Məclisdə
Əncüməndə Tehran ordusunun Vasmınc, Maku ordusunun isə Təbriz ətrafında məşhur Səhlan kəndinə gəlməsindən danışırdılar.
Maku ordusu Səhlan kəndinə girən kimi bütün taxıl və otu yandırmışdı. Bunların Təbriz içərisinə gətirilməsi haqqında əncüməndə dəfələrlə məsələ qoymuş, keçirə bilməmişdik.
Maku ordusunun inqilab tərəfində duran bu kəndi qətli-qarət etdiyi, 28 nəfər öldürüldüyü, qalanları isə əsir götürüldüyü söylənilirdi. Maku ordusu 7 min atlı, piyada, beş Avstriya topu və bir çox müxtəlif sistemli silahdan ibarət idi. Ordunun başında İzzətulla xan, avacıqlı Heydər xan və Nəsrulla xan dururdu. Tehran ordusu Təbrizi üzük qaşı kimi aralığa almışdı. Ümumi müharibənin başlanacağı haqqında rus konsulunun Peterburqa və Tehrandakı rus səfirinə göndərdiyi şifrəli teleqramın surətini Nina həmin gün ələ gətirmişdi. Teleqramda belə yazılırdı:
«Təbriz son dəqiqələrini keçirir. Hökumət qoşununun miqdarı 30 mindir. 12 yeni və bir miqdar da əski top vardır.
Salar Əfrə, Seyfulla xan, Eyvazəli xan Qara Məlikdən, Maku qoşunları isə Acıçay, Qamışvan tərəfindən hücum edir. Bunlar Hökumabad, Səbğazan və Qaraağacı götürmək üçün çalışır. Hələlik Zərğam Nizam, Musa xan, Mədədəli xan və Hüseyn xan min nəfər atlı ilə Seyid İbrahim məqbərəsi tərəfindən Ayrançı məhəlləsinə soxulmuşdur.
Bir bölük piyada Lekləri, ikinci bölük isə Saman meydanı təriqi ilə İstanbul darvazasını götürmək üzrədir.
Surxab dağının ətəklərində yerləşdirilmiş toplar Sərdari-milli Səttar xanın mərkəzi olan Əmrəxizi aramsız bir surətdə topa tutur.
Bağır xanı tutmaq üçün Eynüddövlənin Şatranlı ordusu və Tehrandan yeni gələn ordunun süvari hissələri və Xiyaban və Maralan tərəflərinə soxulmaq üzrədir. Təbriz alındıqdan sonra nə cür hərəkət edəcəyimiz haqqında sərəncam gözləyirəm».
Ən əvvəl Qamışvan tərəfindən hücum edən Maku ordusu sındı.
Səttar xan makululara hiylə edib Acı körpüsündən içəri çəkildi. Maku qoşunu şəhərə soxuldu. Onlar körpüyə yaxın Əmir karvansarasında yerləşdilər. Səttar xanın adamları divarları deşib karvansaranı mühasirəyə aldılar. Axşama qədər davam edən müharibədə makulular tamamilə məğlub oldu. Bütün hərbi ləvazimat şəhərin içərisinə daşındı. Dəvəçi və Əmrəxiz tərəfindən hücum edən Mədədəli xan, Musa xan, Hüseyn xan isə Zaqafqaziya işçilərinin bombaları qarşısında sovurulub geriyə atıldı. Burada bombalardan biri divara toxunub iki nəfər bombaatan Zaqafqaziya işçisini tələf etmişdi.
Eyni zamanda bu bombanın bir parçası da hücum etməkdə olan Zərğam Nizamın bir gözünü tökdü.
Qaraməlik tərəfində toplanan Salar Əfrə Seyfulla xan, Amanulla xan, Eyvazəli xan qüvvələri isə Maku ordusunun məğlubiyyətini görərkən çəkilməyə məcbur oldular.
Xiyaban məhəlləsinə soxulmaq istəyən Şatranlı ordusu da Maralan, Quruçay, Xiyaban məhəlləsinə soxulub toplarını təpələrdə yerləşdirməyə müvəffəq olmuşdu. Buradakı müharibə saat ikidən axşama qədər davam etdi. Bunlar da cəhənnəm maşınlarının dəhşətlərindən yaxa qurtarıb qaçmağa başladılar. Aparılan ölülərdən başqa, 500 nəfər ölü buraxıb qaçdılar.
Bu gün Zaqafqaziya işçiləri İran inqilabının tarixində misli görünməyən bir qəhrəmanlıq göstərdi.
Gün batan vaxtı bütün cəbhələrdə sakitlik başlanmışdı. Biz gecə saat ondan gündüz saat beşə qədər yoldaşların basdırılması, yaralıların sarınması ilə məşğul olduq.
Çox yorulmuşdum. Mənzilimə gəlib yuyundum. Üstüm-başım qana və qanlı torpağa batmışdı. Əlbisəmi dəyişdim. Yemək istəyirdim. Gecə saat ondan indiyə qədər heç bir şey yeməmişdim. Bu gün çox qiymətli yoldaşlarımızı itirmişdik. Odur ki, əsəblərim çox xarab olmuşdu. Ninanın yanına gəldim. Gecə saat 12-nin yarısı idi. Mən içəri girərkən o, Məcidi yatırmaq üçün ona yemək verirdi. Məcid məni görməmiş yatmazdı. İçəri girərkən üzərimə atıldı. Qucağıma götürüb oxşadım. Danışdırdım. Fəqət əylənmək həvəsim yoxdu. Səltənət bəyim onu məndən alıb yataq otağına apardı. Heç bir söz demədən Ninadan çay istədim. Çay içdikdən sonra Səltənət bəyim yeməyi gətirdi. Onun öz otağına gedib yatmasını rica etdik.
Nina mənim pozğun və yorğun simamdan bir bədbəxtlik üz verdiyini duymuşdu. Onun üçün də sözü haradan başlayacağını bilmirdi.
Axırda xəfifcə gülərək dedi:
– Cəbhələrdə nə olubsa, bilmirəm. Ancaq konsulxanada olanları söyləsəm, güləcəksən.
Nina ayağa durdu. Başını iki əlləri arasına alıb evdə sağa-sola dolaşmağa və konsulun hərəkətini təqlid etməyə başladı.
– Alçaqlar, qoyunlar, əclaf, yığma köpəklər. Beş-on cüt lotupotunun, çırın-çıplağın öhdəsindən gələ bilmədilər. Mən səfiri də aldatmışam. Təbriz alınır deyə teleqram vurdum.
Hələ Nina oyununu qurtarmamışdı. Onu dayandırıb soruşdum:
– Bugünkü işi necə gördün?!
– Böyük qələbədir. Lakin konsul hələ də ümidini kəsməmişdir. Bu gün bütün ordu nümayəndələri ilə danışıq aparılacaqdır. Eynüddövləyə rus mənafeyinə toxunmamaq üçün müharibənin uzatması təklif olunacaqdır.
Hələ yeməyi bitirməmişdik. Yenə də şəhəri dəhşətli bir gurultu götürdü. Vidalaşıb Ninanın dediyi kitabları özünə tapşırmaqla çıxdım. İnqilab Şurasında böyük həyəcan vardı. Səttar xan nə evdə, nə də şurada yox idi. Eynüddövlə ordusundan bir alay qəflətən hücuma keçərək Məşq meydanını tutmuşdu. Şiddətli müharibə gedirdi.
Biz gecə saat birdə Səttar xanı cəbhədə tapdıq. Bu döyüş səhər saat beşin yarısına qədər davam etdi. İşıqlanarkən düşmən başıpozuq bir halda geri çəkildi. Vuruşmada düşmənlərdən 45 nəfər öldürülmüşdü.
Hər gün xırda çaxnaşma olurdu. Axırda Süpəhdar Məhəmmədəli şaha belə teleqram vurmağa məcbur olmuşdu:
«Əlahəzrətə! Düvəli müəzzəmə konsulları məclisini əyalət əncümənin açılmasını və inqilabın bununla da yatırılmasını məsləhət görürlər. Hərgah qibleyim-aləm mərhəmət buyurursa, yeni intixablara başlanarsa, bununla da «dəyirmana su gələr və işləməyə başlar», belə olursa, əlahəzrətin səltənəti nəslən bəd nəsil möhkəm olar.
21 şəban. Bəndəyi-kəmtərin Süpəhdar».
Məhəmmədəli şah da bu məzmunda bir teleqram vurub Süpəhdarı məzəmmət edirdi:
«Sizdən çox uzaqdır ki, dörd-beş nəfər şərarət sahibini tutub cəzasını vermədən Təbrizdə seçki başlanmasını təklif edirsiniz. Necə ki, şəri məşrutəni vermişəm, elə də məclis və əncümən bərqərar olacaqdır. Allahın mərhəmətindən Tehran şərarətçilərini dağıtdıq. Babi dinini nəşi edənlərin cəzasını verdik. Azərbaycan rahat olmayınca əncümən seçkisinə icazə verməyəcəyəm. Təbriz altından qayıdıb qaçan Maku ordusunun Təbriz müharibəsinə qayıtması üçün təşəbbüsdə bulunmalısınız».
Yuxarıda göstərilən bu teleqramların hər ikisi öz yerinə göndərilmədən rus general-konsulunun əlinə keçmişdi. Rus konsulunun poçt-teleqraf idarəsində olan agentləri hər bir teleqrafı oğurlayıb gətirirdi. Nina isə bunları ya mütərcimlər masası və ya şifrə müdiri kabinetindən götürüb inqilabçılara verirdi.
Kitabxana.az · https://kitabxana.az/en/works/ordubadi-meclisde
Use ← → keys to move, R for a random poem
More by this author
Montinin yoldaşları məhkəmə qapısında durub onu gözləyirdi. Salonun qapısından çıxanlar danışır, üzlərindən narazılıq tökülürdü.– Vallah, billah, işləri xarab eləyən hökumətin özüdür!
Erməni-müsəlman qırğını başlandı1905-ci il fevral ayının altısında çar hökumətinin çoxdan bəri hazırladığı xəyanət şayiələr şəklindən çıxıb, bir həqiqət şəklinə girdi.Baş verən böyük bədbəxt hadisə kiçik bir hadisədən başlandı.
SusannaBakı yanğınların, barıt tüstülərinin, quldurların və soyğunçuların ixtiyarına verilmişdi. Rayonlar da eyni vəziyyətdə idi; Bakının qeydinə qalan ancaq Bakı Komitəsi idi.İclas çağırılmışdı. İclasda bircə məsələ müzakirə edilirdi ki, o da şəhərdə olan toqquşmaların rayonlara yayılmasına mane olmaqdan ibarət idi. Bakı Komitəsi bütün diqqəti mədən dairələrinə verməyi, eyni zamanda şəhər əhalisinə müraciətnamə buraxmağı, hökumətin xəyanətlərini ifşa etməyi, qırğınların nə üçün düzəldiyini zəhmətkeş kütlələrə bildirməyi qərara aldı. Bu müraciətnamədə bütün zəhmətkeşlər tətil etməyə çağırılırdı.
Vasya menşeviklər təsirindəNeçə gündən bəri idi ki, Əsgərlə Pavluşa Vasyanı tapa bilmirdilər. Onlar Vasyanın Susanna ilə gəzdiyini, fevralın altısından bəri onunla tanışlığı davam etdirdiyini, tez-tez qızla Balaxanı—Sabunçu rayonuna getdiyini və qızı şəhərə gəzməyə gətirdiyini eşitmişdilər. Əsgərlə Pavluşa, Vasyanın menşevik təsirinə düşməsindən qorxurdular, onu tapıb danışmaq və qızdan ayırmaq istəyirdilər.Əsgər öz qəlbində Vasyanı heç də əfv edə bilmirdi; «Vasya menşevik qərargahına düşdü» deyə onu həmişə ürəyində söyürdü.
Poems by other poets
Babat babat yüz min mənim dərdim var,Kimə deyəm yana yana dərdimi
Ta cəmalın rütbəsin, ey şux, idrak eylədiTa cəmalın rütbəsin, ey şux, idrak eylədi,Rəşkdən gülşəndə gül pirahənin çak eylədi.
Naxçıvandan bir nəfər dostumaÖzgələr dərs oxuyur, alimi-ferzane olur,Özünə, millətinə qövli-həkimanə olur,
این شنیدم که چوکابینۀ مستوفی رفتفرصت افتاد به کف مَردُمِ فرصتجو را