Bizə dərd üz verən gündən, hərə bir çarə öyrəndi,Bakı köç etdi bulvardan, gələn bulvara öyrəndi.

O gündən ki, oğullarımız tutub üz cəbhədən qaçdı,O gündən də bizim qızlar geyib şalvarə öyrəndi.

Süründü meynətək əvvəl qızıl qumların üstündə,Susub durduqca bağban dırmaşıb talvarə öyrəndi.

Nişanın əsgər oğlandan alıb taxdı menedjerə,Menedjer qoxladı atdı, o pis yollarə öyrəndi.

Ayaqqabım cırıq, pencək sökük, palto mənə yaddır,Vəkil «Passat» sürən gündən bədən astarə öyrəndi.

Bu odlar yurdum axırda, oyunlar yurduna döndü,Oyunlar dövr etdikcə, boyunlar darə öyrəndi.

Səsim Allah rizasıyla şükür ki, xəlqimə çatdı,Ürəkdə haqq olanlar, haqq olan əşarə öyrəndi.

21 noyabr 1997. Bakı

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Divine love