Page 2 of 2 · 50%

Sən elə bilirsən ki, mən sənin bu namüəyyən həyat içərisində gənc ikən qocaldığını görmürəm?! Lakin nə edə bilərəm? Sən elə düşünürsən ki, Qətibə öz sevdiyi adamla bir evdə, bir yaşayışda və bir donda yaşamağı istəmir?! Sən elə bilirsən ki, Atabəyi görmək və onu bir ər kimi tanımaq mənim üçün cəhənnəm əzabından çətin deyildir? Sən elə bilirsən ki, mən sevdiyim adamın qolları arasında nazlanmağı və həyatın mənəvi ləzzətlərini dadmağı istəmirəm?! Lakin nə edim, bir zamanda iki kişinin qadını olmaq namussuzluqdur. Gərək sənin özün də buna imkan verməyəsən. Hələ mən adi bir qadın olsaydım, bəlkə də belə bir xətaya imkan verə bilərdim. Halbuki mən bir məmləkətin məlikəsiyəm.

Burada həm xalqın tənəsi, həm də Atabəyin qorxusu vardır. Nə qədər ki, Qızıl Arslan Atabəyin fikirlərinə hakimdir, bizim səadətimizin baş tuta biləcəyinə inanma. Qızıl Arslanla Atabəyin arasında ixtilaf çıxmazsa, o, Azərbaycan hökuməti başından götürülməzsə, bizim birləşməyimizə ümid bağlama.

Sən Qətibənin varlığını mənimsəmək istəyirsənsə, bu barədə düşünməlisən. Həyata mən dediyim şəkli verə bilmədiyin zaman düşündüyümüz gözəl dünyaya qayıda bilməyəcəksən.

Sənə səmimiyyətlə söz verirəm, Qətibə başqasını sevmir, səni Səba xanıma qısqandığım da bunun üçündür. Sən bir mələkəyə sahiblənmək istəyirsənsə, bu cariyədən əl çək, çünki belə hərəkət mənim üçün təhqirdir. Bu rəftarınla məni itirə də bilərsən.

Hüsaməddin yenə də müqəddəslərə and içərək dedi:

– Mənim qəlbimdə mələkənin sevgiləri doğduğu zamandan bəri, mələkəni təhqir edə biləcək heç bir fəna hərəkətdə bulunmamışam. Mələkənin hər bir əmri mənim üçün qanundur. Lakin Qızıl Arslanla Atabəyin arasında ixtilaf yaratmaq barəsində daha dərindən düşünmək lazımdır. Çünki hər kiçik bir ixtilaf nəticəsində Qızıl Arslan kimi bir hökmdarın Azərbaycan hökumətindən götürülməsini əldə etmək olmaz.

Qətibə:

– Elədir, dediklərin doğrudur, – dedi. – Dərindən düşünmək lazımdır. Lakin hazırkı fürsəti də əldən buraxmaq olmaz, çünki Atabəyin Azərbaycan səfərinə çıxması iki-üç günün işidir.

Qətibə sakit dayanıb Hüsaməddinin cavabını gözlədi.

Hüsaməddin düşünürdü, kifayətverici və Qətibəni qane edici bir cavab tapa bilmirdi. Nəhayət, Qətibə sükutu pozub onu çətinlikdən qurtarmaq üçün dedi:

– Mən sənin çətinlik çəkdiyini hiss edirəm, buna görə də sənə tapşırmaq istədiyim vəzifələr barəsində izahat vermək istəyirəm. Atabəy Məhəmməd öz ordusu ilə Şimali Azərbaycana gedir. Sən özün də bilirsən ki, Qızıl Arslan bu səfərdən razı deyil, orada iştirak etmək istəməyəcəkdir. Bu xırda ixtilafı böyüdə bilsək, bütün məqsədlərimiz ələ gəlmiş olacaqdır. İxtilafı böyüdüb barışmaz bir şəklə salmaq üçün, yeganə bir çarə vardır ki, o da Qızıl Arslan tərəfindən Atabəyə qarşı suiqəsd hazırlamaqdan ibarətdir.

Hüsaməddin bu sözü eşidəndə qorxusundan oturduğu yerdən qalxdı:

– Əcəba biz Atabəyi öldürməliyikmi?! – deyə soruşduqda, Qətibə cavabında dedi:

– Burada qorxulu bir məsələ yoxdur. Vaxtı gəlirsə, bu ölümün barəsində də düşünməliyik. Lakin hələlik bir sui-qəsd hazırlamalı və bunu da Qızıl Arslanın ünvanına bağlamalıyıq. Ancaq bu sui-qəsdi ustalıqla başa çatdırsaq, Atabəy Məhəmməd öz qardaşının düşmənliyinə inana bilər. Buna görə də mən Atabəyin səni öz yanında Azərbaycana aparmasına zəmində hazırlamışam. Sən heç də qorxma, səfər zamanı, xüsusən müharibə vaxtı mənim sənə tapşırdığım vəzifələri həyata keçirmək heç bir çətinlik istəmir.

İkinci vəzifə, mənim atamın qatillərini cəzalarına çatdırmaqdan ibarətdir. Sən Fəxrəddinin başını mənə gətirəndən sonra artıq Atabəy Məhəmmədin sağlığında belə Qətibəni öz qollarının arasında görəcəksən. Çünki mən ancaq atamın qatilinin başını görəndən sonra yasdan çıxa biləcəyəm.

Hüsaməddinin şadlığından vücudu titrədi, o, dəli kimi sözə başladı və:

– Mələkə buna and içməlidir, – dedikdə, Qətibə də:

– Oğlum Qütlüğün canına and içirəm. İnandın ki?!

– İnandım, mənim ruhum! İnandım. Mələkənin dediklərini öz həyatımın qiymətinə olsa da yerinə yetirəcəyəm. Mən Fəxrəddindən əskik qəhrəman deyiləm. Çoxdan bəri mən onunla qarşı-qarşıya gəlmək istəyirdim.

Qətibə yerindən qalxıb Hüsaməddinin yanına gəldi və əlini onun əlinə uzadıb dedi:

– Demək ki, biz danışıb razılaşdıq.

Hüsaməddinin vücudu əsirdi, ehtiras onu tamamilə özlüyündən uzaqlaşdırmışdı. Qətibə öz fikirlərini onun qəlbində möhürləmək və onun heyvani düşüncələrinə uzun bir ömür vermək üçün dodaqlarını Hüsaməddinə uzatdı. Hüsaməddin onun dodaqlarını güclə buraxdığı zaman bu sözləri eşitdi:

– Mənim sevimli dostum, dalısı sonra.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Nina ilə ikinci görüş

Nina məni bir saatdan bəri gözləyirmiş, mən içəri girdikdə o, gözlərinə inanmayan bir adam kimi üzümə baxdı və əllərini üzünə tutdu. Nina daima ağlamaq istədikdə əllərini üzünə tutardı, bunu Təhminə xanımın qızları da bilirdi, bunun üçün də Nina əllərini üzünə tutarkən Təhminə xanımın qızları dışarı çıxdı.Nina ağlayırdı, mən onun əllərini üzündən çəkdim, saçlarını oxşamağa başladım. Bu oxşamadan aldığım səmimi hislər vücudumun hər yerinə yayıldı.

5 min
İraida

Bu gün iş günü olmadığından Nina ev işləri ilə məşğul olaraq, heç bir yerə getməmişdi. Nina mənə İraidanın haqqındakı fikrini tamamilə söylədi. Bu gün yenə də İraida Ninanın görüşünə gəldikdə o, Məcidi vannaya salıb çimdirir və onunla əylənirdi. İraida başını tərpədib, istehzalı bir nəzərlə Ninaya baxdı və masanın üzərindəki albomu götürüb vərəqləməyə başladı.Məcid çimdirilib qətfəyə büründü. Təhminə xanım onu geyindirmək üçün otağa apardı.

5 min
Səttar xana məktub

Səttar xanın evi çar casusları tərəfindən ciddi nəzarət altına alınmış olduğundan onunla tez-tez görüşmək olduqca qorxulu idi. Hətta Səttar xanın evinə şey aparan hamballar da istintaq altına alınırdı.Bala Tağının evində toplaşan iclas Səttar xana bir məktub göndərmək və məktub vasitəsilə bəzi məsələləri həll etməyi qərara almışdı.

7 min
Mahru xanım

Bu gün üçüncü gündür ki, Nina yeni otaqlarına köçmüşdür. Bina olduqca əlverişlidir, əvvəla, rus konsulxanasından uzaq olduğuna görə xəfiyyələrin tez-tez dolaşacağı küçələrdə deyildir, ikincisi – bu bina Təhminə xanımın evinə yaxındır, üçüncü də otaqlar Minasyanın otaqlarına nisbətən daha sərbəst və uyğundur. Bundan başqa, otaqların və həyətin zəngin bir Şərq üslubunda olması Ninanı çox razı salmışdı.Bu gün İraida bacısı Ninanın yeni otaqlarına baxmaq üçün gələcəkdi. Bunu o, bir gün əvvəl Ninaya xəbər vermiş və mənimlə də görüşməyi arzu etmişdi.

6 min

Poems by other poets