Milləti mildən milə fırlatdılar,Zilləti bəmdən zilə fırlatdılar.

Mümkünü namümkünə döndərdilər,Xoş günü aydan ilə fırlatdılar.

Filləri dəryalara qərq etdilər,Milçəyi amma, filə fırlatdılar.

Barmağa dünyanı dolandırdılar,Sonra kəmərnən belə fırlatdılar.

Yerdə duaya, namaza güldülər,Göydə Xudaya tələ fırlatdılar.

Güllü gülüstan idi, şəhrim mənim,Mal sürüsüynən çölə fırlatdılar.

Yadə salıb guya əsir qızları,Alma yanaqda gilə fırlatdılar.

Göl ola bilməz dedilər damladan,Damlanı gücnən selə fırlatdılar.

Hər yerə çardaqlı bina saldılar,Bağları qumdan gilə fırlatdılar.

Göz yaşımız Kür, Araza misl idi,Guya az imiş Nilə fırlatdılar.

Qarmağı ta şəhrə ilişdirdilər,Axırı bizdən gölə fırlatdılar.

İstədi Xankəndinə bayraq taxa,Doğma əliynən şilə fırlatdılar.

Davanı qorxaqlara uddurdular,Halvanı yaltaq dilə fırlatdılar.

Susdumu vicdanı müəllimlərin?Şirvanı ta ki, «mel»ə fırlatdılar.

Yetmiş il əvvəldəki kəndirbazın,Kəndirin ağlar elə fırlatdılar.

Tapmadılar iş, bizə «şiş» verdilər,Şişlərə bizdən lülə fırlatdılar.

Qövmi-Qüreyşdən baş açanlar hanı?İsmi-qədeşdən lələ fırlatdılar.

Qəddini xəm görsən əgər Pünhanın,Bil, ona şərdən şələ fırlatdılar.

15 avqust 1997. Bakı

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland