çıxdın?
– Əlimdə vəsiqə vardır. Kimdən və nədən qorxacağam? Mənim canım bacının canından artıq deyil ki?
– Sənə Ninanın xəstəliyini kim dedi?
– Həsənağa xəbər verdi. O, evi yalnız qoyub gələ bilmədi. Nazənin xanımı da götürüb gəlməsinə mən razı olmadım, mən özüm də evdən nigaran deyiləm. Çünki orada qoca anamdan başqa heç kəs yoxdur. Subay oğlanın birisiyəm.
Nina ona sual verdi:
– Bəs o səbətdəki nədir?
– Üzümdür, qış hulusudur, heyvadır, bir də qarpızdır. Sənin payındır, saxlamışdım, dedim başıma bir qəza gələr, gətirə bilmərəm. Anam da dedi ki, o xəstələnibdir, sərin şeylərdir, götür get, bəlkə, yedi.
Ninanı, indiyə qədər bu gecəki kimi şad və mehriban görməmişdim. O, Tütünçüoğlunu yanına çağırıb üzündən öpdü:
– Sağ ol, qardaşım! – dedi. – Mən bütün qanım və ruhumla qaynayıb sizə qarışmışam, sizdən heç vaxt ayrılmayacağam.
Şam yeməyi bitmişdi, gecə saat iki idi. Ninanı buraxıb getmək mümkün olsaydı belə, küçələrə çıxmaq məsləhət deyildi, buna Nina da razı deyildi. O:
– Bu gecə nə sizi buraxacağam, nə də özüm yatacağam, – deyirdi.
Mən:
– İndi ki, biz burada qalmalıyıq, gecəni səhər etmək üçün uzun və məşğuledici bir söhbət tapmaq lazım deyildirmi? – deyə məclisə bir sual verdim.
Nina:
– Qoy Məşədi Kazım ağa öz başına gələndən və öz inqilabi fəaliyyətinin tarixindən söhbət eləsin, – deyərək Məşədi Kazım ağanı çıxılmaz bir vəziyyətdə qoydu. O, ilan kimi qıvrılmağa başladı və Ninaya müraciət edərək dedi:
– Ay bacı, axı mən nə danışım? Doğrudur, mən inqilabçıyam, amma bununla belə tacir babayam. Alış-veriş söhbəti də ki, burada olanların xoşuna gələn söhbət deyil. Hərçənd yoldaş tacirliyin fəndini çox yaxşı bilir, hətta üç-dörd dəfə bunun vasitəsilə amerikalıların qulağını yaxşıca kəsdim, beş-on şahı qazandıq, inqilaba da kömək oldu, buna baxmayıb yenə də mənim söhbətimə güləcəklər. Nina bacı, mən ölüm mənə bənd olma, belə başına dönərəm.
Nina onun yaxasından əl çəkmədi, yenə də soruşdu:
– Əcəba, inqilabdan danışa bilməzmisiniz?
– Axı niyə bilmərəm? Orada iştirak etməmişəmmi?
– Elə mənim də istədiyim bu deyilmi? Mən istərəm ki, sizin inqilabda nə cür iştirak etdiyinizi öyrənim. Bundan da maraqlı bir söhbət ola bilərmi? Danışın görüm nə cür iştirak etdiniz?
Məşədi Kazım ağa:
– Elə belə də! – deyib durdu, əllərini bir-birinə sürtərək üzümüzə baxdı. Onun göz bəbəkləri də özünün bir məcburiyyət qarşısında durduğunu və çıxılmaz bir vəziyyətdə qaldığını ifadə edirdi.
Mən Məşədi Kazım ağanı gözəlcəsinə anlayırdım. Nina onun ən qıdıqgələn yerindən yapışmışdı. Nina bir tacirin inqilaba nə məqsədlə yanaşdığını öyrənmək istəyirdi. Məşədi Kazım ağa isə öz məqsədini bildirmək və özünün iç üzünü açmaq istəmirdi.
Nina ona bir sual daha verdi:
– Yəni necə «elə belə də?»
– Yəni dediyim budur ki, elə belə də. İnqilabçıyıq da...
– İnqilabda iştirak etdinizmi? Yenə də edəcəksinizmi?
– Edərüx də, etmərüx də? Bə neynərüx?
Hamımız güldük. Çünki Məşədi Kazım ağanın ikimənalı sözündən bir şey anlaşılmadı, o özünə verilən tələbatın altından çıxmağa can atsa belə, bacarmadı. Nina onu yenə də məcbur etdi:
– Mən dediyim budur ki, siz inqilabda nə cür və nə üçün iştirak etdiyiniz haqqında bizə danışasınız.
Məşədi Kazım ağa gülümsəyərək dedi:
– İnqilab etmişüx, edəcəyüx, də necə də ki, etməyəydüx? Etdüx. Amma dalda demirəm. Yoldaş Əbülhəsənbəyin üzünə deyirəm, hətta bir gün geyinib səngərə də getdim. Yaxşı da geyinmişdim. Piştov və sair kəm-karastımı götürmüşdüm, amma bombanı yoldaş atan kimi mən özümü itirdim, buna baxmayıb oturmuşdum. Yoldaş özü də buyurdu ki, dur get evə, qonaqlar gələcək, hazırlıq gördür. Mən də durub çıxıb gəldim. Amma Allah şahiddir ki, mən inqilab yolunda malımdan, canımdan keçən adamam. Mənim bu az xidmətimi inqilabçılar qəbul etsələr, özüm də çox şad olaram.
Məşədi Kazım ağa bunları deyib durdu. O bununla da Ninanı qane etdiyini düşünürdü, buna görə də mən:
– Sənin inqilabda xidmətin çoxdur, sən inqilabçı tacirsən, ancaq başqalarına bənzəmirsən. Sən inqilabın paraya ehtiyacı hiss etdiyi günlərdə öz paranı əsirgəmədin. Özünə təklif edilmədiyi zamanlarda belə para təklif etdin. Lakin başqa varlılar belə deyildi. Səndən yüz qat varlı olanlar, inqilaba beş şahı yardım verməmək üçün köçüb əks-inqilab qərargahına getdi. Bunların hamısı nəzərdədir. Sənin bu xidmətin, doğrudan da, inqilab tarixində qeyd ediləcək xidmətlərdəndir. Lakin inqilabda olan iştirakın bununla bitmiş olmur, səni inqilabçılar sırasına cəlb edən bir səbəb vardır ki, Nina da onu öyrənmək istəyir.
Məşədi Kazım ağanın gəlinləri Töhfə və Sənubər də onu yaxaladı. Onun sağ və solunda durub, Ninanın sualına cavab verməsini təkidən tələb edirdilər. Məşədi Kazım ağa məclisdə əksəriyyətin tələb etdiyini görərək mənə bir sual verdi:
– Nə buyurursunuz, danışım ya yox? Yersiz düşməz ki?
– Çox da yerlidir. İndi ki, inqilabçısan, nə üçün də bunun səbəbini söyləməyəsən? Ninadır, görəsən, haradan bu fikir onun başına gəlib. Yaxandan əl çəkməyəcəkdir!
O artıq danışmağa hazırlaşırdı. Mən bu məsələ ilə, Ninadan daha artıq maraqlanırdım, çünki bu gecə rus kapitalisti ilə İran kapitalistinin şüur və görüş dairəsi üzərində bir müqayisə aparmaq mümkün olacaqdı. Hər halda hakim çar kapitalisti ilə çar müstəmləkəsi sayılan Təbriz kapitalistinin düşüncəsində fərq olmamış deyildi. Digər bir cəhət də vardır ki, o da çoxdan bəri tanış olduğumuz və yüz minlərlə parasını sərf etdiyimiz bir zatın siyasi simasını öyrənmək, kiminlə oturub durduğumuzu bilməkdi.
Məşədi Kazım ağa:
– Nina bacı! – dedi. – Siz məndən inqilaba nə məqsədlə xidmət etdiyimi soruşursunuz. Lakin mən sizə bunu deməliyəm ki, bu sual yalnız mənə deyil, İranda ticarətlə məşğul olan və inqilaba hüsnirəğbət bəsləyən bütün tacirlərə veriləsi bir sualdır. İranda mühüm bir xüsusiyyət vardır ki, o xüsusiyyət bütün iqtisadi müəssisələri, bir tərəfdən çar, o biri tərəfdən də şah hökuməti əleyhinə mübarizə aparmağa məcbur edir. Lakin mən, hazırda sizin sualınıza verdiyim cavabı İranın bütün inqilabpərvər tacirləri tərəfindən yox, ancaq öz tərəfimdən verəcəyəm. Bəlkə, başqalarının bu məsələyə aid fikri daha dərindir və bəlkə də, başqa cürə də düşünürlər. İran taciri, yaxud şəxsən mən özüm, bir şərqli və bir savadsız olduğuma baxmayaraq, ticarət və iqtisadi işləri bir ingilis və bir rusdan daha yaxşı bilirəm. Lakin bu bilgini həyata keçirmək məsələsinə gəldikdə necə ki mən, eylə də başqaları ingilis və rus tacirinin qabağında bir iş görə bilmirik, məğlub oluruq. Çünki yerli hökumətin özünəməxsus iqtisadi siyasəti olmadığından, məmləkətin siyasi və iqtisadi ixtiyarı əcnəbilər əlində bulunduğundan, yerli sərvət mənbələrinin hər birisi bir əcnəbinin imtiyazındadır. İstər Peterburq, istərsə London çox gözəl və mədəni şəhərlərdir. Onların kəndləri də bizim şəhərlərimizdən gözəldir. Hər kəs oralarda həyat keçirməyi arzu edir. Lakin mədəni ingilis və mədəni rus bizim palçıq divarlardan ibarət olan kəndləri və dar döngələrdən ibarət olan küçələrimizi daha artıq sevir. Əcnəbi dövlətlərin rəğbətini cəlb edən nə bizim ölkəmizin əski mədəniyyət ölkəsi olması, nə Hafizlər, Sədilər, Xəyyamlar və sairlər vətəni olduğu üçün deyildir. Onlar İranın iqtisadi vasitələrinə sahiblənmək və təbii sərvətini əldə etmək üçün cənubda və şimalda İranın cəmdəyinə daraşmışlar. Onlar İranı öz aralarında bölüşüb yeyir, İranın öz taciri, öz kapitalisti isə əllərini qoynuna qoyub bu qarətə tamaşa edir. İran kəndlisinin, İran əsnafının, İran peşəkarının cibindən çıxaraq əcnəbi sandığına girən hər bir qara pul, İran taciri, İran kapitalistinin cibindən çıxarılır. Hər kəsə bəllidir ki, biz İran tacirləri, İran kapitalistləri, İranda mövcud olan iqtisadi mənbələrdən ingilis, alman və ruslardan daha asan, daha əlverişli istifadə edə bilərik. Lakin buna imkan yoxdur, çünki bizə mane olurlar, işin yaxınına qoymurlar. Bizim tərəqqi və inkişafımıza əngəl törədən yalnız əcnəbilər deyildir, öz üsuli-idarəmiz də hər qədəmdə bizim mənafeyimizi satmağa hazırdır, çünki çürük üsuli-idarə bununla da yaşayır. İranda çürüməkdə olan feodalizm üsuli-idarəsini davam etdirmək və mövqeyini saxlamaq istəyən İran şahları, öz nicatını məmləkəti əcnəbilərə satmaqda görür. Padşahlar ancaq əcnəbilərə arxa verməklə yaşaya bilir: çünki daxildə istinad edə biləcəyi heç bir qüvvəyə malik deyildir. Biz İranda nə fabrik, nə zavod, nə də iqtisadi bir müəssisə düzəldə bilmirik. Buna iki manea vardır: dövlətimizin əcnəbilərə bağladığı təhqiramiz əhdnamə buna imkan vermir. Biz hər nə işə əl vururuqsa, haman saat bir rus, yaxud bir alman kapitalisti öz imtiyaz vəsiqəsini göstərib işimizi dayandırır.
Məşədi nəfəsini dərib davam etdi:
– Qənd zavodu açdıq, bağladılar, çini qab karxanası düzəltdik, qoymadılar. Müxtəsər hər nə işə əl atdıqsa, başqasının ixtiyarında olduğunu gördük. Məmləkətin hər bir hüququ bir müahidə ilə satılmışdır. Bu bir səbəb. İkinci səbəbə gəldikdə o da fəqət yerli hökumətin əcnəbi dövlətlərdən asılı olmayaraq, şəxsən bizə manea törətməsindən ibarətdir. Məmləkətimizdə nə hüquq, nə də ədliyyə qanunu vardır. Bizdə qanun padşahın və onun quldurlardan ibarət olan vəzirlərinin, yerli hakimlərinin kef-mayəşası ilə düzələn bir qanundur. Buna görədir ki, İran taciri, İran dövlətlisi, əlində olan mayasını işə və istifadəyə buraxa bilmir; çünki padşah və padşahın yerli nümayəndələri, öz aralarında bölüşdürmək üçün nəqd pul aramaqdadırlar. Biz əcnəbilərin ağzından min cür səyasətlə qurtardığımız axırıncı qara qəpiyimizi, yerli qulluqçulara, yerli hakimlərə vermək məcburiyyətindəyik. Bütün bu səbəblər bizi inqilab ətrafına toplamışdır. Biz bir tərəfdən əcnəbi nüfuzu ilə mübarizə etmək, o biri tərəfdən də şaha qarşı üsyan qaldırmağa məcburuq. Biz əlverişli bir üsuli-idarə yaradıncaya qədər vuruşmalıyıq. Bizə iqtisadi istiqlaliyyət verə bilən bir üsuli-idarə lazımdır. Belə bir üsuli-idarəni əldə etmək üçün başladığımız bir üsyanda qalib gəlməzsək, ikinci və üçüncü üsyanı da başlamalıyıq. Çünki bizə öz hökumətimiz və öz müstəqil iqtisadi siyasətimiz lazımdır, – deyə Məşədi sözünə ara verib davam etdi:
– Mənim inqilaba rəğbət bəslədiyim və onun qalib gəlməsinə çalışdığım buna görədir.
Məşədi Kazım ağa inqilaba qarşı olan əlaqəsini aydın etdi, söz yoxdur ki, bu düşüncə onun öz düşüncəsi olmayaraq, ümumiyyətlə müstəmləkələrdəki kapitalistin və bir yerli burjuanın daşıdığı fikir idi.
Heç şübhə yoxdur ki, Məşədi Kazım ağalar, məşədinin dediyi kimi, yalnız öz hökumətlərini quruncaya qədər inqilaba rəğbət bəsləyəcəkdir. Hər yerdə olduğu kimi, milli burjuaziya öz hökumətini qurduqdan sonra silahını bir zaman silah arkadaşı olan inqilabçılara tərəf çevirəcəkdir.
Kitabxana.az · https://kitabxana.az/en/works/ordubadi-mesedi-kazim-aga
Use ← → keys to move, R for a random poem
More by this author
Vyanada keşişlər toplanıb qırmızı beynəlmiləl ilə mübarizə etməkdən ötrü bir ağ beynəlmiləl təşkil eləmişlər.*Yaz olan kimi toyuqlar da yumurtaya gəlir
Balaca felyetonAlmaniya hökuməti Rur üsyanlarını yatırmaq üçün Fransadan yardım tələb edib deyir: biz 71-ci ildə Paris kommunasını məhv etdik.*Ol gün Parijin işçisi tufan qoparırdı.
Bir firqə çıxıbİtaliya Mərakeş işlərində iştirakı qərara almışdır.*Bir firqə çıxıb ölkəmizə dövlətimizdə,
Parlamanımızaİran parlamanı 27, 28, 29 səfərdə parlamanda mərsiyə oxutdurmağı qərara almışdır. («Sitareyi-İran»)*Yığılıb bir sürü əmmamə parlamanımıza,