Page 3 of 3 · 67%

Kiselyov özünü düzəldərək:

– Bəli, möhtərəm cənab, verə bilərəm! — dedi. Portfelini qurdaladı, oradan yazılı bir məruzə çıxartdı və oxumağa başladı:

«Mən, 1903-cü ilin tətillərini ətraflı surətdə təsvir etmək üçün Bakı quberniyası jandarm idarəsinə verdiyim 10 nömrəli məxfi məktublarımdan başlayacağam. 1903-cü ilin gözə çarpacaq birinci tətili iyun ayının on səkkizində günortadan sonra Xatisov zavodunda və başqalarında başlanmışdı. O zaman fəhlələrin tələbatı bundan ibarət idi:

  1. Podrat (götürə) işlərin qiyməti maşınqayıran zavodun götürə işləri ilə bərabər olmalı;

  2. günəmuzd iş maaşı artırılmalı;

  3. götürə iş, fəhləyə əl vermədikdə, onu işləməyə məcbur etməməli!

Bu tələblər verildikdən iki gün sonra tətilçilər tələblərini dəyişərək, ancaq zavod müdiri Kinzburqun vəzifəsindən kənar edilməsini tələb edirdilər. Nəhayət, bunlar iyunun iyirmi beşində işə başladılarsa da, iyulun ikisində yenə də tətil etdilər. Lakin onların son tələbləri təkbaşına tələb deyildi; o tələblər tətilə qoşulan başqa zavodların tələblərilə müvafiq idi.

Həmin gündə Eyzenşmidt zavodunda, gündüz saat üçdə tətil elan olundu. İyulun üçündə günortadan sonra maşınqayıran zavodda, dəmiryol deposunda da işi buraxıb tətilə başladılar. Saat 12-dən sonra, Nobel zavodu fəhlələri tətilə qoşuldular. Həmin bu saatlarda Tağıyev fabrikində də tətilə başlamaq istəmişlərsə də, Hacı özü fabrikə gedib iranlı fəhlələri utandırmış və tətilin qarşısını almışdı.

Nəhayət, iyulun yeddisində, Tağıyev fabrikinə girməyə müvəffəq olan təbliğatçılar fabrikdə yeni tətil düzəltmişdilər. Mirzəbəyovun zavodlarında da işlər dayandırılmışdı.

İyulun altısında isə bütün zavod dairəsi tətilə başlamışdı.

Mən bunu da qeyd etməliyəm ki, tətil edən fəhlələr nə çığır-bağır edir, nə də əsəbiləşirdilər.

Onların tələbləri gözdən keçirilirkən, hər kəs öz şikayətini göstərirdi.

Verilən tələblər, ümumi iclaslarda müzakirə edilmədiyinə baxmayaraq, bütün zavod dairəsinin verdiyi əsas tələblərdə güzəştə gedilməyəcəyi yazılmışdı.

Zavod sahibləri də əsas məsələlərdə güzəştə getməyəcəklərini bir ağızdan söyləyirdilər. Yalnız Xatisov zavodu güzəştə gedərək, birinci tətil günlərinin yarı muzdunu vermişdi. Buna görə də bir çox zavod sahibləri tətilçilərə güzəştə gedərək, günəmuzd işlərdən başqa işlərin muzdunu artırdılar.

Mən bu söylənilənləri öz vaxtında Bakı jandarm idarəsinə xəbər vermişəm.

Mən burada nazir cənablarına özümün bu tətil zamanı nə qədər əziyyət çəkdiyimi təsvir etmək üçün Xarkov dairəsi fabrik müfəttişi cənablarına göndərdiyim gizli teleqramları da göstərə bilərəm. Budur, sizə teleqram nümunələrini oxuyuram:

«Məxfi.

Xarkov dairəsi fabrik müfəttişi zati-alilərinə. Bakının bütün zavod və mədən dairələri gözlənilməyən bir tətilin içindədir. Bu səbəbdən də vaxtım olmadığı üçün sənaye şöbəsinə göndərdiyim teleqramların surətini sizə göndərirəm. Səhərdən axşama qədər vaxtımı fəhlələrlə müsahibədə, axşamları isə vali cənablarının yanında iclasda keçirməkdəyəm».

Kiselyov sonra nazirə başqa teleqramları da oxudu:

«12 iyul. Üç zavodda tətil, işçiləri altı yüz nəfərə qədər. Maaşın artırılması; hələlik asayiş».

«4 iyul. Ağşəhər dayanmış. Tətillər artır. Maaşın artırılması tələb edilir. Yarım aylıq maaşın qabaqca verilməsi. Razılaşma baş tutmur. Mədən fəhlələri də dəmiryol deposu fəhlələrinə qoşulurlar. Dəmir yolunda iş dayandırılmış. Qatarlar hərəkət etmir. Qoşun çağırılmışdır. Qoşun azdır. Böyük nizamsızlıq gözlənir».

«7 iyul. Mexaniki emalatxanalar, çövhər zavodları, konka parkı, tərsanələr, fabriklər, neft mədənləri dayandırılmış. Su təmizləyən və elektrik stansiyasının dayandırılması gözlənilir. Şəhərdən kənar hər gün yığıncaqlar. Kontorların dayandırılması təşəbbüsü. Qəti təlimat gözləyirəm».

– Cənab nazir! Bu cür teleqramlar həddindən artıqdır. Hərgah nazir cənabları bununla maraqlanırsa, bunların hamısını nəzərdən keçirmək və sizə məlumat vermək üçün katibinizə təqdim edə bilərəm.

Mən öz vaxtında işə girmək istəyənlərlə tətili davam etdirmək istəyənlər arasında toqquşmalar olduğunu, tətil günlərinin maaşını almaq haqqında fəhlələrin arzularını, dəniz hərəkatının dayanmasını, şəhərdəki ruh düşkünlüyünü və başqalarını tamamilə yazmışam. Mən fəhlələrin başlıca tələbləri haqqında hələ 27 iyun tarixli, 4 nömrəli məktubumda yazıb göstərmişəm.

İyul tətilləri o qədər mürəkkəbdir ki, bu tətillərin tələblərini bir-birindən ayırmaq mümkün deyildir.

Demək olar ki, tətillər əvvəlcə sakit bir surətdə keçirdi. Bir çox yerlərdə fəhlələr özlərini sakit aparırdılar. Lakin son günlərdə işlərin şəkli tamamilə dəyişdi, tətil etməyən zavodlardan bir çoxunu təhdidlə dayandırdılar. Fəhlələr böyük dəstələrlə zavodlara girib işin dayandırılmasını müdirlərdən tələb edirdilər».

Kiselyov sözlərini bitirməmişdi ki, elektrik işıqları söndü. Yarım saatdan sonra jandarm miralayı gəlib elektrik stansiyasının tətil etdiyini, fənər yandıran işçilərin də şəhər fənərlərini keçirib tətilə qoşulduqlarını xəbər verdi və günün hadisələri barəsində aşağıdakıları söylədi:

– Şəhər qorxulu bir vəziyyətdədir. Fəhlələr şəhərə hakimdirlər. Tağıyev fabrikinin tətil etmiş fəhlələri Şibayevin zavoduna hücum edib, işi dayandırmağı tələb etmişlər. Bunların arasında şiddətli toqquşmalar olmuşdur. Kazaklar işə mane olanlara iki dəfə atəş açmışlar. Bir neçə nəfər yaralanmışdır. Bütün həyat dayanmışdır. Şəhərdə süpürgəçilər, rənkçəkənlər belə tətil etmişlər.

Təəssüf ediləcək hallardan birisi də budur ki, tətilin zəhərli mikrobları Bakı polisi arasında da görünməkdədir. Şəhərin qorodovoylarından bəziləri tətilə hüsn-rəğbət göstərir.

Təəssüf ediləcək ikinci bir məsələ də odur ki, Zubatov təşkilatı öz nüfuzunu itirmişdir. Onlar tətili içindən dağıtmaq üçün tətillərdə iştirak etmək istəmişlər, lakin fəhlələr buna razı olmamışlar.

Jandarm miralayı hələ çox uzun danışacaqdı. Lakin nazirin uzun danışıqları dinləməyə imkanı yoxdu, çünki həm lampanın, həm də Bakının istisi naziri uzun vaxt oturmaq və rahat olmaq imkanından məhrum etmişdi. O, bir kərə:

– Sabah sizi Mərdəkanda, Hacı Zeynalabdin Tağıyevin bağında qəbul edəcəyəm, — dedi və ayağa qalxdı.

Nazir köməkçisini, qubernatoru və general Əlixanovu Hacının bağına ötürmək üçün gələn faytonlar, iyirmi nəfər də atlı kazak bir saatdan bəri qapıda durub gözləyirdi.

Qonaqlar faytona minib getdilər. General Əlixanovun hazırladığı yemək həm qaranlıq, həm də isti olduğundan yeyilməmiş qaldı.

Jenya və Serafima evi təmizləmək üçün içəri girdilər. Stolun üstünə və evin başqa yerlərinə bir çox kağız tökülmüşdü. Jenya kağızları yığarkən general Fon-Valın oturduğu yerdə bir kağız parçası tapdı və diqqətlə oxumağa başladı:

«Tətilçilərin tələbləri tamamilə rədd edilməlidir. Sahibkarlar onlara heç vəchlə güzəştə getməməlidirlər. Bakı polisi və qoşun dəstələri işə başlamalıdırlar. Cənab Pleve və Vitte cənablarının da fikri budur!».

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Elmi-nücum

İcmali-kar, şəhri-cəmadi-əvvəl*Hükəmayi-İraniyyənin elm nücumdan çıxardığı mə’lumatdan belə mə’lum olur ki, bu ayda bir para yarım müəllimlərin xürrəm və xoşdil olması, mərsiyəxanlıq bazarının kəsadı, əhli-kəsəbənin müsavi surətdə yaşaması, füqəranın müflus olması, saillərin bilmərrə dağılması, viranələrin xərabə şəklinə düşməsi, bimarların pərişanlıq mərəzindən vəfat etməsi, bir para xəlayiqin içində sərmazədlik, baş ağrısı bə’zi şəhərlərdə zühur edəcək, İran və Xorasan səmtində paxlanın və ləbləbinin ərzaqi-firavan olması aşikardır. Soyuq vurmuşların tərləmək ilə şəfa tapması mə’lum olur. Ünas tayfasının sazəndəyə, ləhvi-ləəbə məşğul olmaları, xüsusən bu ayda qarışqaların cəlayi-vətən olması və otaqlarını, imarətlərini su basması mə’lum olur. Bu barədən İran təqvimində yazır. Dağlarda və meşələrdə quş və heyvanat yuvalarının tə’miratı və bu ayın axırlarında Afrika səmtində zəhərli ilanların vüquşu, bu ayda qışlaqların isti olmağı və qışlaqlardan xəlayiqin dağlara dağılması, böyük irmaq və çaylardan baxata götürülmüş arxları və dəhnələri selin bərbad etməsi görsənir. Xüsusən bu ayda itlər öz sahiblərinə əbədə hürməyəcəklər. Bu ayda camaatın hamama getməyə, həna yaxmağa, palçıq qoymağa rəğbəti olacaq, əlavə dağ kəndlərində, bə’zi şəhərlərdə xəlayiqin qoç saxlamaq, it boğuşdurmaq, əl quşu uçurmaq, şikarə getmək kimi işləri, Tiflis şəhərində qənarə bülbül saxlamaq kimi işlər də peyda olacaq, iğtişaşı Yəmən və Misr həvalisində başlanacaq, padişahlar bir-birlərilə sual-cavab edəcək. Bunu İran təqvimi yazır. Urmi və Xoy hamamlarında dəllək şakirdlərinin rəvac bazarı, Marağada döyül və dünbək çalanların zə’f halı, İranın bir para yerlərində həml və nəql əşyalarını ərradaə ilə yeritmək meydana çıxacaq, Binab ətrafında saillərin iğtişaşı, Kirmanda, Qəzvində, Təbrizdə şeyxi, üsuli mübahisəsi zühur edəcək, tiryak əməliyyatının tərəqqisi, tiryakin xəlayiqə nəf’i, İraqi-Əcəm səmtində, xüsusən Azərbaycanda, Əhər səmtində şəbihkərdunların tə’til etməsi, Qaraçadağ mahalında çubuq başı çarıq bağının tərəqqisi, xəlayiqin ümdə ehtiyacı oraq və kərəntiyə olacaqdır. Mərənd səmtində dərvişlik elminin intişara başlaması, mübtədi dərvişlərin çoxalması.

2 min
Balaca felyeton

Bir filosofun zamani-vəfatında oğluna etdiyi nəsihət.*Ey mənim istəkli oğlum! Mən dünyadan getdiyim kimi, əsri-hazırda olan cəmi yaranmışlar dəxi mənimlə belə qara torpaq altına gedəcəkdir. Zamani-həyatımda əcdadımızdan şə’n-şöhrətimizə layiq bir maarifli oğul yetirdim. O isə səndən ibarətdir. Əzizim! Qamətin ucaldıqca bacarıb şan və şöhrətini alçaq saxla.

4 min
Qəlbim tutulmuşdu

Yayın orta ayı, günortanın zamanı, qəlbim tutulmuşdu. Durub dolanıb molla yoldaşımı tapdım. Ərz elədim, ay molla, sən allah bir az yaxşı söhbətlərdən elə, bəlkə bir az mənim qəlbim açılsın. Pir olsun, çox fərəhli söhbət etdi. Əvvəl buyurdu: görəsən bu isti hava nədəndir? Dedim: bu işləri hükəma yaxşı bilər. Buyurdu: görəsən hamı şəhərlər bizim şəhərimiz kimi isti olar? Dedim: molla qardaş, mənim əqlimcə Qafqaz şəhərləri bir-birindən gərək bir az tafavütlu olsun. Dedi: xeyir, mən Qafqazı demirəm, belə bir necə yer adı var ki, indi təzə məktəbə getmiş uşaqlar sayıb, sonra divardakı çızıq-çızıq kağızlarda barmaqları ilə göstərirlər. Ürəyimdə bilirəm, amma dilim tutmur. Dedim: olmaya beş qit’əni deyirsən? Dedi: adını de görüm? Dedim: Avropa, Asiya, filan, filan... Buyurdu: bunlar isti olur ya inki bizim şəhərimiz? Dedim: ehtimal vardır ki, Afrika çölləri isti olar. Buyurdu: Afrikada müsəlman çoxdur, ya inki Qafqazda? Ərz elədim: Afrikada neçə-neçə islam hökumətləri vardır ki, Qafqazdan böyük torpağı, milyonlarla nüfusu vardır. Buyurdu: xub, onların idarəsi nə tövrdür, məşrutədir, müstəqildir? Dedim: onlar öz çörəklərini gizlin yeməkdədirlər. Buyurdu: necə-necə?!!... Gördüm çox baş-beynimi aparacaq, istədim sakit eləyim, dedim: onlar da bizim Rusiya müsəlmanları kimi asudə yaşamaqdadırlar. Dedi: necə, nə buyurursan? Təngə gəlib bu nəzmləri rəfiqimə oxudum:Asudə bizik, bizləri görcək sitəm ağlar,

2 min
Məktub

Cənab Molla Nəsrəddin! Bir necə gün bundan müqəddəm İranda bir şair rəfiqimə yazıb İrandan mə’lumat istəmişdim. Çünki on ildir İranı görməmişdim. Dünən rəfiqimdən fars lisanında bu məzmunda bir məktub yetişdi. Məktubu farscadan eynən tərcümə edib idarənizə təqdim edirəm:Əziz qardaşım Hərdəmxəyal! Minlərcə şükürlər, hökumətin sayeyi-mərhəmətində hürr və asudə yaşayıb gündən-günə tərəqqi və təməddün aləminə sarışıb mədəni millətlər, müəzzəm hökumətlər sırasına keçirik!.. Asiya meydanında bir elektrik fanusu kimi qətəati-xəmsədə olan bəni-nəv’i-bəşəri işıqlandırıb aləmi-mədəniyyəti birdən-birə tənvir etmişik.

2 min

Poems by other poets