Page 2 of 4 · 25%

Hüsaməddin fikrə getdi. Uzun dəqiqələr düşündü. O, Qətibənin təklifini bir növ həll edə bilmirdi. Xüld qəsrinin qarşısında Fəxrəddini tutub məhv etməyi imkan xaricində bir iş hesab edirdi. Buna görə də o, Qətibəyə belə bir məsləhət gördü:

– Xüld qəsrinin qarşısında Fəxrəddin kimi adamı tutub məhv etmək olmaz. Əvvələ, o bir, iki, bəlkə də daha çox adama can verməz. İkincisi də, o, Azərbaycan heyətinin sədridir, onu burada – qəsrin qabağında öldürək təzə xəlifənin də xoşuna gəlməz. Mənim fikrimcə, tamamilə başqa bir tərtibat tapmalıyıq. Burası Bağdaddır, burada cürbəcür macəraçılar vardır. Minlərcə xəlvətxanalar, meyxanalar və kef yerləri mövcuddur. Fəxrəddini o yerlərin birisinə aparıb zəhərləmək və öldürmək lazımdır. Mənim burada tanıdığım adamlar çoxdur. Elə bir yeri mən düzəldə bilərəm, Səba xanım isə onu aldadıb həmən yerə gətirməlidir.

Qətibənin rəngi gül kimi açıldı və o, şad bir çöhrə ilə:

– Mümkündür, – dedi, – o, Dilşadla görüşmək üçün hər bir yerə gedə bilər. Səba xanım bunu həyata keçirmək üçün mənim canıma and içmişdir.

– Mən də bu barədə mələkəyə söz verirəm. Lakin səbrin də bir dərəcəsi vardır. Mələkəyə yalvarıram, Bağdaddayıq, hər bir şeyə imkan vardır. Rica edirəm, mələkə mənim şadlığımı təxirə salmasın.

– Mən istəyirəm sən yaslar, kədərlər, matəmlər içində çırpınan bir qadına deyil, şad bir ürəklə zənginliklərə bürünən bir qadına sahiblənəsən. Mən həyatımızın kədərlə deyil, bayramla başlanmasını istəyirəm. Sən bir matəm heykəlini deyil, üreyinə şadlıq və həyatına bəzək verən bir şadlığın mücəssəməsini qollarının arasına alasan.

Qətibə bunu deyərək birinci dəfə qollarını açıb Hüsaməddinin boynuna saldı və dodaqlarını ona tərəf uzatdı. Yenə də dodaqlarını onun dodaqlarından güclə qopardığı zaman:

– Dalısı sonra, – dedi. – Sən Fəxrəddinin başını gətirməyi mənə borclusan.

– O vəzifəni bu yaxın günlərdə bitirəcəyəm.

– Sən Gözəlin oğlanlarının öldürülməsini mənə vədə vermişdin.

– Mələkə Bağdaddan Həmədana qayıdana qədər bu vəzifəni bitmiş görəcəkdir. Azərbaycana bu barədə inanılmış adamlarımı göndərmişəm.

Qətibə onun dodaqlarından bir daha öpdü və çox ehtiyatla dedi:

– Mühüm məsələlərdən birisi də Səbanın məsələsidir.

– Səbanın hansı məsələsi?

– Mən elə bilirəm ki, onun Bağdada gəlməsi səbəbsiz deyildir. Toğrul, Zahir Bəlxi və Kəmaləddin burada mənim yanımda olduğu zaman Səba xanımın pərdə dalısında gizləndiyi və danışdıqlarımızı eşitdiyini söylədilər.

Hüsaməddin etiraz edərək:

– Ola bilməz, – dedikdə, Qətibə:

– Bunu mənə xalam Aliyeyi Ülya xanım dedi. O bizim Toğrul ilə olan danışıqlarımızı Atabəyə xəbər verərsə, biz nə kimi üzr gətirə bilərik?.. İntihar etməkdən başqa bir çarə vardırmı? Mən çoxdandır Səbadan şübhələnirəm. Toğrulun mənə yazdığı məktubu itirəndən sonra bu qıza heç də qəlbim qızmır. Hər halda bunu məhv etmək lazımdır. Böyük sirlərdən xəbərdar olan ürəklərin hərəkətini dayandırmaq lazımdır.

Hüsaməddin Qətibənin sözlərinə qəti cavab vermədi, çünki o, Səba xanımı öz ruhu qədər sevirdi. O heç bir vəchlə Səba xanımın məhvinə razı ola bilməyəcəkdi. Buna görə də Hüsaməddin Qətibəni razı salmaq üçün dedi:

– Mələkə bu işi mənə tapşırmalıdır. O kimi qadınların ruhu ilə mən hər kəsdən artıq tanışam. Mələkə bilməlidir ki, Səba heç bir vaxt məni satmaz. O məni qəlbən sevir. Heç vaxt mənim məhvimə razı olmaz. Hərgah mələkə qısqanmazsa, mən Səba xanımın ağzını aramaq üçün ona yaxınlaşaram.

Qətibə saxta bir etiraz baxışı göstərməklə:

– Sən məni yenə də zəhərləməkmi istəyirsən?! – dedikdə, Hüsaməddin:

– Allah etməsin! Mən mələkəni bu qorxudan azad etmək üçün o cür əclaf qadına yaxınlaşmaq əzabına qatlaşacağam – dedi.

Qətibə ağlamaq istədi, saxta bir səslə yavaşdan:

– Yaxınlaş, lakin... icazə vermirəm, – dedi.


Fəxrəddin Səba xanımın ona verdiyi nəsihətləri unutmaq istəmirdi. Buna görə də yelkəndə tanış olduğu qadının görüşünə getmək fikrini dəyişmək istəyirdi. Eyni zamanda, qonaqlandığı və hətta evində yatıb istirahət etdiyi və olmazın hörmətlər gördüyü qadını unutmaq və mükafatsız qoymağı öz vicdanına sığışdıra bilmirdi. O tez-tez öz şübhələrinə qalib gəlmək üçün qəlbində “o mənə bir şey etmək istəsəydi, birinci gün onun evində istirahət etdiyim zaman edə bilərdi. O qadının hərəkətləri də, baxışı da bir xəyanətə qail olmadığını göstərirdi”, – deyir və düşünürdü.

Fəxrəddin sonra da: “Mənim daha bu kimi qadınlara nə ehtiyacım vardır?” – deyə düşünürdü. – “Madam ki, Dilşadın yerini öyrəndim, bir halda ki, Səba xanım bizi görüşdürməyi öhdəsinə götürür, daha mənim o qadınla nə işim vardır? Mən ki, Bağdada səyahət üçün gəlmədim!”.

Lakin Fəxrəddin nə danışırsa danışsın, yenə də qadının mərhəmətləri, hörmətləri, baxış və danışıqları onun gözlərində və qulaqlarında təcəssüm edir və səslənirdi. Bu xatirə və bu səslər onu qadının görüşünə getmək fikirləri üzərində möhkəm-möhkəm bağlayıb saxlayırdı.

Fəxrəddin Əmin qəsrindən dışarı çıxdığı zaman qapıda bir az da durub, iki könüllü adamlar kimi düşündü və sonra da qadına bir şey hədiyyə almaq qərarına gəldi. O, Bağdadın ən zəngin mağazalarını, timcə və bazarlarını dolaşdı. Təsadüfi olaraq karvansaraların birisində bir yəhudi tacirinə rast gəldi, ən qiymətli bir xalça ələ keçirdi. Xalça Fərqanədə toxunmuş, olduqca zərif və nəfis ipəkdən idi. Xalçanın üzərində Dürrətülbağdadın hörmət bəslədiyi, Rəsafə məscidinin qarşısında saillik edən kor xəlifə Müttəqibillahın surəti çox sənətkar bir surətdə toxunmuşdu. Xalçaya baxıldığı zaman xəlifənin xalça üzərində oturduğu və namazdan sonra əllərini və göz qapaqlarını göyə qaldırıb Allaha yalvardığı görünürdü. Diri insandan fərq edilməyən bu xalça Fəxrəddinin diqqət və nəzərini cəlb etdi. O öz-özünə: “Dürrətülbağdad üçün bundan dəyərli bir hədiyyə ola bilməz”, – deyə xalçanı ağır bir qiymətə aldı. Fəxrəddin xalçanı alandan sonra tacir Fəxrəddinə bir qadın xələtini də göstərdi. Xələt Çində düzəlmiş ən zəngin xələtlərdən idi. Tacirin iddiasına görə, o günə qədər Bağdada bu qədər incə xələt gəlməmişdi.

Fəxrəddin xələtə baxdığı zaman qəlbində: “Hər nə qiymətə olursa, bu xələti də haman hörmətli qadın üçün hədiyyə alacağam”, – deyə xələti aldı. Fəxrəddin xələtin üzərindəki yazıları oxutdurduğu zaman şadlığından titrədi, xələtin yalnız nəfis və incə olmasilə deyil, onun tarixi bir irs olduğu ilə də maraqlandı.

Xələtin hər iki tərəfdən döşlərində ipəklə tikilmiş belə bir yazı var idi:

“Çin mələkəsindən birinci xəlifənin qadını həşəmətli Ümmi Rəman həzrətlərinə hədiyyədir”.

Lakin xələtin uzun tarixə malik olduğuna baxmayaraq çox ehtiyatla saxlandığı görünürdü, olduqca təzə idi.

Fəxrəddin islam tarixi üçün bu qədər əhəmiyyəti olan irsi və nəfis xalçanı götürüb getmək istərkən tacir ona nəfis bir güldan da təklif etdi. Fəxrəddin etiraz etmədi. Yəhudi taciri kiçik bir sandıqçanı açıb, pambığa sarınmış bir güldan çıxartdı. Güldanın üzərində Bağdad həyatının cürbəcür tabloları var idi. Xüsusən güldanda məşhur xəlifə Harunərrəşidin qadını Zübeydə xatun ilə olan müaşiqəsindən çox nəfis bir mənzərə var idi. Orada gözəl bir bağça təsvir edilmişdi. Böyük sərv ağaclarının arasındakı geniş hovuzda uca fəvvarələr atır, xəlifənin sevib evlənmək istədiyi Zübeydə isə hovuzda çimir, Harunərrəşid də böyük bir ağacın budaqları arasında gizlənib ona tamaşa edirdi.

Fəxrəddin güldanı da kəmali-məmnuniyyətlə aldı. Sövda bitdikdən sonra Bağdad tacirləri hər tərəfdən xəbərdar olub karvansaraya töküldülər. Şeyləri nəzərdən keçirdikləri zaman Fəxrəddinə müraciətlə, verdiyi qiymətin üzərinə bir o qədər də əlavə etdilər. Lakin Fəxrəddin – “satmaq üçün almamışam” – deyərək, onları rədd etdi və bir nəfər hambal çağırıb şeyləri yelkənə gətirdi və hambal ilə bərabər Hərbiyyə məhəlləsinə yola düşdü.

Nahar zamanına az qalırdı. Bunun üçün Fəxrəddin içəri girməkdən utanırdı. O, qəlbində düşünürdü: “Qadın mənim nahar vaxtı gəldiyimə güləcək və qəlbində – yəqin ki, nahar eləmək üçün gəlmişdir, – deyəcəkdir. Bəlkə də hazırlığı yoxdur, qəfildən girən qonaq ev sahibinin xəcalət çəkməsinə səbəb ola bilər”.

O qayıda bilməyəcəkdi, hambal da hədiyyələr əlində durub gözləyirdi. Fəxrəddin məcburən qapının aslan başından ibarət olan bürünc çaxçaxını qorxa-qorxa vurdu. Bir azdan sonra qadının cariyəsi Teyyibə qapını açıb Fəxrəddini gördüyü zaman:

– Mənim ağam, bu saat, – deyərək pilləkənlərdən yuxarı qalxdı.

Bir dəqiqə keçmədən qadının özü şad bir çöhrə ilə Fəxrəddini qarşıladı:

– Bu saatda sizi düşünürdüm. Hər bir arzuma bugünkü kimi asanlıqla nail olsaydım, daha nə dərdim ola bilərdi, – deyərək Fəxrəddinin əlindən tutub pilləkənlərdən qaldırdı. Cariyələr hambal gətirdiyi hədiyyələri alıb onların dalınca dəhlizə girdilər. Fəxrəddin isə hədiyyələri xanıma göstərib:

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets