Page 4 of 5 · 60%

Təliə bu sözlərə inanmayaraq vəliəhddən soruşdu:

– Mənimmi?

– Bəli, gözəl Təliə! Mən xoşbəxtliyimi səninlə tamamlamaq istəyirəm.

Təliədən tərəddüdlü bir gülüş qopdu. O qəlbində:

“Yazıq insanlar! Xoşbəxtliyini ölümdə axtaranlar da var imiş! Mən onu məhv etmək istərkən, o da xoşbəxtliyini mənim saçlarımın kölgəsində aramaqdadır. Təbiət, bax, nə qədər yazıq insanları küt və silahsız yaratmışdır. Çünki onlar bir-birini oxuya bilmirlər”.

Vəliəhdin özü də Təliənin ağ mərmərdən düzəlmiş əndamına baxdığı zaman başqa cür düşünür və deyirdi:

“Qız olduqca ağıllı və sağlam düşüncəli bir qızdır. Mənim ona təklif etdiyi məsələ, bir günün və bir ayın məsələsi deyil, o, iki gəncin ömürlük həyat məsələsidir. Buna görə də qızın özünə etdiyim təklif üzərində çox dərindən düşünməsi lazımdır. Ərə getmək və evlənmək vəzifəsi olduqca məsuliyyətli və ağır bir vəzifədir. İnsan əvvəlcə öz vicdan tərəzisində bu vəzifəni ölçməlidir. Çünki bu ağırlığı hər kəs çəkə bilməz”.

Vəliəhd bu fikirlərin təsiri altında Təliəyə müraciət etdi:

– Düşün, mənim gözəl dostum, düşün! Sən iki gəncin həyat məsələləri üzərində düşünürsən. Səhvlərin və xataların hamısı düşüncəsizlikdən doğur, buna görə də sən həyata keçirmək istədiyin məsələ üzərində bir daha dərindən fikirləşməlisən.

Vəliəhdin son sözlərindən Təliə təkan yedi. Qorxuya düşdü. Nazik dodaqları dəhşətdən titrəməyə başladı və öz-özünə:

“Madam ki, vəliəhd mənim bir cinayətə hazırlandığımı anlamışdır, bir halda ki, onun özü “səhvlərin və xataların hamısı düşüncəsizlikdən doğur” – deyə məni xəbərdar edir, o zaman mənim bu məsələ üzərində düşünməyim lazım deyilmi? Onun özü də deyir: “Sən iki gəncin həyat məsələləri üzərində düşünürsən”. Əcəba bu bir həqiqət deyilmi? Mən onu zəhərləyib məhv edəcək, bacım da günahsız Hüsniyəni edam etdirəcəkdir. Lakin mən də cəzasız buraxılmayacağam, diri qalsam da, xalqın lənət və nifrəti altında yaşayacağam.

Bax, vəliəhd nə qədər sadə və mərhəmətli bir insandır ki, mənim böyük bir xəyanətə hazırlandığımı bildiyi zaman, yenə də məni doğru yola qaytarmaq istəyir; halbuki, o istədiyi zaman məni məhv etməyi bacarardı. Əcəba, bir məmləkətin vəliəhdi öz xoşbəxtliyini yoxsul və adi bir qızın saçları kölgəsində aradığı zaman, yoxsul qızın bu alicənablığa qarşı vəzifəsi nədir? Onu zəhərləmək və gənc həyatını əlindən almaqmı? Yox, yox, mən bunu bacara bilməyəcəyəm. Mən onun bu mərhəmətini öz səmimi sevgimlə mükafatlandıracağam. Gələcək səadətin xatirəsinə onu öz gözümün bəbəyi kimi qoruyacağam. İki qəlbi bir yerə aşılamaq üçün hər nə lazımsa mən onu həyata keçirəcəyəm. Bacımın mənə vədə verdiyi xoşbəxtlik isə mənim üçün yox, onun öz oğlu üçündür”.

Təliə bunları düşündüyü zaman özünü vəliəhdin yanında gördü. Doğrudan da bir məmləkəti qucaqlamış qollar Təliənin boynuna sarılmışdı, xoşbəxtliyin zəminini qoymaq üçün iki göz bir-birinə baxırdı, ürəklərin döyüntü səsləri bir-birinə qarışdığı zaman qəlbin qapıları da açılmışdı. Təliə dodaqlarını vəliəhdin dodaqlarından çəkdiyi zaman vəliəhd bu sözləri eşitdi:

– Vəliəhdin dedikləri tamamilə bir həqiqətdir. Mən həyatda səhv etməyəcəyəm. Mən iki gəncin həyat məsələsində yanlış yol intixab etməyəcəyəm. Vəliəhd, sənə and içirəm!

Nahar yeməyi bitdi, süfrədən qalxdılar, Qətibənin gözlədiyi hadisə baş vermədi.


Təliə vəliəhd sarayından çıxıb evə gəldiyi zaman Qətibə onu küçə qapısında qarşıladı və tələsik soruşdu:

– De görüm, onu məhv etdinmi? Zəhər dərhal təsir etdimi?

– Xeyr, mümkün olmadı, o məsələni tamamilə anlamışdır.

– Anlamışdır?

– Onun danışıqları və söhbətlərində verdiyi işarələr də bunu anladır.

– Hansı işarələr? Sən haradan bildin? Ağlın qaçıbdırmı? O bu sirri haradan öyrənə bilər? Onu bir sən, bir də mən bilirəm. Sən bu məsələni ona demədiyin zaman, o bu sirrlərə nə cür yol tapa bilər? Danış görüm ondan nə eşitdin?

– Mən onu zəhərləmək üzərində düşünürdüm. O da mənim üzümə baxıb xəfifcə gülərək dedi:

“Düşün, düşün, mənim gözəl dostum, düşün! Səhvlərin və xataların hamısı düşüncəsizlikdən doğur. Buna görə də sən həyata keçirmək istədiyin məsələ üzərində bir daha dərindən fikirləşməlisən. Çünki sən iki gəncin həyat məsələləri üzərində düşünürsən.”.

Qətibə acıqlandı və:

– Qorxaq, aciz qız, – deyərək nəsihət verməyə başladı. – Sən kişilərə nə cür yanaşmaq barəsində olduqca savadsızsan. Səndə təqsir yoxdur, kişiləri öyrənmək və onların nəbz vurğularını təyin etmək üçün bacarıqlı bir təbib olmaq lazım gəlir. Səni bundan artıq təqsirləndirmək olmaz, kişilərin ruhunu ruhiyyat alimləri belə layiqincə öyrənə bilməmişdir.

Hərgah sən dilin və hərəkətinlə ona bir şey sezdirmədinsə, o sənin qəlbinə yol tapa bilməzdi. Onlar qəlbi gözdən və hərəkətdən öyrənirlər. Sən ehtiyatlı olmalısan, gözlərinin hərəkətinə, vəziyyət və çöhrənin dəyişməməsinə diqqət verməlisən. Hərgah sən özünü diqqətli və ehtiyatlı aparmışsansa, hər şeydən əmin ola bilərsən.

Sən heç də qorxma. Onlar qadını öyrənməyə çalışdıqca yenə də savadsızlıqları artmış olacaqdır. Sən heç də qorxma, vəzifəni yerinə yetirmək işində tərəddüd göstərmə, bizim burada uzun müddət qalxmağa vaxtımız yoxdur. Təbrizə bunun üçün də gəldik.

Təliə ağladı və and içdi:

– Sənin canına and içirəm. Mən ona nə dilim, nə də hərəkətim vasitəsilə heç bir söz danışmamışam. Lakin məqsədimi həyata keçirmək üçün tərəddüd və düşüncələrdən ayrıla bilmirdim.

Qətibə bir daha acıqlandı:

– Madam ki, bu vəzifəni sənə anan yerində olan bacın tapşırmışdır, o zaman sənin tərəddüd göstərməyə haqqın yox idi. Sənə tapşırılan bu sirrin həyata keçirilməsi və gizlində qalması üçün öz həyatınla məsulsan.

Bu məqsədi həyata keçirməsən, səni dünyanın ən alçaq bir adamına ərə verəcəyəm. Hərgah sən bir hökmdarın mələkəsi olmaq arzusu ilə onu öldürmək istəmirsənsə, yanılırsan, çünki onu sən öldürməsən də, mən başqasının vasitəsilə onu məhv edəcəyəm. O zaman sən də öz diriliyinə ümid bəsləmə!

Mən bilsəm ki, sənin dodaqların onun dodaqlarına dəymişdir, səni bu günün özündə qullarımın ən çirkini olan Bahzada ərə verəcəyəm.

Sənə yüz dəfə demişəm, yenə də təkrar edirəm, dodaqlarını onun dodaqlarından qorumalısan, çünki əfsunçuların sadə bir nəzəri ilan üzərində nə təsir bağışlayırsa, kişilərin də dodaqları qızlara eyni təsiri verə bilər.

Şəraba öyrənən kişilərlə, kişilərin dodaqlarına öyrənən qızların heç də fərqi yoxdur, onlar heç bir zaman nə şərabdan yaxa qurtara bilər, nə də kişilərin dodaqlarından əl çəkə bilərlər. Çünki bu da bir cürə tiryəkdir.

Kişilərin dodaqları qızların qəlbini damğalamış olur. Əsil gözəl ona deyirəm ki, o öz gözəlliyinə qiymət verə bilsin və ondan istifadə etməyi bacarsın.

Sən bir vəzifəni bitirə bilmədiyin, öz dəyərini anlamadığın və fəaliyyət sahibi olmadığın zaman, diri və canlı insan deyilsən. Rəssamlar səndən daha gözəl şəkillər çəkə bilərlər. Hazırda sənin gözəlliyin rəssamın çəkdiyi gözəllikdir. Sən diri olsaydın, özünə tapşırılan vəzifəni çoxdan bəri yerinə yetirə bilmişdin. Lakin sən mənə xəyanət etdin, onu sevdiyin üçün vəzifəni yerinə yetirə bilmədin. Bunun üçün də mən səni cəzalandıracağam.

Təliə hönkür-hönkür ağlayırdı. Lakin onun tökdüyü göz yaşları Qətibənin acığının odlarını söndürə bilmirdi. Biləks, Təliənin ağlaması Qətibənin qəzəb və qəhrini bir daha artırırdı, o qəlbində:

“Nacins qız öz sevgilisini öldürmək istəmədiyi üçün oğlu ölmüş ana kimi hönkürtmə vurub ağlamaqdadır. Qız uşağını özbaşına buraxsan kəndirbaza ərə getmək istər. Mənim sevgimə azadlıq vermədilər. Mən də and içmişəm, dünyada əlimdən gəldiyi qədər heç bir kəsin sevgisinə azadlıq verməyəcəyəm. Bacım da olsa, mənim bədbəxtliyimə qarşı xoşbəxt olmasına razı olmayacağam”, – deyirdi.

Qətibənin qara gözlərinin bəbəklərindən ildırım şığıyırdı. Acığından hər iki yanağı köz kimi qızarmışdı. O, evi tez-tez dolaşıb danışırdı:

– Mənim bacım, Əmir İnancın qızı, atadan-anadan bir doğma bacım, mənim günümün oğlunu, mənim düşmənimi, mənim oğlumun rəqibini sevəcəkmiş. Taxt-tacın, bir kəndli qızından doğulan nanəcibin əlində qalmasına çalışacaqmış.

Qətibə bunları deyəndən sonra gəlib Təliənin başı üzərində durdu və acıqla sual verdi:

– Səndən soruşuram, sən haman vəzifəni ifa edəcəksənmi?

Təliə gözlərini qorxa-qorxa Qətibənin üzünə açaraq:

– Bəli, ifa edəcəyəm. Zəhər hadisəsi sabah baş verəcəkdir, – dedi.


Təliə qapını açıb vəliəhdin otağına girdiyi zaman vəliəhd pəncərənin qarşısında oturub Nizaminin “İskəndərnamə” əsərindən göndərdiyi parçaları oxuyurdu. Vəliəhd Təliənin gəldiyini gördüyü zaman sevinərək dedi:

– Gəl, gəl, mənim dostum, gəl sənin üçün bir neçə şeir oxuyacağam, böyük şair mənim adıma yazdığı “Şərəfnamə” əsərindən bir neçə parça göndərmişdir.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Səttar xana məktub

Səttar xanın evi çar casusları tərəfindən ciddi nəzarət altına alınmış olduğundan onunla tez-tez görüşmək olduqca qorxulu idi. Hətta Səttar xanın evinə şey aparan hamballar da istintaq altına alınırdı.Bala Tağının evində toplaşan iclas Səttar xana bir məktub göndərmək və məktub vasitəsilə bəzi məsələləri həll etməyi qərara almışdı.

7 min
Mahru xanım

Bu gün üçüncü gündür ki, Nina yeni otaqlarına köçmüşdür. Bina olduqca əlverişlidir, əvvəla, rus konsulxanasından uzaq olduğuna görə xəfiyyələrin tez-tez dolaşacağı küçələrdə deyildir, ikincisi – bu bina Təhminə xanımın evinə yaxındır, üçüncü də otaqlar Minasyanın otaqlarına nisbətən daha sərbəst və uyğundur. Bundan başqa, otaqların və həyətin zəngin bir Şərq üslubunda olması Ninanı çox razı salmışdı.Bu gün İraida bacısı Ninanın yeni otaqlarına baxmaq üçün gələcəkdi. Bunu o, bir gün əvvəl Ninaya xəbər vermiş və mənimlə də görüşməyi arzu etmişdi.

6 min
Miss Hanna

Bu gün Ələkbər müəyyən işlər üçün Culfaya qayıdacaq idi, buna görə də mən evə tez qayıtmışdım.Ələkbər yoldaş ilə Culfa poçt-teleqraf rəisinə bəzi sifarişlər göndərdim və eyni zamanda bizim gizli şifrə əlamətlərimizi də poçt-teleqraf rəisinə verməsini Ələkbər yoldaşa tapşırdım.

7 min
Silahlar

İclasımız Mirzə Mahmud müctəhidin evində idi. İclasda üç məsələ qoyulmuşdu: onlardan birisi Mirzə Mahmud müctəhidin nəzmiyyə barəsindəki məlumatı, ikincisi Xoydan gələn məktubun oxunması, üçüncüsü Təbrizdəki silahlar haqqında görülən tədbirlərin müzakirəsindən ibarət idi.Son məsələ haqqında mən danışacaqdım, iclası mən açdığım üçün bu məsələni də qabağa saldım.

11 min

Poems by other poets