Yıxıl acından öl, uzan, yuxunda iqtidarı gör,Dedikləri qərara bax, yedikləri naharı gör.

Nə verdi bu qurum sənə, dedin ki, sözlə boş çənə,Dubinkadan qalan mənə, başımda yadigarı gör.

Hüquqi dövlət olduğun, bu yurdda bilmək istəsən,Bizim bu jurnalistlərin gözündəki fənarı gör.

Üzündə yox abır-həya, boyun yoğun, sifət qaya,Saman çöpün basar çaya, samanı çayda sarı gör.

Gün üstünə çöküb gecə, biçin işi düşüb gicə,Nöyütlə tank gəlir küçə, ötüb keçən qatarı gör.

Hesaba kölgələr salıb, hesabda bölmələr qalıb,O bölgədə bazara bax, bu bölgədə azarı gör.

Düşək yola Qarabağa, ayaq açaq o torpağa,Qayıt, desə polis qağa, ürəkdəki qərarı gör.

Mənim canımda el canı, mənim qanımda el qanı,Mənim özümdə Pünhanı, sözümdə aşikarı gör.

10 avqust 1999. Bakı

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland