Dolama yollarla çıxanda atım,Könlüm tək açıldı qolum-qanadım,Tutanda meşəni şirin bayatım,Səsimə səs versin bülbüllər, dedim.

Donu gül-çiçəkdir dağın, dərənin,Şairi bülbüldür bu mənzərənin.Gözəllər məskəni Gözəl dərənin,Şəninə şeirlər, qəzəllər, dedim.

Çiçəkli döşündə yaşıl bir dağın,Ləzzəti ayrıdır çadır qurmağın.Yazları üstünə Dürrü bulağın,Gəlsin bölük-bölük gözəllər, dedim.

Təbiət! Zəngindir – rəngin, naxışın;Həm yazın gözəldir sənin, həm qışın.Düzülsün əlilə dostun, tanışın,Məzarın üstünə o güllər, dedim.

Bir gün Çənbərəkdən çıxdım səhərdən,Keçdim at belində Basarkeçərdən.“Dağlar mahnısı”nı oxusun hərdən,Bizim obalar, bu ellər! – dedim.

Dinlədim çayların zümzüməsini,Onların səsinə qatdım səsimi,Dağların döşündə qalan izimi,Tapacaq bir zaman nəsillər, dedim.Çənbərək-Qazax, 1964

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring