Meydan Bağdadın xalqına kifayət edəcək qədər böyük idi. Qabaq cərgələrdə əmirlər, vəzirlər, əyanlar və kübar ailələr yerləşmişdi.

Elçilər və heyət nümayəndələri üçün başqa yerlər təxsis edilmişdi. Hökmdarlar üçün, xəlifə üçün uca bir yerdə hazırlanmış taxtın ətrafında müəyyən kürsülər qoyulmuşdu.

Meydanın ətrafına çəkilən ipi müdafiə etmək və meydana adam buraxmamaq üçün xəlifənin xüsusi alayları qılınc əllərində durmuşdular. Meydanın bir tərəfində oyunda iştirak edənlər atları yedəklərində durmuşdu. Fəxrəddin bunların içərisində idi. Hər kəs xəlifənin gəlməsini gözləyirdi.

Xəlifə meydanın bir tərəfində qurulumuş yaşıl atlas çadırdan hökmdarlar ilə bərabər çıxıb, hazırlanmış taxta yanaşdı, hökmdarlar da öz yerlərində qərar tutdular.

Nəhayət, xəlifənin işarəsi ilə böyük meydanın dörd tərəfində şeypur səsləri eşidildi.

Bu səslər oyunun başlanması üçün xəlifə tərəfindən icazə verildiyini elan edincə, iki yüz nəfərdən ibarət qəhrəman atın belinə atıldı. Əvvəlcə xəlifənin xasə alayının sərkərdəsi Übeydət ibn Həmra ildırım kimi birdən-birə meydana şığıdı. O, əynində dar və qısa bir paltar geymişdi. Onun libası yaşıl olduğundan oyunun xəlifə tərəfindən açılmasına işarə idi. Übeydətin mindiyi ərəb atının dırnaqlarını görmək mümkün deyildi. Übeydət böyük meydanı bir anda dolandı, sonra meydanın ortasına şığıyaraq topu göyə atdı və çövkanla bir neçə dəfə vurub havada fırladınca İrandan gələn heyətin nümayəndələrindən Divbənd meydana at saldı və bir çövkanla topu Übeydətin əlindən qapıb çövkanın burnunda fırlatmağa başladı. Bu zaman topa sahiblənmək üçün iştirakçıların hamısı meydana at saldı. Havada görünən çövkanlar oyun meydanında birdən-birə meşələr göyərdiyini xatırladırdı.

Bir anda bu meşə görünməz oldu, yüzlərcə at dırnaqlarından qalxan toz təbəqələrinin altında müsabiqə gedirdi. Topu bir-birinin əlindən qapmaq üçün yüzlərcə pəhləvan meydanda qiyamət qoparmışdı.

Qara paltar geymiş bir ərəb atlısı topu mənimsəyərək bütün atlılara meydan oxumağa başladı. Topu onun əlindən alan olmadı. Hansı atlı, hansı bir tərəfə dönərsə dönsün yenə də artıq bir ata minmiş qara paltarlı ərəbi özündən irəlidə görürdü.

Havada oynamaqda olan topu mənimsəmək istəyən yüzlərcə at ağzını açaraq sağa, sola, cənuba və şimala qaçırdısa da, ərəb topu çövkanın ucunda fırladır və bir kəsə buraxmırdı.

Fəxrəddin kənardan durub baxırdı; yerindən hərəkət etməmişdi. Onun bir yerdə taxılıb durması Atabəy Məhəmmədi həddindən artıq əsəbiləşdirirdi. Onun fikrinə görə, Fəxrəddin bu qədər böyük və dəhşətli həngaməni birinci dəfə gördüyü üçün qorxmuşdu. Buna görə də oyunda iştirak etməyə cəsarət etmirdi.

Nəhayət, çox vuruşmadan sonra bir nəfər İran atlısı topu ərəbin əlindən alıb göydə fırlatmağa və hər tərəfə meydan oxumağa başladı.

Ərəb yorulmuşdu, çəkilib bir tərəfdə dayanıb baxırdı. Meydan on dəqiqəyə qədər iranlı qəhrəmanın əlində qaldı. Xüsusən onun atının cəsarət və tərbiyəsi oyunda iştirak edənlərin hamısını heyrətdə qoymuşdu.

Atların vəziyyəti dəhşətli bir şəkil almışdı, onlar nə rəngdə olursa olsun, ağ kifə bürünmüşdülər. Bir neçə dəfə top və çövkan oyunlarında iştirak edən atların gözləri də göydəki topu güdür və top oynayan tərəfə sıçrayırdılar.

Tez-tez at dəyişənlər var idi. Hər qəhrəmanın qulu meydanın arxasında ağası üçün ehtiyat atlar saxlamışdı, lakin iranlı qəhrəmanın atı yorulmaq bilmirdi. Sahibi çövkanla burnuna vurduğu zaman əjdaha kimi ağzını açıb məqsədə doğru şığıyırdı.

Xəlifə iranlının mindiyi atın cəsarətini gördükdə qəlbində: “Bu at xəlifəyə layiqdir”, – deyirdi.

Qələbənin möhürü iranlı pəhləvanın alnına basılmaq ərəfəsində ikən, bir nəfər arıq hindistanlı atını məhmizləyib irəli soxuldu, bir anda topu iranlı qəhrəmanın əlindən aldı və bir anda da topu çövkanın ucuna alaraq xəlifənin oturduğu kürsünün qabağına qədər gətirdi. Meydandan “əhsən, əhsən” səsləri eşidilməyə başlandı. Topun altında ancaq hindistanlının atını görmək olurdu. Top havada hansı tərəfə uçursa uçsun, yenə də onun çövkanının ucunu öpməyə məcbur idi.

Atabəy Məhəmməd vəziyyəti belə görürkən qəlbində Fəxrəddinə acıqlanıb deyirdi: “Qorxaqlar, acizlər, ancaq öz evlərində üsyan etməyi öyrənmişlər. Belə bir gündə özlərini nişan verib ad qazanmağı bacarmadılar. Bu qədər təhqir və rüsvayçılıq olarmı? Xəlifənin cülus rəsmində Cahan pəhləvan Atabəy Məhəmmədin idarə etdiyi ölkədən bir nəfər də olsa özünü göstərə bilmədi”.

Fəxrəddin də öz-özünə deyirdi: “Nə qədər ki, turanlılar oyunda iştirak etməmişdir, mən yerimdən hərəkət etməyəcəyəm. Mən xəlifənin qızı Aliyeyi Ülya xanıma göstərəcəyəm ki, dünyada Turan sözü yalandır. Türk xalqının namınə bir məmləkət varsa, o da – Azərbaycandır. Gərək xəlifənin qızı Mütərra xanım bilsin ki, turanlılar gəlib çövkan və top oyununu məndən öyrənməlidir”.

Turanlılar da belə düşünürdülər. Onlar da deyirdilər ki, oyun turanlıların qələbəsi ilə qurtarmalıdır. Onlar da bunun üçün oyunun axınında işə başlamağı qərara almışlar.

Hindistan qəhrəmanı xarəzmliləri, sistanları, Xorasan və Bəlxdən gələnləri tamamilə yorub aralıqdan çıxartdı.

Turanlılar yerlərindən sel kimi hərəkət etdilər. Onlar bir anda meydanı hindistanlıların əlindən aldılar. Hər tərəfdən: – mərhəba turanlılar! Əhsən turanlılar! Afərin turanlılar! – səsi meydanı ağzına aldı. Atabəy Məhəmməd isə Fəxrəddinin iştirak edəcəyindən tamamilə ümidini kəsmişdi. Xüsusən azərbaycanlıların oyunda iştirak etməməsi xəlifənin qəlbində də şübhə oyandıra bilərdi. Atabəy Məhəmməd bunun üçün də rahatsız olur və oturduğu yerində ilan kimi qıvrılırdı. Bütün meydan sanki onun başına dolanırdı.

Fəxrəddinin qardaşı qadını Dürrətülbağdad da xəlifənin qızları ilə bərabər öz qaynının qələbəsini gözləyirdi. O, Fəxrəddinin iştirak etmədiyini görüncə utandığından xəlifənin qızlarının üzünə baxa bilmirdi, çünki neçə gündən bəri: “Azərbaycanlıların cəsarət və qəhrəmanlığı bütün Şərqdə məşhurdur. Onların Atabəylərinə əbəs yerə “Cahan pəhləvan” ləqəbi verilməmişdir, – deyə xəlifənin qızlarına tərif etmişdi.

Lakin Fəxrəddinin heykəl kimi quruyub durmasını görüncə, o xəcalətindən hönkür-hönkür ağlayırdı.

Turanlılar meydanın tozunu göyə çıxarmışdı. Top qalın toz təbəqələrinin üzərində fırlanırdı. Bu qədər yüksək bir qələbəni görüncə yenə də “əhsən turanlılar!” səsi ucaldı. Atabəy Məhəmməd isə yavaşdan:

– Hökmdar olsan da aciz, bacarıqsız bir xalqın yox, qəhrəman bir xalqın hökmdarı olmalısan! – deyə Fəxrəddinə lənət oxuyurdu.

Xəlifə çox maraqlanırdı. Ümumiyyətlə xəlifələr bu oyuna çox həris idilər. Bu oyunda məharət göstərənlər xəlifələrin ən böyük mükafatına nail olurdu. Buna görə də xəlifə turanlıların bu qəhrəmanlığını gördüyü zaman onlara verəcəyi mükafatın miqdarı haqqında düşünürdü.

Meydanın ətrafında durub turanlıların qəhrəmanlığına əhsən deyən minlərcə adamın diqqət-nəzərini birdən-birə meydana şığıyan tək bir atlı özünə cəlb etdi.

Fəxrəddinin mindiyi əbləğ Qarabağ atı əvvəlcə ilan kimi bir yerə yığılaraq, sonra da ildırım şığıyan kimi əl-ayağını açıb meydanı əhatəsinə almışdı. Meydanda tamaşaya duran xalqı çox da böyük cüssəsi olmayan bir atın üstündə iyirmi beş yaşlarında, ucaboylu, gözəl bir gənci görüncə bütün diqqətlərini gözlərinə cəlb edərək ona baxırdı.

Atabəy Məhəmməd əbləğ atı meydanda gördüyü zaman bütün kədərlərini unutdu və Fəxrəddin haqqında düşündüklərini başından ataraq bir anda qəlbi iki il əvvəl Kür qırağındakı gecə müharibəsinə qayıtdı, o zaman unudulmaz bir igidlik göstərən qəhrəman Fəxrəddini Bağdadın oyun meydanında gördü.

Atabəy ancaq Fəxrəddinin əlindəki çövkana və havada oynayan topa baxırdı. Topu heç vəchlə Fəxrəddinin çövkanından qurtarmaq mümkün deyildi. Turanlılar bütün qüvvələrini meydana sürsə də, Qarabağ atının önünə keçməyi bacarmırdılar.

Arabir Fəxrəddinin səsi eşidilirdi; o, Qarabağ atını səsləyərək:

– Alaca, sağa dön!

– Alaca, sola dön!

– Alaca, geriyə çəkil!

– Alaca, irəli yürü! – deyirdi.

Əbləğ at meydanda topla bərabər fırlanırdı. Fəxrəddinlə turanlıların vuruşmaları bir saatdan artıq çəkdi. Atların hamısı hərəkətdən düşmüşdü. Əbləğ at rəqqasə kimi fırlanaraq xəlifənin nəzərini cəlb edirdi, o heç də öz hərəkət və qüvvətini itirməmişdi.

Atabəy Məhəmməd yanındakı hökmdarlara tərəf dönüb tez-tez deyirdi:

– Azərbaycanlıdır. Mənim ölkəmin qəhrəmanlarındandır. Bunların tarixi şöhrətləri vardır. Bunlar Midiya qəhrəmanlarının tarixi irsinə malikdirlər.

Bu biri tərəfdən də Dürrətülbağdad öz qaynının bu qədər böyük qəhrəmanlığını görərkən sevinir və hönkür-hönkür ağlayırdı.

Xəlifə Müstərşidbillahın qızları isə yanındakı kübar qadınlara tərəf dönüb tez-tez təkrar edirdilər:

– Bizim ən yaxşı tanışımızdır. Bir süfrədə yemək yemişik.

Topu Fəxrəddinin çövkanından qurtaran olmadı. Turanlılar yorulub aralıqdan çəkilmişdilər. Fəxrəddin isə topu havada əlində saxlamaqla mübariz gözləyirdi. Əbləğ atın burnunun fısıltısı dəmirçi küräsi kimi səslənirdi.

Qəti yürüş başlanırdı. Çövkan-top oyununun qaydasına görə oyunun sonunda meydana ümumi hücum başlanmalı idi. Bu hücumda top hər kəsin əlində qalırsa, qələbə onun adına yazılmalı idi.

Fəxrəddin hücuma başlandığını görüncə, topu havaya tullayaraq Alacanı məzmizlədi. Yüzlərcə at ağzını köhül kimi fınxıra-fınxıra Qarabağ atının üzərinə cummuşdu. Bu vuruşmada toz təbəqələrinin altında nələr olduğundan kimsənin xəbəri yox idi. Ancaq hərdənbir Atabəy Məhəmmədin və Dürrətülbağdadın səsləri eşidilirdi:

– Alaca, sağa!

– Alaca, sola!

– Alaca, irəli!

– Alaca, geriyə dön!

Son qələbə qazanmaq üçün başlanmış vuruşma yarım saatdan artıq çəkdi. Atabəy Məhəmməd qəlbində soruşurdu: “Görəsən, toz təbəqələrinin altında vuruşan azərbaycanlı qəhrəmanı nə işdədir?”.

Bu sözləri xəlifənin qızları və Fəxrəddinin qardaşı qadını da təkrar edirdi. Şeypur səsləri dörd tərəfdən eşidildi, oyun bitdi. Lakin toz təbəqələri öz qalınlığında davam edir, hər kəs oturduğu yerindən qalxıb topun kimin əlində qalmasının intizarını çəkirdi.

Atlılar meydandan çəkildi, farağat başlandığı zaman Fəxrəddin, adət üzrə, öz əbləğ atını xəlifə oturan taxtın qarşısına sürüb, əlində topu xəlifənin taxtının ayağına atıb təzim etməyə tələsirdi. Atabəy Məhəmməd topu Fəxrəddinin əlində gördüyü zaman biixtiyar ağzından bu sözlər çıxdı:

“Dünyada Turan yoxdur, ancaq bir Azərbaycan vardır” – dedi.

Fəxrəddin iyirmi yeddi hökmdarın həsəd və həsətinə səbəb olan topu xəlifəyə təqdim etmək üçün atından piyada oldu. Top ilə çövkanı xəlifənin taxtının yanında yerə qoyaraq təzim etdi.

Xəlifə isə:

– Özünə də, atına da əhsən! – dedikdə, Fəxrəddin əbləğ atın cilovundan tutub irəli çəkdi və:

– Atı Azərbaycandan xəlifə üçün hədiyyə gətirmişik. Atı imtahandan çıxarmaq üçün çövkan və top oyununda iştirak etdim, – dedi.

Xəlifə şad bir surətdə:

– Bu qələbə və bu ata mükafat olaraq Azərbaycan qəhrəmanı nə istəyir istəsin, – dedikdə, Fəxrəddin bir daha təzim edib dedi:

– Azərbaycanlı nökəriniz Azərbaycandan Bağdada gətirilən qızların vətənlərinə qaytarılmasını rica edir.

Xəlifə təəccüblə soruşdu:

– O hansı qızlardır?!

– Müstərşidbillah üçün göndərilən qırx nəfər qızdır.

Xəlifə Asəfi çağırıb əmr verdi:

– Bu günün özündə Azərbaycandan gətirilən qızların Azərbaycandan gələn heyətin ixtiyarına vermələsən.

Fəxrəddin xəlifəyə bir daha baş endirib qayıtdığı zaman, Atabəy Məhəmməd irəli gəlib onun alnından öpdü:

– Mən Fəxrəddinlə fəxr edirəm! – deyərək ona bir qədər baxdı, yenə də Fəxrəddinin çöhrəsində Gözəlin gözəl çöhrəsindəki nişanələri görüb fikri Canpolad kəndinə – Püsəran kəndinə qayıtdı.

Fəxrəddin Dürrətülbağdad və xəlifənin qızları ilə bərabər yelkənə minib Hərbiyyə məhəlləsinə getmək üçün Dəclə çayının sahilinə tərəf getdikləri zaman, Fəxrəddinin qədəmlərinə hər bir tərəfdən gül dəstələri atırdılar.

Bağdad xalqı küçələrə tökülüb Azərbaycan qəhrəmanını görməyə tələsirdi. Xalq Dəclə sahilinə qədər Fəxrəddini güllər və afərinlərlə müşayiət etdi. Onlar xəlifəyə məxsus gəmiyə oturub gözdən itincəyə qədər, qızlar və gənclər Fəxrəddini salamlayırdılar.

Bu hadisədən üç saat keçməmişdi. Fəxrəddin illərdən bəri görmədiyi, həsrətində olduğu və uğrunda olmazın əziyyətlərə dözdüyü Dilşadla bərabər Dürrətülbağdadın balkonunda oturmuşdu. Onlar Bağdad axşamına məxsus sərinlikdə azad nəfəs alır və İraq ruzigarı da Dilşadın qara saçlarını Fəxrəddinin çiyinlərinə dağıdırdı.

Günəş aralığı xəlvət etmək üçün üzünü Mədain xarabələrinə tərəf çevirib Kəsra qəsrinin dalısında gizlənməyə gedirdi.

Dilşad qollarını açıb Fəxrəddinin boynuna saldığı zaman, onun dodaqları bir istilik hiss etdi. Fəxrəddin isə onun dodaqlarından bu sözləri eşitdi:

– Dünyada azadlıqdan da böyük bir nemət vardırmı?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets