Qızıl Arslan
Page 2 of 2 · 50%
Bu səbəblə də Babək və onun ətrafındakı ziyalılar İslam dininin doğurduğu yüzlərcə təriqətin Azərbaycanda mövcud fikir sərbəstliyinə əngəl törətməsinə soyuqqanlılıqla baxa bilmədilər. Heç şübhə yoxdur ki, onlar məzhəb ixtilaflarının mədəni düşüncəyə düşmən olduğunu bizdən daha əvvəl dərk edə bilmişlərdi. Məmun xəlifə ölkələrini təbəqələrə və mədəni səviyyələrinə əsasən müəyyən hissələrə ayırdığı zaman, Cənubi və Şimali Azərbaycanın vəziyyətinə toxunaraq xülasələrində belə yazır:
"Xüsusən Azərbaycan məmləkəti qədriyyə, cəbriyyə və mötəzilə təriqət və məhzəblərinin cövləngahı kəsildi. Buna görə də mən Babəkin üsyanından xəbər tutduğum zaman qəlbən sevindim, lakin bu üsyan inkişaf etdikdən sonra babəkçilərin buraxdıqları böyük səhvlər məni düşündürməyə başladı. Babək və onun ətrafındakılar mübarizəni təriqət və məzhəb əleyhinə deyil, din əleyhinə başladılar. Halbuki onlar bir təriqəti o biri təriqətin köməyi nəticəsində məhv edə bilərdilər. Üsyan, dini və nəzəri əsaslar üzərində qurulmalı idi. Lakin Babək bunu qılınc və qoşun qüvvəti əsasında qurmaq istədi. Babəkçilər hər bir təriqət və məzhəbin özünə məxsus fəlsəfəsi olduğunu və bu fəlsəfələrin xalqın şüurunda kök saldığını nəzərə almadılar. Buna mən çox təəssüf etdim. Çünki təriqət və məzhəblər təsviyə olunduğu zaman din bir hökumət quruluşu şəklində qalacaqdı və ağlı başında olan xəlifələr onun mədəniyyət üçün əlverişli olmayan tərəflərini tədrici bir surətdə meydandan çıxara biləcəkdilər.
Mən elə zənn edirəm ki, o zaman Babəkin ətrafında onun əsas məqsədini həyata keçirə biləcək, təriqət və məzhəbləri elmi surətdə rədd edə biləcək alimlər olmadığından, o qalibiyyəti ancaq silahda aramağa başlamışdı. Şübhəsizdir ki, belə bir mübarizədə silah təkbaşına qalib gələ bilməzdi".
Möhtərəm şair, bu qədər tarixi və acı təcrübələri nəzərə aldığımız zaman, islahat dediyimiz işlərdə çox ehtiyatlı olmalıyıq. Baxınız Məmun xülasələri Babəkin səhvləri haqqında nə deyir?!
"Babək üsyanının məğlubiyyət səbəblərindən birisi də onun dinə qarşı üsyan şəklində çıxaraq siyasi bir üsyan şəkli almasındadır. Hərgah indi də olmasa, gələcəkdə o məğlub ediləcəkdir. Babək elə düşünür ki, xəlifələr dini və təriqəti olduğu kimi müdafiə etməyə çalışır, buna görə də silahını din əleyhinə çevirdiyi zamanda xəlifə hökuməti üzərinə də çevirmişdir. Mən əvvəlcə bu üsyanı təbrik etdiyim halda, indi onunla mübarizəyə qərar vermişəm".
Möhtərəm şair, bu səbəblə də mən məktubunuzda işarə etdiyiniz islahat məsələsinə çox diqqətlə yanaşmaq istəyirəm. Yazdıqlarınızın hamısını tarixin məhək daşından keçirib cavab vermək istədim. Bu səbəblə də Babək üsyanı tarixini tamamilə nəzərdən keçirmək lazım gəldi. Mən Məmun xəlifənin, öz vaxtının ağıllı bir islahatçısı olduğuna inanıram. O ikinci kərə xilafəti əlinə aldığı zaman din, təriqət və məzhəb məsələlərini bir daha nəzərdən keçirib islah etmək istədi. Sizin özünüzə də məlum olduğu üzrə Məmun Quran hökmlərinin islam xalqı üçün məcburi qanun olmadığı məsələsini meydana atmışdı. Lakin Məmunun bu gözəl fikri islam ölkələrində iki zidd hərəkətin yaradılmasına səbəb oldu. Onlardan birisi dinçilərin və təriqət müəssisələrinin Məmuna qarşı düşmənanə hərəkətindən, ikincisi də Azərbaycan ziyalılarının dərin bir ifrata qapılaraq din və hökumətə qarşı üsyan etmələrindən ibarət idi. Bu hərəkətlərin hər ikisi Məmunun islahat fikirlərini boğdu, məsələni nəticəsiz buraxdı.
İndi Azərbaycanı təzədən qurmaq işində bu təcrübələr bir rəhbər olmalıdır. Sizin islahat üçün göstərdiyiniz təklifləri Atabəy Məhəmmədə yazacağam. Zənn edirəm ki, əlahəzrət Sultan Toğrul da buna maneə göstərməz.
Sonra, Gəncə hakimi Əmir İnancın məsələsinə aid yazdığınız sətirlərdə deyirsiniz ki: "Mən, yoldaşım və bir də böyük şairə Məhsəti xanımdan ibarət olan üç nəfər, bir inəyin südü ilə gözəl bir surətdə yaşadığımız halda, Əmir İnanc bütün Aran məmləkətini bir inək kimi sağıb yeyirsə də yenə də doymur".
Möhtərəm şair, hərgah Əmir İnanclar bir inəyin südü ilə kifayətlənsəydilər, o zaman onlar da Nizami olardılar, daha onlara Əmir İnanc deməzdilər.
Məktubunuzla bərabər göndərdiyiniz bəzi əsərlərinizi aldım. Orada diqqətimi cəlb edən parçalardan birisi də Soltan Səncərlə qoca qadının hekayəsi oldu. Doğrudan da bu balaca hekayəniz göndərdiyiniz məktubun mündəricəsilə uyğundur. Həqiqətdə də səlcuqlar Azərbaycan məmləkətini, qoca qadının dediyi kimi, ağır və çıxılmaz bir vəziyyətə saldılar. Hazırda Azərbaycanı abad bir məmləkət şəklinə salmaq üçün sizin kimi ziyalı adamların ciddi köməyi lazımdır. Möhtərəm şair! Siz əhalini anlatmalısınız ki, hazırda hökumətə qarşı üsyan qaldırmaq və üsul-idarəni tamamilə rədd etmək Azərbaycan məmləkəti üçün böyük bir təhlükə yarada bilər. Çünki məmləkətin qonşularında məmləkətə qarşı böyük bir sui-qəsd hazırlanır.
Yenə də sizdən məktub gözləyirəm. Nəsibim olursa, görüşüb əlinizi öpmək səadətinə nail olaram. Hələlik uzaqdan salam göndərirəm.
Təbriz, Qızıl Arslan".
Məktub oxunduqdan sonra Fəxrəddin şad bir tövr alaraq dedi:
– Məktub olduqca qənaətbəxş bir məktubdur.
Nizami isə fikirli bir surətdə məktubu büküb yazı heybəsinə qoyarkən:
– Məktub o qədər də səmimi deyildir, – dedi.
Fəxrəddin təəccüblə soruşdu:
Nə üçün? Qeyri-səmimilik bunun harasındadır?
– Bu məktub ancaq siyasət və dünyagörüşü cəhətcə savadsız adamların gözünü örtə bilər. Qızıl Arslan Babək üsyanından danışdığı vaxt deyir ki: "Mən, Babək üsyanından sonra Azərbaycanda baş verən bütün üsyanların tarixini oxuyurkən, bu üsyanların hamısında Babək üsyanında mövcud olan ünsürlərin olduğunu görürəm".
Qızıl Arslan burada ya Babək üsyanının hansı ünsürlərdən mürəkkəb olduğunu bilmir, yainki Babəkdən sonra Azərbaycanda baş verən üsyanların mündəricəsilə tanış deyildir. Onun, Məmunun xülasələrindən alıb bizə məsləhət üçün göstərdiyi parçalar isə ya təhrif olunmuş və yaxud da başqa bir məqsəd daşımaqda olan müəyyən adamların fikridir, çünki Babək üsyanı bütün mahiyyəti ilə islam dini əleyhinə başlanmışdı. Şübhəsizdir ki, xəlifəlik islam dini əsasında qurulduğu üçün, xəlifələr bu dini müdafiə etməyə başlayacaqdı.
Qızıl Arslanın Məmundan alaraq bizə aşılamaq istədiyi yanlış fikirlərin birisi də Babəkin dinə qarşı yox, təriqətlərə qarşı üsyan etməsinin zəruri olduğunu isbata qalxışmasıdır. Bu nə qədər gülünc bir səhvdir. Babək təriqətlərə qarşı elmi və fəlsəfi mübarizə açdığı zaman təriqət mübahisələri bir daha alovlanmağa başlayacaqdı. Lakin dinin əsasına qarşı qoyulan üsyan ən doğru bir yol idi, çünki dünyada bir təriqət yoxdur ki, o, dinə istinad etməsin, dinin yıxılması bütün təriqətlərin yıxılması deməkdir. Qızıl Arslan məktubunda Babək üsyanının hökumət əleyhinə çevrildiyi üçün məğlub ola bildiyini göstərməklə bizi qorxutmaq istəmişdir.
Məktubda məni qənaətləndirəcək bir cəhət vardır ki, o da Qızıl Arslanın "Azərbaycanlılar bizi öz hökumətləri kimi tanımazsa, müdafiə etməz" deməsidir. Onlar ağıllı və siyasət bilən adamlar olarsa, ancaq yuxarıdakı iddialarını həyata keçirdikdən sonra Azərbaycan hökuməti hesab ediləcəklər.
Bizim təbii hüdudlarımız tamamilə Azərbaycan atabəylərinin əlindədir. Zənnimcə, onlar Şirvan şahlığı məsələsini təsviyə edə bilərlər. Qızıl Arslanın milli mədəniyyət barəsində qoyduğu məsələlər də əsas məsələdir. Müəyyən və möhkəm bir quruluşla idarə edilməyən və bir mərkəz ətrafında yığılmayan kiçik-kiçik məmləkətlərdə islahat aparmaq olmaz. Qızıl Arslanın səlcuqilərin hökumət quruluşları barəsindəki fikirləri tamamilə doğrudur.
Hər halda mən ikinci məktubumda, onun bəzi səhvlərini qeyd edəcəyəm, zənn edirəm ki, o bundan inciməz.
Fəxrəddin də:
– Bütün fikirlərinlə razılaşıram! – dedi.
Kitabxana.az · https://kitabxana.az/en/works/ordubadi-qizil-arslan
Use ← → keys to move, R for a random poem
More by this author
Naxçıvan, İrəvan xan, bəylərinin, Ordubad qırmızısaqqallarının, Bakı, Quba başıqırxıqlarının və Kürdəmir başı hanalı cavanlarının əhaliyə müraciəti:*Vətəndaşlar!*
Ağbaşlar içtimainin qətnaməsiŞükr-lillah almışıq hürriyyəti bundan sora,Saxlamaq bu əski ruhaniyyəti bundan sora.
İran Astarası və Azərbaycan AstarasıOrtadan bir çay keçir, olmuş iki yan Astara,Bir yan Azərbaycan, bir səmti İran, Astara.
Tə’ziyə günlərindəSəsi artdıqca əza günləri fəryadımızın,Sayı cənnətdə çoxalmaqdadır arvadımızın:
Poems by other poets
Genə bicarə konul duşdu bir əyyar əlinə,Rəhmi yox, mohnəti cox, şuxi-sitəmkar əlinə.
Xırçın qızDeyirdi ki: – Məsud olmaq mənim böyük diləyim.Yaşamaqdan yalnız budur son qayəm, son istəyim.
BayatılarMən aşiqəm, Qarabağ,Şəki, Şirvan, Qarabağ.
Təcnis: Kəlbin olub yaslanmışam dərdə yarKəlbin olub yaslanmışam dərdə yar,Bir kərə bizi çağırmazsan ayla,