İllər pillə-pillə düşür ömürdən,Gənclikdən şirin bir xatirat qalır.Ürək bir gün susur, deyil dəmirdən,Dünyada insana təmiz ad qalır.

Dil yatan deyəndə ağızda şişir,Acı söz yarası çox gec bitişir,Sözü söyləməmiş ağzında bişir,Onda baş bədəndə salamat qalır.

Böyük söz deyəndə çıxma özündən,Allahın da Adəm çıxdı sözündən,İtirdi cənnəti buğda üzündən,Həsrət o cənnətə camaat qalır.

Mal-dövlət yığmağın yox imiş xeyri,Amma qara günçün bir az at geri,Bəzən adam beş-on manatdan ötrü,Gədanın birindən xəcalət qalır.

Övlad qarşısında hamımız əsir,Fəqət bilmirik ki, aqibət nədir,Oğul sözə baxmır, qız gəlin gedir,Axırda kişiyə tək arvad qalır.

Pünhanın sözləri tamama yetdi,Ömür fani gəlib, fani də getdi,Şairin sözünü kim qəbul etdi,Bax, o da şairə mükafat qalır.

21 may, 1973

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets