Jenya Sabunçuya getmək üçün stansiyaya gəldiyi vaxt saat on olardı. Buna baxmayaraq, yenə də gənc oğlan stansiyada durub Jenyanı gözləyirdi. Lakin Jenya Pavluşa ilə bərabər olduğundan, gənc ona yanaşa bilmədi, ancaq uzaqdan furajkasını götürüb onu salamladı.

Pavluşa Jenyanın gənc oğlanla salamlaşdığını görüncə, yenə də hər zamanda olduğu kimi qızardı, titrəməyə başladı, özünü ələ almaq istədisə də bacarmadı. Vagona mindilər. Pavluşa Jenyanı danışdırmırdı.

Gecə olduğundan vagon tamamilə boş idi. Jenya ilə Pavluşa oturan vagonda heç kəs yox idi. Vagonun şüşəsiz fənərinə qoyulan şam əriyib qurtarmaq üzrə idi. Bayır qaranlıq idi. Parovoz tısbağa kimi ağır-ağır gedirdi. Konduktor vagondakı tum qabıqlarını, papiros qırıntılarını süpürüb pəncərənin sınıq şüşələrindən bayıra atdı, lakin şiddətli külək zibilləri başqa bir pəncərədən içəri doldurdu.

Jenya gözünü fənərin sönməkdə olan şamına dikib oturmuşdu. Nəhayət şam söndü, Jenya üzünü çevirdi, pəncərədən bayıra baxmağa başladı. Şiddətli külək davam edirdi. Keşlənin alçaq damları qabağında külək qum təpələri yaradırdı. Evlərin kiçik pəncərələrindən görünən işıqlar kor olmağa başlamış bir gözün bəbəyini xatırladırdı.

Qatar tısbağa sürüsü kimi ağır-ağır gedirdi; şəhərdən kəndə qayıdan arabalar belə, parovozu ötüb keçirdi.

Pavluşa heç dinmirdi, əlindəki bir parça kağızı dişilə didib vagona püfləyirdi.

Jenya Pavluşanın hərəkətlərindən heç də xoşlanmırdı, onun yersiz qısqanclığı ilə özünü təhqir olunmuş hesab edirdi.

Pavluşa Jenyaya inandığına, onu namuslu bir qız kimi tanıdığına baxmayaraq, yenə özünü ələ ala bilmir, Jenyanı qısqanırdı. Nə qədər fikirləşirdisə, Jenya ilə danışmaq üçün bir vasitə tapa bilmirdi. Çarəsiz qalıb məsələni gənc oğlandan başladı, yavaşçadan dedi:

– İkimiz də gənçik! Sən görürsən ki, zahiri simamız belə bir-birinə oxşamır; onların qəlbi, düşüncəsi, əqidə və məfkurəsi də müxtəlifdir. İnsanın daxili xüsusiyyətlərini öyrənmək üçün nə bir maşın yaradılmış, nə də elə bir elm vardır. İnsanlar bu barədə hələ savadsızdırlar.

Jenya başını pəncərədən çevirib, Pavluşadan soruşdu:

– Sən bununla nə demək istəyirsən?

Pavluşa yavaşça cavab verdi:

– Mən deyirəm ki, o oğlan xəfiyyə-filan deyildir!

– Sən bunu nə ilə isbat edə bilərsən?

– Adamın ağlı var ya yox?

– Əlbəttə ki, var!

– İndi ki, ağlı var, gərək mühakiməsi də olsun. O, xəfiyyə olmuş olsaydı, indiyə kimi bir nəticə əldə etmişdi.

– Mən imkan yaratsaydım, o nəticə əldə edə bilərdi.

Pavluşa bu sözdən sonra dedi:

– O səni sevir, mənim gözəl yoldaşım. Sevməsəydi sənin üçün pul xərcləməzdi. Bakıda belələri azdırmı? Sənin kimi gözəl qızlarla vaxt keçirmək üçün yüzlərlə pul sərf edənləri görmüşəm. Bakıdakılar gözəl qızları ovlamaq üçün pulu əsirgəməz. Əzizim Jenya, sən də haman ovlardan birisi deyilmisən? Sən düşünmədən, bu işin nəticəsini nəzərə almadan, adını, familiyasını, əqidəsini bilmədiyin bir əyyaşın ruhunu oxşamaqdasan. Jenya, burada başqa bir məsələ də ola bilər. Sən, əlbəttə, onu, məndən gizlətməməlisən.

– O nə kimi məsələdir?

– Bəlkə də o səni sevir, sən də onu sevirsən... Belə isə bunu məndən gizlətməyin nə mənası vardır? Sevgi elə bir şey deyildir ki, Pavluşanın və ya bir başqasının xatirinə güzəştə gedilsin... Mən bunu da demək istəyirəm ki, hələ varlığına tamamilə inanmadığım bu sevginin gələcəyi qorxuludur.

Pavluşa çox uzun danışdı. Neçə gündən bəri ona demək istədiyi sözlərini tamamilə söylədi. Jenya çox acıqlanmışdı. Pavluşa ikinci kərə onun əlini sıxmaq istədikdə, Jenya əlini geri çəkdi.

– Bu əli burax! — dedi. — Mən elə zənn edirəm ki, etibar eləmədiyin bu əl uzun müddət sənin əlini sıxmayacaqdır, çünki sənin əllərin inanmayan və yoldaşlıq əhdinə sadiq qala bilməyən əllərdir. Sən qısqanırsan. Mənim haman gənclə gəzdiyimə gəldikdə bu ancaq təşkilatın müdafiəsi üçündür. Bunu Lado yoldaş da bilir, Nikolay Petroviç də, Kazarenko da. Bəs onlar nə üçün sən deyən sözləri mənə demədilər? Onlar məsələyə təşkilatın mənfəəti nöqteyi-nəzərindən yanaşdılar, sən isə belə yanaşmadın. Sən məsələyə qısqanclıq hissi ilə yanaşırsan. Neçə gündür ki, məsələni sənə anladıram, amma sən başa düşmək istəmirsən. Sən özünü köhnə başlı, mədəniyyətsiz kişilər kimi aparırsan. Bizim aramızda əqidə yoldaşlığı, bir də dostluq əlaqəsi var. Mən bunların ikisinə də and içirəm, mən öz qəlbimi və qəlbimdəkiləri heç kəsə satan deyiləm. Mən sənə and içməyə və haqq-hesab verməyə də borclu deyiləm, nə sən mənim ərim, nə də mən sənin arvadınam. Buna baxmayaraq, mən bir zərrəcə də olsa, səninlə olan əlaqəmin dəyişməsinə imkan vermirəm. Sən də gərək mənə azad işləmək imkanı yaradasan. Hərgah şəxsi və ya ümumi məsələlərdə mənə qarşı bir etirazın varsa, onu təşkilatda qoya bilərsən. Qoy təşkilat məni cəzalandırsın.

Pavluşanı tər basmışdı, heç bir söz deyə bilmirdi.

Qatar saat on ikidə dərin nəfəs ala-ala Sabunçu stansiyasında dayandı. Əvvəlcə Jenya, sonra Pavluşa vagondan düşdü. Onlar stansiyadan evə qədər uzun bir yolu piyada getməli idilər. Qoşa getmirdilər. Jenya yolun bir tərəfi ilə, Pavluşa isə başqa bir tərəfi ilə gedirdi.

Pavluşa dayanıb, Jenyanı səslədi:

– Jenya, gəl dolama və qısa yolla gedək.

Jenya:

– Dolama yolla gedənlər həqiqətə çox gec çatarlar! — deyərək yoluna davam elədi.

Pavluşa bir neçə kərə Jenyaya yaxınlaşmaq istədisə də, qız yolunu dəyişdi, küsdüyü üçün onunla yan-yana getmək istəmirdi.


Ramanadan əsən şiddətli külək Jenyanın saçlarını dağıdırdı. Jenya yüzlərlə vedrədən taxta hovuzlara tökülən mazut şəlalələrindən təbii şəlalə nəşəsini alırdı. Ətrafdan axan mazutun səsindən, meşəli bir dağdan axan bulaqların zümzüməsini duyurdu. Elektrik çarxının boynuna dolaşan qayışın qəzəbli hərəkəti, mədən qarovulçularının fit səsləri, gözlərini kəlləçarxa dikib oturan tulumbaçının şərqiləri, haqq-hesaba gəlməyən buruqların arxasından eşidilən maşın gurultuları, mədən gecəsinə hakim olan zəhmət ordusunun hay-küyü, eyni zamanda onların dinlənilməz daxili fəryadları Jenyanı düşündürürdü. Onu mazut gölməçəsinin görünüşü, mazut gölməçələrində çay quşları kimi üzən elektrik lampaları, vulkan gurultusu verən fantan səsləri və şəvə rəngli fəzalar məşğul edirdi.

Buruqların dalısından çıxan ay dumanlı dənizdə duran bir mayak kimi sısqa işıqlarını qara buruqlar üstünə yayırdı. Şiddətli külək xeyli aralıda vuran fantandan aldığı neft damcılarını ətrafa yayır, yolçuların üz-gözünü, paltarını isladırdı. Jenya özünü qorumaq üçün yerişini artırdı.

Pavluşa:

– Mən deyən yol ilə getsəydin paltarın da ləkələnməzdi, — dedi.

Jenya kinayə ilə:

– Mazut ləkəsini yumaq çətin deyil, — dedi, — lakin elə ləkələr vardır ki, onları ancaq ölüm təmizləyə bilər.

Pavluşa bu sözün cavabını verə bilmədi, çünki evə çatmışdılar.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Miss Hanna Şərq haqqında

Miss Hannanın yanına gedərkən Məşədi Kazım ağaya təsadüf etdim. Bu axşamkı iclasa Hacı Əli, Mirzə Əhməd, Əmir Heşmətdən başqa kimsənin çağırılmamasını tövsiyə etdim.Amerikalı qadın Hannanın yatdığını xəbər verdi. Mən balkonda oturub Ninanın konsulxanadan gətirdiyi rus qəzetlərini oxumaqla məşğul oldum. Bir az sonra qulluqçu qadın miss Hannanın yuxudan qalxdığını və məni soruşduğunu söylədi.

6 min
Bir nömrəli şəbnamə

Bugünkü iclasda Rus-İran məktəbinin müəllimi, gənc inqilabçı Əkbər Əkbərov da iştirak edirdi. Gündəlik müzakirədə bircə məsələ dururdu. O da bizim gələcək fəaliyyətimizi müəyyənləşdirməkdən ibarət idi. İclası Hacı Əli ağa idarə edirdi. Yoldaşlardan bir çoxu sədrin irəliyə atdığı «nə yolda hərəkət etməliyik?» sualına qarşı uzun-uzadı danışdılar, hamıdan sonra mən söz aldım:– Biz Məhəmmədəlinin İrana kimlər tərəfindən və nə məqsədlə gətirilməsi haqqında geniş kütlə arasında izahat işləri aparmalıyıq. Biz camaata inqilabın tamamilə məğlub olmadığını, məşrutə hökumətinin möhkəm olduğunu, məşrutə ordusunun düşmənə fayiq gələcəyini, ingilis və rus intriqası ilə ciddi mübarizə aparılması lüzumunu anlatmalı, Təbrizdəki Məhəmmədəli tərəfdarlarına meydan verməməliyik.

16 min
Hacı Əli ağanın ziyafətində

Mən bir az yubanmışdım. Miss Hanna həyəcanlı bir surətdə evdə gəzişirdi.O məni görərkən indiyə qədər dilinə gətirmədiyi sözləri deməyə başladı:

14 min
Şəbnaməyi nömrə duvvum

Bu gün Təbrizin bütün küçələrində rus teleqraf agentliyinin xəbərləri vurulmuşdu. Bu da Təbriz həyatında birinci hadisələrdən idi, çar istilası zamanı və çar istilasından əvvəl belə-belə hadisələr olmamışdı.Rus konsulxanasının bizim çıxardığımız şəbnamələrlə mübarizə aparmaq tədbirləri bundan ibarət qaldı. O, yalan və uydurma teleqraf xəbərlərini çap etdirib divarlara yapışdırmaqla xalqın fikrini Məhəmmədəlinin lehinə çevirməyə çalışırdı. Teleqraf bu məzmunda idi:

30 min

Poems by other poets