Qarətlər
Page 1 of 3
Bir neçə gündən bəri gələcək müharibələri şəhərin xaricində aparmaq üçün Bağır xan və Səttar xanla müzakirə aparırdıq.
Top və tüfəng güllələri altında qalan şəhərin bir gün iğtişaş qaldıracağından və düşmənə təslim olacağından qorxurduq. Bundan başqa, müharibənin şəhər xaricində getməsi yaxın kəndlərdən Təbrizə yeməli şeylərin gətirilməsinə də imkan verə bilərdi, çünki yaxın kəndlərin yolu açılacaqdı. Camaat köçüb gedirdi. İçəridə yaşamaq qorxulu idi. Rus konsulu da işlərə müdaxilə etmək üçün bəhanə axtarırdı. Rus təbəələrinə rus himayəsində olanlara dəyən hər 5 qəpiklik zərər üçün konsul böyük bir macəra törədirdi.
Həm Səttar xan, həm də Bağır xan buna razı oldu. Bütün qüvvələr gözdən keçirilirdi. Bu qüvvələr hücuma hazır bir vəziyyətdə idi.
Şəban ayının beşində, çərşənbə günü axşama yaxın hökumət ordusu səngərlərindən atışma başlanmışdı. Bu atışmalar hökumət ordusunun hücum üçün zəmin hazırladığını göstərirdi.
Atışma səhər işıqlanıncaya qədər davam etdi. Səhərə kimi ayaq üstündə idik. Hər kəs nə edəcəyini bilirdi. Bomba atanlar öz yerlərini tutmuşdular. Hava işıqlanmağa başladıqda bir alay atlı, bir alay da piyada Xiyaban məhəlləsinin başından hücum edib Bağır xanın mərkəzinə doğru yüyürməyə başladı. Eyni zamanda bir alay piyada da Pürsəng və Mirzə Sadıq dalanı tərəfindən içəri soxulmaqda idi. Bu vuruşmalar Təbriz inqilabı həyatında birinci dəfə idi.
Döyüş səhərdən saat 12-yə qədər davam etdi. Saat 11-də inqilabçılar hücuma keçdi. Əl bombaları müxtəlif qiyafəli və müxtəlif danışıqlı hökumət əsgərlərini sovurmağa başlamışdı. Hökumət qoşunları bir-birini yıxıb üzərindən atılıb qaçırdı. Qaçanlar da, qalanlar da Məhəmmədəli şahı söyür və pis-pis sözlərlə xatırlayırdılar.
Bir qədər vuruşduqdan sonra inqilabçılar sərbazxana, mağazalar, topxana meydanı və alaqapıya qədər irəlilədilər. O biri tərəfdən Şeşgilan məhəlləsinin alınması da İnqilabi Şurada böyük şadlığa səbəb oldu.
Mən haramxana tərəfindən hücum edən dəstələrin içərisində idim. Bu dəstə əl bombalarının yardımı nəticəsində Müctəhid küçəsinə girməyə müvəffəq oldu. Burada Hacı Mirzə ağa imamcümənin və onun qardaşı Ağa Mirzə Əlinin evini böyük atlı və piyada dəstələri mühafizə edirdi.
Burada böyük bədbəxtlik üz verdi. Tam bir qələbə ərəfəsində duran inqilabçı dəstələr qarətlə məşğul oldular.
Hamının başı qarətə qarışdı. Qabağını ala bilmədik. Böyük qalmaqal düşəcəyindən qorxduq.
Düşmən geriyə qayıtdı. Bir çoxları tutuldu, öldü, qaçdı, mühasirədə qaldı. Bizim də bir çox yoldaşlarımız yaralandı. Düşməndən də 65 nəfər ölən vardı.
Mən əlimdə bomba olduğu halda durub qarətçilərə baxırdım. Evlərdən çıxan şeyləri görməklə maraqlanırdım. Yanımda duranların dediyinə görə, vaxtilə belə bir qarət Nizamülüləmanın evində də olmuşdu. Müctəhidin evindən qəribə şeylər çıxarırdılar. Bu qarətə küçə camaatı, xüsusən qadınlar da qoşulmuşdu. Böyük bir xalçanı dörd adam tutmuşdu. Bunlar xalçanın üstündə dalaşırdılar. Nəhayət, birisi o birilərini xəncərlə yaralayıb xalçanı apardı. Yaralılar yenə də içəriyə qayıtdı. Əlinə bir şey düşən tez gedir, lazımı yerinə qoyur, yenə qayıdırdı. Uşaq beşiyi də aparan vardı. Uşağı beşikdən evdə açmaq mümkün olmadığından uşaqla bərabər çıxarmışdılar. Qapıda uşağı açıb yerə saldılar, beşiyi apardılar. 12–13 yaşında uşaqlar belə yastıq, balış daşıyırdılar. Yağ, bal, qovurma küpələrini barmaqlayıb yeyə-yeyə bayıra çıxarırdılar. İçəridən çox böyük gurultu gəlirdi. Ara-sıra tapança da açılırdı. Bu gurultu qiymətli şeylərin üstündə qalxırdı. Bahalı şeyləri hər kəs bir-birindən qapmaq istəyirdi. Evdən şey çıxaranların bir çoxunun ağzı, burnu əzilmiş və gözlərinin altı göyərmişdi. Bir çoxları da boş çıxırdı. Bunlar, qiymətli paltarları əyinlərinə geyib bayıra çıxanlardı, çünki bir çoxları içəri girməyib yalnız qapını kəsdirmişdi. Aciz adamların götürdükləri şeyi əllərindən alıb mənimsəyirdilər. İçəridən tar, kamança, dəf və sair musiqi alətləri çıxaranlara da təsadüf olunurdu. Birdən-birə qapıda bir qiyamət qopdu. Birinin arxasından yeşiyi vurub yerə saldılar. Yeşiyi sındırıb içindəki konyak şüşələrini ciblərinə soxmağa başladılar.
İçəridən üzü ağ örtüklü bir qadınla bir kişi vuruşa-vuruşa bayıra çıxdı. Bu vuruşmanın nə üstündə getdiyi məlum deyildi. Qadın örtülü də olsa, kişinin vurduğu yumruqların cavabını verirdi. Axırda qadın kişinin əl çəkmədiyini görüb üzündəki örtüyü və başındakı çarşabı atdı. Kişini o ki, lazımdır döydü və özündən əl çəkməyə məcbur etdi.
Qadının belində böyük bir tirmə şal vardı. Qadın içəridə bu tirməni belinə sarıyıb çıxdıqda bu kişi onun əlindən almaq istəyirmiş. Qadın üzü çil, burnu yekə, boynu qısıq, özü də kök və yumruca bir qadın idi. Bunun qəribə sifətlərindən birisi də bir əlinin xınalı, digər əlinin isə xınasız olması idi.
Qiymətli şeylər daşınıb qurtardı. Artıq içəridən dəyərsiz şeylər çıxırdı. Bizim qarşımızda bir nəfər gənc durmuşdu, qarətdə iştirak etmirdi. O, daima qarətçiləri təşviq edib deyirdi:
– Dağıdın bu həyasızın yuvasını!
Mən bunun kim olduğunu soruşdum. «Kəlləpəzoğludur!» dedilər.
Onu yanıma çağırdım. Bu təşviqin səbəbini soruşdum. O mənə belə cavab verdi:
– Sağlıq olsa, görüşərik və bu işin səbəbini sizə deyərəm. Hələlik bu haramzadanın qardaşı Ağa Mirzəlinin də evini dağıtdırmaq lazımdır, – deyib getdi.
Hələ qarət davam edirdi. Düşmən birdən-birə hücuma keçdi. Biz əlimizdə qalmış son bomba ilə özümüzü qurtardıq.
İstanbul darvazası tərəfində də şiddətli müharibə gedirdi. Buradan biri digərinin dalınca şad xəbərlər gəlirdi. İnqilabçı dəstələrin irəli getdiyini və mühüm yerlərin əldə edildiyini eşidirdik. Qorxu və təşvişə səbəb olan bir cəhət varsa, o da dəstələrin qarətlə məşğul olması qorxusu idi. Burada Hacı Mir Bağır sərrafın evini qarət etdikdə əks-inqilab dəstələri hücuma keçib inqilabçıları geri çəkilməyə məcbur etmişdi.
Sabahı küçələrdə belə bir elan buraxılmışdı:
«KİM QARƏTLƏ MƏŞĞUL OLSA, HƏMİN YERDƏ EDAM EDİLƏCƏKDİR»
İnqilab qüvvələrinin başıpozuqluğuna baxmayaraq, Eynüddövlə ordusu heç bir iş görə bilmirdi.
Qafqaz sosial-demokratlarının işə ciddi diqqət verməsi, bombaların qorxusu Eynüddövlənin general-konsula müraciət etməsinə səbəb olmuşdu. Müraciətnamədə Rusiyadan gələnlərin işə müdaxilə etməsi, Təbriz üsyançılarına yardım verməsi işinin şahənşah hökumətinə qarşı bir xəyanət olduğunu xatırlatmışdı.
Buna görə də qafqazlıları siyahıya almaq və gələnlər haqqında ciddi tədbirlər görmək üçün konsulxanada plan hazırlanırdı.
Nina bu xəbəri söylədikdən sonra birinci kərə olaraq məndən soruşdu:
– Bir neçə kərə soruşmaq istəmişəm, amma yenə də unutmuşam. Sən də qafqazlımısan?
Mən zarafata başladım:
– Hələ vətənim bəlli deyildir.
– Nə üçün?
– Çünki hələ evlənməmişəm!
Nina üzümə təəccüblə baxdı:
– Bu nə deməkdir?
– Türkün məsəlini eşitmədinizmi?
– Söylə eşidim.
– Türklər deyirlər ki, qadının haralı isə sən də oralısan. Mən isə hələ evlənməmişəm.
O güldü. Lakin bir az sonra ciddi bir tövrlə:
– Mən sizin haralı olmanızla çox maraqlanırdım, – dedi. – Çünki qafqazlıları tutmaq istəyirlər.
Bloknotunu çıxarıb bir neçə qafqazlı adı oxudu.
– Məşədi Hacı Qafqazlı, Ağa Əli Qarabağlı, Həsən Ağa, Məşədi Həsən, Məhəmməd Əli Fərəc Ağa, Mirzə Ələkbər, Abdulla Qafqazlı. Hələ bir çoxlarını yazmaq mümkün olmadı. Qorxuram ki, sənin də adın bunların içərisində olsun.
– Burada mənim adım yoxdur. Olsa da, biz qorxmuruq. Konsul bizi tuta bilməz, hələ o vaxt yetişməmişdir. Saydığın adamlardan bir neçəsini çıxandan sonra hamısı burada oturan qafqazlılardır.
– Onlar Bakıdan gələn firqə üzvlərini axtarırlar. Sən bunlarla tanışsanmı?
– Özlərini görməmişəm. Lakin onların haqqında çox sözlər eşitmişəm. Onların çox maraqlı adamlar olduğunu söyləyirlər. İnqilab hərəkatının içində böyümüşlər. İnqilab hərəkatı harada olsa, onlar yardıma gedən adamlardır. Yorulmaz, ağırlıqdan qaçmaz adamlardır. Bunlar torpağın mülkədarlar əlindən alınıb kəndlilərə verilməsinə kömək edirlər. Burada da bunun üçün çalışırlar. Onlar hər yerdə padşahlıq üsulunun yıxılmasına çalışıb, yenə də çalışırlar.
– Bunları görmək nə qədər maraqlıdır!
– Təəssüflər olsun ki, mən də Bakıdan gələnləri görməmişəm. Onlar heç kəsə və heç vaxt sirr verməzlər. Onlar tanımadıqları və illər uzunu yoxlamadıqları bir adama sirr verməzlər.
– Mən də sənin bu fikrini təsdiq edirəm. İtkin düşmüş atam da çox möhkəm firqəçi idi. Evdə onun dilindən heç bir şey eşitməmişdik.
– Onlar adama çox gec inanırlar. Onları aldatmaq da çox çətindir, boyunlarına götürdükləri vəzifəni yerinə yetirməkdən ölsələr də, boyun qaçırmazlar.
– Bunun üçün də Səttar xan bütün qorxulu səngərləri Bakı və Gürcüstan firqəçilərinə tapşırmışdır.
– Sən bunu haradan eşitdin?
– Eynüddövlə bunu təfsilən yazıb konsulxanaya bildirmişdir.
Nina durub sobanı açdı. Oradan tələsik üzü çıxarılmış bir cədvəl çıxarıb oxumağa başladı: «Nöbər səngərlərində Həsənağa, Xiyaban səngərlərində Məşədi Hacı və Həsən, İnqilab Şurası və bazarın müdafiəsində Məhəmməd Əli Qafqazlı, bütün cəbhələrin kontrolunda Əli Müsyö, Fərəc Ağa, Mirzə Ələkbər, Abdulla və sair qafqazlılar.
Kitabxana.az · https://kitabxana.az/en/works/ordubadi-qaretler
Use ← → keys to move, R for a random poem
More by this author
Vaqe olur Züleyxanın sarayında. Saray Misrin kübar ailələrinə məxsus bir ziynətlə bəzənmişdir. Böyük salonda gözəl qadınlar bədənləri açıq bir surətdə rəqs edirlər. Divarlarda gözəl gənclər və qızlar biri digərinin qucağında olaraq təsvir edilmişdir. Züleyxa salonun yuxarısında yüksək bir səndəldə oturmuşdur. Yusif salona daxil olduqda heyrətlənir.*Yusif** — *(Züleyxaya)*
Beşinci pərdəVaqe olur Misir Fir’onunun sarayında. Möhtəşəm bir salondur, böyük pəncərələrdən Nil çayı görünür. Çayın uzaq kənarında ehramlar gözə çarpır. Salondan baxanda Misrin Əbülhovllları görünməkdədir.*Salonda Fir’on və onun qadını Asnat üçün bəzəkli və yan-yana iki qoltuqlu səndəl qoyulmuşdur. Yüksək səndəllərin sağ və solunda kiçik səndəllər mövcuddur. Salonda iki sıra qadın və kişilər durmuşdur. Aralıq qiymətli xalçalar ilə döşənmiş bir yoldur. Asnat Fir’on ilə salona daxil olur. Ətraflarında gənc oğlanlar və qızlar vardır. Yusif Fir’onun sağ tərəfində olduğu halda oxumaqda olan iki sıranın arasından keçirlər.*
Bədbəxt milyonçu, yaxud Rzaqulu firəngiməabİranın dövri-istibdadını, Nəsrəddin şahın üsuli-idarəsini, dövləti-mütləqənin İrana nə kimi fəna tə’sir bəxş etdiyini, Müzəffərəddin şahın əhdi-səltənətində əhalinin tərzi-məişətini, üləmanın elmə, fünunə dair olan iştibahını göstərən bir facieyi-aşiqanədir.*Əş’ar
Təbriz şəhərinin havası və təmizliyiYay fəsli Təbriz şəhərinin havasında mövcud olan təbii lətafət yayın şiddətli-hərarətindən mütəəssir olan isti ruzkarlar ilə mübarizə edirdi. Hər halda günün hərarəti havanın lətafətinə layiq gəlirdi. Zira bazar damlarında, hamam qabaqlarında, yainki küçələrdə tökülən heyvanat çəmdəklərindən qalxan kəsif qoxular da günün hərarətinə müavinət edərək ikisi birlikdə Təbriz havasındakı lətafətin əleyhinə nümayiş yapırdılar. Hərçənd təbiət və lətafətin xidməti hərarət və kəsafətin qarşısında sinə gərmişdi, lakin şəhər içində olan qəbiristanlardan qalxan üfunət də hərarət və kəsafətin tərəfini iltizam etməkdə idi. Məhazə təbiətin qüvvəyi-mö’cüznümasını e’lan etməklə xəfif ruzkar yenə əsməkdə idi. Lakin ruzkarda bir təbəddülat dəxi mülahizə olunurdu. Ruzkar xəfif isə də yenə Rzaqulu xanın otağındakı çilçıraqların billur avizələrini bir-birinə çırpıb xanənin içində mükəmməl bir musiqi dəstkahı kimi əfradi-ailəni kafətən məşğul etmiş idi. Xanənin istisi bütün əfradi-ailəni tərlətmiş, hər kəs əlində bir dəsmal tərini silir, Böyükxanım da ağ ipək mə’cərini köyləyinin yaxasından basaraq sinəsinin tərini silir, gah da çıxarıb öz tərini qoxuluyurdu. Rzaqulu xan dəxi bütün əlbisəsini töküb, şiddəti-hərarətdən fəqət bir jiletka ilə oturub İran kəndlərinin üryanlığını təsvir edirdi.Lakin ruzkarda olan təbəddülat İranda bir təbəddülati-əzimənin zühurunu göstərdiyi üçün Rzaqulu xanı dərin-dərin düşündürməkdə idi. Əlində dəmir qələmi barmaqlarının arasına alaraq dirsəyi yazı stolunun üstündə, digər bir əlini çənəsinə təkyə edib ruzkarı fikrilə qarşılamaqda idi. Ağuşqaların qabağında ağacların meyvəsi şişələrə çırpır, ara-sıra qoparıb tökür, gah ruzkardan mühib kurultular çıxır, gələcəkdə Azərbaycan inqilabını büsbütün müayinə göstərməkdə idi.
Poems by other poets
Sallanıban yüz naz ilənBu seyrana gələn dilbər
Gərək biz bacaraqGərək biz bacaraq qurban verməyi,Bacaraq od tutub alışmağı da.
Yeddi tuman, yeddisi də zəncirəYeddi tuman, yeddisi də zəncirə,Qorxum budu dal qapıdan xan girə.
SevdiyimQədəm basdın didələrim üstünə,Sən xoş gəldin, səfa gəldin, sevdiyim.