Məşədi, böylə xəbər var gələcək NATO bura,Biz hara, NATO hara?

Təzə reklamda yazıb kənddə vurublar hasara,Biz hara, NATO hara?

Kişi, vallah, bir aya serbləri xamuş elədi,Ora «bir quş» elədi.

Bizə «quş» növbəsi kaş düşməyə bu cırhacıra,Biz hara, NATO hara?

Gəlişindən hamıdan çox sevinir Fatmanisə.O deyir sərfdi bizə

Yaman alver gedəcək, ağ da Qara, bağ da qara,Biz hara, NATO hara?

Deyirəm arvada bəlkə bağı NATO-ya sataq?!Bu bağın daşını ataq.

Deyir hardan tutarıq bəs gələn il abi-qora,Biz hara, NATO hara?!

Bu amerikanlara yəqin ki, nökər lazım olar,Onu da bizdən alar.

Kişilər ölkədə onsuz da qalıblar avara,Biz hara, NATO hara?

Qarabağ üzrə vəkillər alar asudə nəfəs,Açılar bağlı qəfəs.

Daha qaçqın-filan heç onları sıxmaz divara,Biz hara, NATO hara?

Gələn ilçün gələ bilməzsə, düşər müşkülə iş,Belə fal açdı Məmiş.

O biri əsrə qalarsa, düşəcək vurhavura,Biz hara, NATO hara?

Ola bilsin dedilər, NATO-da Vartan da ola,Yana dartan da ola.

Bunu aşkar eləməkçün çıxıb Orxan da «şar»a,Biz hara, NATO hara?

O zaman ingilisi «vurrey» ilə qarşıladıq,Ona quyruq buladıq.

O yedi buterburod, bizləri tutdurdu şora,Biz hara, NATO hara?

Kimi koorupsionerdir, kimi də missioner.Sən isə pensioner.

Deyirəm, Əbdüləzim, sən başıvu soxma ora,Biz hara, NATO hara?

Zamanın Sahibi gəlmir ki, bəşər rahat ola,Ulu şahlar mat ola.

Baba Pünhan da qalıb Rac kimi yazıq-avara,Biz hara, NATO hara?

30 iyun 1999. Bakı

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets