Page 4 of 5 · 60%

Bizim dilimizi öyrənməyə çalışın. Yenə də sizi Şahzadə bağı ətrafında gözləyəcəm».

Mən axşam yenə qıza rast gəldim. Bu gün o, üzünü açmışdı, lakin üzümə baxmağa utanırdı. Qorxusundanmı, utandığındanmı tərləmişdi, vücudu titrəyirdi. Lakin bir-birimizlə danışdıq, nə danışdığımızı anlamadıq, anladığımız bir şey varsa, o da mütəqabil sevgi varlığından ibarət idi. Ayrıldıqda o heç də qorxmadan əlini mənə uzatdı. Mən tərəddüd edirdim, qorxurdum. Onun əlini tutub sıxmaq, vidalaşmaq istərkən o, əlini dodaqlarıma doğru qaldırdı, əlini öpdüm, o da mən öpdüyüm yeri öpərək ayrıldı. Bir neçə kərə də görüşdük, mənim yaşadığım evə də gəlmişdi. Ancaq daima bircə sözü təkrar edirdi.

– Nə deyirdi? – deyə mən polkovnikdən soruşdum.

– Bütün tanışlığı zamanı bir kərə əlini öpmüşəm. Ondan sonra nə qədər görüşmüş, mənzilimə gəlmişsə də, əlimi əlinə almamış və sevən bir qız kimi məni yaxınına buraxmamışdı.

Bircə şərti var:

«Mənim sevdiyim bizim dinimizdə, adətimizdə olmalıdır».

– Sizin öz fikriniz nədir? – deyə soruşdum.

– Mən çox düşündüm, bundan boyun qaçırmaq istədim. Lakin yenə də qızı görərkən onun təkliflərini qəbul etməyə qərar verdim, mübarizə apara bilmədim. İndi mən xristian dinini buraxmalıyam, bu da mənim familiyamın bütün Rusiyada bədbəxtliyinə yol açır. çar qanununca dini atan hökumət tərəfindən də təqib edilər. Bu surətdə karyeram da məhv olur, böyük zəhmətlərdən sonra alay komandanı vəzifəsini ala bilmişəm. Hazırda general-leytenant namizədiyəm. Bunların hamısını itirmək mümkündür. Lakin Mahrunun sevgisi bütün bunlara qalib gəlir. Qızı hər gün görür və hər gün də təklifinə razı olduğumu söyləyirəm. Məsələni sərdar Rəşidə də açdıq. O da həmin sözləri dedi. İndisə işimiz gəlib bura çatmışdır. Bu gün məsələ bitir, sən də şərqlisən. Bir Şərq qızı üçün bütün varlığını fəda etməkdə olan polkovnikin bu dastanını gizlində saxlamalısan. İki həftə məzuniyyət almışam. Zənnimcə, bu müddət içərisində hər şeyi bitirə bilərəm.

Biz hələ salona girməmişdik, iki nəfər molla gəldi, bizi də salona çağırdılar. Qadınlardan heç birini görmədim. Biz içəri girərkən sərdar bizi mollalarla tanış etdi. Polkovnik əlini döşünə qoyaraq mollalara təzim elədi.

Böyük molla sərdar Rəşidə müraciətlə:

– İslama müşərrəf olmaq istəyən bu ağaların hansı birisidir? – deyə soruşdu.

Sərdar Rəşid əli ilə polkovniki göstərib dedi:

– Bu cənabdır.

Bundan sonra molla Smirnova müraciətlə:

– Ağanın islama müşərrəf olmasına və dini, ayini-məhəmmədini qəbul etməsinə səbəb nədir?

Mollanın dediklərini Smirnova söylədim, islam olmasının səbəblərini söylədikcə mən də mollalara tərcümə edirdim. Polkovnik əzbərlədiyi sözləri belə nəql edirdi:

– İslam dininin bir çox əsas qanunları mənim xoşuma gəlirdi. Mən bu müqəddəs din haqqında çox böyük əsərlər oxumuşam. Mən xüsusən islamiyyətdə qadın məsələlərini, ailə quruluşunu sevirdim. Gecələrin birində islam dininə aid kitablardan professor Şantenenin əsərini oxuyurdum. Orada Ayırlendin islam haqqında qayət birtərəfli məqaləsini oxuduqda yenə də islam haqqındakı fikirlərim qaranlıq dumanlar içinə girdi. Gecəni çox fikirlərlə yatdım, dəhşətli bir yuxu gördüm: evin qapıları açıldı. Nurani bir kişi içəri girdi.

– Allahummə səlli əla muhəmməd və ali muhəmməd, – deyə mollalar və sərdar Rəşid salavat çevirdilər.

Smirnov yenə də sözünə davam etdi:

– Haman nurani kişi gəlib əlini mənim döşümə çəkdi, başıma qoydu. Mən yuxudan ayıldıqda özümü çox yüngül hiss edirdim.

Polkovnik bu sözü dedikdən sonra məclisdə bir daha salavat çəkdilər, polkovnik isə davam edirdi:

– Həmin yuxunu gördüyüm gün əlahəzrət imperatorun Qış sarayı qarşısında rəsm-keçid olacaq idi. Bu vaxt mən alay komandanı deyildim. Rəsm-keçiddən sonra imperatorun əmrinə görə, alay komandanı rütbəsinə keçirildim. Mən bu rütbəyə çatdığımın səbəbini haman nurani simada görürəm. İslamın haqq və bütün dinlərdən müqəddəs bir din olduğuna inandım. Lakin mühit mənim bu xoşbəxtliyimə imkan vermirdi. Şərqdə keçirdiyim həyat, xüsusən bir ailə qurmaq arzum bu səadəti mənə yaxınlaşdırdı.

– İslama müşərrəf olmaq istəyirsinizmi? – deyə yenə də molla soruşdu.

– Zatən mən islamiyyətə daxil olmuş kimiyəm.

– Bərəkallah! Maşallah! Onda, cənabınız, bu deyilən sözləri təkrar etməlisiniz, – molla bunu deyərək kəlmeyi-şəhadəti oxumağa başladı, polkovnik də onları təkrar edir, həm də öz bloknotuna qeyd edirdi.

Ayin bitdi, polkovniki müsəlmanlıqla təbrik etdilər. Mən məsələnin bununla bitəcəyini zənn edirdim, lakin belə deyilmiş. İndi də polkovnikin adını dəyişəcək idilər.

– Cənabın adı və atasının adı nədir? – deyə molla soruşdu.

– Smirnov Aleksandr, – deyə sərdar Rəşid cavab verdi. Molla bir az düşünüb, təsbehini çıxardı, istixarə etdi və sonra:

– İsmayıl vələd İsgəndər. Allah mübarək eləsin, – dedi. Bu məsələ də bitdi. Üçüncü məsələ evlənmək və kəbin kəsmək, siğə oxumaq məsələsi idi.

Kəbin haqqı iki min manat rus əskinası, bir cild Qurandan ibarət olaraq qərarlaşdırıldı. Molla Mahrunu dəvət etdi, qız qara çarşabda gəlib mollaya baş əydi. Molla:

– Siz Ağa İsmayıl İsgəndər oğluna ərə getməyə razısınızmı? – deyə qızdan soruşdu.

Qız nişanlısının təzə adını anlayaraq başı ilə razılıq işarəsi verib getdi. Siğə oxundu. Kəbin kağızı yazıldı, mollalardan hər ikisi öz möhrünü kəbin kağızına vurdu. Polkovnik onların hər birisinə bir rus 25-liyi verdikdə hər ikisi birdən:

– Xudavəndi təbarəkə və təala, – dedilər, – Ağa İsmayılın bu xeyir işini mübarək eyləsin və onu öz mehriban atası Ağa İsgəndərə çox görməsin. Xudavəndi-aləm öz görünməzindən bu cənaba dövlət – İbrahimi kəramət buyursun. Allah onun əyalına bir övladi-zikur kəramət buyurmağı ilə bizim gözümüzü aydın eləsin. Amin ya rəbbil-aləmin!

Mollalar dal tərəflərini qapıya, üzlərini məclisə çevirərək, qapıya tərəf gerilədilər. Dualarını davam etdirməklə dışarı çıxdılar.

«Naməhrəmlər» getdikdən sonra xanımların salona daxil olmalarına icazə verildi. Biz Mahru xanımı və onun əri Smirnovu təbrik edirdik. Smirnov dili ilə, Mahru isə başı ilə razılıq verirdi. Təbrik bitdi. Sonra da sərdar Rəşid özünün nəcib bir rus ailəsi ilə aşılandığını, mədəni bir qələbəyə nail olduğunu çox qiymətli istiqbal ümidləri içərisində qeyd edib, bacısının saçlarından öpdü.

Şam yeməyi üçün zəngin bir süfrə açılmış kiçik salona keçdik. Salondakı hər bir şey Avropa üsulunu təqlid etməkdə idi. Sərdar Rəşid Avropa tərbiyəsi almış olduğu xəyalı ilə də iftixar edirdi.

Şam masası, qablar, çəngəllər, bıçaqlar, əl dəsmalları yeməklər, hətta pəncərələrdəki pərdələr, divardan asılan tablolar da bir avropalının salonunu andırırdı. İraida xanım da avropalı bir həyat düzəltdiyi münasibətilə öz bacısı Ninanın yanında iftixar edirdi.

Mahru xanım mənim diqqət-nəzərimi cəlb edirdi. İndiyə qədər onu dəfələrlə gördüyümə və söhbət etdiyimə baxmayaraq, ona bugünkü kimi diqqət verməmişdim. Lakin Smirnovun Mahrunu sevməsi haqqındakı bədii hekayələri və onların sevgisinin bu bədii tarixi, doğrudan da, mənim Mahru haqqındakı düşüncələrimə qəti bir təkan vurmuşdu. Hələ Qərb mədəniyyətini mənimsəməmiş, bir Şərq şəhərində örtülü gəzən bir qızın yerli adəti, yerli ənənəni, dini, məzhəbi ayaqlayaraq rus zabitini sevməsi hər bir insanı düşündürə bilərdi. Hələ mən bu sevginin belə ani bir tarixə malik olması barəsində düşünərkən, bu sevgiyə başqa bir vasitənin təkan verdiyi barəsində də şübhələnirdim.

Qız bir Şərq rəssamının tablo mündərəcəsi olacaq qədər gözəldir. Üz kölgədə açılmış nestərən gülünün yarpağı qədər incə və ağdır. Üzünü qara çərçivəyə salan və qaralıqda şəvəyə rəng verən saçlar üzdəki ağlığı daha da artırır və gözəlləşdirir. Mən qıza diqqət verdikcə Smirnovun keçirtdiyi bir neçə günlük tarixin nə qədər həyəcanlı bir tarix olduğunu düşünürdüm. Qaşlar o qədər kip, o qədər qara, o qədər də qövsidir ki, insan baxanda qərbli bir rəssamın Şərqə məxsus bir gözəl qaşını tərif etdiyini düşünür.

Mahrunun hər şeydən artıq cəlbedici qaşlarını nəzərdən keçirərkən iki ayparanın biri digərinə qovuşaraq tərsə çevrildiyini təsəvvürümə gətirirdim. Bu qaşlar, bu pənbə çöhrə, bu gözəllik tamamilə başqa bir irq ilə aşılanmamış Təbriz gözəlinə məxsusdur.

Heç şübhə yoxdur ki, Təbriz şairi Üssar «İntizar baxışlar» mündərəcəli əsərini ancaq mənim qarşımda oturan Mahru kimi bir fövqülvəcahə gözəldən ilham alaraq yazmışdır. Onun səhər ulduzu kimi titrəyən göz bəbəklərində, doğrudan da, dərin bir intizarın dalğaları rəqs edirdi.

Göz bəbəkləri sürətlə dönür, sanki arxasında duran mühüm bir nəfəri görməyə çalışırdı. Qarşımda iki qərbli, bir də şərqli qız oturmuşdur. Bunların birincisi Ninadır, onu lazımınca tanıyıram. Onu olduğu kimi öyrənmişəm. Nina burada oturan qızların yaşca gənci, gözəllikcə də birincisidir. O, xasiyyətcə daha artıq gözəldir. O, sağlam düşüncəyə, doğru mühakiməyə malikdir. Onun sevgisi olduqca mədəni və səmimidir. O, olduqca inadlı bir qızdır, onun iradəsini nə adət, nə qanun, nə ənənə poza bilməz. Nina bəzi qızlarda müşahidə edilən xüsusiyyətin əleyhinə olaraq həyatı anlamaq, sevgini tədricən yaratmaq və sevəcəyi adamı intixab etmək qabiliyyətinə malikdir.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

XXV. Bolşeviklər Həştərxana gedir

«Mən ingilis imperializmi ilə birləşib Almaniya imperializminə qarşı müharibə etmərəm. Mən vətənimə hücum edən bütün imperialistlərə qarşı amansız mübarizə aparacağam.Petrov

5 min
XXVI. «Üçüncü Bahadır şah»

Şahzadə Bahadır xanın şərəfinə verilən ziyafətdə Bakı ziyalısından başlayaraq, Bakı milyonçusuna qədər hamı iştirak etdi. Türklərin şəhərə yaxınlaşmasını görüb Bakı kəndlərinə, xüsusən Mərdəkana yığılmış «müsavat» partiyası rəhbərləri də bu ziyafətdə iştirak edirdilər.Ziyafətdən üç mühüm məqsəd vardı. Onlardan biri ziyafəti təşkil edən Hacı Zeynalabdin Tağıyevin daşıdığı məqsəd idi.

5 min
XXVII. «General Denster-Vil gəlir»

İngilislərin Bakıdakı müvəffəqiyyətsizliyi onları Bakıya dəvət edən Mərkəzi Kaspi Diktaturasının fəaliyyətsizliyi, türklərin Bakını işğal etmək fikrindən vaz keçmələri, Londonda olduqca pis təsir bağışladı.Ənzəlidə oturub Bakının vəziyyəti ilə məşğul olan və Bakıdakı ingilislərə rəhbərlik edən Denster-Vil, Bakı məsələsinin bir neçə günə həll olunacağını bilməmiş deyildi. Çünki ingilislər Bakıya gəldikləri gündən bəri vəziyyəti dəyişə bilməmişdilər. Onlar hələ yerli qoşunu təşkil etməmiş, türklərin Bakıya hücum üçün başladıqları hazırlıq bitmişdi.

6 min
XXVIII. Cəbhədə

Ayın 15-də gecə saat birdən başlayaraq Palçıq vulkanı ətrafında sakitlik bərpa edilmişdi. Türk səngərlərindən bir dənə də güllə atılmırdı. Bu sükut, birinci mövqedə yerləşmiş ingilislərə geniş nəfəs almaq imkanı verirdi.Bahadır xan gecə rahat yatmışdı. O, səhər saat səkkiz tamamda yuxudan qalxıb çayını içmədən Leyla xanıma məktub yazmağa başladı:

10 min

Poems by other poets