Təbriz üzərinə hücum
Page 2 of 2 · 50%
Bunları düşünərkən masa üzərində durmuş kiçik albomu götürüb vərəqləyirdim. Birinci səhifədə gənc Ninanın məktəbdə ikən aldırdığı foto şəklini gözdən keçirdim. Müxtəlif vəziyyətlərdə aldırdığı şəkillərə də baxdım. Ona yadigar verilmiş mütəəllimə fotoları da, «qiymətli yoldaşımıza yadigar» yazıları ilə gözümə dəyirdi.
Albom yarı olmuşdu. Albomda qoca, olduqca zəif, nəhayət dərəcədə fəqir paltarda olan bir işçi fotosu da gördüm. Bu şəkil mənim diqqətimi cəlb etdi.
Nina çayı gətirib yanıma qoyduqda, gözü alboma sataşdı:
– O fəqir mənim atamdır. Bu üstü-başı tökülmüş işçi bizim bəxtsiz ailənin başçısı idi. Bizim ailəmiz heç vaxt xoş gün görməmişdir. Mən özüm də görməyəcəyəm. Məni də düşündürən budur, – deyərək, məyus gözləri ilə baxırdı.
Nina bunu deməklə, bütün keçmişin məlun dəqiqələrini sanki bir saniyədə xəyalından keçirdi. Qızardı, titrədi. Mən isə sevinirdim. Bu şadlıqdan ürəyim döyünərkən səsini belə eşidirdim. Mənim dostum, mənim inqilab yaldaşım olan Nina öz sinfi simasını aydıncasına göstərdi.
Nina durdu, şkafdan kiçik bir çamadan çıxardı. Oradan atasının, anasının, bibilərinin, öz çocuqluğunun cürbəcür fotolarını göstərdi və izahat verdi.
Nina bunlardan sonra öz həyatından çox qəmgin lövhələr söyləməyə başladı:
– Atam toxucu fabriki işçilərindən idi. Riqa toxucu fabriklərində düzələn tətillərin hamısında təşkilatçı vəzifəsini aparırdı. O, ilin çox vaxtını xəstə yatırdı. Vərəm xəstəliyi vardı. Həyatımız çox ağır keçirdi. Təzə paltar geydiyimiz, yağlı və isti xörək yediyimiz çox az olurdu. Fabrik direktorları atamı görmək istəməzdi, çünki həmişə işçilərin tələblərini fabrik müdirlərinə atam təqdim edər və inad göstərərdi. O, tez-tez işdən qovulur və həbsə alınırdı. Atamın bacıları çox gözəl idi. Gözəllikləri səbəbinə onları çörəkli adamlar almışdı. Kiçik bibimi sud pristavı, böyük bibimi isə paroxod kapitanı almışdı.
– Sizə yardım edirdilərmi?
– Kapitanın övladı olmayırdı. O, biz iki bacını aclıqdan qurtarmaq üçün övladlığa qəbul etmişdi. Buna atam rəhmətlik razı deyildi. Anam isə «uşaqları acından öldürə bilmərəm» – deyə atamı buna məcbur etmişdi. Kiçik bibimin əri bizi yaxınına qoymazdı. Onun atamı görməyə gözü yoxdu. O, bibimi də qardaşına yaxın gəlməyə qoymazdı. Bir neçə kərə bunun üstündə bibimi boşamaq belə istəmişdi. O, həmişə öz tanışlarına rast gələndə – uşaqlarım olmasaydı, bu cür rəzil və xain adamın bacısını bir dəqiqə də olsa, evimdə saxlamazdım, – deyirdi. Kapitan belə deyildi. O bizi sevirdi, hərdən atama acığı tutanda: «Bu cür işlərdən çəkin, faydası yoxdur». Kapitan musiqini çox sevərdi. Onun üçün də bizi musiqi məktəbinə vermişdi. Məktəbi gözəl bitirdik, ictimai vəziyyətimiz nəzərə alınmasaydı, hər ikimizə qızıl medal veriləcək idi. Bizim məktəb bitirməyimiz 5-ci il inqilabının dəhşətli günlərinə təsadüf etdi. Atam bu inqilabda çox yaxından iştirak edirdi. İnqilab məğlub olduqdan sonra atamı həbsə aldılar. Ölüb-qaldığından xəbərimiz olmadı. bunun üçün də inqilabdan gözüm çox qorxmuşdu. İnqilaba qoşulan adamlara çox yazığım gələrdi. Atamın nə çəkdiyini görmüşdük. Bunun üçün kapitan daima bizə tapşırıb deyərdi:
– Atanızın taleyindən ibrət alın!
O bizi qəzet oxumağa qoymazdı. Biz yalnız musiqiyə aid əsərlər oxuyurduq. Ara-sıra romanlarla da məşğul olduğumuz vardı. Mən hərdənbir kapitanın kitablarını arayıb içindən quldurluğa, qəhrəmanlığa, vurub-yıxmağa, casusluğa aid kitabları tapıb oxuyurdum.
Kapitanın özü də bu kimi kitabları sevirdi. O, daima səfərə çıxanda özü ilə bərabər belə kitablardan çamadan dolusu aparırdı.
– Kapitan hazırda sağdırmı?
– Yox sağ deyil. Atam qeyb olduqdan sonra kapitan da Dansik limanında balıqdan zəhərlənib öldü. Biz işləyib onun qadınını da saxlaya bilərdik. Lakin bizə iş vermirdilər. Dərs götürmək üçün bir çox yerlərdə anket doldururduq. Atamızı hökumət xaini adlandırıb, anketlərimizi geri qaytarırdılar. Yaşamaq heç də mümkün deyildi. Bibim ərinin ölməsi münasibətilə özünə veriləcək təqaüdü belə almaq mümkün olmadı. Onu da bizim bədbəxtliyimiz basmışdı. «Xain familiya»ya mənsub olduğu üçün təqaüd verməkdən boyun qaçırdılar. Anam günəmuzd dəmiryol stansiyasında vaqonlardan daş kömür boşaldırdı. Aldığı maaşla dolanmaq mümkün deyildi. Əynimiz-başımız tökülmüşdü. Dilənçi halında idik. Kiçik bibimin ərinə (sud pristavına) iş üçün, yardım üçün müraciət etdik. O bizi qovdu. «Qulluğuma, vəzifəmə zərəriniz toxunar. Mənə yaxın gəlməyin», – deyə bizi rədd etdi və məhv olmuş atamı da çox fəna sözlərlə xatırladı.
– Evlərdə dərs götürmək mümkün deyildimi?
– Dərs vermirdilər. Üst-başımıza baxıb ev sahibləri bizi qapıdan qaytarırdı. Nəhayət, paltar yumağa, uşaq dolandırmağa, başqa ev işləri görməyə razı olduq. Bir neçə aristokrat evlərinə işə girdik. Bu da uzun zaman davam etmədi.
– Nə üçün?
– Bəzən gözəlliyin özü də qadının bədbəxtliyinə səbəb olur. Bizi ev sahibləri və aristokrat qadınları öz ərlərinə qısqanmağa başladılar, bir həftə işləmədən bayıra atdılar. Çox tez-tez xidməti dəyişirdik. Lakin həmin səbəblə də bayıra atılırdıq. Hətta bəzi ailələrdə oğul ila ata arasında rəqabət başlanırdı. Bizə sevgi elan etdiklərindən evin başçısı olan qadın bu bəladan qurtulmaq üçün bizi evdən qovurdu. Xeyli vaxtdan sonra kiçik bibimin əri bizi xəlvətcə evinə çağırdı. Bir qəzeti əlində tutub dedi:
– Təbriz rus konsulxanasında, konsulun uşaqlarına dərs vermək üçün iki nəfər musiqi müəlliməsi lazımdır. İran uzaq bir məmləkət olduğu və mədəni olmadığı üçün oraya gedən yoxdur, çünki xalqı çox vəhşidir. Əgər gedən olsaydı, bu elanı təkrar verməzdilər. Gedə bilərsinizsə, sabah gəlin, mən düzəldə bilərəm.
Mən razı deyildim. Qorxurdum. İraida məni məcbur etdi, biz haman yerə getdik. Bizə iki yüz manat pul verdilər. Köhnə paltar satılan bazara gedib əynimizə münasib paltarlar aldıq. Anamın və bibimin yanında da xərclik qoyduq. Bir az para ilə yola düşdük. Riqadan İran hüduduna qədər paramız tamamilə bitmişdi. Hətta fayton və avtomobil parası belə qalmamışdı. Tamamilə çarəsiz bir halda idik. Sizə rast gəldikdə özümüzü itirmişdik. Biz Riqadan çıxandan bəri İranı cürbəcür şəkillərdə xəyalımıza gətirirdik. Meşələr, dağlar, quldurlarla dolu olan mağaralar, insanı tutub aparan vəhşi və ibtidai insanlar nəzərimizə gəlirdi. Sizinlə birinci dəfə görüşdükdə orijinal bir şərqli görmüş oldum. Mən heç vaxt inqilaba qoşulacağımı düşünməzdim. Fəqət sinfi duyğum məni atam gedən yola çağırdı. Bunun bir səbəbi də sənsən.
– Nə kimi səbəb ola bilər?
– Qadın nə olursa-olsun sevgi onun bütün düşüncələrinə hakimdir. Hələ indiyə qədər bu hakimiyyəti poza biləcək bir qadının olacağına şübhə edirəm. Mən bu hakimiyyəti birinci gündən pozmağa çalışdım. Mümkün olmadı. Sən öz inqilabi simanla da məni özünə bağladın. Lakin sən...
Nina sözünün axırını demək istəmədi. O, yəqin ki, «Lakin sən məni, mənim kimi sevməyirsən» demək istəyirdi. Utandı, sözünü bitirə bilmədi. Nina məni birinci dəfə «sən» deyə səsləyirdi.
Mənim onu sevdiyimi bilməmiş deyildi. Kim bilir, bəlkə, o məni daha artıq sevirdi.
Hər nə olursa-olsun bugünkü Nina dünənki simasız və müəmmalı Nina deyildi. Nina hər halda öz sinfi düşmənini arayacaq və sinfinin getdiyi yol ilə gedəcək idi.
Söhbətimiz çox uzanmışdı. Xoruzlar banlarkən «Səltənət bacı, gəl qapını bağla» – deyə Ninadan ayrıldım.
Kitabxana.az · https://kitabxana.az/en/works/ordubadi-tebriz-uzerine-hucum
Use ← → keys to move, R for a random poem
More by this author
İndiyədək mən nə vaxt ki, azarlayıb yorğan-döşəkdə uzanardım və birisi gəlib mənim keyfimi xəbər alardı, mən məəttəl qalardım ki, nə cavab verim, yə’ni xəyalıma gəlməzdi ki, nə deyim. Məsələn, istərdim deyəm «keyfim yoxdur», sonra fikr eylərdim ki, bəlkə lazımdır demək «naxoşam»? Sonra genə fikr eylərdim ki, bəlkə bu da düz deyil. Bə’zi vaxt istərdim deyəm «bimarəm», sonra genə deyərdim ki, bəlkə belə də deyil. Bə’zi adam da keyfimi soruşanda istəyirdim deyəm «azarlıyam». Bir para vaxt istərdim deyəm «xəstəyəm».Müxtəsər, bilməzdim ki, bunların hansı düzdür.
VeyillərHərdən bir mənim xəyalıma bir belə şey gəlir:Bir ay bundan irəli Gəncə qubernatoru yazıb Şuşa naçalnikindən xəbər almışdı ki, nə səbəbə çəkirtkəni qırıb qurtarmadılar ki, Şuşa mahalının dördümcü uçastokunun əkinlərini tamamən yeyib çıxdı başa.
HamamEşitdim ki, Ağdamda bir müsəlman tazə hamam tikdirib. Buradan bir haşiyə çıxıb oxucularımızdan təvəqqə edirəm inciməsinlər ki, hamam kimi xırım-xırda məsələlər ilə mən onları məşğul eləyirəm. Doğrudur, hamam məsələsi xırda məsələdir, amma, nə eybi var, çox vaxt olur ki, bir xırda məsələdən bir böyük məsələ çıxır.Bəli, eşitdim ki, Ağdamda bir müsəlman bir hamam tikdirib. Əgər mən bunu beş il bundan irəli eşitsəydim, çox qulaq asmazdım, və deyərdim ki, ah, görəsən bu da əlbət Naxçıvan, İrəvan və Təbriz hamamları kimi bir qurbağaxanadır. Amma indi belə bəd güman eliyə bilməzdim, çünki indiki zaman hara, beş il bundan irəli hara!..
Ticarət və ekonomi xəbərlərTicarətin bə’zi şərtləri və qaydaları var. Fərasətli və gözü açıq alış-verişçilər ticarətin şərtlərini əmələ gətirmək ilə tərəqqi edirlər və dövlət qazanırlar. Amma şüursuz tacirlər işlərin dalını və qabağını fikirləşməyib zərər çəkirlər və tənəzzül edirlər. Bu dəxi aşkar bir mətləbdir.Qəndin putu indi gedir altı manata, əgər adam bunu qabaqca bilsə ki, iki aydan sonra yollar lap kəsiləcək və Rusiyyətdən Qafqaza qənd gələ bilməyəcək, əgər adam qabaqca bunu bilsə var-yoxunu cəm edib verər qəndə və ambarlara doldurub saxlar, bahalananda satsın qazancına. Əgər bir ay yollar bağlana və bu tərəfə qənd gəlməyə, qəndin putu qalxar on iki manata və indidən qəndi alıb ambara yığan birə-iki qazanar. Amma bunu qabaqca bilmək çətindir. Odur ki, qənd alış-verişi bir elə mənfəətli alış-veriş deyil.