Page 5 of 5 · 80%

İkinci qız Ninanın bacısı İraidadır. Bu da gözəldir. Lakin bundakı xüsusiyyət qadınların bir çoxunda təsadüf ediləcək ümumi bir xüsusiyyətdir. Bu kimi qadınlar da kişini sevə bilər, lakin bu sevgiləri onların öz düşünceləri deyil, onların mənəviyyatı ilə əlaqədar olmayan xarici vasitələri doğurmuş olur, daha açığı, bu sevgini özləri deyil, başqaları yaradır. İraida xasiyyətdə qızların fikrincə, qadının tələb və ehtiyacını ödəyə bilən hər bir kişini qəbul etmək və ailə düzəltmək imkan daxilindədir.

Bu əlaqə sevgi ilə təmasda bulunmayan bir xüsusiyyətin məhsuludur ki, bunun başlıca mənbəyi həyatı yanlış düşünməkdən ibarətdir.

Bir kişi əldə etmək, ondan qadının ağırlığını daşımaq, zahiri ehtiyac və tələblərini ifa etmək şəraitində istifadə eləmək, özünü təmin üçün kişinin kim olduğunu bilməmək, intixab qabiliyyətinə malik olmamaq ancaq İraida kimi qadınların işidir.

İraida xasiyyətində olanların fikrincə, guya sevgi və yoldaşlıq münasibəti məsələsi yalnız kişilik və qadınlıq əlaqəsi vücuda gələndən sonra doğula biləcək ikinci dərəcəli bir məsələdir ki, həyatı bunsuz da davam etdirmək mümkün olarmış. Bunların sevgiləri müvəqqəti olaraq, kişilərdən gözəl və qiymətli bir hədiyyə aldığı zamanda özünü göstərir, ikinci bir hədiyyənin əldə edilməsinə qədər sönmüş və qiymətini itirmiş olur.

İraida belə bir qadın idi.

Üçüncü qadın Mahru xanım idi. Bu, şərqli idi. Bunun sevgisi tamamilə başqa bir sevgi idi. Ehtiyac, məcburiyyət, kişini öyrənmək nəticəsində doğan sevgi deyildi. Bu sevgi şüursuz sevgi olduğu cəhətinə də müvəqqəti və nəticəsiz sevgidir, daha açığı, şəhvətdən doğan sevgidir. Örtülü qızlarda, cəmiyyətdə yaşamayan qızlarda elə anlar olur ki, qız hər hansı bir kişiyə təsadüf edirsə, ona sevgi bəsləməyə, onunla yaxınlaşmağa maraqlanır. Bu kimi şüursuz sevgilər, xüsusən Şərqin qadını tamamilə örtülü gəzdiyi ölkələrdə daha artıq nəzərə çarpmış olur.

Örtülü qadın cəmiyyət içərisində yaşamadığından sevginin həqiqi yollarını aramaqdan və kişiləri öyrənməkdən məhrumdur. Özünə, xasiyyətinə uyğun olan bir yoldaş axtarmaq ixtiyarına malik olmayan bu qadınlar təsadüfi olaraq sevirlər ki, bu da möhkəm və həmişəlik bir sevgi ola bilmir.

Belə qadınların öz rəsmi və qanuni əri ilə bir ildən artıq yaşaya bilməsi Şərq qadınlığını kişilərə təhkim edən dini izdivac qanunlarının qabalığı səbəbinədir. Şərq qadınlarının həyat və məişətinə əsaslanaraq düzələn xalq misalları da şüursuz sevginin nəticələrini aydınlaşdırmaq üçün böyük sübutdur.

Məsələn, vəzirin dörd divar arasında qalan qızı qulluqçu qadının oğlu keçəli sevir, yaxud padşahın qızı naxırçıya qoşulub qaçır və sair bu kimi məsəllər sevginin sinif tanımadığını isbata çalışsa da, yenə bunlar örtülülükdən doğan şüursuz sevginin şahidləridir.

Heç şübhə yoxdur ki, onları bir-birinə bağlayan ailə həyatının mənəvi xüsusiyyətləri deyil, şəhvətin təşviqidir.

Hazırda romanını kitabdan deyil, həyatdan oxuduğumuz Mahru xanım həmin şüursuz sevginin qəhrəmanlarındandır, çünki o, sevdiyi, ərə getdiyi polkovnikdə, fəqət bir kişilik hiss edir, daha başqa bir şey görmür. Nə kimliyi məlum, nə istiqbalı bəlli, nə də həyatı müəyyən bir həyatdır. Bu gün Təbrizdə, sabah isə harada olacağı bəlli deyildir. Mahru bununla gəzməmiş, dilini bilmədiyi üçün danışmamış, ilk dəfə görmüş və sevmişdir.

Şərq qızlarının sevgiləri yuxarıdan göstərilən sevginin eyni deməkdir.

Mən bunları düşündükdən sonra öz-özümə: «Bunlar birlikdə yaşamayacaqdır!» – dedim.

Hər kəs yeyir, içir, danışırdı. Mən düşünürdüm, məni fikir yormuşdu. Nina tələsirdi, o, Məciddən nigaran idi. Məcid onu gözləyəcək və onsuz da uyumayacaqdı. Süfrə qaldırıldı, bir azdan sonra sərdar Rəşidin nökəri içəri girərək:

– Cənab sərdar, o gəlmişdir! – deyə xəbər verdi.

Sərdar:

– Çox pakizə, aparın o biri otağa, – deyə əmr edib qalxdı, polkovnikə işarə elədi. Onun rəngi ağardı, o, qonaqlarla görüşdü. Mahru ilə vidalaşdı, sonra sərdar Rəşidin izi ilə o biri otağa getdi.

Mahru xanım isə başqa bir otağa getmişdi. Mən onların həmin otağa nə üçün getdiklərini bilmirdim. Bir azdan sonra otaqdan:

– Ax, boje moy! – deyə bir bağırtı eşidildi. Bu səs polkovnikin səsi idi. Mən şaşırdım, bir hadisə üz verdiyini zənn edərək heyrətlə İraidanın üzünə baxdım, İraida isə gülərək:

– Maraq etməyə dəyməz. Polkovniki sünnət etdilər. Adətləri belədir, – dedi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

XXV. Bolşeviklər Həştərxana gedir

«Mən ingilis imperializmi ilə birləşib Almaniya imperializminə qarşı müharibə etmərəm. Mən vətənimə hücum edən bütün imperialistlərə qarşı amansız mübarizə aparacağam.Petrov

5 min
XXVI. «Üçüncü Bahadır şah»

Şahzadə Bahadır xanın şərəfinə verilən ziyafətdə Bakı ziyalısından başlayaraq, Bakı milyonçusuna qədər hamı iştirak etdi. Türklərin şəhərə yaxınlaşmasını görüb Bakı kəndlərinə, xüsusən Mərdəkana yığılmış «müsavat» partiyası rəhbərləri də bu ziyafətdə iştirak edirdilər.Ziyafətdən üç mühüm məqsəd vardı. Onlardan biri ziyafəti təşkil edən Hacı Zeynalabdin Tağıyevin daşıdığı məqsəd idi.

5 min
XXVII. «General Denster-Vil gəlir»

İngilislərin Bakıdakı müvəffəqiyyətsizliyi onları Bakıya dəvət edən Mərkəzi Kaspi Diktaturasının fəaliyyətsizliyi, türklərin Bakını işğal etmək fikrindən vaz keçmələri, Londonda olduqca pis təsir bağışladı.Ənzəlidə oturub Bakının vəziyyəti ilə məşğul olan və Bakıdakı ingilislərə rəhbərlik edən Denster-Vil, Bakı məsələsinin bir neçə günə həll olunacağını bilməmiş deyildi. Çünki ingilislər Bakıya gəldikləri gündən bəri vəziyyəti dəyişə bilməmişdilər. Onlar hələ yerli qoşunu təşkil etməmiş, türklərin Bakıya hücum üçün başladıqları hazırlıq bitmişdi.

6 min
XXVIII. Cəbhədə

Ayın 15-də gecə saat birdən başlayaraq Palçıq vulkanı ətrafında sakitlik bərpa edilmişdi. Türk səngərlərindən bir dənə də güllə atılmırdı. Bu sükut, birinci mövqedə yerləşmiş ingilislərə geniş nəfəs almaq imkanı verirdi.Bahadır xan gecə rahat yatmışdı. O, səhər saat səkkiz tamamda yuxudan qalxıb çayını içmədən Leyla xanıma məktub yazmağa başladı:

10 min

Poems by other poets