Nizamüddövlə bağında
Page 2 of 3 · 33%
Sərdar Rəşid də öz arvadı İraida xanımla gəldi. İraida əvvəlcə Ninanı soruşdu və xəstələndiyini eşitdikdə, qəmgin olduğunu süni bir surətdə söylədi. Çar konsulu yumşaq bir divanın üzərində oturub mənim tanımadığım iki nəfərlə danışırdı.
Mən diqqət etdikdə onların Əbdürrəzzaqbəy və Şeyx Bərzan olduğunu təxmin etdim, çünki Urmi və Xoy konsulları da onlarla tez-tez danışır və qulaqlaşırdı.
Mən və Hacı Səmədxan kiçik, girdə bir stolun başında oturmuşduq: konsullar isə gəzir, çay içir və bufetin ətrafında dolaşır, konyak içirdilər.
Hacı Səmədxana qəlyan gətirdilər. Qəlyana dərin bir nəfəs vurdu, tüstüsünü burnundan çıxardı.
Başını mənə yaxınlaşdıraraq:
– Ağa, bu gördüklərimiz hamısı bizə əğyandır, – dedi, – yalnız cənabınız, bir də bəndə, bu bədbəxt məmləkətin evladıyıq. Bizdən başqa da bu məmləkətin qeydinə qalan yoxdur. Ağa, zamani ki, öz məmləkətimiz saxlaya bilmirik, zamanı ki, bizim qüvvətimiz yoxdur, zamani ki, Rusiya dövləti bəhiyəsi bizə qonşuluq əlini uzadır və dostluq vəzifəsiri yerinə yetirir, bizim məmləkətimizdə sakitlik düzəldir, biz nə üçün bundan razı qalmayaq? İmperator hökumətinə nə üçün təşəkkür etməyək? Lakin bizim cahil xalqımız bunu anlamır. Onların cahil hərəkətləri imperator hökumətinin bizdən rəncidə olmasına səbəb olur. Ağa, sizin başınıza and içirəm ki, bizim bu camaat öz xeyir-şərini anlamır. Mən ömrümün axır vaxtlarında öz vətənimə bir yaxşılıq etmək istəyirəm, amma bu haramzadalar qoymur. Ağa, siz heç bilirsiniz ki, o divara yapışdırılan şəbnamələr bizə nə qədər zərər vurur? Siz bilirsiniz ki, şəbnamələr mənim başımı nə qədər aşağı elədi? Cənab ağa! Siz bu avam xalqı başa sala bilməzsiniz? Mən gecə-gündüz düşünürəm, bu Kufə camaatına təzə həyat düzəltmək istəyirəm, xoşbaxtlıq verməyə çalışıram, nəticədə bu haramzadalar bizim sağ əlimiz olan Mirzə Rza pişnamaza təhdid kağızı yazıb Təbrizdən qaçaq saldılar. Buna nə məna vermək olar? Bunlar nə istəyirlər? Kişi əhli-əyalını da götürüb Kirmənşah şəhərinə qaçıbdır. Cənab ağa, bu xəyanətlərin üstü açılsın gərək, bu da tək mənim işim deyil, namuslu vətən əhlinin işidir. Sizin yeznəniz sərdar Rəşid də gərək mənə kömək versin, o da bu işlərə gözünün yanı ilə baxır. Pul lazımdırsa, verək, adamlar təyin etmək lazımdırsa, təyin edək, hər nə cür olsa da bu xəyanətin üstünü açaq, görək ki, bizim məmləkətin düşməni kimdir?
Mən ona ürək verərək:
– Siz heç də rahətsiz olmayın, – dedim, – Bəndə bu barədə həzrət Əşrəflə xüsusi söhbət etmək istəyirdim. Öz xidmətimi təklif edəcəkdim, indi ki, həzrət Əşrəfin özü bu barədə sözbət açdı, bəndə deməliyəm ki, bu barədə uzun danışmalıyıq. Gərək bu xəyanətin üstünü açaq. Təəssüf olsun ki, bu ziyafətdə uzun danışmaq mümkün deyildir.
Səmədxan qəlyanın qəmişini ağzından çıxarıb dedi:
– A bərəkallah! Milli namusunuza qurban, sabah gecə təşrif gətirin, heç kəsi də qəbul etməyəcəyəm, müfəssəl söhbət edərik.
Hacı Səmədxan qəlyana dərin bir nəfəs daha vurdu və sonra məndə «türklük namusunun» oyanmasına çalışdı. Bu söhbətlərində Azərbaycanın gələcəyi haqqındakı düşüncəsini və xalqı bu düşüncə ətrafında toplamaq üçün qurduğu hiylələrini tamamilə meydana qoydu.
– Ağa, siz bildiniz ki, bu Rəşt, Mazandaran və Bəxtiyar quldurları nə üçün Məhəmmədəlinin taxtından düşməsinə çalışdılar?
– Xeyr! – deyə cavab verdim, – o barədə heç bir şey düşünməmişəm.
– Ağa, biz hər şeyi bilirik, lakin camaatımız mənim Məhəmmədəli şahı İrana gətirmək istədiyimin mənasını bilmir, özüm də açığını deyə bilmirəm. Demək olmaz, necə də deyəsən? Əsl məsələ burasındadır ki, fars xalqı gözünü açmağa və öz qiymətini anlamağa başlamış: onlar artıq türk hökmdarlarının əlindən qurtarmaq və farslardan bir nəfəri padşah qoymaq istəyir. Bəxtiyarlarla gilanlılar bunun üçün də ittifaq edib. Məhəmmədəli şahı padşahlıq taxtından düşürdü. Bizim cahil təbrizlilər də buna kömək elədi. Mən sizə bunu həqiqətən ərz edirəm. Bu saatda İranda fars-türk davasıdır. Məşrutə-filan yalandır. Bunu təbrizli anlamır. Mən ölsəm də siz bunu görəcəksiniz, Məhəmmədəli şahın oğlunu da taxta və taca sahib olmağa qoymayacaqlar. Siz bu işin boşunu tutsanız bir gün görəcəksiniz ki, İran taxtına bir nəfər fars oturmuşdur. Bunun üçün də nə qədər ki, ingilis və rus hökuməti kömək verir, nə qədər fürsət vardır, gərək Məhəmmədəli şahı İrana gətirək. Hərgah Məhəmmədəli yaramır, zalımdır, iş bacarmır, başqa bir türkü tapıb səltənətə qoya bilmərikmi? Təbrizlilərdə hərgah türklük namusu varsa buyurub mənə açıqca desinlər. Onlar görür ki, Tehranda dörd-beş nəfər lotu sədr əzəmliyi öz aralarında növbətə qoyub cavan şahı əllərində alət qayırmaqdadırlar. Biz azərbaycanlılar nə vaxta qədər Azərbaycan kəndlisinin dərisini soyub Tehranda oturan beş-on nəfər fars tiryək çəkənlərinə yedirəcəyik! Hərgah belə olacaqsa, hərgah təbrizlilər buna razı deyilsə buyurub ittifaq eləsinlər, mənə desinlər, mən sabahın özündə Azərbaycanı İrandan ayırım.
Hacı Səmədxan bir neçə dəqiqəlik söhbətində öz həqiqi məqsədini mənə anlatmış oldu. Onun dediyinə görə, İranda fars-türk ixtilafı yaratmaq və xalqları bir-birinə saldırmaq olsa da, Məhəmmədəlini İrana gətirmək lazım imiş.
Bağda gəzməkdə olan qonaqlar qayıtdı. Bizim söhbətimiz kəsildi. Hacı Səmədxan Azərbaycanı mərkəzdən ayırıb, özü başda olmaq üzrə müstəqil bir dövlət yaratmaq istədiyi fikrini mənə tamamilə və aydın söyləyə bilmədi.
Miss Hanna bağdan qayıdaraq mənim yanımdan keçərkən:
– Həzrət Əşrəfin bağı olduqca səfalıdır, – dedi, – nə üçün gəzmədiniz?
Mən ayağa qalxıb ikinci kərə onun əlini sıxdım, onu həzrət Əşrəflə ikinci kərə tanış elədim və:
– Bu xanımla biz yol arkadaşlığında bulunduq, – dedim, – çox alim və oxumuş bir qızdır.
Həzrət Əşrəf onun əlini sıxdı, onu öz yanında əyləşdirdi, mən də onunla tanış olmağımızın tarixini qısa bir surətdə həzrət Əşrəfə söylədim.
Hacı Səmədxan bu söhbətimdən də məmnun qalaraq dedi:
– Mən çox şad oluram ki, bizim sizin kimi mədəni vətəndaşlarımız vardır və hər yerdə başımızı uca edirsiniz.
Miss Hanna icazə alıb qalxdı, yenə də öz dəstəsinə qoşuldu. Bundan sonra konsul biz oturan stola yanaşıb əyləşdi, əyləşən kimi də Hacı Səmədxan intibahnamə məsələsinə keçərək:
– Cənab ağa ilə şəbnamə məsələlərini danışdıq, – dedi, – görünür ki, bu məsələ cənab ağaya da təsir bağışlamışdır. Bu barədə özü də bizimlə danışmaq istəyirmiş.
Konsul buna cavab olaraq dedi:
– Mən sizin namuslu bir iranlı olduğunuza əminəm. Nina xanım bu barədə məni əmin etmişdir. Siz gərək həzrət Əşrəf kimi namuslu vücudları müdafiə edəsiniz, bunlar sizin vətəniniz üçün lazımdır. Sizin bu barədəki fəaliyyətiniz imperator hökuməti tərəfindən qeyd və təqdir ediləcək bir xidmətdir.
Mən:
– Bütün buyurduqlarınız bizim müqəddəs vəzifəmizdir, – dedim, – ümid edirəm ki, bu xəyanətlərin üstünü açacayıq, bəzi cahillərin xəyanətinə nəhayət verə biləcəyik.
Süfrəyə əyləşmək vaxtı idi. Süfrə Avropa üsulunda düzəlmişdi: qonaqların hər birisi üçün yer təyin edilmiş, hər kəsin adı yazılıb qarşısında qoyulan piyalənin içinə qoyulmuşdu. Hacı Səmədxan birinci piyaləni, ümumiyyətlə, qonaqların şərəfinə qaldırdı. Süfrənin bəyliyi (tamadalıq) əksəriyyət səslə çar konsuluna tapşırıldı. Hacı Səmədxanın mühüm vəzifə başında durduğu, İngiltərə–Rusiyanın «İranın istiqlaliyyətini» müdafiə etdiyini uzun və aldadıcı cümlələrlə söylədi.
Diplomat dilləri işə düşdü. Konsulların hər birisi tülkücəsinə danışdı. Qadınların, qonaqların, xüsusən mənim şərəfimə də ziyalı və namuslu bir iranlı olduğum münasibəti ilə piyalələr qaldırıldı. Konsul Hacı Səmədxana müraciətlə:
– Həşəmətli cənab, vaxt deyilmi? – deyə soruşduqda, o:
– Bəli, cənab general, vaxtdır! – deyə cavab verdi və arxa tərəfdə duran xidmətçiyə yavaşdan bir söz dedi.
Xidmətçi getdi, üç-dörd dəqiqədən sonra, bir musiqi ansamblı içəri girdi.
Bu anmablı iki tarçı, iki kamançaçalan, iki violençel, bir santurun, iki neyçalan, bir dəf, bir dünbək və bir də royalçalan olmaq üzrə on iki nəfər gözəl və gənc qız təşkil edirdi.
Onlar salonun başında düzəlmiş səhnədə yerləşdikdən sonra, Avropa qiyafəsində olan gənc bir qız qalxaraq farsca elan etdi:
– Ansambl çalacaq dəramədi-şur. Şur dəsgahını Fərəhəngiz xanım oxuyacaq.
Şur dəsgahı yarım saatdan artıq davam etdi. Şurun təsnifini isə Qəmərliqa xanımla Fərəhəngiz xanım oxudu. Oxunan şirvanlı Xaqaninin şeiri idi.
Fərəhəngiz xanım oxuduğu zaman, Mahmud xan da miss Hannanın yanında oturub onunla danışırdı. Nəhayət, miss Hanna oradan qalxıb mənim yanımdakı boş kürsüdə əyləşdi. O, bütün varlığı ilə Şur musiqisinin bədii zövqləri içərisinə dalmışdı.
Kitabxana.az · https://kitabxana.az/en/works/ordubadi-nizamuddovle-baginda
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Ey sitəmkar məni rüsvayi-cahan eyləmisənGözümün yaşını çün Dəclə ravan eyləmisən.
Nolardı məclisimiz bir dəqiqə xəlvət olaydıNolardı məclisimiz bir dəqiqə xəlvət olaydı,Deyib danışmağa cananilən fərağət olaydı.
Aşiqsən, ey könül, qəmi-cananə, səbr qılAşiqsən, ey könül, qəmi-cananə, səbr qıl,Bir bax cəfayi-gərdişi-dövranə, səbr qıl.
UşaqlarUşaqlar istərsə seyri-gülüstan,Nə lazım onlara bağ ilə bostan.