Page 3 of 3 · 67%

Qız bu sözdən sonra durub içəri otağa keçdi, azdan sonra məktubu gətirdi.

«Möhtərəm Helmi bəy!

Təbriz şəhərini işğal etdiyimiz bu az zaman içərisində bir çox zəhmətlər çəkdiyimizə baxmayaraq, təəssüf ki, hələ arzu olunan məqsədə nail ola bilməmişik, bizim təbliğatımıza qarşı qoyulan əks-təbliğat olduqca qüvvətlidir. Təbrizdə rusofillərin təbliğatından başqa bir də demokratların təbliğatı mövcuddur ki, bu təbliğat bütün xalqı bizdən ayırmağa müvəffəq olmuşdur. Mən Təbrizdə xalqın atına, qatırına və nəqliyyat vasitələrinə toxunulmasına tərəfdar deyildim, biz bunu beş-on nəfər tacir və varlının həbsə alınması ilə əldə edə bilərdik, məhəmmədciklərin evlərə soxulması və nəhayət, onların gizlin təşkilat tərəfindən döyülüb tərk-silah olunması əhalinin yüz faiz demokratlar tərəfinə keçmələrinə səbəb oldu.

Hazırda onların nüfuzu rusların və Təbrizdə mövcud olan yerli hökumətin, həmçinin bizim qoşunun nüfuzundan daha artıqdır. Onların silahlı və müntəzəm qüvvələri də vardır, onlar yalnız özlərini deyil, cErmənistanəı da müdafiəyə söz vermiş, onları da təşkıl etmişlər.

Nə qədər ki, bu qüvvə tərk-silah edilməmiş, nə qədər ki, bu təşkilatın rəhbərləri edam olunmamışdır, Təbrizdə bizim lehimizə olaraq heç bir təbəddülat yaratmaq mümkün olmayacaqdır. Demokratlara böyük tələblər vermək, onun başçılarını əldə etmək və yaxud onları terror etdirməklə də olsa bu təşkilatı dağıtmaq lazımdırə.

Qız bu məktubu almanca oxuyub mənə tərcümə etdikdən sonra, mənim Helmi bəyə yazdığım məktubun da tərcümə edilib Tehrana xəbər verildiyini söylədi, əlavə olaraq dedi:

– Siz Helmi bəyin məktubuna yuxarıdakı cavabı yazmazdan da əvvəl, sizinlə nə cür rəftar edilməsinə dair plan hazırlanırdı. Bu təlimat heç şübhə yoxdur ki, yenə də Almaniya missiyasından və yaxud baş ərkan-hərbidən gəlmişdir.

Helmi bəyə gələn təlimatda «gizli təşkilatın başçılarını edam etdirmək, yerli hökumətin vasitəsilə təşkilatın silahlı qüvvələrini tərksilah etmək və yaxud mümkün olursa, onları silahlı qüvvətə daxil etmək, ondan sonra Təbrizdə səfərbərlik elan etməklə xalqı Rusiyaya qarşı qaldırmaq? sözləri yazılmışdı.

Mən qıza sual verdim:

– Onlar gizli təşkilatın rəhbərlərini tanıyırlarmı?

– Tanıyırlar, sizin əski silahdaşınız Hacı Mirzağa Bülluri uzun bir siyahı vermişdir. Onlar Türkiyədən bu dəstəyə qoşulub gələn Təbriz mücahidlərini də tərk-silah edəcəklər, çünki onların da gizli təşkilat ilə əlaqədar olduqlarını anlamışlar.

– Bunun bir qorxusu yoxdur, onlar İstanbuldan gələn mücahidləri tərk-silah etmək istəsələr də, tapa bilməyəcəklər, çünki onlar da həmin Helminin qorxduğu gözəgörünməz qüvvətin içərisinə tökülmüşlər, onlar artıq öz silahları ilə bərabər qışlalardan axıb getmişlər. İndi mənə de görüm, yerli hökumətlə Helminin əlaqəsi nə kimi bir vəziyyətdədir?

– Yerli hökumət hələ bu qüvvə Savucbulaqda olduğu zaman özünü bu qüvvənin sərəncamına vermişdi. Yerli hökumətin siması yoxdur, o, Rusiyaya olduğu kimi bu qüvvətin də lehinədir. Bu günlər o böyük bir rol oynamalıdır, o rol da sizi həbs edib Helminin sərəncamına vermək və xalqın xəbəri olana qədər edam etməkdən ibarətdir.

– O bunu bacara bilərmi?

– Helmi bəyin və İbrahim Fovzi bəyin şərəfinə təntənəli bir ziyafət veriləcəkdir. Ziyafətdə bütün Təbriz tacir və əyanları iştirak etdiyi üçün sizi də ora dəvət edəcək və orada həbs edərək edam eləyəcəklər.

– Onlar mənim o ziyafətə gedəcəyimə əmindirlərmi?1

– Əmindirlər, Mirzağa Büllurinin dediyinə görə siz öz qorxaqlığınızı bildirməmək üçün o ziyafətə gedəcəksiniz.

– Doğru deyir, gedəcəyəm. Qoy sərdar Rəşid məni tutub He!minin pəncəsinə versin, hərgah bacarırsa...

– İndi gedə bilərsiniz! – Qız məhzun bir surətdə dedi. – Sizi ancaq bundan ötrü də çağırmışdım. Yenə də başqa xəbərlər olursa, sizə xəbər verəcəyəm.

Mən miss Hannanın əlini sıxaraq təşəkkür etdim və vidalaşıb çıxdım.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets