Ay ağalar, bir nigarın oduna,Dəli könlüm yana-yana düşübdür.Mən ki, düşüb bu odlara yanaram,Nə səməndər, nə pərvanə düşübdür.

Açılıb cənnət tək camalın gülü,Ötər çövrəsində şeyda bülbülü,Bu gülşənin yasəməni, sünbülü,Nə bir bağə, nə bostanə düşübdür.

Könül dost kuyinə etdikcə güzərQanlı qəmzəsindən etməzmi həzər?Çıxdı gözüm, bir dəm eylədi nəzər,Gör necə kəsilməz qanə düşübdür.

Qaş və gözü durub qanın almağa,Zülf tökülüb din-imanın almağa.Vidadi xəstənin canın almağa,Xət bir yana, xal bir yana düşübdür.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love