Təbriz üzərinə hücum
Page 1 of 2
Nina faytonda gedirdi. Onu konsulun nökərlərindən biri yola salırdı. Bu vəziyyət, yaxında bir təhlükənin meydana çıxacağını göstərirdi. Mən tələsik Ninanın yanına getdim. Evinə girdikdə, o, hələ paltosunu çıxarmamışdı. Onun həyəcan və iztirabı köksünün döyünməsindən və tövşüməsindən bəlli olurdu. Məni görən kimi:
– Bu gün işi bitirəcəklər. Rus himayəsində olanlar Eynüddövlənin istiqbalına hazırlanırlar. Ziyafətdə iştirak edənlərin siyahıları da tutulmuşdur. Bir azdan sonra ümumi hücum başlanacaqdır, – dedi.
Biz bu söhbətdən sonra ayrıldıq. Nina Mirzə Əlekbər xanın evinə, mən isə İnqilabi Şuraya getdim.
Saat 12-də yaylım atəşi açıldı. Bağır xan Səttar xanı istəyirdi. Bağır xan ümumi hücum başlandığını xəbər verib bombaçıların göndərilməsini rica etdi.
Səttar xan atlandı. Bombaçılar da 20 dəqiqə əvvəl cəbhəyə getmişdilər. Biz də getdik. Müharibə Xiyaban məhəlləsindən başlayıb Əmraxiz məhəlləsinə qədər 7 kilometrlik bir məsafədə gedirdi. Bir-birinin qarşısında qurulmuş bütün səngərlərdən atəş açılırdı.
Düşmən bütün gücünü Bağır xan qüvvələrinin yerləşdiyi Xiyaban cəbhəsinə toplamışdı. Gün batanda Eynüddövlənin Şatranlı atlıları şiddətli hücuma keçdi. Eynüddövlənin topları Xiyabanın hər tərəfini döyməyə başlamışdı. Bağır xanın topları da cavab verirdi.
Şatranlı atlıları dar keçidlərdə qurulmuş səngərləri ala bilmədilər, 25 nəfər tələfat, bir çox yaralı verdikdən sonra çəkilməyə məcbur oldular.
Xiyaban müharibəsi davam etdiyi zaman, İstanbul darvazası tərəfindən ağır top atışmaları eşidilirdi. Əmraxiz mühitini qalın barıt tüstüsü bürümüşdü. Mən ancaq bu gün Səttar xanın möhkəm, şaşırmaz və arslan ürəkli bir zat olduğunu gördüm. Səttar xan atlı olaraq 7 kilometr məsafədə düşən harbi cəbhəni bir kərə deyil, dəfələrlə gözdən keçirir, əmrlər verirdi.
Biz hələ Xiyaban cəbhəsində məşğul ikən İstanbul darvazası cəbhəsində Eynüddövlə ordusunun az bir tələfatdan sonra çəkilməyə məcbur olduğu xəbərini gətirdilər.
Bu gün Ninanı vədə verilmiş vaxtda görə bilmədim. Barmağım yaralanmışdı. Onu bağlatdırınca axşam saat beş olmuşdu. Yaralananlar xəstəxanaya, ölülər isə yaxındakı məscidlərə toplanırdı. Saat beşdə Ninanın evinə getdim. Nina məni görərkən «nə var, nə yox?» – deyə sözə başladı.
– Eynüddövlədən xəbərin oldumu?
– Təzə xəbərmi var?
– Eynüddövlə bugünkü müharibədən sonra Sahib-divan bağında oturmağın təhlükəli olduğunu görüb Nemətabada çəkildiyini general konsula xəbər verdi.
– Yalnız bumu?
– Eynüddövlə öz göndərdiyi xəbərində belə deyir: «Təbriz ətrafında duran hökumət ordusu çürük bir qüvvədir. Bu cür bir qüvvə ilə Təbrizi götürməyin mümkün olmadığı mənə məlum oldu. Şahsevən, Maku, Xoy, Qaradağ, Tehran, Bəxtiyari, Devran, Keygavənd, Xəmsə, Sərab qoşunları gəlib çıxdıqdan sonra hökumət ordusunun miqdarı 40 minə varacaqdır. Hazırda Təbriz içərisində olan müsəlləh qüvvələr, hökumət ordusundan miqdarca bir neçə kərə artıqdır. Bunlara mövqelərinin möhkəmliyi də yardım edir. Xüsusən inqilabçıların əlində fişəng və bomba qayıran maşınlar olduğu üçün hücum edən qüvvələrə çox tələfat verirlər».
Nina bunları danışırkən onun inqilaba nə qədər dərin bir rəğbət bəslədiyini görüb mən çox sevinir və bu qəhrəman qıza fəxrlə baxırdım. Nina danışdıqca onun keçmişi gözümün qarşısında canlanırdı. Yanımda iki Nina görürdüm. Bunun biri siyasət bilməyən, qəzet oxumayan Nina, ikincisi isə bütün varlığını inqilaba və əzilmiş kütlələrin səadəti yolunda mübarizəyə qurban verməyə hazır olan Nina idi.
Mən onu daha da şadlandırmaq və əmin emək üçün inqilab qüvvələrinin yerləşdiyi mövqelər haqqında məlumat verməyə başladım.
– Eynüddövlənin Əmiraxiz üzərində hücumunu qırmaq və bütün hücum dairəsini atəşə tutmaq üçün Hacı Mir Bağır bağının yanlarında yeni sistemli ağır toplar yerləşdirilmişdir. Bunlardan çox qabaqda yeri heç vəchlə düşmənə məlum olmayan iki uzaqvuran top qurulmuşdur. Bağır xan cəbhəsini təmin etməkdən ötrü Göy məscid və Maralanda da yeni toplar qoyulmuşdur. Ərk tabyələrində, Ərkin damında hücuma fürsət verməyəcək qədər ağır və yüngül toplar yerləşdirilmişdir. Vəziyyətin ağırlığını nəzərə alan Qafqaz sosial-demokratları, xüsusən Bakı işçiləri axın-axın gəlməkdədir. Bakı işçiləri inqilaba rəhbərlik etmək işinə çox yardım göstərirlər. Topları müharibə görmüş qafqazlılar idarə edirlər. Bomba, patron cəhətindən heç də korluq çəkilmir.
– Əcəba, Səttar xan Qafqazdan gələnlərin rəhbərliyinə razı olurmu?
– Razı olur, yaxşı əlaqə də saxlayır. Fəqət buna lazımınca əhəmiyyət verilmir. Bu da işlərin plan üzrə getməsinə mane olur. Səttar xan sosial-demokratların nə dediyini və buraya nə məqsədlə gəldiklərini indiyədək o qədər də anlaya bilməmişdir.
– Bağır xan necədir?
– O, nəinki Qafqazdan gələnlərə, hətta Əmiraxizdən gələnlərə, Səttar xanın özünə də əhəmiyyət vermir. O, yerli qafqazlılarla əlaqədədir. Biz bu adamların vasitəsilə ona yardım edirik. Bu nöqsanları nəzərə almayacaq olsaq, Bağır xanda çox böyük bir mətanət vardır. O, heç bir qorxu hiss etməyən adamlardandır. Bağır xan çətinlik artdıqca əzm və mətanətini artıran, ölümə vəhşicəsinə gedən, qurşunlara qarşı ağzını açıb irəliyə doğru bağıran bir adamdır. Bunda inqilabın ən qiymətli bir xüsusiyyəti vardır ki, o da kəskin iradəyə və yenilməz mətanətə malik olmasıdır.
Gecə qaranlıqlaşırdı. Bir güllə səsi belə eşidilmirdi. Təbrizin kərpic damları yenə qalın dumanların qoynuna girib uyumuşdu. Bu heç də qurşun səslərindən arı yuvasına bənzəyən Təbrizə bənzəmirdi.
Lakin Nina bu gecəni heç də uyumaq istəmirdi. Onda dərin bir ruh yüksəkliyi var idi. Bala Məcidimiz də hələ yatmamışdı. Mürəbbiyəsi Səltənət bəyim ona nağıl söyləyirdi.
«Min bir gecə» dastanının qucağında doğulan Şərqin bu çocuğu da hekayəni dinləyir, kirpikləri saatın milləri kimi hiss edilmədən biri digəri üzərinə düşməyə başlayırdı. Divardan asılı saatın milləri bir-birinin üzərində durduğu və saat 12-ni vurduğu zaman Məcidimiz də qara kirpiklərini bir-birinin üstünə töküb Səltənət bəyimin qucağında uyumuşdu.
Səltənət bəyim birinci İran pionerini yatağına aparırkən biz də Nina ilə uşağın gələcəyini düşünür və onu təmin etmək üçün planlar çəkirdik. Nina birdən-birə:
– Aparacağam, – dedi. – O mənim oğlumdur. – Nina bu sözdən sonra yenə fikrə getdi. – Lakin bilmirəm, axırımız necə olacaqdır? – deyə başını çiynimə söykədi.
– Qorxma, getdiyimiz yol əyri yol deyil, çox şərəfli yoldur. Bizə də bu lazımdır.
O, daha dinmədi. Lakin bir azdan sonra haman sözünü bir daha təkrar etdi. Şübhəsiz ki, o bizim aramızdakı həqiqi əlaqənin sonunu bilmək istəyirdi. Lakin gənc və namuslu qız bunu aydın deməyə həm utanır, həm də cəsarət etmirdi.
Zatən onda hər bir qadına məxsus olan soruşmaq, bir şeyi nə olursa-olsun öyrənmək, hətta kişidəki gizlin sirləri almağa çalışmaq kimi xasiyyətlər yox idi.
Çox qəribə burasıdır ki, Nina mənim kim və haralı olduğumu da bilmirdi. Doğru adım, familiyam belə ona məlum deyildi. O soruşmayırdı. O, başqa qadınlar kimi kişilərdən gündəlik raport istəməyi sevmirdi.
Mən isə gənc qızın gündəlik həyatını xoş keçirmək üçün imkan tapmırdım. Bunun üçün də mənə hər cəhətcə sıx əlaqə bağlamış gənc Nina nə edəcəyini bilmirdi. Onu bir çoxları sevirdi. Sevənlər isə ona hər bir imkan yarada biləcək adamlar idi. Onun ayaqları altına ipək xalçalar döşəyənlər, əlindən yerə buraxdığı dəyərsiz kağızları öpüb qoynunda yadigar saxlayan kişilər də var idi. Nina bunları nəinki rədd edir, hətta onları bir daha sevgi sözlərini təkrar etməmələri üçün təhqir edirdi. Buna görə də bizim müəyyən olmayan həyatımız onu darıxmağa və düşünməyə məcbur edirdi.
Otağın içində dolaşırdı. Arabir şkafdan bir şey götürərək, masanın üzərinə qoyub yenə aparırdı. Mütərəddid vəziyyətlər, baxışlar, köks keçirmələr bir-birini təqib edirdi. Axırda gəlib mənim yanımda oturdu.
– Məni heç bir şey yormaz. Lakin çox düşünmək məni yorur, – dedi.
Yenə də düşünməyə başladı. Ruh yüksəkliyinə malik olan bu qızın birdən-birə dəyişməsi məni heyrətə saldı:
– Nəyi düşünürsünüz? Sizin üçün hər şey mümkündür.
– Mənim üçün heç bir şey mümkün deyildir. Mənə mümkün olanlar hər kəsə mümkündür. Hər şey var, lakin heç bir şey də yoxdur.
– Nə səbəbə yoxdur?!
– Onun səbəbini məndə yox, özünüzdə aramalısınız!
Nina yenə də açıq danışmağa utanırdı. Çöhrəsi tez-tez dəyişir və o dəyişmələrin hər biri onun ürəyində yeni bir fikir doğduğunu hiss etdirirdi.
Güzgüyə baxmış olsaydım, şübhəsiz, öz çöhrəmdə də o vəziyyəti görəcəkdim.
Mən də düşünür, öz-özümə sual verirdim: «Bu gözəl qız kimdir? Bu nə üçün və nə səbəblərlə mənimlə bu qədər sıx əlaqə yaratdı?! Bu zəngin və meşşan bir ailədənmidir? Bunun inqilaba olan bu sıx əlaqəsi bir sevginin nəticəsindəndirmi? Qız məni sevir, sevdiyi üçün də mən gedən yolu davam etdirməkmi istəyir? Mən buna nə üçün öz qarşılıqlı sevgimi bildirdim! Qızı nə üçün gələcək səadətindən məhrum edirəm? Bəlkə də, qız bir nəfərlə ailə düzəldəcək və səadətli günlər görəcəkdir».
Kitabxana.az · https://kitabxana.az/en/works/ordubadi-tebriz-uzerine-hucum
Use ← → keys to move, R for a random poem
More by this author
İndiyədək mən nə vaxt ki, azarlayıb yorğan-döşəkdə uzanardım və birisi gəlib mənim keyfimi xəbər alardı, mən məəttəl qalardım ki, nə cavab verim, yə’ni xəyalıma gəlməzdi ki, nə deyim. Məsələn, istərdim deyəm «keyfim yoxdur», sonra fikr eylərdim ki, bəlkə lazımdır demək «naxoşam»? Sonra genə fikr eylərdim ki, bəlkə bu da düz deyil. Bə’zi vaxt istərdim deyəm «bimarəm», sonra genə deyərdim ki, bəlkə belə də deyil. Bə’zi adam da keyfimi soruşanda istəyirdim deyəm «azarlıyam». Bir para vaxt istərdim deyəm «xəstəyəm».Müxtəsər, bilməzdim ki, bunların hansı düzdür.
VeyillərHərdən bir mənim xəyalıma bir belə şey gəlir:Bir ay bundan irəli Gəncə qubernatoru yazıb Şuşa naçalnikindən xəbər almışdı ki, nə səbəbə çəkirtkəni qırıb qurtarmadılar ki, Şuşa mahalının dördümcü uçastokunun əkinlərini tamamən yeyib çıxdı başa.
HamamEşitdim ki, Ağdamda bir müsəlman tazə hamam tikdirib. Buradan bir haşiyə çıxıb oxucularımızdan təvəqqə edirəm inciməsinlər ki, hamam kimi xırım-xırda məsələlər ilə mən onları məşğul eləyirəm. Doğrudur, hamam məsələsi xırda məsələdir, amma, nə eybi var, çox vaxt olur ki, bir xırda məsələdən bir böyük məsələ çıxır.Bəli, eşitdim ki, Ağdamda bir müsəlman bir hamam tikdirib. Əgər mən bunu beş il bundan irəli eşitsəydim, çox qulaq asmazdım, və deyərdim ki, ah, görəsən bu da əlbət Naxçıvan, İrəvan və Təbriz hamamları kimi bir qurbağaxanadır. Amma indi belə bəd güman eliyə bilməzdim, çünki indiki zaman hara, beş il bundan irəli hara!..
Ticarət və ekonomi xəbərlərTicarətin bə’zi şərtləri və qaydaları var. Fərasətli və gözü açıq alış-verişçilər ticarətin şərtlərini əmələ gətirmək ilə tərəqqi edirlər və dövlət qazanırlar. Amma şüursuz tacirlər işlərin dalını və qabağını fikirləşməyib zərər çəkirlər və tənəzzül edirlər. Bu dəxi aşkar bir mətləbdir.Qəndin putu indi gedir altı manata, əgər adam bunu qabaqca bilsə ki, iki aydan sonra yollar lap kəsiləcək və Rusiyyətdən Qafqaza qənd gələ bilməyəcək, əgər adam qabaqca bunu bilsə var-yoxunu cəm edib verər qəndə və ambarlara doldurub saxlar, bahalananda satsın qazancına. Əgər bir ay yollar bağlana və bu tərəfə qənd gəlməyə, qəndin putu qalxar on iki manata və indidən qəndi alıb ambara yığan birə-iki qazanar. Amma bunu qabaqca bilmək çətindir. Odur ki, qənd alış-verişi bir elə mənfəətli alış-veriş deyil.