Neçə ildir ki, yan-yörəmi tikirlər. Uzununa tikirlər, danışmıram. Eninə tikirlər, danışmıram. hündürlüyə qaldırırlar, danışmıram. Suyumdan su, qazımdan qaz, işığımdan işıq çəkirlər danışmıram. Görürlər ki, danışmıram, deyirlər, qonşu bəlkə bir-iki metr yer verəsən özümçün maşın yolu düzəldim. Üzünə baxıb, susuram. Yenə danışmıram. Mənim susmağım daim dərdli olduğumdandır. Mənim dərdim, Qarabağın olmadığındandır, gəlin-qızlarımızın ermənidə əsir olduğundandır. Amma gecə-gündüz yorulmadan tikən, genişləndirən, bağ salan bu adamlarda bu qədər həvəs, fərəh hardandır bilmirəm. Bu yaxınlarda ev tikən yerdə bir qonşumun başına beton düşüb, öldü. Təbii ki, mən də yasa getmişdim. Ölü qalmışdı bir yanda, qonşular yer üstdə böyük mübahisəyə çıxmışdılar. Biri o birinin evinin üstündə ev tikmək istəyirdi, bu qoymurdu. O biri onun altında nə isə tikmək istəyirdi o qoymurdu. Mən də hamının üzünə baxa-baxa dinləyirdim. Amma danışmırdım.

Söhbətin bir yerində dözə bilməyib qonşularımdan birinə dedim: "Ay qonşu, bu qədər ki, tikirsən doymursan bəyəm?". O mənə belə dedi: "Günlərin bir günü iki mollanı birlikdə qonşu kəndə yas yerinə çağırırlar. Onlar yası yola verib qurtarana yaxın başqa bir yas yeri də çıxır. Faytona minib ora gedirlər. Orda da xəbər gəlir ki, o biri kənddə Quran taşpırmaq lazımdır. Yeməkdən gücnən tərpənən mollalar bu yeri də əldən vermirlər, gedirlər. Və, nəhayət, gecədən xeyli keçmiş faytonla öz kəndlərinə qayıdırlar. Faytonçu mollaların fısıltısına qulaq asa-asa xırda-xırda faytonu sürür.

Birdən hiss eləyir ki, fısıltının biri kəsildi. Dönüb baxanda, mollalardan birinin yeməkdən qarnının partlayıb öldüyünü görür. Faytonçu heç nə deməyib yoluna davam eləyir. O biri molla toxluqdan xumarlana-xumarlana göyləri seyr edincə, gözünə görünən parlaq bir ulduzu pəncərədən gələn işıq zənn edib faytonçuya deyir ki, deyəsən, yas yeri var, tez ol sür ora. Faytonçu gülüb soruşur: "Ay molla əmi, doymadın, bəyəm". O da qayıdıb yanındakını göstərir: "Doyan bu rəhmətlik kimi olar". Və mənim qonşum bu məsəli çəkib, başına daş düşüb öləni göstərir.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets