Miss Hanna
Page 2 of 3 · 33%
Konsulxanada xidmətə girəndən bir neçə gün sonra konsulun qoca arvadı mənim saçlarımdan öpərək həyat məsələmdən söhbət açdı, səni sevdiyimi ona xəbər verdim. Axşam idi, onlar məni şam yeməyinə saxladılar, şam süfrəsi başında konsulun arvadı mənim bir nəfər iranlıya bağlı olduğumu öz ərinə danışdı, əri isə mənə müraciətlə:
” Ayıq ol, qızım! – dedi. – Alman şərəfi hər adi şərqliyə satılacaq bir şərəf deyildir, sən Almaniyanın hər kəsdən və hər şeydən yüksək olduğunu bilməlisən. Bir də budur ki, həyat yoldaşı seçməkdə yanılmaq bütün həyatı uduzmaq deməkdir. Mən heç etibar etmirəm ki, Şərqdə bir alman qızına layiq şərəfli adam tapılsın. Buna görə də sən birinci növbədə alman şərəfinin ləkələnməməsinə çalışmalısan, çünki bu ləkə ümumi alman xalqına vurulan bir ləkə olub qalar.
Onlar bu barədə çox uzun danışdılar, nəhayət, mən sizin bir avropalı qədər mədəni olduğunuzu, əxlaq və tərbiyə cəhətincə də bir avropalıdan seçilmədiyinizi, özünüzün də İran inqilabına hüsn-rəğbət bəslədiyinizi onlara təfsilən danışdım.
Alman konsulu bu sözlərimdən razı qaldı, çox şadlandı, özünün də İran inqilabına hüsn-rəğbət bəslədiyini və imkan daxilində İran inqilabçılarına maddi və mənəvi kömək göstərmək istədiyini bir neçə kərə təkrar etdi.
Konsul başqa bir gün yenə də məni öz yanına çağırıb bir çox məsələlərdən danışdıqdan sonra mənə bir daha tapşırdı: «İran inqilabının nəfinə və zərərinə olan bütün xəbərləri öz vaxtında tanış olduğun iranlıya xəbər verə, – dedi.
Alman konsulu özünü həqiqi bir inqilabçı kimi göstərirdi, mən buna inandığım üçün Amerika konsulxanasında olan bəzi lazımlı xəbərləri də yazıb ona verirdim.
Bizim konsul ailəsi ilə olan əlaqəmiz uzun müddət davam etdi. Həmin bu xidmətçi qadını xidmətçi qəbul etməyimi onlar mənə təklif etdi, lakin bu məhəbbət və bu ehtiramın həqiqi siması və yağlı sözlərin həqiqi mündəricəsi mənim üçün sonra aydın olmağa başladı, Bir gün alman konsulu məni öz yazı otağına çağırdı və mənə alman əks-kəşfiyyat dəstələri ilə əlaqə saxlamağımı təklif etdi. Mən qətiyyən etiraz etdim, casusluq vəzifəsini sevmədiyimi və bacarmadığımı söylədim.
Alman konsulu mənim bu sözlərimdən bərk güldü və
– Sadə qız, - dedi, – sən bir ildən artıqdır ki, alman əks-kəşfiyyatının məsul bir rəhbəri ilə bilavasitə əlaqədəsən və casusluq vəzifəsini layiqincə ifa etmisən. Amerika konsulxanasının bütün sirlərini bir casus kimi öz əlinlə yazıb bizə vermisən, indi casusluq vəzifəsi xoşuna gəlmir, eləmi?1
Konsul bunu deyərək əlini yazı stolunun yeşiyinə atdı və mənim əlimlə yazdığım bir çox məktubları çıxarıb göstərdi:
– Bunlar nədir? – dedi. – Bunları sən yazmamısanmı?
– Bəli mən yazmışam! – dedim. – Mən bunları sizə yazmışam.
Konsul bir vəsiqə daha çıxarıb göstərdi, həmin vəsiqə onun İran Azərbaycanındakı əks-kəşfiyyat dəstələrinin rəhbəri olduğunu göstərirdi.
Mən deyəcək bir söz tapa bilmədim, donub oturmuşdum, nəhayət, konsul yazılmış bir kağızı mənim yanıma qoyub:
– Heç də düşünməyə gəlməz, - dedi. – İndi ki, sən alman şərəfinin, alman namusunun uğrunda mübarizə aparır və çalışırsan, o zaman bunu rəsmiyyətə salmaq lazımdır. Belə bir rəsmiyyət mövcud olursa, zəhmətlərin də vaxtında təqdir olunacaqdır. Biləks sizi Amerika konsulxanası yanında ifşa edərik.
Mən boyun qaçıra bilmədim, iş-işdən keçmişdi. Vəsiqəni imza edib. rəsmən alman casusu oldum.
Vəsiqəni imza etdikdən sonra konsul bir daha mənə müraciətlə:
– Artıq bu gündən etibarən mənim evimə dolanmayacaqsan, lazimi vəsiqələri və topladığın məlumatı sənin yanına gələn adamlara verməlisən. Hər kəs sənin yanına gəlib S.C.D. əlamətli vəsiqəni göstərsə, ona məlumat verməlisən. Əlamətlər dəyişdirildiyi zaman sənə qabaqcadan xəbər veriləcəkdir.
Mən alman konsulxanasından ağlaya-ağalaya çıxıb gəldim, ancaq özümə göstərilən hörmətlərin həqiqi mənasını o zaman anladım. Hazırda mən bütün dünyanın nəzərində ən mənfur bir adamam. Nə Amerikaya gedə bilərəm, nə Rusiyada yerim vardır, nə də İranda qalmağım mümkündür. İndi deyin görüm özümü məhv etməkdən başqa bir çarəm vardırmı?1
Mən bu sadə qızın casusluq toruna düşdüyünün tarixini öyrəndim, onun olduqca adi və hər kəs üçün mümkün ola bilən bir üsul ilə casusluğa cəlb edildiyini eşitdikdə heç təəccüblənmədim. Qız əvvəldən də inqilabçı bir qız deyildi, onun heç bir partiyaya mənsub olmadığı da mənə məlum idi, o özünün elmli və mədəni bir qız olduğuna baxmayaraq, başqa amerikalı və avropalı qızlar qədər Karl Marksı, Engelsi və onların sinfi məsələlərə dair nəzəriyyələrini belə lazımınca bilmirdi. Onu bir tərəfdən alman mənafeyinə xidmət etmək, o biri tərəfdən də məni razı salmaq üçün İran inqilabına hüsnrəğbət göstərmək məqsədləri sürükləyərək alman əks-kəşfiyyatının çirkabına salmışdı. Onun vəziyyəti, doğrudan da, acınacaqlı bir halda idi, buna görə də:
– İntihar etməyi nicat üçün çarə düşünənlər səhv edirlər, – dedim, – intihar acizlik və bacarıqsızlığın acı bir məhsuludur. Ağıllı insanların bütün düşüncüləri ölmək üçün yox, yaşamaq üçündür.
– Mən bacarıqlı olduğuma inanırdım. Lakin mən casusların, di»lomatların insanlarla oynadığı qorxulu rollardan xəbərdar deyildim, onlar məni çox tez əllərinə ala bildilər, məni çox asanlıqla doğru yoldan azdıra bildilər.
– Bəzən insan özünü bacarıqlı hesab etməklə təhlükə altına qoya bilər. Lakin sənin böyük səhvin burasındadır ki, öz sirlərini ən yaxın adamından gizlətmişsən. Halbuki sən öz qiymətli olan qızlıq şərəfini mənə etibar edirdin, əcaba Almaniya konsulunun özü və ailəsi ilə olan əlaqəni mənə söyləyə bilməzdinmi? Sən bu uzun müddətdə məni tanıya bilməmişdinmi?
– Bu barədə sənin də qüsurun vardır, çünki mənə inqilabçı bir gənc olduğunu xəbər vermədin, buna görə də inqilaba dair sirləri və materialları sənə verməkdən qorxurdum, bunu Almaniya konsulu da mənə tapşırmışdı. Sən məndən şübhələnmə, bir casus deyib məndən uzaqlaşma, mən bu yolun yolçusu deyiləm, bu yol mənim üçün tamamilə yaddır. İndi artıq özümü müdafiə etməkdən acizəm, səndən də ümidimi kəsmişəm, bilirəm ki, bir inqilabçı heç bir vaxt casus bir qızı müdafiə etmək istəməz. Sənə olan sevgi və sədaqətimə and içirəm ki, mənim əqidəm, vicdanım casus əqidəsi, casus vicdanı deyildir, mən məcburən və anlamadan bu çirkabın içərisinə düşmüşəm. Mənim sənin köməyinə ehtiyacım var, mən bir daha bu quldurlara qoşulub Təbrizdən qaçmaq istəmirəm, xəyalım intihar etməkdir. Hara gedim? Amerikalılara xəyanət etmişəm, rusların əleyhinə çalışmışam. Almaniyaya gedə bilmərəm, çünki casus olmaq istəmirəm. İranda da qalmaq mümkün deyil, çünki İran İranın deyil. Bəs mənim çarəm nədir?
Mən amerikalı qıza inanmaq işində tərəddüd edirdim, çünki casusluğun əsas xüsusiyyətlərindən birisi də onun yalan deməyi və insanı inandırmağı bacarmasındadır. Mən qızın bir casus olaraq başqa dona girməsi, başqa rol oynamağa başlamasından qorxurdum, çünki mən bu qızın göz yaşlarını və huşsuz düşdüyünü bir çox zamanlar görmüşdüm, bütün bu cəhətlər mənim ona inanmamağıma ixtiyar verirdi.
Ona kömək edib-etməyəcəyim barəsində heç bir qəti söz deyə bilmirdim. Lakin o, qorxaq, şübhəli və müntəzir gözlərini mənim ağzıma dikib cavab gözləyirdi. Mən bir qədər tərəddüd etdikdən sonra:
– Hələlik sənin üçün burada bir təhlükə yoxdur, – dedim. – Təbrizdə yaşamağın mümkündürsə, vəziyyət dəyişdiyi zaman yenə də düşünərik hələlik məni bağışla, evə xəbər vermədiyim üçün nigaran qalarlar. Zaman qorxulu və təhlükəli zamandır!
Bu sözləri deyib qalxmaq istədikdə, amerikalı qız çiyinlərimdən basaraq:
– Otur, – dedi, – mən səni bura öz dərdlərimi demək üçün çağırmamışdım, sənin üçün böyük bir sui-qəsd hazırlanır, onun barəsində danışacaqdım.
– Nə kimi sui-qəsd?
– Sizin adamlarınız Helminin kürdlərini və zabitini tərk-silah və təhqir etmişdirmi?
– Doğrudur, elə bir hadisə baş vermişdir.
– Helmi bəyin müqəssirləri təslim etdirməyə dair yazdığı məktuba təhqiredici cavab yazmışsınızmı?
– Doğrudur, elə də olmalı idi.
– İndi isə məni eşit, hadisənin nə mərkəzdə olduğunu təyin elə! Hələ siz Helminin kürdlərini tərk-silah etməzdən də qabaq Mirzağa Bülluri sizin barənizdə Helmiyə yaxşı məlumat verməmişdi. Sizin Mirzağa Bülluriyə yazdığınız məktubu da görmüşəm. O məktubda Mirzağanın sizə yazdığı məktuba cavab verməmişdiniz. Buna görə də Mirzağa sizi Helmi bəyə lazımi qədər tanıtmış və sizin Təbrizdə qorxulu bir qüvvə olduğunuzu onlara söyləmişdir. Mirzağa son günlər Helmi bəyin ərkan-hərbinə sizin barənizdə belə bir məktub göndərmişdir. Məktubu mən özüm tərcümə edib Tehrandakı Almaniya missiyasına göndərmişəm, hazırda haman məktubun surətini sizə göstərmək üçün gətirmişəm.
Kitabxana.az · https://kitabxana.az/en/works/ordubadi-miss-hanna-2
Use ← → keys to move, R for a random poem
More by this author
Dinsizliyi tərvicdən əl çəkmədim əsla,Zira məni hürriyyətə sövq etdi bu sevda.
LeninəAfağı ağladırsa da tə’siri-matəmin,Asudə yat, bu mövt ilə sarsılmaz aləmin.
GürcüstanMübarizə tarixində üstün bir ad daşıyan,Üsyan doğan bir məmləkət, inqilabçı Gürcüstan!
BorjomÖzümün əski xatıratımdan,Yeni bir şən səhifə açdım mən.
Poems by other poets
Uzaq yoldan gələn yarım,Yoluna qurban oluram,
KeçdiAğbabanın yaylağındanBir cüt gözəl gəldi, keçdi.
Ay hayıf, hayıfMehrü məhəbbətin oduna yandım,Yar məni unutdu, ay hayıf, hayıf!
Dəyən bülbül pərinə daima gülzarsız qalsınDəyən bülbül pərinə daima gülzarsız qalsın,Salan aşiqləri pərgardən pərgarsız qalsın.