Kişinin ağzı bütöv, söhbəti tam olmalıdır,Kişinin bir sözünə, nakişi ram olmalıdır.

Quzu xalqın əlinə ver qələmi, ver qəzeti,«Lotu»lar ölkəsinin, xəlqi avam olmalıdır.

«Milli çöplər» kabinetlərdə dönübdür kötüyə,Kötüyə dönmək üçün, köklü adam olmalıdır.

Nazirin arvadı gündən-günə ennənməlidir,Kasıbınkı əriyib, axırı şam olmalıdır.

Nə qədər iqtidar öz qeydinə qalmaqda qalır,Bu Əcəm torpağının adı «Acam» olmalıdır.

Nə qədər milli vəkillər susaraq, əl çalacaq,Uzun illər hələ işgəncə davam olmalıdır.

Yalvarın göylərə, gündüz-gecə «Qaim» çağırın,İmamın gəlməyinə, çünki məqam olmalıdır.

Əcəmin taxtına Sahib Zamanım əyləşəcək,O müqəddəs günə xəlqimdə inam olmalıdır.

Yeni dünyaya qədəm qoymadayıq, səbrini bas,Gidi dünya isə məhşərlə tamam olmalıdır.

Baba, gəl haqqı deyib, keç kişilər cərgəsinəBu qurumda kişinin axırı dam olmalıdır.

23 sentyabr 1997. Bakı

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland