Qorxulu gecə
Page 2 of 3 · 33%
Amerikalı qız yanlış fikirlərində daha da irəli gedərək çox yersiz bir surətdə Marksın nəzəriyyəsinə istinad etməklə dedi:
– Mən, sənçə anlaşılmayan bu məsələni daha da aydın söyləmək istəyirəm. Deyəcəyim sözlərlə qane olacaqsan, çünki bu sözlərimi Marksın nəzəriyyəsinə istinad edərək deyirəm. «Hazırkı mübarizədə sinfi mübarizə mündəricəsi yoxdur. Ola da bilməz, çünki burada sənaye işçiləri yoxdur. Az-çox varsa da təşkil edilməmişdir». Bunları nəzərə alaraq, siz hazırkı inqilabı yerli şərait və yerli mündərəcə zəminasində aparmalı və inqilabı müdafiə edən ünsürlərin kimliyi ilə hesablaşmalısınız. Əksinə olaraq siz kütlələrin mədələri həzm edəməyəcək və səviyyələri əhatə edəməyəcək bir xətt-hərəkətlə meydana çıxmış oldunuz. Sizin səhviniz də burasındadır.
Mən miss Hanna ilə bu kimi mürəkkəb bir məsələ ətrafında mübahisəyə girmək istəmirdim. Buna məndə bir maraq da yox idi. Onu təbliğ etmək və onun fikrini dəyişmək üçün uzun bir vaxt lazım olduğunu bilirdim. Bu mübahisənin ümumi hərəkət nöqteyi-nəzərindən əhəmiyyəti də yox idi. Danışdıqlarımız siyasi söhbətə miss Hanna yenə də öz eşqnaməsi ilə yekun vuracaq idi. Lakin mən iki şeydən birisini qəbul etməli idim ki, bu da ya sevgi fəlsəfələrini dinləmək, yainki siyasi mübahisə açmaq. Çünki miss Hanna başqa heç bir söhbəti xoşlamırdı.
Mən siyasi söhbətlərin hamısında ona müqabilə edə bilərdim, onun səhvlərini göstərər və onu sükuta məcbur edərdim.
Sevgi söhbətlərində isə o mənə qalib gəlirdi, daima məni susdururdu, mən heç bir zaman onun işlətdiyi hissi sözlərin qarşılığını tapa bilmirdim. Mən belə mövzulara əhəmiyyət vermirdim. Bəlkə, özümdə belə bir qabiliyyətin mövcud olduğuna da inanmırdım. Zatən kişilərdə öz sevgisini incəliklə ifadə edə biləcək qabiliyyət çox azdır. Çünki sevgi danışıqlarını canlandırmaq, sevgiyə aid ifadələri bəzəmək üçün bəzən yalvarmaq və göz yaşları tökmək də lazım gəlir ki, kişilər bunda qadınlar qədər bacarıqlı deyil. Hətta mən belə bir məsələni də düşünürdüm: miss Hannanın, yaxud bir başqa qızın öz sevgisini ifadə etmək üçün işlətdiyi kəlmələr o qədər incə, o qədər hissidir ki, o ancaq bir qadın ağzına yaraşar.
Bütün bu cəhətlər məni sevgi söhbətlərindən boyun qaçırmaq və siyasi söhbətlərə imkan vermək məcburiyyəti qarşısında qoyurdu.
Miss Hannaya müraciətlə:
– Gözəl Hanna! – dedim. – Sənə bir dostluq tövsiyəsində bulunacağam. O tövsiyə bundan ibarətdir: vaxtın olduqca Rusiyada baş vermiş işçi hərəkatı tarixini oxumağın lazımdır. Sən Rusiyadakı inqilab hərəkatının tarixi ilə tanış olsaydın, Rusiya inqilab hərəkatının nə kimi yollarla gəlib hazırkı pilləyə çatdığını öyrənsəydin, İran inqilab hərəkatı ilə Rusiya inqilab hərəkatını müqayisə edərkən bu qədər dərin səhvlər buraxmazdın. Sənə sual verirəm: bir zaman Rusiya inqilabçısı da İranda olduğu kimi, padşahları öldürmək və terror təşkil etmək yolu ilə getmirdimi? Gözəl Hanna, bir düşün! Bir zaman Rusiya işçisi də, İran işçisinin müctəhidin dalına düşdüyü kimi keşişlərin arxasına düşüb çardan çörək və mərhəmət diləmək üçün getmirdimi? Rusiya işçisi bir çox qanlı imtahanlardan çıxaraq hədsiz qurbanlar verdikcə öz yolunu doğrultmadımı? Öz xətt-hərəkətini dəyişməklə silahlı qiyam və proletar diktaturası şüarını meydana atmadımı? İndi mənə söylə görüm, Təbriz inqilabının bugünkü təşkili, İran kəndlisi və İran zəhmətkeşlərinin silahlı qiyam üçün verdiyi müvəffəqiyyətli bir imtahan deyildirmi? Hanna, sən özün bir düşün! Xanları, mülkədarları döymək, onları öz mülkündən qovmaq, istismarçılara qarşı açıq nifrət bəsləmək, istismarçıları müdafiə edən padşahı taxtından düşürmək, onun ordusu ilə qanlı müharibələr aparmaq işlərinin hamısı Rusiyadakı beşinci il hərəkatının göstərdiyi yollar deyildirmi? Hərgah bu gün böyük dövlətlər işə müdaxilə edir, İran inqilabının inkişafına imkan vermirsə də, gələcəkdə İran inqilabı özünü toplayacaq və sarsılmaz bir qüvvətlə meydana çıxaraq öz məqsədinə nail olacaqdır. İranda hərəkatın kütləvi bir şəkil ala biləcəyinə heç də şübhə yoxdur; torpaq şəraiti İranda Rusiyada olduğundan daha pis haldadır. Bu şəraitin özü də İran kəndlisinin kütləvi bir surətdə inqilaba qoşulmasını təmin etməkdədir. Burada mübahisəli məsələ kütləvi və ümumi hərəkat nə zaman başlanacaqsa başlansın, yenə də öz baş xətti ilə irəli gedə biləcəkdir.
Miss Hanna mənə bu söhbət üzərində uzun zaman dayanmaq imkanını vermədi, bir kərə:
– Bəli, bəlkə də, gedə biləcəkdir, – deyərək qarşısında duran şərab piyaləsini qaldırdı.
O, şərabı çox təxirlə, hətta damcı-damcı içirdi. Yarımçıq piyaləni gözləri qarşısına tutaraq piyalənin dalısından mənə baxır və gülümsəyirdi.
Mən düşünürdüm, bir tərəfdən dünənki Təbrizi xatırlayır, o biri tərəfdən indi Təbrizin nə vəziyyətə düşəcəyini təsəvvür edirdim.
Qarşımdakı təntənəli şam süfrəsini, bəzəkli və isti otaqları, gənc və gözəl bir qızı deyil, xatirəmdə canlanan qorxulu bir mənzərəni seyr edirdim.
Amerikalı qızın çiynindən sallanan sarı hörüyün hər birisi mənə bir ilan kimi qıvrılıb indicə üzərimə atılacaqmış kimi gəlirdi. Tavandan asılan avizənin hər birisi dar ağacından asılan bir vücud kimi donub dururdu. Pərdələrin üzərindəki şir və pələng şəkilləri isə cana gəlməyə, fınxırıb üstümə atılmaq istəyənə oxşayırdı. Qarşımdakı süfrədə duran qabların hər biri isə mənə zəhərlə dolu kimi görünürdü.
Qız mənim üzümə baxdıqca, İran hekayələrində oxuduğum cadugər və məkkarə qadınları xatırlayaraq qorxuya düşürdüm.
Məni qara basırdı.
Sanki balkona baxan camların dalısında yüzlərcə adam durmuş, mənim vəziyyətimə baxıb gülür və üzərimə məsxərələr yağdırırdı.
Miss Hannanın söhbətləri qəlbimdə bir bayquş ulaması kimi qəmli təsirlər buraxırdı. Mən ancaq qızın bu sözlərini eşidə bildim:
– Bəli, belə də olmalı idi! Əmir Heşmətin bu qiyamı tamamilə vaxtında partladı.
Mən:
– Bəli, belə də olmalı idi! – dedim.
Qız davam etdi:
– Doğrudan da, belə olmalı idi! Mənim də taleyim bunu istəmişdi. Gərək mən də sənə təsadüf edəydim. Bu müəmmaların içərisində qalaydım. Dünyada hər şey mümkündür. Lakin həyatda geri dönmək mümkün deyildir. Hərgah mümkün olsaydı, mən yenə də səadətli günlərimə qayıdardım.
Mən ona sual verdim:
– Hansı günlərə?
– Culfada, Livarcanda olduğum günlərə! Çünki o zaman mən sənin üçün daha qiymətli idim. Sən mənim iradəm xaricində bir hərəkətdə bulunmayacağını mənə söyləmişdim. İndi isə mənim iradəm haman iradədir. Sən isə o iradə ilə hesablaşmaq istəmirsən, mən sənə tərəf bir addım atdıqca, sən məndən yüz addım uzaqlaşırsan. Mən sənin qəlbinə yol tapa bilmədim. Sənin kimliyini belə təyin etmək mümkün olmadı. Sən mənimlə dərdləşmirsən, bir-birimizlə dərdlərimizi bölüşdürməyə imkan vermirsən, biz qəlbən, ruhən bir-birimizə qarışa bilmədik. Əcəba, sən bu yabançı həyatı davam etdirməkdən yorulmadınmı? Söylə görüm bu uzun müddətdə sən mənim nə qədər saf, səmimi, təmizürəkli bir qız olduğumu təyin edə bilmədinmi? Mənim Şərqin uzaq bir guşəsində səndən başqa bir kimsəyə bağlanmadığımı və bir kimsəm olmadığını, yalnız səni özüm üçün yaxın dost seçdiyimi bilmədinmi? Bütün bunları bildiyin halda, məndən uzaqlaşmaq və mənimlə bir yabançı imişəm kimi davranmağın nə mənası vardır? Sən özün düşün, mən uzun zaman davam etdirdiyim bu yolun yarısından qayıda bilərəmmi?
Miss Hannanın gözündə bir qətrə yaş parladı. Özünü toxtadaraq mənim qarşımdakı piyaləyə şərab doldurub dedi:
– İç! İnsanların elə bir vaxtı olur ki, ancaq sərxoş olduğu zaman özünü ayıq hiss edə bilir. Çünki müəyyən gələcəyə malik olmayan bir həyatın ayıqlığı da sərxoşluqdur. Zatən sərxoşluq edənlərin bir çoxu başgicəllandirici həyatın əyri-üyrü yollarında dolaşaraq ayıqlıq arayanlardır. Belə adamlar həyatdan yorğunluğunu çıxarmaq və yeni qüvvət toplayaraq yenə də bu çala-çuxur dünyada dolaşmaq üçün piyalələrlə ülfət etməyi lazım bilirlər. Sən də iç! Sən ancaq içdikdən sonra bu hay-küydən və çığır-bağırdan ibarət olan dünyanı unudacaq və hay-küylər içərisində itib gedən qəlb fəryadlarını dinləyə biləcəksən. O fəryadlar məhrumiyyətə uğramış arzulardan, uzun gecələrin əzici düşüncələrindən, sınmış, təhqir olunmuş qəlbin şikayətlərindən, məğlubiyyətin doğurduğu odlu ahlardan, aldanmış əməllərdən, acı dil yaralarından, haqsızlığa qarşı məcburiyyətlə təslim olan vicdanlardan çıxan, dinlənilməsi çox ağır olan bir səsdir. Sən al bu piyaləni, o səsləri dinləyə bilmək üçün iç!
Miss Hanna bu sözləri deyib qurtarıncaya qədər piyaləni mənim gözümün qarşısında tutmuşdu; onu almamaq və geri qaytarmaq mümkün deyildi. Piyaləni əlimə alıb saxladım. Qız əlindəki şərabı içərkən gözləri yaşarmışdı. Mənə elə gəlirdi ki, indicə yaş qətrələri yanağından aşağıya doğru axacaq və piyalənin içinə töküləcəkdir.
Miss Hanna ağlayırdı. Mən isə düşünürdüm. Sükut dərinləşdikcə, ruh üçün istirahət aradığımız piyalələr dəxi bizi qucağına alaraq həyatı heçliyə döndərən bir güzgünün qabağından keçirir, bədbinliyin qara qətifələrinə bürüməklə tanış olmadığımız bir dünyaya aparırdı.
Kitabxana.az · https://kitabxana.az/en/works/ordubadi-qorxulu-gece
Use ← → keys to move, R for a random poem
More by this author
Alman konsulxanasına məxsus vəsiqələr yoxlandığı zaman bizim üçün gizli və qismən də şübhəli qalan bir çox məsələlər həqiqət şəklinə keçdi. Biz bu vəsiqələrdən sərdar Rəşidin iş mteodunu və kimlərlə əlaqədə olduğunu, hansı hökumətə satıldığını təyin etdik. Sərdar Rəşid almanlara böyük bir para müqabilində böyük vədlər vermişdi. Bir tərəfdən İran valisi olan bu adam, o biri tərəfdən də hələ Helminin dəstəsi Təbrizə girməzdən əvvəl Almaniya dövlətindən yüz min tümən para alıb bunun müqabilində hökumətə təyin olunduğu zaman yerli xalqları rusların əleyhinə qaldırmaq və Təbrizdə toqquşmalar yaratmağı öhdəsinə götürmüşdü.Əbülfət Mirzənin evindən tapılan yazılı vəsiqələr sərdar Rəşidin bu xəyanətini sübut edirdi. Buna görə 4di ki, Helmi ilə birləşərək bizi həbsə almaq və Təbriz xalqını rus təbəələri və Təbriz erməniləri üzərinə qaldırmağa çalışırdı.
Gizlin sirlərHelmi və İbrahim Fovzi öz dəstələrinin qalib gələ bilməyəcəyini lazımınca təyin eləmişdi, çünki bir alay qüvvətində də olmayan bu dəstə Rusiyanın güclü qoşun hissələri ilə deyil, Araz çayı kənarındakı sərhəd qarovulları ilə də qarşı-qarşıya gələ bilməzdi. Lakin bunlar Türkiyə ərkani-hərbinin qərarını həyata keçirməli idi. Tam bu günlərdə Ənvər paşa Sarıqamış və Kars üzərinə hücuma başlamışdı. Helminin dəstəsi İran və Aleksandropol dəmir yollarını işğal etməklə rusların arxasını təhdid edəcək və Ənvər paşanın Kars tərəflərini əldə etmək hərəkətini asanlaşdıracaqdı. Bu səbəbdəndir ki, Helmi Təbrizdə özünə verilən nəsihətləri və göstərilən həqiqətləri qəbul edə bilmədi, o, min nəfərlik bir dəstəni məhv etsə belə, 30 dərəcə soyuqda Sarıqamışa hücum edən Ehsan paşa qol ordusunun hərəkətinə yardım göstərməli idi. Helminin ərkan-hərbi Sofyanda idi. Onun dəstəsi isə Sofyanın şimalında və şimal-şərqindəki möhkəm mövqelərdə yerləşdirilmişdi.Helminin gecə ikən Təbrizi buraxması və orada heç olmazsa yüz nəfərlik bir qarnizon qoymaması özlərinin gələcəkdə Təbrizə girəcəklərindən ümidlərini kəsdiklərini göstərirdi, onlar pozulub çəkiləcəklərini Təbrizdən hərəkət etməzdən əvvəl bilirdilər.
İntihar ərəfəsindəBirdən-birə yadıma düşdü. Miss Hannanın nə vəziyyətdə olduğundan xəbərim yox idi. Şübhəsizdir ki, o, osmanlılarla bərabər çəkilib gedə bilməyəcəkdi, çünki onlar çəkilərkən Təbrizə girə bilmədilər. Miss Hannanın özü də Helmi ilə bərabər getmək istəmirdi, o, «Təbrizdə məhv olmaqdan qorxmuram, lakin osmanlılara qoşulub getməkdən qorxuram? demişdi.Mən miss Hamnanı, rus qoşununun qabaq dəstələri şəhərə girdiyi zaman xatırladım. Şeşgilandan gəlirdim, yolum onun qapısından düşəcək idi. Onunla görüşməyi və vəziyyətini yoxlamağı düşünürdüm. Mən onun qapısının qabağına gəlirkən xidmətçisi kiçik təbrizli oğlan məni görər-görməz dəhşətli bir surətdə:
Çar konsulu gəlirÇar təbəələri və çar himayəsində olanların qapılarında çar bayrağının yellənməsi konsulun Təbrizə daxil olmasını bildirirdi. Bunu yalnız bayraqlardan deyil, hər şeydən görmək mümkün idi. Dərvişlərin qəsidələri, dilənçilərin duaları, korların sızıltısı, mərsiyəxanların mərsiyəsi, müctəhidlərin moizəsi də deyirdi ki, imperatorun konsulxanası açıqdır.Səhər tezdən çar və onun ailəsinin şəkillərini satan Məşədi Məmmədəli dükanını açıb şəkillərin üzünü silir və bir-bir düzüb müştəri səsləyirdi.