Sərdar Rəşidin iç üzü
Page 4 of 4 · 75%
– Deyəsən, bu gecəki İmam Hüseyn təziyəsi çox rövnəqli keçmişdir, rəngin qızarmışdır, çox ağlayan adama bənzəyirsən? – deyə soruşdu.
– Doğrudur, Nina! – dedim, - təziyə çox təntənəli keçdi, irticanın qarşısını almaq mümkün oldu.
Bu sözümdən Nina dərin bir ah çəkərək:
– Qorxuram ki, - dedi, – bizim də çəkdiyimiz zəhmətlər hədər getsin: mən də burada ən qiymətli bir şeyi itirəm.
– Ö nə kimi qiymətli şeydir, Nina?
– Səni itirəcəyimdən qorxuram!
Nina bunu deyərək hönkür-hönkür ağladı. Mən indiyə qədər Ninanı bu qədər kədərli görməmişdim. O, çox ağır və təhlükəli günlərdə belə özünü şaşırmamış və ağlamasını mənə bildirməmişdi. Mən ona sual verdim:
– Təzə xəbərmi eşitdin?
– Bu günlər mühitimiz təzə xəbərlərlə dolu deyildirmi?
– Nina, sən heç də özünü itirmə! Bu hadisələr bizim həyatımızda heç bir dəyişiklik yarada bilməz!
– Sərdar Rəşid hazırkı mühitin ən nüfuzlu bir adamıdır, onun bizi görməyə gözü yoxdur. Fürsət tapan kimi səni məhv edəcəkdir. Onda bizim vəziyyətimiz necə olacaqdır?
– Bu məsələ həmin fürsətdən asılıdır. Zənn edirəm ki, sərdar Rəşid həmin fürsəti ələ keçirə bilməyəcəkdir.
– Hazırda fürsət onun əlindədir, o bu günün özündə səni məhv edə bilər.
– İnan, Nina! Biz o qədər də aciz deyilik, biz öz vəziyyətimizi müdafiə edə biləcəyik. Sən konsulxanada olan söhbətlərdən qorxma, onlar öz düşündüklərini deyir, biz də öz düşüncələrimizlə hərəkət edirik. Biz məğlub olmayacağıq, ona əmin ola bilərsən!
– Biz Səttar xan Təbrizdən getdiyi zaman buradan getməli idik, lakin sən məni eşitmədin. Söylə görüm bizim burada nəyimiz var?
– Bizim burada hər şeyimiz var! Xalqın azadlığı uğrundakı mübarizəni davam etdirməliyik.
– Sən sərdar Rəşidin fikrini bilirsənmi? – Bilirəm, Nina! – dedim. O sənin başından bir tük belə qopara bilməz. O bu xəyanətini həyata keçirmək üçün fürsət tapmayacaqdırl
Görünür ki, Mahru xanım sərdar Rəşidin Nina haqqındakı fikrini Ninaya danışmışdı, buna görə də Nina qorxuya düşmüşdü. Lakin sərdar Rəşidin bu barədə müvəffəqiyyət qazanması xaricdən gələn dəstənin qələbəsindən asılı idi. Sərdar Rəşid ancaq osmanlılar bizi həbsə aldıqdan və vəziyyətə hakim olduqdan sonra öz fikrini həyata keçirə biləcəkdi.
Yenə də mən Ninanı sakit etmək üçün:
– Sənin bu düşündüklərin hələlik ehtimal şəklindədir, gələcək qaranlıqdır, ondan heç bir diplomat belə qəti xəbər verə bilməz, – dedim. – Bu mübarizədir! Mübarizə aparan tərəflərin növbə ilə məğlu» və qalib olması məcburidir. Sən sərdar Rəşidin son və süni nüfuzundan təkan yemə, o nüfuzu sabun köpüyü kimi partladacağıq. Görünür ki, sən məni yenə də tanımamısan.
Nina qismən sakit olmuşdu. Onun gözlərində və çöhrəsindəki adilik öz yerini tuturdu, onun donunun üstünə tökülən inci dənəsi kimi göz yaşları da görünmürdü. O yenə də vəziyyətini düzəltmək üçün durub getdi. Mən müdafiə tədbirlərini həyata keçirmək üçün plan hazırlamağa başladım. Vaxt çox az idi. Savucbulaq altında gedən müharibələr uzun çəkə bilməyəcəkdi.
€NİCAT ORDUSU?
Təbriz əhalisi arasında olan qorxu və həyəcan həddini aşırdı. Osmanlılara nisbət verilən vəhşiliyin cürbəcür şəkilləri yerli olmayan əhalinin köçməsinə səbəb olmuşdu. Faytonlar, arabalar, avtomobillər arası kəsilmədən Culfa vasitəsilə Rusiyaya qaçqın daşıyırdı. Təbrizdə, hər şeydən əvvəl, görünməyən bir bahalıq baş vermişdi, çünki karvanlar qorxusundan yola çıxmadığı üçün Təbrizə yemək şeyləri gətirən yox idi.
Anbar sahibləri də anbarları bağlayır və yemək şeylərini gizlədirdi. Xüsusən ərzaq şeylərinin əksəri çar təbəələri və çar himayəsində olanların əllərində olduğu üçün onlar süni olaraq qıtlıq və bahalıq yaradırdılar. Onlardan bir çoxları da Təbrizdən köçüb getmişdi.
Təbriz inqilab Komitəsi Təbrizə gələn başıpozuq dəstələrə qarşı müdafiə qüvvələri təşkil etdiyi kimi, bahalıq ilə də mübarizə hazırlığını görürdü. Mən və Ələkbər yoldaş bu barədə düşünürdük. Məşədi Kazım ağa isə əllərini qoynuna qoyub oğlu ölmüş adamlar kimi ah çəkir və düşünürdü.
Mən onun nə üçün düşündüyünü bilirdim, o öz malının və anbarlarının qarət olunacağından qorxurdu. Mən onu sakit etmək üçün soruşdum:
– Nə üçün belə kədərlisiniz?
– Elə belə də...
– Necə yəni «elə belə dəs? Bu kədərin bir səbəbi ola bilməzmi?
– Siz özünüz bilirsiniz ki, biz inqilabçıyıq, bəs niyə düşünməyək?
– Hərgah inqilab üçün düşünürsünüzsə, bir kərə mənim canıma and için!
– Bu olmadı kıl İnqilabçı inqilabçıya inanmayanda bəs kimə inanacaqdır?
– İndi siz mənə inanırsınızmı?
– İnqilabın canı üçün, sizə iki gözümə inanan kimi inanıram.
– İndi ki, mənə inanırsınız, mən də sizə deyirəm ki, heç fikir etməyin: osmanlıların Təbrizə girməsindən sizin bir şahınızın da başı ağrımayacaqdır.
Məşədi Kazım ağa əlindəki müştüyü uzadıb boynunun dalısını qaşıdı və üzümə tərəddüdlü adamlar kimi baxıb dedi:
– Hərgah, doğrudan da, belədirsə, niyə də inanmayım?
– Sizin oğlanlarınızın canına and içirəm.
– Qoy inqilaba bir şey olmasın. Bütün varım-dövlətim sizin və Nina bacının bir tükünə qurbandır... Onlar da ki, belə qalır.
– Nələr belə qalır?
– Onlar da...
– Onların adları yoxdurmu?
Məşədi Kazım ağa bir mənə, bir də Ələkbər yoldaşa baxıb durdu. O mənə demək istədiyi sözü Ələkbər yoldaşın yanında demək istəmirdi. Nəhayət, mən:
– Danışın, Ələkbər yoldaşdan sözünüzü gizlətməyinl – dedikdə o:
– Erməni məhəlləsindəki arvad da öz qızları ilə köçüb getmək istəyir. Bilmirəm heç necə olsun?
– Siz bunu haradan bildiniz?
– Dünən bir məktub göndərmişdilər.
– Bəs nə üçün cavab vermədiniz?
– Sizinlə danışmaq istəyirdim.
– Eybi yoxdur. Mən bir saat sonra €Ermənistanpda çağırdığımız iclasa gedəcəyəm, orada erməni xalqının «özünü müdafiə dəstəsiə düzəltmək üçün ümumi müşavirə çağırmışıq, onların vəziyyəti ilə da tanış olaram.
Məşədi Kazım ağa durub gedərkən mən:
– Qorxmayın, gedib hücrəni açıb oturun, – dedim.
– Hücrədə nə vardır ki?
– Sizə indiyə qədər verdiyim məsləhətlərdən zərər çəkməmisiniz ki?
-— Xeyr, Allah inqilabı mənə, səni də inqilaba çox görməsin!
– Bilirəm, indi elə bir vaxtdır ki, mal alan olmaz.
– Mal alan hardaydı? Oturursan, gündə yüz nəfər gəlib mal təklif edir, özü də yarı qiymətinə.
– Bəs nə üçün almırsınız?
– Necə alım? Xeyri olsaydı xalq öz malını nə üçün satırdı?
– Çar təbəələri mallarını satırmı?
– Onlar da satır, amerikalılar da, fransızlar da satır. Amma nəqd pula satırlar.
– Sizin nəqd pulunuz yoxdurmu?
Məşədi Kazım ağa sözümün cavabını yubandırdı, bir az o yanbu yana burulduqdan sonra:
– Nə üçün... inqilabın dövlətindən beş-altı tümənimiz tapılar, dedikdə, mən:
– Qorxma, get nə mal varsa al, Təbriz qarət edilməyəcəkdir. ancaq bu sözü başqalarına demə!
– Nə buyurursan, ağa?1 Mən inqilabçıyam, başımı verərəm, sir. rimi vermərəm.
Məşədi Kazım getdi, mən də faytonu qoşdurub 4Ermənistanpa yola düşdüm.
Faytonu Timuryanın qapısında saxlatdırdım və Yelena Konstantinovnanın qızlarının halını soruşmaq üçün içəri girdim. Mən içəri girdiyim zaman onlar da evlərində az miqdarda olan şeylərini bağlayıb üstündə oturmuşdular, kimi isə gözləyirdilər. Salam verib boş bir stolun üstündə oturdum və:
– Bu nə hazırlıqdır? – deyə soruşdum.
Ksenya kədərindənmi, yaxud məni gördüyü üçün şadlığındanmı ağladığı üçün danışa bilmədi. Lakin onun anası Yelena:
– Sizə çox zəhmət verdik, - dedi, – siz bizi təmin etmək üçün əlinizdən gələn qədər yaxşılıq etdiniz. Lakin iqbalın qarğıdığı bir adamı xoşbəxt etmək mümkün deyil. Özümüzü yavaş-yavaş düzəldirdik, burada səkkiz nəfər erməni uşağına dərs verirdik, ayda iyirmi beş tümən bizi dolandırırdı, özüm də maşın tapmışdım, paltar tikəcəkdim. Lakin osmanlıların Təbrizə gəlməsi bizim yaşamağımıza imkan vermədi. Xalq köçür, biz də köçmək istəyirik. Lakin nə nəqliyyat tapırıq, nə də hərəkət etmək üçün pulumuz vardır.
Qadın bunu deyib susdu, Ksenya ağlamasını gizlətməyə çalışırdı. Silva ayaq üstündə donub durmuşdu. Mən əvvəlcə bunlara para verib, nəqliyyat tapdırıb Təbrizdən köçürməyi düşünürdüm, sonra isə «bu üç nəfər sahibsiz qız və qadın qışın vaxtında hara gedə bilərlər?) – deyə əvvəlki fikrimdən daşındım.
– Getmək lazım deyil! – dedim. – İqbal sizin üzünüzə gülməsəydi mənimlə tanış olmaz və mənə təsadüf etməzdiniz. Köçməyin, rahat oturun. Sizin burada tükünüzü də dəbərdən olmaz. Siz sahibsiz deyilsiniz! Mən bu evdən çıxmamış siz şeylərinizi açıb düzəltməlisiniz. Burada yalnız siz deyilsiniz, erməni məhləsində minlərlə sizin kimi adam var. Heç bir sıxıntı çəkməyin. Hərgah sizi tapşırdığım adamlar lazımınca təmin etmirsə, onu mənə xəbər verin!
Ksenya dedi:
– Lazımınca təmin edirlər. Lakin biz bunu istəmirik, çünki bu qədər yaxşılığın əvəzini verə bilməyəcəyik.
Mən:
– Sizdən əvəz istəyən yoxdur. Bu iş mənim üçün bir məcburi vəzifə deyil, vicdani vəzifədir, – deyərək onları razı saldım, onlar da durub mənim yanımda şeylərini açıb evi döşəməyə başladılar. Mən yenə də görüşlərinə gələcəyimi vəd edərək ayrıldım.
Kitabxana.az · https://kitabxana.az/en/works/ordubadi-serdar-residin-ic-uzu
Use ← → keys to move, R for a random poem
More by this author
Payız girəndən bəri belə şiddətli soyuq görünməmişdi. Çəmənlər xəzan yarpaqları ilə örtülür, günəş üfüqdən çəkilir, meşədə qaranlıq bir iz buraxaraq gedirdi.Gənc leytenantın dəstəsi K. kəndinin şərq tərəfindəki meşədə yerləşmək və diviziya komandirinin əmrini gözləmək üçün tapşırıq almışdı. Ağır toplar piyadanın hərəkətini tə’min etmək üçün geridəki təpələrdə yerləşdirilir, pulemyotlar isə şam ağacının yarpaqları arasında gizlədilirdi.
XəstəxanaGənc mayor on beş gündən bəri idi ki, xəstəxanada yatırdı. Ölüm təhlükəsi sovuşub getmişdi. Lakin özünü çox zəif hiss edirdi. Buna görə baş həkim Zərifə xanım onun ürəyini dönə-dönə yoxlayırdı.Yenə bir dəfə baş həkim mayorun ürəyini yoxlayırdı. Onun fikirli və mə’nalı gözlərindən düşən bir qətrə yaş gənc mayorun alnında parçalandı. Mayor göz qapaqlarını ağır-ağır qaldırdı. Çarpayısının yanında baş həkimin oturduğunu gördü. Təxminən 40—42 yaşlarında olan bu qadının bahar buludu kimi yağışla dolu olan gözləri ona zillənmişdi.
KarvanMən gəlirdim keçən il İrandan,Qarşıma çıxdı bir böyük karvan.
Kənd alverçisi1Görməmişdi ümum kəndistan