XXI. Esterin romanı
Page 2 of 5 · 20%
Üçüncüsü də həyat get-gedə dəyişir, Bakı mədəni bir dövrə keçməkdədir. Sən gərək hamıdan əvvəl mədəni ingilislərlə tanış olasan.
Qapı vuruldu. Ester qapıya getdi, qayıdıb hökumət üzvlərinin gəldiyini xəbər verdi. Araratyan özünü itirdi. Nə edəcəyini bilmədi. Çünki onların yenə də tənqid və danlaq üçün gəldiklərini bilirdi.
Elçiyan bolşevik həbsxanasından azad olunmuş İvanov, Ayollo, Sadovski, Nəccarov, Velonts və sairələr içəri daxil oldular. Sadovski dərhal Araratyana hücum edərək:
– Bu nə işdir?! – dedi. – Hanı sən dediyin ordu? İndi biz xalqa nə cavab verəcəyik?!
Sadovski hələ sözünü bitirmədən Ayollo əllərini belinə vurub soruşdu:
– Sən özün dünya görmüş və təcrübəli bir adam ola-ola iki dəfə İrana getdin və bunlarda nə qədər qüvvə olduğunu bilmədinmi? Bunları tanımadınmı? Beş-altı avtomobil, bir ovuc saldat, bu nə deməkdir?!
Hər kəs nə danışırsa, Araratyan da gözünü onun ağzına dikib, kirpik çalmadan baxırdı. Danlaq və tənqid bir saatdan artıq davam etdi. Nəhayət, Araratyan fürsət əldə edərək dedi:
– Onlar az olsalar da, nüfuzları çoxdur. Böyük Britaniya imperatorluğuna qarşı bu qədər ümidsizlik və etinasızlıq yaramaz. Sizin bu danışıqlarınız ingilislərin qulağına çatsa onlar sizin hökumətinizi təsdiq etməzlər. Bir də türklər ingilislərin Bakıda olduğunu bilsələr, hücumu dayandırarlar. Qoşunları az olsa da, ingilisin adı böyükdür! Gördünüz ki, ingilislər Bakı limanından sahilə çıxan kimi türklərin bombardmanı yavaşıdı? Bunu inkar edə bilərsinizmi? Onların az qoşun gətirməsindən mən özüm də razı deyiləm. Mən bu barədə fikrinizə şərikəm, çünki mən ingilislərlə belə danışmışdım. Buna görə də mən onlarla görüşməli və məsələni aydın etməliyəm...
Araratyan söhbətini bitirməmiş, xidmətçi daxil olub onun qarşısına iki gəmi bileti qoydu.
– Bilet tapmaq çətindir. Güc ilə almışam, ancaq biletlərin yeri müəyyən deyil. Hər kəs vaxt ikən gedib, özünə yer tutmalıdır.
Xidmətçi bu sözləri deyərkən, hökumət üzvləri və daşnaq rəhbərlərinin hamısı boğazını uzatmış və gözlərini biletlərə dikmişdilər.
Ayollo gözünü qıyaraq:
– Qaçıb yaxanı qurtarmaq istəyirsənsə, bunu bizə də deməlisən. Bəlkə də bizim bilmədiyimiz bir qorxu var. Gizlətməyin nə mənası var? Öz əməkdaşlarınızla açıq danışa bilməzsinizmi?
Elçiyanın gözlərindən şübhə yağırdı. O, gəlib Araratyanın qarşısında durdu və dedi:
– Siz ingilislərin şəhəri müdafiə edə bilməyəcəyini və türklərin yaxında şəhərə girəcəyini bilirsiniz və ona görə də qaçıb yaxanızı qurtarmaq istəyirsinizsə bu barədə birlikdə danışa bilmərikmi? Çox gözəl, birlikdə oturub başımızın çarəsini düşünmək olmazmı?
Sadovski dedi:
– Mən qəti surətdə bu sözlərə etiraz edirəm? Bizim buradan qaçmağımızla şəhərə küy düşər. Bizə nə olmuşdur? Allaha şükür, türklərin hücumu dayanır; bu hücumu dayandırmağı biz bacarmasaq da, bəxtimizdən başqa bir qüvvə türkləri Bakı çəbhəsindən qaytardı.
İngilislər də gəlmişlər, görək axırımız necə olacaq. Məhv olsaq da, bolşeviklərlə hesablaşmalıyıq. Hələ onlar Bakıdadır. İngilislərlə danışmalıyıq; onları həbs etmək lazımsa həbs etməli, sürgün etməlisə sürgün etməli, yaxud bizimlə və ingilislərlə əməkdaşlığa razıdırlarsa buyurub qalsınlar.
Ayollo dedi:
– Onları Bakıda həbs etmək olmaz; Petrovun dəstəsi imkan verməz. O ki qaldı cənab doktorun İrana getmək məsələsinə, doğrudan da ingilis generalı ilə danışmaq üçün gedirsə, onu təbrik etmək lazımdır. Lakin mən buna inana bilmirəm.
Araratyan dilləndi:
– Məsləkimə and olsun ki, yalnız Bakını müdafiə işi və Mərkəzi Kaspi Diktaturasını möhkəmlətmək üçün İrana gedirəm.
Razılıq oldu. Araratyana lazımi tapşırıqlar verildi. Araratyan hazırlığa başladığı və hökumət üzvləri ilə vidalaşdığı zaman, Ester də hazırlaşmaq üçün öz otağına çəkildi.
Bakı Komitəsi nümayəndələri ilə birlikdə çağırılmış iclasda, gələcək xətti-hərəkətin təyini, Mərkəzi Kaspi Diktaturası və ingilis işğalçılarının əlində olan Bakıda necə işləmək və Rusiya ilə əlaqə saxlamaq məsələsi yenicə həll edilmişdi.
Vahan, Heydər, Raya və Əminə, birlikdə iclasdan evə qayıdarkən Esterdən Vahana təcili məktub gətirdilər. Vahan evə çatdıqdan sonra məktubu oxudu.
«Əziz dostum və uşaqlıq yoldaşım Vahan! Bu məktubu çox tələsik yazdım. Bu saatda biz İrana gedirik. Atamın vəziyyəti çox ağırdır. İngilislər Bakıya az qüvvə gətirdiyi üçün Mərkəzi Kaspi Diktaturası üzvləri atamı çox sıxışdırdılar. Bu barədə ingilislərlə danışmaq üçün atam Ənzəliyə gedir. Məni də özü ilə aparır, burada qoymaq istəmir.
Vahan, bu gün atam, Hamazasbdan və Avetisovdan məktub almışdı. Oxuyub açıqlandı, ancaq nə yazdıqlarını bilmədim. O, mənə tapşırdı ki, «bir də Hamazasb və Avetisovla danışma». Mən onun məqsədini bilirəm. İndi məni ingilis zabitləri ilə tanış etmək istəyir. Lakin o, buna nail ola bilməyəcəkdir. Vahan, bir saat bundan əvvəl Mərkəzi Kaspi Diktaturası üzvləri və daşnaqsütyun partiyası nümayəndələri atamla görüşə gəlmişdilər. Söhbətlərindən belə görünür ki, onlar ingilislərlə müşavirə edəndən sonra Bakı bolşeviklərinin məsələsini həll edəcəklər. Onların həbs və sürgün edilməsi haqqında söhbəti özüm eşitdim. Vahan, sən lazımi yerinə xəbər ver! Ayıq olsunlar! Onların üstündə gözətçi qoymuşlar, onları izləyirlər.
Vahan, məndən nigaran qalma! Özün bilirsən ki, mən ağılsız qız deyiləm. Mənim dilimdən Raya bacıma salam yetir. Onu görmək üçün ürəyim nanə yarpağı kimi əsir. Bir gecə olmur ki, mən onu yuxuda görməyim, ona xəbər ver ki, Leyla onun məktubunu Tiq-Çonsona verdi, o çox məyus oldu. Leylanın hökmü yeriyir. Nə bilirsə edir. Bir əli türklərin, bir əli də ingilislərin ətəyindədir. Raya bacı icazə versəydi, mən Leylanın məsələsini açıb həm daşnaqlara, həm də ingilislərə xəbər verərdim. Hələlik salamat qal! Bir həftədən sonra yenə qayıdacağam!
Ester.
Bakı, 4 avqust, 1918-ci il».
Vahan məktubu oxuyub qurtardığı vaxt, gecə saat on bir idi. Vahan məktubu Rayaya verdi:
– Oxu, gör nə yazır, mən şəhərə getməliyəm. Onu görmək lazımdır.
O ayağa qalxdı. Raya onu dayandıraraq:
– Vahan, zənnimcə belə bir zamanda şəhərə getmək qorxuludur, – dedi, – bilirsən ki, Bakı qarışıqlıqdır.
Heydər də ayağa qalxdı və dedi:
– Bilirəm ki, Vahanı yolundan qaytarmaq mümkün olmayacaqdır. Mən də gedirəm. Keçəni şəhərdə, anamın yanında qalarıq. Səhər mədənə qayıdarıq. Qorxmayın, heç şey olmaz!
Onlar şəhərə gəlmək üçün Balaxanı–Sabunçu dəmiryol stansiyasına yollandılar. Onlar sahildə, körpü qarşısında dayanarkən gecə saat birin yarısı idi.
Onlar kassa qabağında bilet üçün dalaşanları, faytona oturanları, şeylərini götürüb körpüyə gələnləri, çamadanlarının yanında dayanıb qarovul çəkənləri, o tərəf-bu tərəfə qaçanları nə qədər gözdən keçirtdilərsə və aradılarsa nə Araratyanı, nə də Esteri görmədilər. Axırda qət etdilər:
– Hər yerdə olsalar, gəlib qapıdan içəri girməyə məcburdurlar, – deyib qapı ağzında dayandılar.
...Qəbiristan tərəfdən başlanmış hücum yenicə dayanmışdı. Bolşeviklərə xain çıxanlardan çoxu, hücumun dayanmasına və ingilislərin gəlməsinə baxmayaraq, yenə də çamadanını və qiymətli şeylərini götürüb gəmiyə oturmaqda idilər. Gəmi bileti əllərdə çox baha qiymətə satılırdı. Gəminin qaranlıq və havasız anbarında getmək üçün erməni burjuyları hər biletə beş yüz manat qızıl pul təklif edirdilər. Lakin yenə də bilet tapmaq mümkün deyildi. Cibkirlər, çamadan qaçıranlar böyük «fəaliyyət» göstərirdi: «Xozeyin, şeylərini götürüm?» deyə özünü hambal kimi göstərən oğrular yüzlərcə qaçqınların şeyini, çamadanını götürüb qaçırdılar.
Şey itirənlərin, bilet axtaranların, yoldaşının dalınca yüyürənlərin qışqırığından qulaq tutulurdu. Körpüdə minlərcə insanlar biri-digərini sıxışdırıb irəli keçməyə can atırdı. Körpü üstü, məğlub olmuş bir ordunun qərargahı şəklini almışdı, hər kəs qaçır, qışqırır, adamlar bir-birini yıxıb ötürdü. Qadınlar, qızlar, uşaqların qışqırığı qoyun-quzu sürüsünü xatırladırdı.
Gecə tünd qaranlıqdı. Göydə heç nə görünmürdü. Ayın üzü də aypara nişanlı sultan bayrağı kölgəsində gələn, süngüsünü Bakı proletariatının köksünə taxmaq istəyən və nəticədə yüzlərcə türk kəndlisini qurban verib çəkilən Mürsəl və Nuri paşanın vicdanı kimi qaralmışdı. Şiddətli külək əsirdi, şimal-qərbdən şəhərə hücum edən küləklər, Bakı təpələrində partlayan top güllələrinin tüstüsünü şəhərə gətirirdi. Bu tüstülərə, top güllələri altında havaya uçan və məzarlardan sovrulan əski sümüklərin qəliz dumanları da qarışmışdı.
Türk ordusunun başçıları, Bakı qəbiristanındakı sümüklərin yerində, Türkiyə kəndlisinin meyitlərini basdırır və ölənlərin silahını, ciblərini soyub ötürdülər.
Vahan körpü qarşısında erməni burjuylarının çaxnaşmasını görəndə özü-özünə: «Məlunlar! – dedi. – Siz həmişə beləsiniz! Siz daima öz mənfəətiniz üçün kütlələrdən istifadə edir və yaman gündə isə düşmən qabağında qoyub qaçarsınız; varlısınız, quduz canavarsınız. Eyni zamanda dovşandan da qorxaqsınız. Siz yüz minlərcə insanların edamına soyuqqanlılıqla baxır, öz ayağınıza tikan batmağa razı olmursunuz».
Ester və Araratyan faytondan düşdü, atası Estərə müraciətlə dedi:
Kitabxana.az · https://kitabxana.az/en/works/ordubadi-xxi-esterin-romani
Use ← → keys to move, R for a random poem
More by this author
Gəncə çayının coşqun ləpələri bahar günəşinin qızıl saçlarını böyük bir həyəcanla çimdirməyə başlamışdı. Bahar fəzasına məxsus pənbə buludlar mayıs gülünün qırmızı yanaqlarını kirşanlamağa hazırlanırdı. Şimali Midiyanın lətif təbiəti bağçaların boyuna biçdiyi yaşıl və çiçəkli donu tikib, bitirmək üzrə idi.Kəpəz dağından əsən külək fəzada nazlanan buludları Xanəgah kəndinin meşələrinə doğru sürdüyü zaman, şam ağacları da ağır-ağır başlarını əyirdi.
HüsaməddinQətibə başını əlləri arasına alıb Hüsaməddini diqqətlə dinləyirdi. Lakin Hüsaməddinin bir saatdan bəri ortalığa atdığı məsələlərin heç birisi Qətibənin eşitməmiş olduğu məsələ deyildi, çünki Hüsaməddin daima Qətibəni gördüyü zaman bu cür söhbətlərdən başlayırdı. O yenə də sözünü öz qəhrəmanlığından başlamışdı:– Mən yalnız Araz ölkəsinin qəhrəmanı deyil, bütün Azərbaycanın tanınmış və sınanmış qəhrəmanıyam. Siz özünüz bilirsiniz ki, Əmir həzrətlərinin hökmranlığı ancaq mənim qılıncımın sayəsində möhkəm olur. Pozulan cəbhələr, boğulan üsyanlar, tökülən qanlar, yüzlərcə qurbanlar da buna şahiddir. Bunun səbəbinədir ki, atanız mənim xidmətlərimi sizin gözəlliyinizlə mükafatlandırmaq vədəsini vermişdir. Atanız indi də öz sözünün üstündə durubdur, lakin mən sizdə bu meyli görə bilmirəm. Siz mənə adi adamlara baxan kimi baxır və mənim qəhrəmanlığımı qiymətləndirmirsiniz. Çox təəssüf ediləcək bir haldır ki, mənim sevgimi, mənim səadətimi yoxsul bir şairin əlinə tapşırmaq istəyirsiniz.
FəxrəddinMüşavirədə İlyas Fəxrəddinlə görüşərkən, birinci növbədə xaqanın göndərdiyi məktubu göstərdi. Şirvan xaqanı Əbülmüzəffər məktubda İlyası Şirvan sarayına dəvət edir və yazırdı:“Son şeirlərinizi oxudum, məndə böyük, unudulmaz bir təsir buraxdı. Xüsusən bahara yazdığınız şeir doğrudan da məndə həqiqi bir baharın nəşəsini yaratdı. Lakin məni düşündürən qorxulu bir məsələ vardır. O da Aran məmləkətinin düşdüyü ağır vəziyyətdən ibarətdir. Hazırda Aran və hətta Cənubi Azərbaycan belə hadisələr yuvasına dönmüşdür. Aranlılar və ümumiyyətlə azərbaycanlılar 515-ci illərdəki azərbaycanlılar olsaydılar, vəziyyət məni heç də düşündürməzdi. Hazırkı vəziyyətdə böyük şairin həyatına qarşı sui-qəsd edilməyəcəyinə əmin ola bilmərəm. Çünki Azərbaycan xalqının azadlıq duyğuları 515-ci illərdə olan şəkildə deyil. Onlardakı köhnə və ənənəvi azadlıq hissləri sönmüşdür.
DilşadBu gecə Əmir İnanc həddindən artıq içmişdi. İstinin şiddəti də onun sərxoşluğunu artırmış və hissiz düşüb qalmasına səbəb olmuşdu. Rəqqasələr və saqilər bu vəziyyətdən istifadə edərək çəkilib yataq otaqlarına getmişdilər. Xidmətçi və cariyələrdən də bir çoxu gözə dəymirdi. Gecə saat 2-də cariyələr və qulamlar Əmiri sərxoş bir halda xalçanın üstünə qoyub yataq otağına gətirdiyi zaman Əmirin süfrəsindən qayıdan artıq şərabları da Əmirin saray qarovulları içib bitirmək üzrə idi. Saray həyatı büsbütün dayanmışdı. Otaqlarda yanan şamdanlar söndürülmüşdü. Piy çıraqlarının piltələri yanıb böyrü üstünə düşürdü.Əmirin qapısında yanan fənərlərin piltəsindən qalxan sünbül biçimli alovlar minlərcə pərvanəni yandırıb səkidə mürgüləməkdə olan qarovulun başına tökürdü.