Nizamüddövlə bağında
Page 3 of 3 · 67%
Miss Hanna Şərq hekayələrində oxuduğu əski Bağdadı mənə xatırladaraq:
– Şərqə aid romanların fantaziyadan ibarət olduğunu düşünməkdə səhv edirmişəm. Mən hazırda özümü romanlarda oxuduğum Bağdad xanəndələrinin qarşısında görürəm, – dedikdə mən:
– İran musiqisi ümumi Şərq musiqisi sənətilə müqayisəedilməz bir sənətdir, – dedim, – çünki iranlılar öz qonşularından aldığı bütün adətləri iranlılaşdırdığı kimi, musiqini də iranlılaşdırmışdır. Onlar ərəblərdən aldığı əruzdan rübai vəznini yaratdı. Musiqi də belədir! Qəbilələrin və səhraların yaratdığı ərəb musiqisi, sonralar Bağdad saraylarının zövqünü oxşamağa başlamışdır. İran ərəblər tərəfindən istila edildikdən sonra həmin musiqi İrana keçərək İran aristokratiyasının zövqü ilə uyğunlaşmaq üçün ciddi islahata və əsaslı təbəddülata məruz qalmış, müstəqil İran musiqisi olmuşdur... Buna görə də İranda Şərq musiqi alətləri işə keçməməyə başlamışdır. İranlılar ərəblərin Avropa musiqi alətlərinə bənzəyən girişli musiqi alətlərinin yerinə, simli musiqi aləti: tar və kamança işlətməyi dəb salmışlar.
Çalğı bitdi. Sonra qadınlar və kişilər başqa bir otağa keçdi. Otaqda içkilər, meyvələr qoyulan stollardan əlavə, qumar üçün də xüsusi stollar qoyulmuşdu.
Qumar başlandıqda, Hacı Səmədxan Mahmud xana müraciətlə:
– İqbalüssultana xəbər göndərilmişmi? – dedi.
– Göndərilmişdir. İndicə gələcəkdir. Fayton çoxdan gedibdir.
Qumar məclisi qızışdı, az keçmədən İqbalüssultan Əbülhəsənxan gəldi. Öz tarçısı Ələkbərxan Şahnazı ilə onlar üçün qoyulmuş stulda oturdular.
Hacı Səmədxan oxuyan və çalanı məclisdəkilərə təqdim etdisə də, heç kəs onların əlini sıxmadı, yalnız mən və amerikalı qız qalxıb onlara yanaşdıq və əllərini sıxdıq.
Miss Hanna Əbülhəsənxana müraciətlə:
– Mən sizi eşitmişəm, burada tanış olduğum üçün həddindən artıq şadam, – dedi.
Əbülhəsənxan oxudu, lakin hamının başı qumara məşğul olduğundan məndən və amerikalı qızdan başqa ona heç kəs qulaq asmırdı. Hacı Səmədxan qəsdən çar konsuluna xeyli pul uduzdu. Mən bir neçə dəqiqə xana qulaq asdıqdan sonra balkona çıxdım. İraida ilə Mahmud xanın yavaşdan danışdığını eşitdim. Danışığını tamam olmasa belə İraidanın:
– Nina özbaşına deyil, onun sərdar Rəşid kimi yeznəsi var! – dediyini eşitdim.
Məsələ aydın idi. Mahmud xan Ninanı sevir və onu ələ gətirmək istəyirdi. İraidaya gəldikdə, o, əvvəldən də Ninanın mənə bağlanmasından razı deyildi. O, Ninanın böyük bir mənsəb sahibi olan iranlıya ərə getməsini lazım bilirdi. Mahmud xan da kiçik adam deyildi. O, Təbrizdə ikinci Səmədxan idi. Mən bu sözləri eşidib içəri qayıtdım, onlar da mənim dalımca içəri girdilər.
Mən məsələnin nə yerdə olduğunu hiss etməmiş deyildim, çünki İraidanın Mahmud xanı konsul ailəsilə tanış etdiyini, hətta onun səmimi bir zat olduğunu söylədiyini də eşitmişdim. Nə isə əhəmiyyət vermədim, çünki mən Ninadan arxayın idim. Buna baxmayaraq, Mahmud xanın qorxulu bir düşmən olduğunu da yadımdan çıxarmırdım.
Qumar məclisi axıra çatırdı. Artıq Əbülhəsənxan oxumurdu, onun qarşısında bir stəkan çay var idi, o, çayı qarışdırıb düşünürdü. Məncə, o böyük sətənkar özünə əhəmiyyət verilmədiyindən incimişdi, o, bunda haqlı idi.
Əliqərə adlı birisi Hacı Səmədxan göndərdiyi 25 tümənlik paranı bir kisədə gətirib Əbülhəsənxan və Ələkbərxan Şahnazının qabağına qoyduğu zaman, xidmətçi də gəlib çay stəkanını götürmək üzrə idi. Əbülhəsənxan qarşısına qoyulan 25 tüməni çay verən xidmətçiyə bağışladı və vidalaşıb getdi. Mən də, amerikalı qız da bu şərəfli sətənkardan razı qaldıq.
Kitabxana.az · https://kitabxana.az/en/works/ordubadi-nizamuddovle-baginda
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Ey sitəmkar məni rüsvayi-cahan eyləmisənGözümün yaşını çün Dəclə ravan eyləmisən.
Nolardı məclisimiz bir dəqiqə xəlvət olaydıNolardı məclisimiz bir dəqiqə xəlvət olaydı,Deyib danışmağa cananilən fərağət olaydı.
Aşiqsən, ey könül, qəmi-cananə, səbr qılAşiqsən, ey könül, qəmi-cananə, səbr qıl,Bir bax cəfayi-gərdişi-dövranə, səbr qıl.
UşaqlarUşaqlar istərsə seyri-gülüstan,Nə lazım onlara bağ ilə bostan.