Page 3 of 3 · 67%

– Hə, Hacı danışır. Əleykəssəlam... Elədi... Cənazə sabah yerdən qaldırılacaqdır... Əlbəttə lazımdır! Sabah fabrik gərək matəm münasibəti ilə işləməsin. Sənin özün də direktordan tutmuş mühəndislərə, baş ustalara, fəhlələrə, həyət süpürənlərə qədər mütəşəkkil surətdə şəhərə gəlib cənab qubernator mərhumun dəfnində iştirak etməlisiniz. Neçə ki, deyirəm, elə də edərsən. Onları çox nizamla, ədəblə, mərhumun şəninə layiq bir surətdə gətirərsən... Veriləcək, veriləcək, gələnlərin hamısının maaşı veriləcək. Hacı Məmməd! Hacı Məmməd! İşi düzəltmək lazımdır. İşi özbaşına buraxmaq olmaz. Sözünü saxla! Sözünü saxla! Gör sənə nə deyirəm. Sən pulun gücünü bilirsən ki!.. İndi ki, bilirsən, daha boş-boş niyə danışırsan?! Cəbilər, Əlövsətlər kimdir?! Onlar iki-üç nəfər adam deyilmi?! Ada, belə məni anla! Anla, gör nə demək istəyirəm. Sən fəhlələri onların başından dağıt, qoy meydanda özlərini tək görsünlər... Sözünü oradaca saxla, mən sənə təhərini öyrədim. Mənim bütün ömrüm fəhlə işlətməkdə keçibdir. Fəhlənin hamısı gözüaçıq olmaz. Elədir ki, var! Barakallah! Yaxşı baş tapmısan. Fəhlənin birisi, ikisi gözüaçıq olur, bunlar da yüz nəfəri, min nəfəri yolundan çıxardar... Belə ha!.. Sən gərək ayıq olub fəhlələri yoldan çıxardanları elə gətirəsən... Qaydasını mən öyrədim. Fabrikdə erməni-rus çox azdır. Orada olanların çoxusu İran camaatıdır. Mən bilə-bilə onları işə götürmüşəm ki, lazımi vaxtında anlatmaq mümkün olsun. Sən sabahdan bir gizlin siyahı tutarsan, orada İran fəhlələrinin dil bilənlərinin adını yazarsan. Özlərini də çağırıb gizlincə xəbər verərsən ki, «Hacı sizin məvacibinizi otuz faiz artırıbdır. Bu şərt ilə ki, heç kəs bilməsin, hər ayın başında bu otuz faizi gəlib gizlincə alacaqlar». O zaman tətil işi pozular. Cəbi, Əlövsət və Nağıyev kimilərinin burnu yerə sürtülər. Bildin ki?! Bəs sən o molla Zaman qırışmala demirsən ki, ay tənbəl qırışmal, Hacı sənə ayda iyirmi beş manat pulu niyə artıq verir?! Sən bir yığın axmaq İran fəhlələrini də yola gətirə bilmirsən?!. Sabah yox, birisi gün fabrikin kontor otaqlarını boşaldarsan, verərsən təmiz xalçalarla döşəyərlər, iyirmi pud qənd dükandan götürərsən. Mirzə Kamyabı da özüm çağırıb razı edərəm. Fabrikdə imam Hüseyn təziyəsi düzəldərsən. Fəhlələri işdən çıxan kimi qoymazsınız bolşeviklərin düzəltdiyi iclasa getsinlər. Təziyəyə gələnlərin hərəsinə iki stəkan şirin çay verərsiniz. Qoy onların başı təziyəyə qarışsın... Bir il bundan qabaq fabrikdə işlərinizi necə aparmaq üçün plan vermişdim. Haman kağızı tapıb ona əməl edərsən... Elə ha!.. Elə ha!.. Fəhlələri başlı-başına buraxarsan, gedər bolşevik olar! Sən bilirsən ki, o haramzada uşağın şirin dilləri vardır. Onlar gəlib hər kəsin yanında dillərini işə salsa, adamı yoldan çıxardar... O ki, qaldı avam İran fəhləsinə... Bir həftədən sonra fabrikə gəlib sənin işlərini yoxlayacağam. Haman o kontorun böyründəki, Cəbikilin məktəb üçün istədikləri böyük zalı da məscid qayırarsan. Göndərərsən Əhmədlidən bir dana da köhnə minbər gətirdərsən; üstünün qarasını, filanını tazalarsan. Molla Zamanın aldığı pulun üstünə beş manat artırarsan, deyərsən ki, Hacı belə əmr verib gərək gündə üç dəfə fabrikdə əzan verilsin. Həftədə iki dəfə də Hacızadəyə pul verəcəyəm. O da gəlsin namaz qılan fəhlələrin həmd surəsini, qəraətini öyrətsin. Bacardığınca fabrikdəki oğlan uşaqlarını məscidə və minbərə öyrədin... Bunları siz vaxtında yerbəyer eləsəydiniz, bu gün avam fəhlələr məktəb istəməzdilər, bu gün onlar mama adı, doktor adı çəkməzdilər. Xəstələrini doktorun yanına yox, yenə də molla, seyid yanına aparardılar. Hələ yenə də gec deyil. İşə çox tez başlamalıdır.

Hacı Məmməd! Hacı Məmməd! Bir şey yadımdan çıxdı. Bir buxça qara göndərmişəm, gör onları bir təhər cənazəni basdırmağa gələn fəhlələrin qollarına bağlatdıra bilərsənmi? Qabaqca beş-altı nəfəri yanına çağırıb, əlinə beş-altı şahı bas. Fəhlə taifası qoyun kimi bir zaddır, elə ki, onların qolunda qara gördülər, biri ki, atıldı, o birilər də onun dalınca atılacaq... Dediklərim yadında qaldı ki? Hə! İndi ki, yadında qaldı, get işin dalınca ol, sabah sənin dəstəni gözləyəcəyəm.

Hacı dəstəyi yerinə qoydu, dərindən nəfəs aldı, mürəbbədən bir qaşıq ağzına qoyub, qabağındakı soyumuş çayı içdi. Dəstəyi yenidən götürüb qız məktəbini səslədi:

– Hacıdır. Sabah cənab qubernator mərhumun cənazəsi qaldırılacaqdır. Bütün şəhər camaatı qabaqca bizim evdə yığılıb quran oxunduqdan sonra cənazəni qaldırmaq üçün mərhumun qapısına gedəcəkdir... Səhər saat birdə, qızların saçlarına və qollarına qara lent bağlayıb nizam ilə gətirərsiniz... Bu əmrə itaət etməyən talibələrin adlarını dəftərə qeyd edərsiniz.


Camaatın bir ucu Barjatinski küçədə, o biri ucu da «Qafqaz Merkuri» körpüsünün yanında idi. Hacının evinin qabağından — Gorçakovski küçədən keçmək mümkün deyildi. Dükançılardan başlamış küçə hamballarına qədər qubernatorun cənazəsi mərasiminə toplanmışdılar.

Hacı Aslan və onun qoçuları bazara düşüb, hər kəsi görürsə:

– Durma! Nə üçün durmusan, Hacının qapısına! — deyə, — camaatı qoyun sürüsü kimi ürküdüb, Hacının qapısına tökürdü.

Qoçular:

– Bağla dükanı! — deyərək sağa-sola qaçır, bütün şəhəri qubernatorun dəfn mərasimində iştirak etməyə məcbur edirdilər. Onlara belə əmr verilmişdi.

Hacının salonunun geniş pəncərələrindən, öldürülmüş qubernator üçün oxunan quran səslərini, qurultulara baxmayaraq küçədən eşitmək mümkün idi.

Hacı özü cənazə mərasiminə gələnlərin qədərini və kimlərdən ibarət olduğunu tez-tez gözdən keçirirdi. Otaqlarda yer yox idi. İçəriyə ancaq əvvəlcədən tutulmuş siyahıda adları göstərilən adamlar girə bilirdilər.

Hacı Aslanın qoçuları da çərkə ilə düzülmüşdülər: başlarında qara uzun buxara papaq, əyinlərində gümüş zərli şüşə düyməli qara məxmər jilet vardı, bığları altdan yuxarı burulmuşdu. Pençəklərinin ətəyi altından bağlanmış tapançaların başları, ölmüş atın omba sümükləri kimi görünürdü.

Saçlarına və qollarına qara lentlər bağlanmış qız məktəbinin talibələri də çərkə ilə düzülüb qoçularla yan-yana durmuşdular. Qoçuların söhbətlərindəki məzmunu qızların üzündən oxumaq olardı.

– Gəl səni götürüm qaçım, bizim ellərə, ellərə...

– Adama birini vurasan qoltuğuna, basasan faytona, düz sürəsən Nardaran bağlarına.

– Hacının bu ehsanının üstü yoxdur! O yanda duran arvadı görürsən ki, cəmi işlər onun əlindədir. And içibdir! Bunların hamısını gərək ərə versin.

– Bizə ki, yetişməyəcəkdir...

– Aşurbəyovlardan artıq qalsa, sənə də yetişər.

– Elədi ki, var. Müdirənin otağında gecə qonaqlıqdır.

– Hər kəs qız bəyənmək istəyirsə, gərək, başında yaşıl şlyapası olanı görsün.

Bu cür söhbətlər sıra ilə duran qızları təbii halından çıxarmaqda idi.

Hacı Aslanın qapıya çıxması bu söhbətlərin qabağını aldı. Nədənsə milyonçu Hacı da öz təbii halında deyildi. Çox açıqlı idi. Hacı birdən-birə daha da açıqlandı, dəstəyi telefon aparatının üzərinə atıb dedi:

– Namussuzlar! Babı, dinsiz köpək uşağı! Dünəndən bəri telefonla bir Quran söz demişəm, yenə də bir iş görə bilməyiblər!

Əlimərdan bəy soruşdu:

– Hacı, yenə nə hadisə üz vermişdir?

– Nə hadisə üz verəcəkdir ki, bundan artıq olsun?! Fabrikə telefonoqramma göndərib tapşırmışam ki, fabrik tətil etsin, fəhlələrinin hamısı dəstə ilə şəhərə gəlib, mərhumun cənazəsində iştirak etsin. Bunun çox siyasi mənası vardır. Fabrik tətil edib, amma heç birisi şəhərə gəlməyib.

Əlimərdan bəy təəccüblə soruşdu:

– Nə üçün, cənab Hacı?

– Nə üçün? Çox sadə! Haramzada, naseyid, babı köpək oğlu Mir Həsən yenə də bilmirəm hansı bacadan içəri soxulub, miting düzəldib, ağzına gələni deyib, fəhlələri başdan çıxarıb, fəhlələr də dağılıb evlərinə gediblər. Bilmirəm, bu şeytan köpək oğlunun əlindən hara qaçım! Haramzada oğlunu o qapıdan qovursan, bu qapıdan içəri soxulur.

Hacını Quran oxumaq səsi sakit etdi.

Mollalar Yasin surəsinin ayələrini bir-birinin ağzından qapırdılar.

Quranı oxuyub qurtardılar. Küçəyə çıxmaq lazım gəlirdi. Buna görə də hər ehtimala qarşı tədbir görmək lazım idi. Bu barədə Hacı Aslana xüsusi göstəriş verilmişdi. O, Hacını hər cəhətdən arxayın elədi:

– Ramanalı Qurban, keşləli Mustafayev Həsən, Dursun növəsi Əkbər, İçərişəhərli Molla Qasım uşaqları, Şahkəldi növəsi Tağı, Çəmbərəkəndli Sadıq, marojnaçı Hüseyn, surahanılı Əli Abbas, Şıx Balayev Zəfər, Babayev, aşağı məhəllələrdən Hacı Zərbəli oğlanları, Danasatan oğlu Süleyman, Məhəmmədəli Əbdürrəzzaq, Palton Abbasqulu, Novxanıdan Hacı oğlu Məşədi, Səlim oğlu Soltan, nardaranlı Paşa və sairə qapıda durmuşlar.

Hacı Aslan börkünü gözlərinin üstünə itələyib, sözünə davam etdi:

– Bu saydığım adamların hamısı burada hazırdır. Hacı nə əmr etsə, o saat yerinə yetirəcəklər.

Ən qabaqca ruhanilər küçəyə çıxdılar. Bundan sonra Hacı aralıqda olmaq üzrə, Bakı kübarları, Bakı ziyalıları, fabrikaçılar, zavodçular, neft sahibləri bayıra töküldülər.

Hacı Aslan ortalıqda xoruz kimi o tərəf-bu tərəfə atılırdı. O, əlini ətəyinin altındakı qəmənin dəstəsinə aparıb səsləndi:

– Uşaqlar! Hazır olun!

Qapıda duran iki yüz nəfər Bakı qoçusuna sanki hazırlıq komandası verildi. Onlar əlləri ilə bellərindəki tapançanı yoxladılar.

Hacı Aslan çuxasının ətəklərini qurşağına ilişdirib, qoçu dəstəsinin qabağında o tərəf-bu tərəfə fırlandı, əlindəki uzun çubuğu ilə onlara bəzi işarələr verdikdən sonra yenə də Hacının yanına qayıtdı.

Hacı Aslanın verdiyi əmrə görə ramanalı Qurban ilə keşləli Mustafayev Həsənin dəstəsi ruhanilərin qabağınca gedib, küçəni təmizləyəcəkdi, çünki bir gün əvvəl daşnakların cənazəyə hücum edəcəyi şayiələri şəhərə buraxılmışdı. Yerdə qalan qoçular isə daldan, sağdan, soldan gedib cənazəni qorumalı idilər. Cənazədən bir az dalda çəmbərəkəndli Sadıq və Şahkəldi nəvəsi Tağının dəstəsi gedəcəkdi.

Hacı səkiyə çıxıb, cənazə alayına gələnləri gözdən keçirdi. Hacının gözünə görünmək istəyən yüzlərcə yaltaq ziyalı ayaq barmaqları üstündə qalxıb başlarını zurafə kimi yuxarı qaldırırdılar.

Hacının nəzərini hamıdan artıq cəlb edən qara lent bağlamış məktəb qızları idilər. Məktəb müdirələri — Məryəm xanım Sulkeviç və Səkinə xanım Axundova başdan ayağa qara paltar geymişdilər, özləri də talibələrin yanında dayanmışdılar.

Böyük kilsənin böyük və xırda zəngləri birdən-birə səsləndi. Bu səs, cənazənin qaldırıldığı xəbərini verirdi.

Hacının qapısında yığılanlar, qubernatorun evindəki cənazə alayına qoşulmaq üçün hərəkət etdilər.

Çalınan zənglər və dəstələrin qabağında gedən ruhanilərin ağzından çıxan yasin və ərrəhman sədaları Bakı qoçuları və Bakı kübarlarının hərəkət marşı idi.

Mollalar: «Külli mən əleyha fan» sözlərini dedikdə keşişlər də:

– Upakoy, qospodi, duşu usopşeqo raba tvoeqo — deyərək, mollaların sözünə qüvvət verirdilər.

«Millətin babası» — Hacı irəlilədikcə Bakı kübarları, Bakı millətçiləri də irəliləyir, arxalarınca gələn avam müsəlmanları ikinci erməni-müsəlman qırğınına doğru sürükləyirdilər. Bakı milyonçusunun bu hərəkəti, ermənilərlə müsəlmanlar arasında keçilməz bir uçurum yaratmağın zəminəsi demək idi.

Cənazə üstündə hamıdan artıq iki nəfər ağlayırdı: onlardan birisi qoçubaşı Hacı Aslan, o birisi də milyonçu Ağabala Quliyev idi, çünki bütün Bakı müsəlmanlarından ancaq bu iki nəfər «Rus Milli İttifaqına» üzv yazılmışdı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets